“Xalq yazıçısı” fəxri adı mükafatı Afaq Məsuda təqdim olundu

Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə yazıçı Afaq Məsud “Xalq yazıçısı” fəxri adına layiq görülüb. Sentyabrın 4-də Mədəniyyət Nazirliyində keçirilən mərasimdə bu mükafat Afaq Məsuda təqdim olunub.
Nazir Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə heyətinin rəhbəri, yazıçı Afaq Məsudun bədii yaradıcılığından və fəaliyyətindən söz açıb. Bildirib ki, A.Məsud ədəbiyyatımıza və ədəbiyyatşünaslığımıza dəyərli əsərlər bəxş edən görkəmli ziyalılar nəslinin davamçısıdır. Onun rəhbərlik etdiyi Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycan ədəbiyyatının dəyərli nümunələrinin müxtəlif xalqların dillərinə, eləcə də bir sıra dünya müəlliflərinin əsərlərinin dilimizə tərcümə edilərək oxucularımıza çatdırılması istiqamətində təqdirəlayiq işlər görülür. Eyni zamanda, Afaq Məsud çağdaş Azərbaycan nəsrinin zənginləşməsinə sanballı töhfələr verir.