Ukraynada Afaq Məsudun nəsr kitabının təqdimatı olub

            (Kiyev, 16 noyabr 2017. Ukrayna Yazıçıları Milli İttifaqının təşəbbüsü ilə Kiyevdə nəşr edilmiş “Azadlıq” kitabının təqdimat mərasimi.)


Noyabrın 16-da Ukraynanın Kiyev Kitab Evində tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun ukrain dilində nəşr olunan “Azadlıq” kitabının təqdimat mərasimi keçirilib.

Ukrayna Yazıçıları Milli İttifaqının təşəbbüsü ilə ukrain dilində çap olunan kitabda yazıçının roman və hekayələri toplanıb.

Geniş təqdimat mərasimində Ukrayna ədəbi və mədəni ictimaiyyətinin tanınmış nümayəndələri ilə yanaşı, Ukraynada yaşayan azərbaycanlı elm və sənət adamları da iştirak ediblər.

Tədbirin gedişatı boyu yazıçı auditoriyanın və aparıcıların suallarını cavablandırıb və sonda tədbirə gələn qonaqlar üçün kitabları imzalayıb.

Noyabrın 17-də yazıçı Ukraynanın nüfuzlu “Kultura” radiosuna ictimai-siyasi, ədəbi-bədii mövzuda geniş müsahibə verib.

Tədbir çərçivəsində Afaq Məsudla Ukrayna dilinin ilk lüğətini tərtib etmiş görkəmli yazıçı, tərcüməçi, filoloq Boris Qrinçenkonun adını daşıyan Kiyev Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin görüşü olub. 

Təqdimat mərasimi və tələbələrlə görüş Ukrayna kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.