"İZDİHAM MƏNİ ÖLÜMDƏN QURTARIB..."

- «İzdiham» əsərinizi poema adlandırmısınız. Bu sürrealist əsərə yazdığınız müqəddimədə onu Azərbaycan mühitinə, psixologiyasına, mənəviyytına və ədəbiyyatına yad olan əsər kimi qiymətləndirirsiniz. Bu, yad ədəbiyyatın təsiridirmi? Məsələn, Kafkanın «Çevrilmə» hekayəsindəki yuxudan qalxanda əcayib həşərata çevrilən Qoreqor Zamza ilə «İzdiham»dakı qıçları uzanıb düyün düşmüş qəhrəman bir-birinə oxşayır.

- Bu cür oxşarlıqların təfərrüatına varsaq, dünya ədəbiyyatı tarixində bir-birinə oxşamayan, yaxud, biri o birini hardasa, necəsə tamamlayan əsər tapmarıq. İstənilən əsərdən seçdiyimiz ayrı-ayrı ifadələri, obraz və situasiyaları digərləriylə tutuşdursaq, görərik ki, bir-birinə oxşayan şey çoxdur və buna bir az da gendən baxsaq, görərik ki, əslində, həyatın özü də belədi. Nə isə nəyəsə, kimsə kiməsə oxşayır. İyirmi iki yaşında yazdığım «Bekar» hekayəmi oxumaq üçün Ramiz Rövşənə vermişdim. O, hekayəni oxuyb mənə qaytaranda: "Alber Kamyunun «Postaronniy» əsərini oxumusan?" - dedi. Onda mən Alber Kamyunun adını ilk dəfə idi eşidirdim. Sonradan o əsəri oxuyub heyrətə gəldim. Mən 50-ci illərdə uzaq Əlcazairdə yaşayıb-yaratmış fransız yazıçısı ilə müxtəlif dövrlərdə və ərazilərdə eyni bir adamı yazmışdıq... Mənim «Bekarım» xarakteri, düşüncə tərzi, anaya və özünə münasibəti, həyat temperaturu, ədaları, hətta hərəkət plastikasıyla Kamyunun «Yad»ıyla eyni adam idilər. Onların hər ikisi üçün həyat - hər dəqiqəsinin içində bütöv bir ömür yaşadıqları ölçüsüz, nəhəng zaman kəsiyi idi. Fərq bircə bundaydı ki, Kamyu öz «Yad»ının taleyini qəddar məhkəmənin hökmü ilə, mənsə, «Bekar»ımın müqəddəratını onun öz yatağında həll edirdim. İndi də siz «İzdiham»la, «Çevrilmə»də hansısa oxşarlıqlar tapırsınız. Mənsə, bu əsərlərin nə üslub, nə də mövzu baxımından bir-birinə yaxınlığını görmürəm. «Çevrilmə»nin qəhrəmanı - insan olaraq şüursuz böcək həyatını sürən Qreqor Zamza real həyatı - ata-anası, bacısı, iş yeri, dəqiq ünvanlı evi olan real bir obrazdır. Burda Kafkanın ustalığı - mistik çevrilmə ilə böcəyə dönmüş bu adamın halını və yaşantılarını adi reallığa çevirə bilməsidir. Əslində, Zamzanın faciəsi - günlərin bir günü qəfildən nataraz həşərata çevrilməsi, dəqiqəbaşı otağa girənləri diksindirərək qorxunc görkəmi ilə evdəkilərə əngəl olması deyil. Zamzanın faciəsi - boz stansiya ilə evi arasında keçən yeknəsəq ömrünün ondan, heç kimə lazım olmayan qorxunc və əcaib böcək düzəltməsidi. «İzdiham» isə fantasmaqoriya təsirini bağışlayan şüuraltı yaddaşdır və əlbəttə ki, kütləvi əsər deyil. Amma bizdə də, eləcə, xarici ölkələrdə də bu əsər yüksək qiymətləndirilir. Bir çoxları onu ümumiyyətlə, mənim yaradıcılığımın zirvəsi hesab edirlər. «İzdiham» 1994-cü ildə Kafkanın dil vətəni olan Almaniyada da, Berlinin Mərkəzi Ədəbiyyat Evində də böyük maraqla qarşılandı. Əsərlə bağlı geniş müzakirələr, müxtəlif səpkili görüşlər keçirildi. Kafka yaradıcılığına yaxından bələd olan alman auditoriyasında Kafkanın adı xatırlanmadı. «İzdiham»ın yazılma tarixçəsinin özü də qəribədi. 90-cı illərin yayı idi. Mən nə yazdığımı özüm də bilmədəm yazırdım. Bu, belə baş verirdi ki, mən günün hansısa saatları qəfildən yazı ovqatına düşür, kağız-qələmimi götürüb otağıma çəkilir, orda müəyyən vaxtı heç nə düşünmədən, dayanmadan yazır, bir qədər sonra fəaliyyət limiti bitmiş elektron cihaz kimi, dayanır, qələmi yerə qoyub ayağa qalxırdım. Yazılanları hissə-hissə işə gətirib Natiqə* oxuyur, Natiq hər yeni parçadan heyrətlənir, bunun nə isə tamam ayrı növ nəsr olduğunu deyir, əsərin ardını gözləyirdi. Beləcə həftələr ötür, yazı hissə-hissə artırdı. Günlərin birində, öz-özünə başlamış bu əcayib yazı öz-özünə də dayandı. Mən hiss elədim ki, daha yazmaq istəmirəm. Bir neçə həftə də gözlədim. Əsərin ardı gəlmirdi. «Əsəri bütövlükdə oxumaq lazımdı.» - deyən Natiq əlyazmanı məndən alıb evə apardı. Səhəri gün onun xırda gözləri qəribə bir işıltıyla alışıb yanırdı... Qovluğu mənə uzadıb:

- Afka, əsər bitib ki?!.. - dedi.

Əlyazmanı bir də başdan ayağa oxudum və anladım ki, əsər, həqiqətən, bitib. Özü də gözəl bir sonluqla. Roman boyu bu dünyanın qorxunc yaşam labirintlərində azıb dolaşan, xəyanət və yalan dolu sürüşkən yoxuşlarından necəsə, salamat çıxan baş qəhrəman - əsər boyu ha tərəfdənsə aramlı, qara qasırğa kimi əsib üstünə yeriyən, gah onu arxadan haqlayıb, cənginə alan qorxunc izdihamdan qurtulmaqdan ötrü gah ağac budağından asılmış almaya, gah qaza çevrilən, gah ölüb qurumuş ağacın oyuğunda gizlənən gənc qadın, sən demə, həm də bütün bunlara hardansa, kənardan tamaşa edirmiş... Belə bir sonluğu, düşünürəm ki, yüz il fikirləşsəydim, tapa bilməzdim. Sözümü ona gətirirəm ki, əsərin yazılma tarixçəsində beyni söndürülmüş dəftərxana icraçısı qismində iştirak eləmişəm.

 

* Natiq - mərhum tərcüməçi Natiq Səfərov