Elmin Nurizadə - Məsud addımların azadlıq həvəsi

 

Səhifə-səhifə, cümlə-cümlə oxuduğumuz vaxt onların arasında azadlığa doğru can atan, ilahi bir eşqə oğru pərvazlanan özünü dünyadan təcrid etməyə çalışan insanın portreti gözlərimizin qarşısında canlanır. Birtəhər təfəkkürümüzün dərin qatlarında, şüurumuzun ən ucqar nöqtəsində yer edə-edə bir hekayəni bitiririk və ordan həriflərin, cümlələrin arasından üzügülər, gözləri qəmli bir simanın bizə baxdığını görürük. Artıq onun bir-iki hekayəsi belə Afaq Məsud portretini yarada bildi. Bənzərsiz, təkrarolunmaz, tam  fərqli  insan  portretini...

Adətən kiminsə haqqında yazanda, ya onun həyatına dair olan faktları, ya iştirakçısı olduğu hadisələri göstərməklə qəhrəmanı oxucular üçün səciyyələndirməyə çalışırlar. Doğrudur, hadisədə də qəhrəmanın əsil siması açılır və onun xarakter kimi müsbət keyfiyyətləri oxucuya çatdırılır. Bu keyfiyyətlər də öz növbəsində ictimai əhəmiyyət, sosial yük daşımaqla portretin, oçerkin faydalılığını nümayiş etdirmiş olur. Ancaq Afaq xanımın əsərlərini oxumaqla onun haqqında ən gərəkli mənbə həmin yazıların  olduğunu o saat anlamaq olar. Heç  Afaq xanımı ən yaxşı tanıyan adam belə bu əsərlər qədər onu təqdim  edə  bilməz.  Çünki burada Afaq Məsud yalnız və yalnız özünü yazıb, özündən yazıb. Əsərlərdə nə qədər mücərrədlik olsa da burada konkret obraz var  ki, onun da  həyat haqqında fikirləri birbaşa olaraq Afaq xanımın dünyagörüşü ilə üst-üstə düşür.

Burada bir az qəhrəmanımız haqqında məlumat versək pis olmaz. Belə ki,Afaq xanım Məsud 1957-ci ildə iyun ayının 3-də Bakı şəhərində anadan olub. Babası Əli Vəliyevin və atası Məsud Əlioğlunun yolunu davam etdirərək qələmdən yapışmağı özünə peşə seçir. 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1979-1986-cı illərdə Azərbaycanfilm kinostudiyasında redaktor, redkollegiyanın üzvü, 1986-88-ci illərdə isə kinostudiyanın direktoru vəzifəsində çalışıb. Sonralar həyatını başdan başa ədəbiyyata həsr edib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.

Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.

«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.

«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.

Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.

Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.

“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.

2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).

“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Ədəbiyyata bir növ hadisələrin yox , hislərin süjeti kimi baxan yazar hər əsərində öz izini bizlərə göstərə bilir. Sanki ilahi duyğular xanımın qələmindən tutaraq hərif-hərif, sətir-sətir onun əsərlərini yazır. Bu zaman bütün dünyadan təcrid olunur və öz aləminin fərqli dünyaduyumunu – yəni hekayələrini bizlərə ərmağan gətirir. Nədənsə bu hədiyyələrdə İbn Əl Qəzali, Əl Nəfisi və digər sufi mütəfəkkirlərinin ruhunu görmək olur. Cəmiyyətdən, azğın insan psixologiyasından bezərək  tərkidünyalığa can atan dərvişvari bir adamı görmək olur. O, darıxır, üzülür, nə edəcəyini bilmir və əlacını gəldiyi yerə Allah dərgahına uzadır. Bu zaman özündən əvvəlki aşiqləri dərindən öyrənərək onların getdikləri yol ilə getməyi arzulayır. Onun məsudluğu məhz bundadır... Afaq xanım ona görə Afaq  Məsuddur....

Yaradıcılığında mühüm yer tutanAzadlıq  romanının əvvəlində  əsəri  necə  yazması  barədə  danışarkən  xanım  yazar  burada  məhz öz daxili aləmini, gizli üzünü bizə  göstərmiş olur. – “Əsərin  son  fəsilləri məni dünyanın  ən səssiz  qatlarına aparıb çıxartdıqca, ətrafın  səs-küyü elə bil qəsdən birə-on artıb çoxalırdı.”

Sitatdan qəhrəmanımızın əsl mahiyyətini, yaradıcılıq psixologiyasını oxumaq olur. Onu qeyd etsək ki, bu  situasiya Afaq Məsudun  təbii halıdır, deməli yazarın doğurdan da həqiqi bir azadlığa ehtiyacı  olduğunu  sezə  bilərik. Bir çox hekayələrində -“Sərçə”, ”Bekar”, ”Oeləcə də esselərində  prototipini  yaradan xanım içindəki gizli bir daxili nöqtəyə çəkilərək insanlara, həyata, cəmiyyətə kənardanbaxır. Daha doğrusu, kənardan yox öz yazıları arasından. Xalq yazıçısı Anara, mərhum alim Aydın Məmmədova, şair Vaqif Bayatlı  Odər və digərlərinə həsr etdiyi  portret yazılarda da bu ideya ana xətt  kimi özünü göstərir. Məsələn, “Doğum günü məlum olmayan Vaqif  Bayatlının naməlum ad gününə”adlı essesində  oxuyuruq- “Vaqif təsadüfən  içinə ayrı adamlar da düşən hardansa çoxox uzaqlardan, mənim dəhşətli dərəcədə tanımaq istədiyim, lakin  heç cür yolunu, istiqamətini bilmədiyim qərib məmləkətdən gəlir...”

Bu kimi nümunələrin sayını artırmaq da olar. Ancaq onların hamısında ümumi bir məzmun olacaqdır-Azadlığa, gəldiyi göy  üzünə doğru  tələsən, Məsud  Afaqın  iti  addımlarının ifadəsi.

                      

 

Olaylar.- 2011.-22 aprel.- S. 13.