Afaq Məsud dünyası - Dördüncü yazı
Nizami Cəfərov
Yazıçının yaradıcılığı haqqında “Bu, Afaq Məsuddur”... adlı maraqlı bir məqalə yazmış tənqidçi Vaqif Yusifli mətləbə birbaşa yox, dolayısı ilə keçir ki, bunun da əsas məzmun- mündərəcəsi Afaq Məsudun ədəbiyyata ənənəvi yolla deyil, elə əvvəldən özünəməxsus novatorluqla, gözlənilməz üslubla gəlməsindən ibarətdir.
Ümumiyyətlə, Afaq Məsuddan danışanlar həmişə söhbəti nəsillərarası münasibətlərdən, daha doğrusu, ziddiyyətlərdən başlayır, sonra isə yazıçının üslubunun, təhkiyə tərzinin, obrazlarının tamamilə yeni olduğunu qeyd edirlər. Və hətta söhbət gəlib o yerə çatır ki, Afaq Məsud öz novatorluğu ilə mövcud kanonları dağıdır, ənənəvi çərçivələrdən kənara çıxır... “Başlıcası, ona görə ki, bu nəsrin özü lap ibtidadan mümkün qədər ənənəvi- trafaret meyarlara uyğun gəlmirdi... Mənası budur ki, yazıçı istedadlı olduğu qədər də professional olmalıdır. İstedad qandan, kökdən gəlir, professionallıq isə gərgin səylərin, böyük zəhmətin bəhrəsidir. Afaq Məsudda istedadla professionallıq vəhdət halındadır”.
Tamamilə doğru olan bu qənaət (yaradıcılıqda “zəhmət” anlayışının, əlbəttə, adi “zəhmət”dən çox- çox fərqli bir şey olduğunu nəzərə almaq şərtilə) bir də ona görə maraqlıdır ki, yazıçının öz “dağıdıcılıq” missiyasını istedadla yanaşı professionallıqla həyata keçirdiyini təsbit edir. Bu isə o deməkdir ki, Afaq Məsud üslubu, manerası “dağıdıcı” olduğu qədər də (bəlkə, ondan da artıq) “qurucu”dur. Və nə qədər paradoksal görünsə də, yaradıcılığın (yeniliyin!) fəlsəfəsi ondan ibarətdir ki, burada həm “dağıdıcılıq”, həm də “quruculuq” inkişafa xidmət edir.
Vaqif Yusifli yazır:
“Hiss olunurdu ki, ilk hekayələrindən başlayaraq, Afaq bütün yazılarında nəsrə məxsus bəzi stereotipləri, artıq ehkama çevrilmiş donuq sintaksisi, təhkiyə tərzini qırıb dağıtmağa çalışır. Yəni əslində, bu dağıtmaqdan daha çox nəyi isə tikməyə, qurmağa oxşayırdı. İllər keçəcək və Afaq “Azadlıq” qəzetinə verdiyi müsahibədə deyəcək ki: “Mən heç vaxt nəyinsə dağıdılmasının” tərəfdarı olmamışam. Üstəlik də söhbət ədəbiyyatdan gedir - dediyiniz “dağıdılma” prosesi, ola bilər Azərbaycan ədəbiyyatının çərçivələrinin dağıdılması yox, mənim əsərlərimin, uzun illərdən bəri ədəbiyyatımızın canına hopan milli- ənənəvi, ictimai- etik, mənəvi- əxlaqi və ilaxır, ilaxır normalarına bir qədər biganə ovqatda yazılmasından alınan təsirdi. Ola bilər, bu ovqat Siz deyən kimi dağıdıcıdı?.. Hər halda azadlığın müxtəlif formalarda dağıdıcı nəticələri olur. Mənim əsərlərimin də dağıdıcı qüvvəsi ola bilər daxili azadlığındadı”.
“Mədəd” hekayəsinin qəhrəmanını yazıçı belə təqdim edir:
“...İstirahət gününü maraqlı keçirməkdən ötrü Mədədə heç kim lazım olmurdu. Nəyə görə kinoya kiminləsə getməliydi, yan- yana, dirsək- dirsəyə oturub bir filmə ikilikdə baxmalıydı?.. Təklikdə baxanda məgər filmin ləzzəti gedirdi?.. Yaxud niyə kafedə mütləq kiminləsə üzbəüz oturub kiminsə üzünə, ağzına baxa- baxa çörək yeməliydi?.. Bu nə vəhşilik idi, ümumiyyətlə?..”
Təklik Mədədin həyat, yaşam fəlsəfəsidir, təbii stixiyasıdır... Və əsası bu, onun azadlığıdır...
“Ümumiyyətlə, insan münasibətlərilə bağlı Mədəd çox şeyi anlamadığını dərk edirdi. Başa düşə bilmədiklərindən ən başlıcası - bir- birlərindən heç bir vəchlə əl çəkmək istəməyən adamların bitib-tükənməz ünsiyyət həvəsi idi. Adamların ardı- arası kəsilmədən bir- birilərinə zəng vurub saatlarla telefondan asılmaları, bununla da doymayıb bir- birinin evlərinə gedərək, orda gecədən keçənə qədər hey nə haqdasa həvəslə danışa- danışa “döşək çürütmələri” onda həmişə qəzəbli bir heyrət doğururdu”.
Mədədin “azadlıq” anlayışı ilə birbaşa əlaqəsi olmayan qeyri- adi bir xüsusiyyəti də var...
“Televizoru yandırıb üzbəüzdəki kreslosuna yayxandı. Qəzetləri bir də o üz- bu üzünə çevirib diqqətlə iylədi və fikirləşdi ki, qəribədi, əvvəllər yalnız qəzetləri iyləyirdi, mətbəə şriftinin, qəzet kağızının iyindən həzz alırdı. Axır vaxtlarsa hər şeyi iyləyir. Pencəyini də, süfrəni də, əllərini də, televizorun ekranını da... Axır vaxtlar iyləmək - onun üçün yemək, yatmaq, nəfəs almaq kimi, gündəlik həyat ehtiyacına çevrilib. Özü də qəribə olan budu ki, hər qoxudan bir ovqata düşür. Süfrənin qoxusundan narahatçılıq hissi, dəmir qaşığın qoxusundan kədər, pencəyinin qoxusundan nəyinsə nisgilini duyur”.
Məsələ gəlib o yerə çıxır ki, Mədəd özünün iyi barədə fikirləşməyə başlayır. Və “fikirləşir ki, bəlkə, öz iyi heç yerli- dibli yoxdu?..”
Fikrimizcə, qəhrəmanın öz hissləri, duyğuları, ümumən öz aləmi ilə tək qalmaq istəyi azadlıq inersiyasının təzahürüdürsə, hər şeyi iyləməsi həmin inersiya hüdudlarında təhtəlşüur bir maraqla özünü axtarmaq cəhdidir.
Bu xarakterli insanın, təbii ki, qarşısında dayanan ən böyük problem evlənməkdir. “...Evlənmək məsələsi yadına düşəndə, ürəyi az qalırdı dayana”...
Ancaq evlənməyə də məhkumdur. Çünki bunun qocalmağı, xəstələnməyi, qulluğu var... Adam olduğunu qohum- əqrəbaya (və cəmiyyətə) sübut eləməyi var...
Cürbəcür təkidlər də bir tərəfdən...
Axır ki, Mədədi evləndirirlər...
“Evlənən günün səhərisindən arvadıyla evin içində gizlənpaç oynadılar.
Arvadı mətbəxə girdi, Mədəd eyvana çıxdı, arvadı eyvana çıxdı, Mədəd hamamxanaya qaçdı. Arvadı hamamxanaya cumdu, Mədədi orda tapmadı. Mədəd başını qaşımaq üçün əlini qaldıranda arvadı onun başını qaşıdı. Çəkməsinin bağını bağlamaq üçün çömələndə arvadı becid tərpənib bağları ondan qabaq bağladı. Su içmək üçün əlini stəkana uzadanda suyla dolu stəkan burnuna dirəndi...
Onu dəli məhəbbətlə sevən arvadının cəngindən qurtulmaq üçün Mədəd olmayan işlər arayıb axtarırdı. Bir köynəyi ona beş dəfə yudurtdu, bitkilər və cücülər haqqında məlumat toplamaq üçün onu gah kitab mağazasına, gah kitabxanaya göndərdi.
Arvadı isə Mədədin göndərdiyi yerlərdən bumeranq kimi üstünə qayıtdı, burnuna dirənib gözünün qabağından çəkilmədi ki, çəkilmədi”.
Vaqif Yusifli yazır:
“Afaqın hekayələrində (bu, bütövlükdə onun bütün nəsrinə xas olan bir xüsusiyyətdir) hər şey (obrazın hiss- həyəcanları, görüntüləri, dünyaya baxışı, daxilini tərpədən nə varsa...) sanki bir məqsədə xidmət edir - son ANI kəşf eləmək... Son AN... klassik hekayələrdə olduğu kimi situasiyanın sona varması hadisənin səbəbdən nəticəyə- yekuna gəlib yetməsi, obrazın “təmiz” qələbəyə, yaxud “nikbin” məğlubiyyətə ürcah olması... kimi düşünülsə, onda Afaqın heç bir hekayəsinin adını çəkmək istəməzdik, yəni nümunə tapa bilmərik. Son An... bu hekayələrdə bəlkə də, sonluq yox, başlanğıcdır. Hər şey sanki dağılır, fikirlər, düşüncələr parçalanır, qəlpələnir, hardasa yenidən birləşir. Hisslər, duyğular çözələnir, çox vaxt da heç adı məlum olmayan qəhrəmanların taleyində məchulluqlar aydınlaşa- aydınlaşa sonra yenə məchulluğa dönür. Obrazın keçirdiyi hisslər, daldığı düşüncələr, gəldiyi qənaətlər bu fikri təsdiqləyir ki, SON AN Afaq Məsud üçün bir insan dünyasını, insanlararası münasibətləri (təbii ki, ən incə çalarları və mürəkkəblikləri) psixoloji aspektdə açıqlamaq, bəlirləmək üçün bir açardır, əslində, SON AN yox, İLK ANdır. Onun hər hansı əsərinin sonluğu bizi qətiyyən “burada hər şey aydınlaşdı” fikrinə gətirib çıxarmır, biz heç də rahat nəfəs almırıq, nigarançılıq azalmır”...
Bu çoxşaxəli (və təfsilatlı) mülahizə Afaq Məsud yaradıcılığının (və üslubunun) poetikasını, daha doğrusu həmin poetik özünəməxsusluğun çox mühüm bir tərəfini müəyyənləşdirmək baxımından, həqiqətən, dəyərlidir...
Mədədin evlənməsilə, yəqin ki, “klassik hekayələr”də yazıçı nikbin bir sonluq tapıb qəhrəmanı “vəziyyət”dən bir təhər çıxarardı, onun “kompleks”i ortadan götürülərdi... Ancaq Afaq Məsud insan təbiətinə bu cür “soyuqqanlı” yanaşmır, “hisslərin süjeti”ni axıra qədər (və amansız bir cəsarətlə!) davam etdirir.
Və yazıçı elə bir dil- üslub nümayiş etdirir ki, elə bil cümlə cümləyə, söz sözə, səs- səsə ürək döyüntüsünün harmonik ritmləri kimi calanır:
“...Mədədin ürəyinə dammışdı ki, bu qızı da rədd eləsə, nənəsi demişkən, “bayquş tənhalığına düçar olacaq, qocalıb yatağa düşəndə, evin bir küncündə, kirli yorğan- döşəyində zarıya- zarıya uzanıb qalacaq, bir qurtum su üçün heysiz- heysiz zarıyacaqsa da, inildəyib ağlayacaqsa da, səsini eşidən olmayacaq, susuzluqdan quruyub qaxaca dönən dili damağına yapışa- yapışa, taqətsizlikdən əsə- əsə ayağa qalxıb pəncərənin qabağına sürünəcəksə də, orda pəncərənin laylarını taybatay açıb qışqırmaq, adamları köməyə çağırmaq istəyəcəksə də, səsi çıxmayacaq, nəfəsi gəlməyəcək və o elə ordanca - pəncərənin mühəccərindəncə, bədəninin yarısı çölə sallanmış vəziyyətdə də canını tapşıracaq... Amma kimə?.. Məsələnin qaranlıq tərəfi də elə bu idi...” Onun bu tənhalıq faciəsinin tamaşasına bütün həyət, bütün küçə yığışacaq və bu, ailə həyatının qədrini bilməyən insanların yaddaşında silinməz bir iz buraxacaq, yaddaqalan bir dərs olacaq”...
Bu, azadlığını əldən vermək istəməyən, bütün “heyvani” gücü ilə “insaniliy”ə müqavimət göstərən, ancaq məhz insan olduğuna və ya sayıldığına görə məğlub olan bir varlığın həyəcanlarının “təhkiyə”si - sintaktik fonetikasıdır...
Və təhkiyə davam edir:
Bir dəfə Mədəd bunu yuxuda da görmüşdü. Yuxuda pəncərədən asıldığı yerdə qəfildən dirilib ayağa qalxmışdı, pəncərənin məhəccərinə çıxıb səsi gəldikcə bütün həyətə:
- Ay camaat, məni dinləyin!! Ailə - insan həyatında mütləq vacib olan həyat əhəmiyyətli zərurilikdir!!.. - deyə çığırmışdı.
Bu qızla da evlənməsəydi, axırı mütləq belə olacaqdı... - Mədəd fikirləşdi və qızın, ucları xırda- xırda qıvrılan saçlarına baxdı, yarımçıq kompotunu birnəfəsə başına çəkdi”...
Gücü özgə nəyə çatardı ki?!.
525-ci qəzet