DOĞUM GÜNÜ MƏLUM OLMAYAN VAQİF

Yəqin ki, elə belə də olmalıydı…

Görünür, Vaqifin - havayla yeriyən, küləyin içi ilə uçan, yağışdan asılan bu şəffaf adamın doğum günü havanın, küləyin, yağışın rəngi kimi sirli, şəffaf, ələgəlməz olmalıydı. Poeziyası başdan-başa ağrılardan yoğurulmuş şairin həmişə şən, nikbinlik ovqatı da bəlkə bu naməlum doğum tarixiylə bağlıdı. Axı qəbirlərimizin üstündə ölüm tariximizdən əvvəl doğum tariximiz yazılır. Və əgər doğum tarixi yoxdursa, demək ölüm tarixi də yoxdur...

Vaqif burda da, poeziyasında olduğu kimi, bütün ölçülərin, qanunların qüvvəsini itirdiyi, sərhədlərin yoxa çıxdığı, ölçüsüz, məkansız və zamansız, sürüşkən, dinamik bir nöqtədə - əvvəli-axırı bilinməyən, toxunulmaz əbədiyyət nöqtəsidir.

...Vaqifi ilk dəfə 1976-cı ildə, Zuğulbanın «Gənclik» istirahət evində, Mərkəzi Komitənin Yazıçılar İttifaqı və Komsomol Komitəsi ilə birgə keçirdiyi ədəbiyyat seminarında görmüşəm.

Gənc yazıçı və şairlər, sənət və ədəbiyyat adamları, Mərkəzi Komitənin məsul işçiləri toplanan yekun gecəsində bir-bir gənc şairlərə söz verilir, səhnəyə çıxanlar xüsusi intonasiya ilə, qürurla Lenin komsomoluna, BAM-a, gündən-günə çiçəklənən xöşbəxt həyatımıza, xalqlar dostluğuna həsr etdikləri şüarabənzər şeirlərini oxuyur, zaldan gurultulu alqışlar qopurdu.

Gecənin sonuna yaxın səhnəyə əsəbi yerişlə uzunsaçlı, solğunbənizli qəribə bir oğlan çıxdı, bir müddət mikrofon qarşısında dinməz-söyləməz dayana-dayana, get-gedə ağaran bəniziylə zala baxdı...

Bu mənzərədən, bayaqdan aktiv canfəşanlıqla qaynaşan zala sükut çökdü.

Səhnədəki oğlan bir müddət də beləcə, sakitliyinə qısılıb donan zala baxa-baxa nəyisə gözlədi elə bil... Sonra nəyinsə ucundan tutub çəkən kimi, titrək səsiylə, astadan, həzin-həzin türk dilində Nazim Hikmətin «Bir şəhərdə tramvayla yapılmış gecə gəzintiləri üstünə» şeirini oxumağa başladı...

Türk dili hüznlü, tül örpək kimi hamının başından asıldı, üzünü örtdü... Üzlərdəki saxta ovqat yoxa çıxdı, bayaqkı süni bayram əhvalı əriyib itdi. Rus rəhbərlərinin divarlara vurulan rəngli portretlərinin, qırmızı şüarların yayıldığı mənasızlığı gözə çarpdı. O gecə Vaqif nə özünü təqdim elədi, nə şeirlərini dedi...

Sonralar Vaqifi daha yaxından tanıyandan sonra mən başa düşdüm ki, «zalla» təkbətək, üzbəüz dayanmaq, beyinlərdə, hisslərdə dəyişiklik yaratmaq, əhvalı, məkanı dəyişdirmək Vaqifin alın yazısı, həyat yoludu.

Vaqiflə bu ilk tanışlıqdan sonra mən də özümdə qəribə bir dəyişiklik hiss etdim. Bu, o vaxtacan dadını, iyini bilmədiyim ecazkar azadlıq havası idi...

Sonralar Vaqifi tez-tez metroda, içi adamla dolu işıqlı vaqonların birində, bir küncə çəkilib üzünü adamlardan gizlətmək üçün nəyisə tələm-tələsik başıaşağı oxuya-oxuya hardansa gəldiyini görürdüm. Bu mənzərədən həmişə məndə elə bir hiss yaranırdı ki, bu işıqlı vaqon Vaqifin vaqonudu və Vaqif, təsadüfən içinə ayrı adamlar da düşən bu vaqonda hardansa çox-çox uzaqlardan, mənim dəhşətli dərəcədə tanımaq istədiyim, lakin heç cür yolunu, istiqamətini bilmədiyim qərib məmləkətdən gəlir...

Sonralar, Vaqifin şeirlərini oxuyanda da bu nəm sətirlərdə onun öz işıqlı vaqonunda, hansısa ucsuz-dibsiz yollarla uzaq, qərib məmləkətdən gəldiyini hiss etdim, bu məmləkətin köndələn çalarlarını onun üzündə, gözündə gördüm...

Oralar, deyəsən, dəhşətli dərəcədə gözəldi və qətiyyən buralara bənzəmir. Orda ağacların budaqlarından, deyəsən, yarpaq əvəzinə balıqlar asılıb... Balaca ağızlarıyla budaqlara can verən qızılı balıqlar...

Orda adamlar uzanıb yığıla bilən göz yaşlarına bənzəyir, astaca toxunsan, zədələyəcəksən və zədələdiyin iynə ucu boyda nöqtədən adamın axıb qurtarmaq təhlükəsi var, deyəsən...

Orda quşlar yalnız köndələn uçur, buluda dəysələr, o dəqiqə məhv olurlar. Çünki buludlar da onlar kimi diri quşlardı. Nəhəng, ağ quşlar...

O məmləkətin yiyəsi, deyəsən, uşaqlardı... Oyuncağı - dar ağacı, oyunları - kəndiri boğazlarına keçirib yellənən, həmişə şən əhvallı dinməz uşaqlar...

Keçib gəldiyi

Göyüzü kimidi şairin üzü  

İşığı saralar, buludu keçər                              

  Hara, haraya gedəsi olsaq,

                                               Yenə könlümüzdən, ürəyimizdən

                                               Göy üzünə dönmək ümidi keçər...

 

...İndi Vaqifi, demək olar, hər gün görürəm. Hər gün eyni cür şən ovqatda, nikbin əhval-ruhiyyədə, üzündəki həmin köklənən işıqla işə gəlir, hal-əhval tutub bir az ümumi işlərdən, bir az «Xəzər»dən, bir az ədəbiyyatdan danışır və yenə özündən heç nə danışmır. Balaca, işıqlı vaqonu isə onu lap yaxında, mənim otağımdan bir addım kənarda gözləyir...

Bir müddət beləcə ayaqüstü söhbətdən sonra o çıxır və mən divarın o üzündə qapıları ehmalca açılan vaqonun səsini eşidirəm... Vaqif vaqona minir, vaqon burdan uzaqlaşar-uzaqlaşmaz söhbətə başlayır və mən bilirəm ki, orda - o balaca, işıqlı vaqonda Vaqif özündən danışır, həmin o sehrli məmləkətin dinməz uşaqlarından danışır...