YAZMAQ - YUXULU VƏZİYYƏTDƏ OLMAQ KİMİ BİR ŞEYDİ...

 

- İnsanın mənəvi tərbiyəsində, sarsıntısında ədəbiyyat nə kimi rol oynaya bilər?                                        

- Ədəbiyyatın insanların sarsıntı və ağrılarını müalicə etmək gücü var. Daha doğrusu, əslində bu, onun birbaşa vəzifəsidir. İnsanlar doğulan andan ölənəcən yaşadıqları real həyatlarında da, öz iç dünyalarında da baş verən irili-xırdalı qəzalardan yayına bilmirlər. Və ən qorxunc qəzalar çox vaxt insanın öz içində - rahat kreslosuna yayxanıb televizora baxdığı, yaxud çarpayısında uzanıb xəyala daldığı məqamlar baş verir. Bu mənada, Ədəbiyyat insanları öz içərilərində dolaşıb qaldıqları labirintlərdən çıxmağa kömək edir, onları özləri ilə tanış edir, xilas yollarını göstərir. Qalanı, oxucunun ixtiyarındadır. Yəni öz içində büdrəyib yıxıldığın həmin o dolambaclardan qurtulmaq üçün oxucu öz üzərində işləməlidi, intellektini artırmalıdı ki, ədəbiyyatdan bəhrələnə bilsin. Bu günümüz reallığı isə tam fərqli mənzərəni göstərir. Mənə ünvanlanan suallar çox vaxt həmsöhbətimin nəyinki, bədii təfəkkürünün, məntiqli düşünmək qabiliyyətinin belə, olmadığını nümayiş etdirəndə vəziyyət dəyişir. Bu, kədərlidi.

- Ədəbiyyatımızın Devid Koperfildi adlandırdığınız Əkrəm Əylisli yazını bitirəndə ürəyində heç bir fərəh hissi keçirmədiyini deyir. Bəs siz?

- Mən qəribə qalibiyyət hissi duyuram. Lakin istənilən halda hər hansı yzının sona yetməsi real həyata qovuşmaq qorxusu deməkdir və bu, əlbəttə ki, kədər doğurur. Yazı prosesi mənim üçün quruda yaşamağa bir o qədər də öyrəşməmiş amfibiya-adamın sualtı həyatına bənzəyir. Özümüzü yalnız oralarda yaxşı hiss edirəm. Lakin ömrünü yazıçı adı qazanmaq naminə istedadsız romanlar yazmağa, zamanın axarıyla nəmişlik və kif dolu zirzəmilərdə çürüməkdə olan cild-cild kitablara həsr edən yazıçılar da az deyil. Bəzən onlar barədə düşünəndə, ədəbi zamansızlığın kəsə nəzərlərini canımda hiss edir və anlaşılmaz qorxu hiss keçirirəm. Ədəbiyyatın bu sayaq sərt qanunları var.

- Kənardan baxana çox hökmlü qadın kimi görünürsünüz. «Qadın» və «hökm» sözləri, necə bilirsiniz, bir-birinə uyğun gəlirmi? Bəs «yazıçı və hökm necə?»

- Nə «qadın», nə də «yazıçı» sözləri «hökm» sözü ilə uyuşmur. Ən azı ona görə ki, nə qadının, nə də yazıçının, əslində, hökm verməyə ehtiyacı yoxdur. Qadının gücü - onun zəfliyində, yazıçının gücü - yazdığı sözün insan qəlblərinə sirayət qabiliyyətindədir. Burda məsələlər hökmsüz həll olunmalıdı. O ki, qaldı mənim hökmlü görünməyimə, bu, görüntüdür. Hökm verməkdən çox-çox uzaqlardayam. Olsun ki, bu mənzərəni, daim yazı əhvalında - həmin o ərazimdə olduğumdan, kütləvi yerlərdən, insanlarla ünsiyyətdən qaçmağım yaradır.

- Deyirlər, sizin jurnalistləri görən gözünüz yoxdur. Axı niyə? Siz bilən, insanları bu cür, peşə xüsusiyyətinə görə ayırmaq nə dərəcədə düzdür?

- Bu, yanlış fikirdir. Jurnalistlər mənim dostlarımdır. Mən özüm də ali təhsil etibarı ilə jurnalistəm, BDU-nun jurnalistika fakültəsini bitirmişəm. Lakin bəzən elə jurnalistlərlə qarşılaşıram ki, sonradan müsahibə verməyimə, fikirlərimi bölüşdüyümə görə təəssüflənirəm. Mən müsahibini öz məntiqsizliyi və «qalibiyyətləri» ilə yoran, yaxud, onun «qarnına girib» orda özünəməxsus tədqiqatlar aparmaqdan həzz alan və bunu özünə şücaət bilən jurnalistləri nəzərdə tuturam. Yaxud, belə də olur ki, bir də görürsən, səmimi və qısaca dediyin hər hansı bir fikri sənə olan rəğbəti və sevgisiylə o qədər bəzəyib-düzəyib, o qədər özünəməxsus əlavələr edib ki, öz cümləni tanıya bilmirsən. Digər səbəb - vaxt məhdudluğu, daha əsasalı səbəb - ovqat məsələsidi. Mən həmişə danışmaq ovqatında olmuram. Söhbət xatirinə, xirtdəkdən yuxarı danışmaqla da aram yoxdu. Bir çox qəzet redaktorları, tele-kanalların rəhbərləri məndən inciyirlər və hamıya niyəsə elə gəlir ki, mən məhz onların qəzetinə, yaxud, kanalına müsahibə vermirəm. Amma məsələ tamam ayrı cürdür.

- Afaq Məsud gerçəkdən məsuddurmu?

- Elə bilirəm, özümü xoşbəxt hiss etmək üçün əlimdən gələni eləmişəm. Bu günəcən yazdıqlarımdan peşman deyiləm. Bundan sonra yazacaqlarımın yazdıqlarımdan kəmiyyət və keyfiyyətcə üstün olacağını hiss edirəm. Yaşamağa Ərazim var və bu Ərazi nəhayətsiz və maraqlıdı. Səhərlər, Nazim Hikmət demişkən, məmnuniyyətlə işə gedir, axşamlar məmnuniyyətlə evə qayıdıram.

- Biz yazıçıları özümüzə o qədər doğma və yaxın bilirik ki, onlara həyatda da aşağıdan-yuxarı baxmırıq. Hətta bəzən elə bilirik, biz sizin «içinizə» bələd olduğumuz kimi, siz də bizi tanıyırsınız. Amma həyatda sizinlə rastlaşanda, salam verməyə belə çəkinirəm. Əslində səmimisiniz, yoxsa, sadə adamlarla mehribanlığı, hər hansı ünsiyyəti artıq sayırsınız?

- Bütün insanları özümə doğma bilirəm. Amma daim öz ərazimdə olmağım onlarla ünsiyyətdə müəyyən sədlər yaradır. Yazmaq - yuxulu vəziyyətdə olmaq kimi bir şeydi. İnsan real həyatın bir çox xırdalıqlarını görmür. Bu, hər adama nəsib olmayan xoşbəxt korluqdu.

-  Əsərlərinizdən şərqin nəfəsindən çox, mücərrəd bir yerin havası gəlir. Bu, özünüzü heç təəccübləndirmir? Bu torpağın enerjisi niyə sizdən uzaq düşüb?              

- Milli mənsubiyyət mənasında «mücərrəd bir yer» dediyiniz nə Avropadır, nə də Şərq. O yer mən özüməm. Hava da heç bir milliyyəti təmsil eləməyən bir ərazinin - yazıçının havasıdır. Əsərlərimdə milli ruhun olmaması üçün qəsdli şəkildə nə isə eləmirəm. Bu gün Yer üzündə yaşayan müxtəlif irqli və təriqətli insanların nə vaxtsa, uzaq keçmişlərdə eyni bir Qadından - müqəddəs Həvvadan törəndiyi sübut olunub. Bu mənada, «millilik» anlayışı - milli geyimlər, adət - ənənələr, dil və ərazi fərqləri, coğrafi mühit və iqlim şəraitləri üzrə fərqlənən Yer adamları Ölüm, Sevgi, Nifrət, Xəyanət və sair bu kimi, insan xislətinə mənsub məqamlara yetişdikcə, bir-birlərinə həddən ziyadə oxşadıqlarının şahidi olurlar.