Afaq Məsud dünyası - Birinci yazı

Nizami Cəfərov

Afaq Məsud!..

Yalnız Azərbaycan yox, ümumən dünya miqyasında özünü təsdiq etmiş böyük bir yazıçı!..

Bakıda, məşhur bir ziyalı ailəsində dünyaya gəlib. Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Yaradıcılığa çox gənc yaşlarından başlayıb. Və demək olar ki, hər bir yeni əsəri ədəbi- ictimai mühitin nəzər- diqqətini cəlb edərək müxtəlif səviyyəli müzakirələrin predmetinə çevrilib. Ən mühümü isə odur ki, keçən əsrin yetmişinci illərindən etibarən elə bir özünəməxsus zəngin (və mükəmməl!) yaradıcılıq yolu keçmişdir ki, bu gün müasir Azərbaycan ədəbiyyatının ideya- estetik mənzərəsini onun əsərlərindən kənarda təsəvvür eləmək, ümumiyyətlə, mümkün deyil.

Və Afaq Məsudun kifayət qədər görkəmli, hər cür müzakirəyə açıq, təbii bir ziyalı- intellektual xarakter- obrazı, “həyat tərzi” qərarlaşıb...

Müsahibələrinin birində deyir:

“...Mən hər gün, hər saat, hər dəqiqə özüm özümdən, həyatdan yox, məhz özümdən o qədər informasiya alıram ki, ötüb keçmişlərə burda yer qalmır. Hər anım mənim üçün həm informasiya, həm də kəşfdir. Bu, məşğuliyyət deyil, bu, mənim həyat tərzimdir... Bu proseslər məndə reaktiv sürətlə gedir. Bu gün, hətta bu dəqiqə mən, bir həftə, yaxud bir neçə dəqiqə bundan əvvəlki deyiləm. Niyəsə, keçmiş mənim bugünkü halım üçün heç bir əhəmiyyət kəsb etmir. Duyğu sıçrayışlarım məni elə ərazilərə, elə məkanlara salır ki, bəzən onlardan geriyə qayıda bilmirəm. Qayıdarkən isə tam ayrı adam olduğumu anlayıram”...

Yazıçı-mütəfəkkir (və insan) ömrünün (və taleyinin) dinamikasını reaktiv miqyaslarla ölçən (və əsas budur ki, dəyərləndirən) bu mülahizələrdə subyektiv iddiadan (əslində, bu da xırda fəlsəfə deyil) daha çox, insan varlığına hörmət, yaradılmışın vərdiş etdiyi idrak imkanlarını təmkinlə genişləndirmək ehtirası var:

“...Mən qurtuluş yolunu tapmışam. Zahirən hamı kimi yaşayıram... Amma bütün bu yeknəsəqliyin alt qatında sonsuz arakəsmələr var ki, onların qapıları daim aralı vəziyyətdədir”.

Yeniyetməliyində itirdiyi atası haqqında Afaq Məsudun təəssüratları mükəmməl olduğu qədər də analitikdir:

“Atam o dövrün hakim ideologiyasına tam zidd təbiətli, azad təfəkkürlü bir adam idi. Bəlkə də, məhz bu səbəbdən, Sovet dövründə yaşadığımıza baxmayaraq, nə mən, nə də qardaşlarım o atmosferi evdə hiss eləməmişik. Sovet psixologiyası, Sovet ideologiyası bizim evin kandarından içəri daxil ola bilməyib”...

Kommunist ideologiyasına ömrünün sonuna qədər sədaqətli olan baba - Xalq yazıçısı, “kişi oğlu kişi” (İsa Muğanna) Əli Vəliyev... Və həmin ideologiyaya qarşı çıxan ata - görkəmli ədəbiyyatşünas Məsud Əlioğlu...

Əllinci, xüsusilə altmışıncı illər Azərbaycan intellektual- mədəni mühiti üçün bu paradoksdan təbii heç nə təsəvvür etmək mümkün deyil... Bunun arxasınca isə yetmişinci, səksəninci, doxsanıncı... illər gəlir...

“...Mən ədəbiyyata Məsud Əlioğlunun, yaxud babam Əli Vəliyevin əsərlərinin mütaliəsindən gəlməmişəm. Və ümumiyytlə, ədəbi mütaliədən gəlməmişəm. Amma... genetik kod, tale yazısı və daha nələrsə atamın istedadını, duyğusallığını, babamın zəhmətsevərliyini və prinsipiallığını bu və ya digər formada davam etdirir”.

Afaq Məsudun yazıçı (və yaradıcı!) təfəkkürünün ən böyük uğuru onun intellektual miqyasının genişliyindədirsə, ikincisi həmin miqyasın (“ərazi”nin) son dərəcədə səmimiliyində (və humanizmində!)dir...

“...Həyatımı ailəmsiz təsəvvür eləmirəm. Lakin mənimlə yaşamağın nə qədər çətin olduğunu anlayıram. Düşünürəm, nə ərimə ideal həyat yoldaşı, nə də uşaqlarıma ideal ana ola bilməmişəm... Və bu, bu günəcən də alınmır. Olub ki, həftələrlə, aylarla yazı çəkişməsinə qapıldığımdan, boynuma düşən bu vəzifələri şərti olaraq yerinə yetirmişəm... Amma indi oralar nə qədər füsunkar və ecazkar olsa belə, geriyə qaytmalı olduğumu anlayıram. Bilirəm axı, burda məni gözləyənlər var”...

Afaq Məsudun bu günə qədər keçdiyi yaradıcılıq yolunu bütün ideya- estetik “xəritə”silə təsəvvürdə canlandırmağa təşəbbüs göstərsək, ən obyektiv (və səmimi) metod onillərin xronologiyasıdır. Hər şeydən əvvəl ona görə ki, bu onillər həm də milli (və beynəlmiləl) ədəbi- ictimai həyatın bizdən, kiminsə subyektiv zövqündən asılı olmayan hərəkət (və hərəkat!) dinamika- impulslarıdır...

Və yazıçının yaradıcılığı 1) yetmişinci, 2) səksəninci, 3) doxsanıncı, 4) iki mininci və 5) iki min onuncu illəri əhatə edir...

Afaq Məsudun ilk hekayələri tələbəlik illərində “Ulduz” jurnalında çıxmağa başlayır... “Üçüncü mərtəbədə” adlı ilk kitabı (1976) da nəşr olunur ki, ona Xalq yazıçısı Süleyman Rəhimov “Yaradıcılıq baharı” adlı ön söz yazır...

“Qonaqlıq”, “Üçüncü mərtəbədə”, “Telefonda işıq”, “Bekar”, “Həsən əmi”, “Tutuquşu”... hekayələri 70- ci illərin məhsullarıdır...

80-ci illərə artıq peşəkar yazıçı kimi daxil olur. Və həmin illərdə “Yataqxana”, “Şənbə gecəsi”, “Mədəd”, “Öldürdülər”, “Uydurma”, “Tək”, “Gecə”, “Qəza” hekayələrini, “Üzü işığa”, “Suiti” romanlarını qələmə alaraq Azərbaycan ədəbi- ictimai mühitində kifayət qədər böyük nüfuz qazanır...

Anarın “Dörd divar arasında” ön sözü ilə yazıçının “Şənbə gecəsi” kitabı nəşr edilir...

80- ci illərin sonu 90- cı illərin əvvəllərində ölkədə baş verən milli azadlıq, dövlət müstəqilliyi hərəkatları istedadlı, geniş sosial- siyasi dünyagörüşlü yazıçının yaradıcılığına əhəmiyyətli təsir göstərir. Və eyni zamanda onun 80- ci illərdən sonsuz maraqla nüfuz etdiyi insanın daxili aləmi, mənəvi dünyası barədəki təsəvvürlərini daha da zənginləşdirir, ona ideoloji çalarlar gətirir.

“Sərçələr”, “Dovşanın ölümü”, “Ov quşu”, “O”, “Dahi”, “Prezident”, “Alman kilsəsi”, “Müvəkkil Vaysman” hekayələri, “İzdiham”, “Azadlıq” romanları 90- cı illərin məhsuludur. Və həmin illərin sonlarında yazıçının “Roman. Esse. Hekayə” kitabı nəşr olunur...

İki mininci illərdə Afaq Məsudun yaradıcılığında janr diferensiallığının miqyasca genişləndiyi görülür. Xüsusilə o mənada ki, “S.V.A.C.O.”, “Can üstə”, “Aysun” hekayələri, “II İohan” hekayə- romanı ilə yanaşı, “Can üstə”, “Yol üstə”, “O, məni sevir” pyeslərini də yazaraq və yalnız qüdrətli bir nasir deyil, həm də istedadlı (və novator) bir dramaturq olduğunu təsdiq edir.

“Yazı” kitabı da bu illərdə çapdan çıxır...

İki min onuncu illərdə yazıçı ədəbiyyata “Generalın ölümü” hekayəsini, “Qatarın altına atılan qadın”, “Kərbəla”, “Mənsur Həllac” dramlarını verdi. Və bu (eləcə də buna qədərki əsərlərinin çoxu) göstərdi ki, Afaq Məsudun yaradıcılıq yolu ciddi intellektual, bədii axtarışlarla, özünəməxsus dil- üslub tapıntıları ilə, ideya- estetik kəşflərlə müşayiət olunur. İki cildlik “Seçilmiş əsərləri”nin nəşri də bunun təsdiqi idi.

Demək olar ki, əli qələm tutandan yaratmağa başladığı “Duyğular imperiyası” yazıçının (və ümumən Azərbaycan ədəbi- fəlsəfi fikrinin) ən uğurlu özünüifadə (və təsdiq) texnologiyalarından biridir ki, 70- ci illərdən başlayıb bu günə qədər davam edir...

Afaq Məsudun yaradıcılıq yolunun “xəritə”sini Azərbaycanda bədii tərcümə işinin gedişindən kənarda təsəvvür eləmək, demək olar ki, mümkün deyil. Fikrimizcə, yazıçının bu tarixi (və müasir) xidmətini Xalq şairi Zəlimxan Yaqub neçə illər bundan qabaq “Tərcümə Mərkəzinin direktoru yazıçı Afaq Məsuda açıq məktub”unda layiqincə qiymətləndirmişdi:

“...İllər ərzində tərcümə elədiyiniz və mənim ehtirasla mütaliə elədiyim müəllifləri göz önünə gətirsək, yaranan mənzərə kifayət edər ki, bu işi... böyük vətəndaşlıq işi adlandırasan”...

Afaq Məsudun yazıçı xarakterini səciyyələndirən ən mühüm əlamətlərdən biri özünün özünü şərh etməsidir... Niyə?.. Müasirləri tərəfindən düzgün, yaxud dəqiq anlaşılacağına şübhələrinə görəmi?.. Yoxsa müasirlərinin ümumən fövqündə dayandığına böyük inamındanmı?..

Görünür, hər ikisinə görə... Çünki Afaq ədəbiyyata gələndə çoxları ondan babasının, atasının yaradıcılıq (və ideya- estetik dünyagörüşü - zövq) ənənəsini davam etdirəcəyini gözləyirdi. Ancaq o, yalnız babasından, atasından deyil, müasirlərindən də çox qabağa getdi. Və mövcud standartlarla kifayətlənməyib öz ədəbiyyatını yaratdı ki, fikrimizcə, dərin klassik əsaslara dayanan bu yaradıcılığın həm də güclü modernist (hətta postmodernist) enerjisi var.

Müsahibələrində birində “Dünya ədəbi prosesini izləyirsinizmi? Dünya ədəbiyyatından oxuduğunuz son əsər hansıdır?” suallarına belə cavab verir: “Təəssüf ki, heç bir prosesi izləyə bilmirəm. Buna, sadəcə, imkanım yoxdur. Adda- budda əlimə keçən ədəbiyyatlarla kifayətlənməli oluram. Son illər ümumiyyətlə bədii ədəbiyyat oxumuram. Son vaxtlar bədiilik mənə maraqsız gəlir. Olsun ki, bu həm də peşəkar oxu tərzindən - oxuduğum əsərlərin hansı saplar və üsullarla tikildiyini görməyimdən irəli gəlir. Başladığım istənilən əsərə marağım bir- iki səhifədən sonra itir”...

Afaq Məsud haqqında çox yazılıb. Və yəqin ki, bundan sonra daha çox yazılacaq... Ancaq mənə elə gəlir ki, Vaqif Bayatlı Odər qədər mükəmməl (və universal) ümumiləşdirmə verən olmayacaq...

“O, Azərbaycanda Sovet hökumətini quranlardan birinin nəvəsidir, həm də Azərbaycanda Sovet hökumətini yıxmağa, Azərbaycanın istiqlalını bərpa etməyə çalışan, DTK- nın daim diqqət mərkəzində olan və müəmmalı şəkildə öz canına qıyan, Azərbaycanın ilk dissidentlərindən, Sovet rejiminin qurbanlarından birinin övladıdır. Beləcə, onun qan yaddaşında qurmaq və qurban getmək yan- yanadır, ruhi yaddaşı isə çox- çox qədimdir, lap bəlkə də ilk insanın yarandığı gündən qabağa gedir, hətta güləndə də Onun gözlərinin dibində donub qalmış çox qədimi bir kədər hər an elə bil ilk insanın ölümündən, beləcə ölümün insançün ilk duyumundan, kəşfindən, onun hələ də buna inanmadığından, o əbədi kədəri, elə bil indicə eşitməyindən xəbər verir.

Əsərlərinin dünyanın onlarla dilinə tərcümə edilməyinə, hətta Avropada haqqında alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə olunmasına baxmayaraq (bu çağdaş ədəbiyyatımızda ilk xoş hadisədir), mən deməzdim ki, Onu hamı qəbul edir. Ancaq bir şey dəqiqdir ki, onu sevən də, ona nifrət edən də Onunla hesablaşır, bir çox ədəbi və əbədi həqiqətlər səslənəndə istər- istəməz bir neçə adın içində Onun da adını xatırlayır və ya xatırlamalı olurlar. Beləcə, özü olmadığı yerlərdə də Onun varlığı tez- tez hiss olunur, o anlarda O hardasa lap yaxınlarda olur, lap pəncərəni açanda görünəcək ilk mənzərə kimi. O, çiçək, ağac deyil. Heç dağ da, dəniz də deyil. O, çiçəyi, ağacı, daşı, dağı, dənizi, hətta səhrası, tufanı yan- yana, iç- içə dünyanın nəsə başqa qeyri- adi bir mənzərəsidir. Bu mənzərə bəlkə də az adama doğma gəlir, ancaq çoxları özündən xəbərsiz ona doğma olmayan, ancaq maraqlı gələn bu əraziyə girmək istəyir.

O yazır ki, qoy bir zamanlar bilsinlər bu dünyada necə düşünüb, necə yazıblar. Çoxları özünün, O isə dünyanın tərcümeyi- halını yazır. Bəlkə də dünyalar içindəki bu dünya da elə adamlar içində tək Bir Adam kimidir”...

Bu, Afaq Məsudun dünyasıdır...

 

525-ci qəzet