Afaq Məsud İmperiyası – VƏ YA BİR BALACA QIZ NOBEL MÜKAFATINI NECƏ MƏĞLUB ETDİ

Vaqif BAYATLI ODƏR

 

Ədəbiyyatdan dünyaya və Allaha daha çox poeziya, nəsr əsərləri yox, daha çox şairanəliklər, şahanəliklər qalır.

“Duyğular imperiyası”nın imperatoru - dünya, tarix miqyasında bu balaca qızcığaz nəhəng tarixi imperiyalara qarşı, həm də Nobel imperiyasına qarşı öz ən şairanə, ən şeiranə əsəri “Duyğular imperiyası”nı qoydu. Əslində, bu imperiya yolunda bir çox böyük insanlar, o cümlədən, Afaqın atası - Məsud Əlioğlu da şəhid olub. Afaq yazılarıyla atasını da , onları da bir daha Tanrı yanına qaldırdı və ruhlarını əbədi şad, Tanrıqanad etdi.

Tarixi, çağdaş, gələcək imperiyalar, kimin imperiyası daha güclü? Sizinki, ya o balaca qızınki? Qorxmayın, sizə qarşı qoyulan tək imperiya - “Düyğular imperiyası” hamınızdan güclü yox, sadəcə hamınızdan daha duyğulu, daha insani, daha eşqli!

Beləliklə, Afaq Məsud imperiyasında Gözəllik gücü, sevgi gücü, duyğu gücü  həm də dünyanı, dünya  tarixini hər an məğlub edir. Həm də hər an gözəlliyi gücdən də yuxarıya qaldırır! O nəsrin poeziyaya keçdiyi, Nəsr okeanının Poeziya göyüylə qovuşduğu yerdən, daha doğrusu, göydən başlayır və göyüzünü hər an bir daha, bir daha genişləndirir, ağlasığmazlıqlara qaldırır.

Tarixi, çağdaş, gələcək imperiyalar, bir daha oxuyun, nümunə götürün. Kimin imperiyası daha gözəl, daha güclü, sizin, yoxsa dünyayla “imperiya-imperiya” oyunu oynayan balaca bir qızcığazın?

Əslində, bütün böyük yazarlar hamısı cocuq! Hamısı cocuq! Yazan andasa, körpə! Çünki cocuq olmasaydılar, böyük ola bilməzdilər, yaza bilməzdilər.

Salam, dahilər! Salam, cocuqlar! Bütün bələkdəki dahilərə də salamlar!

Avropada, dünya ədəbiyyatında çatışmayan nədir? Şahanəlik! Şahanəlik! Bir az da divanəlik!

Bu balaca qızcığaz - çağdaş dünyanın ən şahanə şair yazıçısı, beləcə Nobel mükafatını da almamasıyla şahanəliklə məğlub etdi. Əslində, çox böyük yazarlar o mükafatı ya almayıb, ya da imtina edib. Bütün mükafatlar hər gün məğlub olur ucalıqlar önündə.

Ən böyük mükafat isə Allahın verdiyi vergidir, sevgidir,

Allahın göydən bizə endirdiyi sözlərdir.

İmperiyanız, Sözünüz mübarək, Afaq Məsud!

Afaq Məsud İmperiyası, dünyanı daha çox işğal elə!


525-ci qəzet