"HƏR BİR ŞEYİN RUHU VAR, HƏTTA ŞƏHƏRLƏRİN VƏ KƏNDLƏRİN DƏ..."

 

- «Duyğular imperiyası» silsiləsindən olan bədii, fəlsəfi-psixoloji izharlar son dövr yaradıcılığınızda önəmli yer tutur. Anar, Elçin bədii düşüncələr yazır. Öz «imperiyanızla» onlar arasında hansı oxşar və fərqli cəhətləri görürsüz? Konsentrat cövhər halında olan duyğularınızdan xeylisi bütöv bədii əsərə mövzu ola biləcəyi halda, onları bir-iki abzaslıq yazıda «əritməklə» ciddi əsərlərinizi itirmirsiniz ki?

- Məncə bu gün iri həcmli romanları, bədii fikri, yaxud ideyanı dolayısı üsullarla təqdim edən uzun hekayələri oxumağa heç kimdə nə hövsələ, nə də vaxt var. Bir də müasir oxucu artıq süni bədiiləşməni sevmir, hər tərəfdən yorucu həyatından bezib əldən düşmüş insanları bu gün sırf bədiiliklə aldatmaq ən azı, günahdı. O əvvələr idi. Tolstoyun rahat, qayğısız həyatlrından darıxan ouxucuları dahiyanə, lakin həm də hədsiz uzun və təfərrüatlı romanlarında öz maraqsız günlərini, aylarını əridir, həyat boşluqlarını böyük yazıçının zəngin bədii təfəkkür aləmiylə doldurur və bu səbəbdən hətta özlərini, bir növ ona borclu hesab edirdilər. Bu gün isə oxucu yazıçıdan «təmiz söhbət» gözləyir. Yəni bədii janrların müxtəlif və yeni-yeni növlərinin köməyi ilə demək istədiklərimizin mahiyyətini bilmək istəyir. Bu mənada, dediyiniz bu silsilələr zamanın tələbidir. Digər ədiblərin bədii düşüncələri ilə «Duyğuların» oxşar cəhətinə gəlincə, bu yazılar yalnız formaca bir-birinə bənzəyirlər. Silsilələrin başlıqları bunların tam fərqli - fikir və duyğu əraziləri olduğunu bildirir. «İnsansız təsəvvür edildikdə bir o qədər də qorxunc görünməyən Cəhənnəm», yaxud, «evinə daxil olub, divarlar boyu gəzişən, tavana dırmanıb ordan asıla-asıla üzünə zillənən qonaqların, özlərindən sonra oralarda toz izləri qoyması» və sair və ilaxır beyin məhsulu deyil.

- Markesin «Partriarxın payızı» romanı yaradıcılığınızda ciddi dönüşə səbəb oldu. Roman ahən-ruba kimi elə hey sizi özünə çəkir...

- «Patrirxın payızı» mistik əsərdir. Bu əsərin tərcümə prosesini indi də xatırlayanda, özümdə həyat sevgisiylə dolu, nikbin bir enerji duyuram. Bu roman dil və üslub baxımıdan Markesin ən mürəkkəb əsəridir. Markesin məlum ləngərli yazı manerası burda kitabın, az qala, tam bir, bəzənsə iki səhifəsini tutan cümlələri ilə əlamətdardır. Bütün bunlara baxmayaraq, romanı böyük həvəslə, bəzi fəsillərini, demək olar, birnəfəsə tərcümə eləmişəm. Məni özünə çəkən - əsərin daxilində əbədi yaşamağa davam edən tamamilə yeni növ enerjidir. Siz romanı bu gün də oxusanız, görəcəksiniz ki, meşə qunduzu iyi qoxuyan, qocalığın qurudub, diri nöştələrini sıradan çıxaran beyninin son işartılarını xırda kağız parçalarına köçürüb saray divarlarının dəlmə-deşiyində gizlədən qocanın özü də əbədi, əbədi olduğu qədər də diridir. Bu ölməz insanı mən, əsərin tərcüməsini bitirib başa çtdırandan sonra belə - Markesin hökmüylə buzlaqlı, qasırğalı Ölüm yolu ilə əbədiliyə yola salınsa da, daim hasısa yaxınlıqlrda hiss edirəm və bundan qəribə bir enerji alıram. Əsər boyu cərəyan edən hadisələrdə necəsə, iştirak edən bu məzəli qocanın göylərdəki ulduz bürcləri yerlərini dəyişsə belə, dünya durduqca duracağı və ona öz bənzərsiz həyat yolunu davam etdirməyə mane ola bilməyəcəyi elə buna işarədir. Dünya ədəbi tənqidinin, bu əsəri Markesin ən zəif əsəri, Markesin özünün isə bu əsəri yaradıcılığının zirvəsi hesab etməsinin bir səbəbi də, olsun ki, budur.