AKTRİSA

İŞTİRAK EDİRLƏR:

 

Məxmirə Qəndabova  –  yaşı 70-i adlamış qocaman aktrisa.

Qulam Sarabski          bir vaxtlar böyük vəzifələrdə çalışmış, həmin dövrlər bir sıra                      

                                          orden-medallara və fəxri adlara layiq görülmüş, ömrünün   

                                          ahıl çağında hansısa naməlum səbəbdən müflisləşib gününü

                                          vağzal perronlarında keçirən qocaman xalq yazıçısı.

Nəzarətçi                        xidməti uniformada guya perronlara nəzarət edən, əslində isə

                                         «ovunu» sidq-ürəklə ələ keçirməyə çalışan, bəzi məqamlar

                                         hansısa əlamətləriylə şeytanın özünü xatırladan orta yaşlı,

                                         dolu bədənli dəmiryolu işçisi.

Tumsatan qadın         qaraçı geyimini andıran uzunətəkli, nimdaş pal-paltarlı kənd

                                        qadını.

Rejissor, assistent, fəhlələr, sərnişinlər və sair.

 

 

BİRİNCİ HİSSƏ

 

Vağzal perronunu andıran məkan. Sağ tərəfdə çarxların üstündə qurulmuş qatarların hərəkət cədvəli, tən ortada hündür dirəyin başından asılmış dəyirmi vağzal saatı görünür. Adda-budda işıq dirəkləri və skamyalar gözə dəyir. Arxa məkanı səhnədən ayıran şəffaf örtüyün o biri üzündə əli çemodanlı sərnişin kölgələri bir-birinə qarışıb.

Hardansa yaxınlıqdan relslərin üzəriylə aramla işə düşən qatar təkərlərinin və sərnişinlərin təlaş dolu səsləri tanış vağzal uğultusunu yaradır.

Uğultunun içindən vağzal hay-küyünü içəri buraxmayan səssiz Ərazidən insan səsləri eşidilir.

 

Yaşlı kişi səsi. Bura haradı?..

Cavan oğlan səsi. Vağzaldı. Qatarların yorulub dayandığı yer.

Yaşlı kişi. Bəs bu adamlar kimdi?..

Cavan oğlan. Sərnişinlərdi. Burda hərə öz qatarını gözləyir.

Qadın səsi. Burda hamı yol üstədi. Elə biz də…

 

Vağzal uğultusu. Yerə dağılan ağır qutuların səsi sərnişinlərin səsinə qarışır.

 

Qadın səsi. Ağız, keç ayağımın altınnan da-a! Ölü bitdi elə bil!

Kişi səsi. Bayaqdannan gör bir neçə kərə gözümü ağartmışam a-a, ki, ayağuvun altına bax!.. 

Uşaq səsi (ucadan). Semiçka-semiçka!.. (astadan) Əmi, isti tum var, al da!..

Kişi səsi. İstəmirəm.

Uşaq səsi. Al da, əmi, nolar, əmi, al da, al da, nolar, əmi, al da...

Kişi səsi. Sürüş burdan, dilənçi köpəy uşağı! 

Qadın səsi. Səhərtənnən göz verib işıq vermir ha burda camaata!

 Cavan adam səsi. Nolub alə, hara soxursan özüvi? Görmürsən diyanmışam? Ayağımı çıxartdun ki, yerindən?!


Səssiz Ərazidən səslər.

 

Cavan qız səsi. İndi biz hara gedirik?

Yaşlı qadın səsi (hüznlə). Onu bilsəydik, nə vardı ki, a bala.

Yeniyetmə qız səsi. Ana, biz həmişəlik gedirik?

Yaşlı qadın səsi. Onu bircə Allah bilir.

 

Vağzal uğultusu. Yük daşıyan hambalların «yol verin-

yol verin!..» – deyən qışqırtıları səsləri yoxa çıxarır.

Məkana sakitlik çökür.  

 

Reproduktordan səs. Diqqət-diqqət! Sərnişinlərin nəzərinə! Üçüncü, altıncı, dördüncü xətlərdən yola düşən qatarlara minik ikinci perrondan başlayır! (Perrona yaxınlaşmaqda və uzaqlaşmaqda olan qatarların təkər səsi və fiti eşidilir.) Sərnişinlərdən xahiş olunur, çemodanlarını və əşyalarını perronlarda baxımsız qoymasınlar! Təkrar edirəm. Üçüncü, altıncı, dördüncü xətlərdən yola düşən qatara minik ikinci perrondan başlayır…

 

Səhnə aramla işıqlanır. Adamsız perron. «Per Günt» operasından musiqi. Səhnəyə tamaşa libasını andıran uzunətəkli paltarda, hər iki əli ilə nəhəng, çarxlı çemodanları sürüyən Məxmirə Qəndabova daxil olur. O, bir qoltuğuna iri fikus dibçəyini, o biri qoltuğuna nəhəng, qara çətirini sıxa-sıxa iri addımlarla birbaş saat dirəyinin üstünə yeriyir, əlindəkiləri yerə qoyub qol saatının əqrəblərini vağzal saatının əqrəbləri ilə uyğunlaşdırır, çamadanların dəstəyini əlinə alıb, fikusu və çətiri qoltuqlarına sıxıb, nə isə axtarırmış kimi, perron boyu gəzişməyə başlayır. Qoltuğundakıların yöndəmsizliyinə məhəl qoymadan, gah fikusu, gah çətiri qoltuğundan sürüşdürüb yerə sala-sala, perron boyu düzülmüş skamyaların arasıyla gəzişir.

Səhnənin digər tərəfindən perrona əyin-başından, tük basmış sifətindən evsiz-eşiksiz küçə əyyaşını xatırladan Qulam Sarabski daxil olur. O, Məxmirəni sezmədən, dağınıq addımlarla perronun mərkəzinə yeriyir, vağzal saatı asılmış dirəyə çatıb ayaq saxlayır, nimdaş pencəyinin qolçağını sivirib dəstəyi pürçüklənmiş qol saatının əqrəblərini vağzal saatının əqrəbləri ilə uyğunlaşdırır. Hardansa  yaxınlıqdan aramla təkan götürüb yola düşən qatarın səsi və ləng fiti eşidilir. Qulam fit səsinə çevrilib, görünməz qatarın ardınca baxır, cibindən çıxardığı cırıq burun yaylığıyla gözlərini silir və qəfildən gözü skamyaların arasıyla gəzişən Məxmirəyə sataşır.

Məxmirə Qulamı sezmədən, bir-bir skamyaların möhkəmliyini rahatlığını yoxlayır  və axır ki, birini seçib əlindəkiləri skamyanın böyür-başında yerbəyer eləyir, tən ortada özü əyləşir.

 

Məxmirə (ha tərəfindənsə dartıb çıxardığı iri, tüklü yelpiyini açıb üzünü yelləyir.) Of... öldüm. Yaman istidi. (Qəfildən əl saxlayıb tamaşaçılara.) Yoxsa, mənə istidi, hə?..

 

Qulam bir kənara çəkilib matdım-matdım Məxmirəyə göz qoyur. Məxmirə bir müddət üzünü yelpikləyib, bezmiş kimi, onu bir kənara vızıldadır, cibindən çıxardığı krujevalı yaylıqla üzünü, sinəsini silir, sumkasını dizinin üstünə qoyub, içindən əl güzgüsünü çıxarır, qapağını açıb, dodaqaltı zümzümə edə-edə makiyajını sahmana salmağa başlayır və bu məqam gözü, bir kənardan matdım-matdım ona zillənmiş Qulama sataşır. Təşfişə düşüb cəld hərəkətlərlə çemodanlarını yoxlayır, hər ikisinin yerində olduğundan arxayınlaşıb işinə davam edir.

 

Məxmirə (əl güzgüsünün üstündən, tamaşaçılara). Gör nə marıtdıyıb? Fürsət gəzir e ki, göz-gözə verib əl-ayağ qoysun çamadannarın başına. (Altdan-altdan Qulama baxır, ağzının içində.) Ay sən özzün öləsən!.. (Qəfildən bosmansayağı hırıltıyla) Bədbəxt bilmir e, kimə ilişib. (Dodaqlarının boyasını təzələyir, əlini saxlayıb, uzaqlara zillənir, kədərlə.) E-eh, vaxtında o qədər belələrinnən qapazdamışam ki... Elə bu vağzalın özündə! Drujinnikliy eliyən vaxtdar! (Güzgünü sumkasına basıb nəfəsini dərir, hüznlə.) E-ey gidi dünya… (Qəfildən duruxmuş kimi) Sənnən tay kimlər keçmədi?!..

 

Qulam pərəstiş dolu gözlərlə Məxmirəyə yaxınlaşmaq istəyirsə də, bir-iki addım atıb ürkək-ürkək geriyə çəkilir.

 

Məxmirə  (sumkasının ağzını, güllə səsini andıran şaraqqıltıyla bağlayır. Qulam dik atılıb geriyə səndələyirsə də, Məxmirəyə göz qoymağına davam edir.) Əstəğfürullah,  zibilə keçmədiy? (Qulama) A bala. (Qulam özünü eşitməzliyə vurur, əllərini ciblərinə salıb özünü yellədə-yellədə harasa, əks tərəfə baxır.) Ay oğlan!.. A kişi!.. A gədə, hu-uy!!!..

 

Qulam çönüb sevincək addımlarla Məxmirənin üstünə yeriyir.

 

Məxmirə (dik atılır). Bismillah!..

Qulam. (gəlib Məxmirəylə üzbəüz dayanır, son dərəcə nəzakətlə.) Mənimləsiniz? (Cavab gözləmədən.) Elə də bilirdim. Mən də bayaqdan elə sizə baxıram. Deyirəm elə… (susur, utancaq təbəssümlə gülümsəyir, başını aşağı salır.) Bildiz də nəyi deyirəm.

Məxmirə (Qulamı şübhəli baxışlarla altdan-yuxarı süzə-süzə, qoçusayağı). Pul istiyirsə-ən? (Cavab gözləmədən, qayışının ha tərəfindənsə çəkib çıxardığı pul kisəciyinin ağzını boşaldır, içindən sivirdiyi kağız pulu şəstlə Qulama uzadır.) Gələ!

Qulam (pula, təhlükəli nəyəsə baxan tək). Yox-yox, siz neyləyirsiz? Lazım deyil, xahiş edirəm. Bu lap… Siz məni lap…

Məxmirə. Götür-götür, utamma! (Tamaşaçılara, hüznlə.) Kim də bilməsə, mən bilirəm o ehtiyac-əclaf nə olan şeydi! (Qulam geriyə çəkilirsə də, Məxmirə əlini qaytarmır.) Götür, sən mənim canım, naz eləmə. (Qəfildən sərt) Eşitmirsən, alə?

Qulam (pərt.) Siz məni anlamadınız. Bilmək istəyirsinizsə, sizə heç də buna görə baxmırdım.  Və sizdən heç nə də ummuram. (Həyəcanla.) Ümumiyyətlə, mənim xislətimdə yoxdu belə şeylər!

Məxmirə. Priçom tut xislət, ay başuva dönüm? Sənə pul verirəm, özüvi naza qoymusan.

Qulam (son dərəcə nəzakətlə). Eləmiyin, xahiş edirəm. Belə şeylər eləmiyin.

Məxmirə (qollarını qoltuğuna vurub Qulama baxır). İndi sən guya qordısan da, hə?

Qulam (pərt). Siz… məni anlamadız. Mən onu demirəm. Mən demək istəyirdim ki… (çaşqın halda yerində vurnuxur,) demək istəyirdim ki... (qəfildən susur, tamaşaçılara,) Mən nə demək istəyirdim?

Məxmirə. Alə, bilirəm də nə diməy istiyirsən. Diməy istiyirsən ki, dilənçi döyülsən, pula ehtiyacun yoxdu. Bunı diməy istiyirdün də-ə, elə döyül, qədeş? Bunı biliriy də! Şəhər səən kimi intelegentdərnən doludı. (Tamaşaçılara, hırıltıyla) Hamısı da acınnan ölür. Qozdanmağlarınnan da qalmıllar.

Qulam (pərt). Mən… (başını aşağı dikir.) Siz məni təhqir edirsiz. Mən, sözün əsl mənasında, xəcalət çəkirəm.

Məxmirə. Nöşün alə?.. Bayağdannan gözdərüvi zilləmisən çamadannarıma xəcalət çekmirsən, pulı götürməyə xəcalət çekirsən?

Qulam (incik). Mən sizin çamadanlarınıza yox, sizə baxırdım, bilmək istəyirsinizsə.

Məxmirə (üzünü turşudur). Mənə?.. (Qulamı altdan yuxarı süzür, astadan tamaşaçılara.) Külü qoyum təpövə! Mının iştahasına ba-ax?!..

Qulam. Sadəcə... (nəyisə xatırlmağa çalışır,) yadıma sala bilmirəm…

Məxmirə (qayışını düzəldə-düzəldə). Nəyi salıceysən yaduva, ay yazığ?..

Qulam (ağlar səslə). Siz yenə… (udqunur.) Axı niyə məni təhqir edirsiz?..

Məxmirə (üzünü turşudur). Neynirəm səni? (Tamaşaçılara.) Balam, pul verməy haçannan təhqir sayılıb? Üreyim yanır sənə, verirəm də!.. Bu da mənim qanacağım, qabiliyyətim. İstəmirsən, belə cəhənnəmə istə! (Pulu kisəciyin içinə basıb, ağzını möhkəm-möhkəm bağlayır.) Bunun naz-qozuna bax e, sən mənim canım! Cındırınnan cin hürkür…

 

«Cin» sözündən Qulamın halı xarablaşır, dayandığı yerdə başı gicəllənən tək, səndələyir. Məxmirə ayağa sıçrayıb onu qucaqlayır, sürüyə-sürüyə gətirib skamyaya oturdur.

 

Məxmirə. Adə-adə, noldı sənə? (Qulam özündə deyil.) Ay qardaş!.. (Yelpiyi daraqlayıb, Qulamın üzünü yelləyir.) Ay yoldaş!.. (Qulam tədricən özünə gəlir. Tamaşaçılara) Şükür Allaha, gəldi özünə. (Qulamın yanağına sığal çəkir, astadan) Bura bax, qədeş, diyirəm, uşağlığda sarılığ-zad keçirtməmisən?

Qulam (Məxmirəni eşitmir, heysiz sayıqlamalarla). …o da elə bilirdi… indi də siz belə düşünürsüz… Amma elə olmayıb, hamınız səhv edirsiz! Heç də elə olmayıb! (Qəfildən bəyanat verən tək, dikəlib sağ əlini havaya qaldırır.) Mən həmişə öz ideallarıma sadiq qalmışam!

Məxmirə. Bisimillah.

Qulam  (qəfildən coşur). Çünki… çünki sidqi-ürəkdən inanmışam! Sona qədər! Lap sonuncu günə qədər! Ruhumu da heç nəyə satmamışam!

Məxmirə (Qulamın qulağına). Bəs miningit necə?..

Qulam (qəfildən ayılır, yazıq-yazıq). Onu dəqiq xatırlamıram.  Amma dayanın-dayanın. (Xatırlamağa çalışır.) Yadıma gəlir, bir dəfə… lap uşaqlıqda… başımı möhkəm-möhkəm sarımışdılar. Bintnən. Anam da… Hardansa,  lap yuxarıdan mənə baxıb ağlayırdı. Elə ağlayırdı, elə ağlayırdı, elə ağlayırdı... (Ağlayır.)

Məxmirə (qalib tərzdə tamaşaçılara). Diyirəm də-ə! Məndə bu, fitri qabiliyyətdi də! Adama baxdım a-a, tut je içini görürəm!

Qulam (nəfəsini dərir, ehtiyatla Məxmirəyə). Mən… Bilirsiz, bayaqdannan sizə demək istəyirdim ki... (pərt təbəssümlə) Danışmağa da imkan vermirsiz…

Məxmirə (əl sumkasının içində eşələnir...). Yaxşı tay, danışma! Nəfəsün kəsildi!

Qulam.  Demək istəyirdim ki… (qəfildən üzü işıqlanır) Mən... sizi tanıyıram!

Məxmirə (dik atılır, ağzının içində kənara). Vəssalam də. İşimiz var da indi.

Qulam. Amma bax adınızı… Bayaqdan ha xatırlamağa çalışıram, yadıma sala bilmirəm. Bu dəqiqə-bu dəqiqə… (xatırlamağa çalışır, qarışıq saçlarını sahmanlamaq istəyir, əli eynəyinə dəyir, eynəyi burnunun üstündən sürüşüb yerə düşür.)

Məxmirə (əyilib eynəyi yerdən qaldırır, səliqəylə Qulamın gözünə taxır, mərhəmətlə) Adımı neyniyirsən, qadası?

Qulam. Adınızı? (Həyəcanlanır.) Axı siz bilmirsiz. Axı mən… (utana-utana) sizin pərəstişkarınızam!..

Məxmirə (turşumuş sifətlə). Neyimsən?..

Qulam (Məxmirənin qarşısında dizi üstə düşür). Pərəstişkarınız!..  (Məxmirə «pərəstişkar» sözündən dəyişir, özünü skamyanın kürəkliyinə atıb nazlı ədalarla saçlarını düzəldir. «Per-Günt» operasından musiqi.) İcazə verin… İcazə verin, əlinizdən öpüm!

Məxmirə (əlini nazla uzadır, Qulam Məxmirənin əlindən öpür. Tamam ayrı səslə). Ayağa qalxın, xahiş edirəm. Lütfən… (oğrun-oğrun ətrafına boylanır.) Camaat baxır. Nə deyərlər?

Qulam (ayağa qalxır, həyəcanla...). Qoy kim nə deyir, desin! Siz elə böyük sənətkarsınız ki, əslində… (söz axtarır) əslində, sizin qarşınızda hamı, bütün xalq, məmləkət diz çökməlidi!

Məxmirə (məmnunluqdan əriyə-əriyə). Bəsdirin, siz Allah, lazım deyil. (Qəfildən nə fikirləşirsə, tamaşaçılara göz vurur, Qulama) Amma başa düşmədim də, bu sözləri niyə mənə deyirsiz? Elə bil məni kiminləsə səhv salırsınız?..

Qulam (həyəcanla). Siz nə danşırsız?.. Sizi səhv salmaqmı olar?.. Mən sizi həmin dəqiqə tanıdım! Səsinizdən! Bayaq burda zümzümə eləyəndə. «Bonetta» operasından... Turandotun ariyasını. O səsi mən minlərlə səsin içindən seçərəm!..

Məxmirə. Turandot?.. (Çiyinlərini çəkir, süni nazla) A-a-a, başa düşdüm. Bildim, kimi deyirsiz. O məşhur aktrisanı deyirsiz, yəqin! (Yelpiyi əlinə alıb ayağa qalxır, karmenvari poza alıb dayanır. Alqış səsləri eşidilir.)

Qulam (ovsuna düşmüş kimi, ağzı açıla halda). Aha-aha. Özüdü ki, var.

Məxmirə (özünə qayıdır, yelpiyi bir kənara vızıldadıb yerinə oturur, dizlərinə dirsəklənib kədərlə). Amma mən o döyüləm ki?!..

Qulam. O deyilsiz?

Məxmirə. Yox, o döyüləm.

Qulam (bir qədər fikirləşir...). Necə o deyilsiz? (Qəfildən tamaşa zalına çevrilib pafosla) Qoyma, ya rəbb, zalimi bir kimsəni xar etməyə! Bir kəsə zülm eyləyib, dərdə giriftar etməyə!

Məxmirə (uzaqlara zillənir, acı kədərlə). Hadidəndi. İkinci pərdə, dördüncü akt. (Qulama) Yanılırsan, qardaş, mən o döyüləm.  

Qulam. O deyilsiz?.. (Məxmirənin başına hərlənib ona sağdan, soldan baxır) Necə o deyilsiz? Osuz!! Məni də aldada bilməzsiz! (Məxmirə çönüb Qulama baxır və qəfildən qaqqanaq çəkib gülür. Heyrətlə.) İlahi! Həmin gülüşdü! İllərlə qaranlıq tamaşaçı zalından, susuz adam su içən tək, canıma çəkdiyim həmin o sulu gülüş!

Məxmirə (turşumuş sifətlə). Bu kimnəndi? (Qulam gözlərini döyür.) Diyirəm, yəni kimin əsərinnəndi bu didiyün? Sulu gülüş məsələsi.

Qulam (köks ötürüb, başını aşağı salır, kədərlə). Biri var idi, Qulam Sarabski.

Məxmirə. O kimdi? Yadıma gəlmir.

Qulam (sözü dəyişir). Sizi ilk dəfə görəndə… Hardaydı o, indi heç cür yadıma sala bilmirəm. (xatırlamağa çalışır.) Səhv eləmirəmsə…

Məxmirə (sumkasının içində nə isə axtarır, əlini saxlayıb, kədərlə.) Ola bilsün, elə burda. Qastrol səfərrərinə yola düşdüyüm vaxdar…

Qulam (üzü işıqlanır). Yadıma düşdü! Özüdü ki, var! Məxmirə!.. Məxmirə Qəndabova!..  (Tamaşaçılara) Çıxış edir Məxmirə Qəndabova! (Məxmirəyə.) Əziz Məxmirə xanım!.. Mənim sevimli aktrisam! Qüdrətli sənətkar!..

Məxmirə (fikirli halda uzaqlara). Qüdrətli?.. Səncə, mən onun kimi... o böyük aktrisa kimi qəhqəhə çəkə bilərəm? (Ovsunda) Onun o qəhqəhəsində nə desən var! Üsyan! İnqilab! Böyük məğlubiyyətlər və yenə qələbə!.. (Səsi enir.) O qələbə ki, heç bilmirsən nəyüvə gərəydi?

Qulam. Gərək ki, sizin… Əlbəttə, əgər yanılmıramsa, ispan dramaturqunun əsəri idi. 16-cı əsr…

Məxmirə (fikirdən ayılır, Qulama). Sözü neçə dəfə diyəllər alə, adama? Didim, o döyüləm də! (Qulam geriyə səndələyir. Tamaşaçılara) Diyirəm, bu məşşurruğ  nə axmağ şeymiş e!.. Bilmirsən başuvı bu duzsuz pərəstişkarrarın əlindən hara soxasan? (Birnəfəsə) Bazara girirsən, üstüvə cumullar, küçəyə çıxırsan, ağzuva girillər! Bilmirsən, haraynan yeriyəsən? (Yaxalığındakı daş-qaşlı sancağı çıxarıb paltarının ayrı tərəfinə taxmağa çalışır.)

Qulam (səssiz addımlarla skamyanın ətrafında dolaşıb ayaq saxlayır, ehtiyatla). Sizdən artıq dərəcədə xahiş edirəm, məni sona qədər dinləyin. (Pencəyini düymələyib, ciddiləşir.) Əvvəla istəyirəm biləsiniz ki, mən hər sənətkarı bəyənmirəm! Lakin sizin istedadınız… Bu elə bir… (söz axtarır)

Məxmirə (Qulama işarə ilə, tamaşaçılara). Bu da bunun küçə avarası! İto məni tanıyır! Amma gəl indi gör bu birilər?.. Sənət aləmini diyirəm a! Gör ki ya, insana, (xüsusi vurğuyla,) sənətkara! sənətə qiymət verən var?.. Bulara sənət lazım döyül ki?!.. Bularınkı… (Skamyaya yayxanıb göbək atır. Qulamın gözləri bərələ qalır.) budı! (Qanıqara) Odu ki, ara qarışıb, məssəb itib. İt yiyəsini tanımır. «Tiatr» diyəndə, adamın üreyi bulanır! O cür müqəddəs məbədi, o işıqlı ocağı gör bir, nə günə qoydular?! Rol üstündə bir-birini vilkalıyan kim, kulisin arxasında qrimə kislata tökən kim, fəxri addan ötri çəngəl udan kim… (özünü hikkəylə skamyaya çırpır, qollarını qoltuğuna vurub tamaşaçılara) Ölüllər, balam, fəxri addarçun da! Pa atonnan! O diyir: «ona «narodnı» verdilər, mən qaldım», bu diyir: «o, «əməkdar» oldı, mən qaldım». (Səsi enir, qanıqara.) Əsl sənət də qalıb künc-bucağda. (Qəfildən ayağa sıçrayır,  bir əlini belinə vurub, o biri əlini dolça lüləsi kimi əyib, teatral pafosla.) Ey vah! Sevgidir yalnız Allah rizası! Sevgisiz bir könül şeytan yuvası!.. (Alqış səsləri. Qulam pərəstiş dolu gözlərlə Məxmirəyə baxa-baxa əl çalır. Özünə qayıdır, matəmlə) Odu ki, bu gündəyik.

 

Ayaqlarını yerdən ayırıb ayaqqabılarına tamaşa edə-edə susur. Qulam cərəyan vurmuş kimi, yerində donub qalır. Uzaqlardan ləng hərəkətlə yola düşən qatarın səsi eşidilir.

 

Reproduktordan səs. İkinci, altıncı, yeddinci xətdən yola düşən qatarlara minik birinci perrondan başlayır. Sərnişinlərdən xahiş olunur perrona yaxınlaşsınlar. Təkrar edirəm. İkinci, altıncı…

Qulam (ehtiyatla Məxmirəyə yaxınlaşır). Deyirəm, həyat necə də qəribədi?! İnsan bilmir sabahkı gün onun üçün nə hazırlayır. Kimin ağlına gələrdi?.. Kimin ağlına gələrdi ki, biz sizinlə ömrümüzün bu çağında bax, burda… hamının bir-birindən ayrıldığı bu kədərli məkanda görüşəcəyik?

Məxmirə (Qulama məhəl qoymadan, tamaşaçılara). Nolar, eybi yox. Heç eybi yox! İndi biləllər! Başa düşəllər! Başa düşəllər kimi əldən verdilər! Çox yox, ikicə aya! Qoy gedim çatım… Birinci elə o ciyəriyanmış Safali… (dili dolaşır) Sarafaliverdiberkov… Onu görüm, ciyərsiz qalsun elə! (Dilini şişirdə-şişirdə yamsılayır.) Bu boyda bədənnən Ofeliya oynamağ olar? (İkiəlli) Ala! (Məxmirənin yanında əyləşməyə hazırlaşan Qulam dik atılır.) Durub diyəsən ki, bəs bu baş-göznən, bu bisavaddığnan baş rejissor olmağ olar, hə? Yoxsa o əyriqıç çəyirtkələrə Ofeliyalığ yaraşırdı, hə? Adama da oxşamıllar, cin sürüsi! Özdərinnən də bir razıdılar, bir razıdılar, elə bil alçaq dağları bular yaradıb! Nə var-nə var, arığdular. Heç dəxli var? Arığlığ da hünərmiş! (Əl atıb ayaqqabısının bir tayını çıxarır, laxlaq sancağını yerinə oturtmağa çalışır, tamaşaçılara) Hünər o döyül e! (Qəfildən bəyanat verən tək, ucadan.) Hünər odı ki, buralardan salamat çıxasan! (Səsi enir.) Ruhuvu diyirəm e, salamat çıxarda biləsən. (Başıyla harasa, arxaya işarə edir.) O tərəflərə köçən məqamı diyirəm.

Qulam (heyrətlə). Bu... indicə dediyiniz hansı əsərdəndi? Monoloqu deyirəm. Sözlər  tanış gəlir, amma yadıma sala bilmirəm ki...

Məxmirə (Qulama  məhəl qoymadan, tamaşaçılara). Diyirəm ona ki, ay başuva dönüm, bəyəm Şekspir yazıb orda ki ya, Ofeliya arığdı? Nolsun ki, cavandı? O qədər 15-16 yaşında totuğ-motuğ qızlar var ki?! Bir də guyam ki ya, bu vaxteycən Leylini nənəm yaşında arvaddar oynamıyıb? Yoxsa Məcnunı babam yaşında kişilər oynamır? (Qulam ağzını açıb nə isə demək istəyirsə də, Məxmirə imkan vermir, skamyanın söykənəcəyinə yayxanıb, oxumağa başlayır.)

Didi Məcnun mənə ki, get, ey Leyli… (Tarın səsi eşidilir.)

Ge-et, gözümnən uzaq olginə-ə-ə-n…

Sənə mən «get» diyirəmsə,

Sənə mən «ge-et» diyirəmsə,

Diməy, tay çıxıb getməlisə-ə-ən… (boğazına dolan qəhəri udub susur)

Qulam (duruxur, utancaq halda). Amma gərək ki, orijinalda belə deyil axı?!

Məxmirə. (Qulama məhəl qoymadan, tamaşaçılara. Burnunu çəkir.) E- eh, bular adam döyül ki?!.. Bulara nə Fizuli lazımdı, nə Şekspir. Bularınkı budı. (Qəfildən ayağa sıçrayıb, əllərini kiməsə yalvaran tək, sinəsinin qarşısında cütləyir, qaş-gözünü oynada-oynada, süni boğazlarla) Yox-yox, elə demə, Əfzəldin! Əgər sən qəlbimi yaxan alovun şiddətindən xəbər tutsaydın, məhəbbətimi bu qədər ucuz tutmazdın! Ülvi, pak hisslərimi ayaqlar altına atıb taptamazdın!

Qulam (heyranlıqla). Siz… siz, həqiqətən, böyük sənətkarsınız!

Məxmirə (Qulamı eşitmir, qanıqara...). Tfu!!! Odu ki, tarix boyu böyük sənətkarrar bu məmləkətdən baş götürüb gediblər. Getmiyənnər də getməy arzusuynan bu vağzallarda çürüyib ölüblər! (Səsi enir, matəmlə) İndi də mən gedirəm. (Qəfildən bəyanat formasında ucadan) Həmişəlik! Bu da mənim… (əlini sumkasına atıb içində eşələnir) Hanıyo? Şoğərib...

Qulam (sarsılır). Siz… nə dediniz? Gedirsiz?.. Bizi, bu məmləkəti atıb gedirsiz??? (Dizi üstə düşür.) Sizi and verirəm Allaha, yalvarıram! 

Məxmirə (Qulamı eşitmir, sumkasını əsəbi hərəkətlə kənara vızıldadır). Xah-tfu üzüvə, surəti-murdar, dilənçi! (Qulam dik atılıb yerə oturur. Məxmirə iri addımlarla perron boyu o baş-bu başa var-gəl edir, qəfildən ayaq saxlayıb harasa arxaya.) Tüpürüm sizün o naftalin iyi verən tiatruuza da, mənə verəcəyüüz o dılğır rollara da!..

Qulam (ayağa qalxıb üst-başını çırpır). Sizi anlayıram. Yaxşı başa düşürəm. Tamamilə haqlısız. Burda, bizim bu məmləkətdə hər şeyə qiymət verilir, tək bir sənətdən savayı. (Tamaşaçılara) Bu yalnız bizdə belədi. Nə qədər ki, sənətkar sağdı, onu heç kim görmür. Elə ki, öldü, hə, onda bir qiyamət qopur ki, gəl görəsən! Odu ki, o, ölməlidi. Mütləq ölməlidi. Acından, ya qeyri səbəbdən. Bu, həmişə belə olub. Tarix boyu belə olub və belə də olacaq! Biz ölüləri sevirik! (Məxmirəyə) Amma mənə inanın: gün gələcək, burda… olsun ki, lap bu vağzalın özündə sizin heykəliniz ucaldılacaq! 

Məxmirə (ayılır, Qulama). Bağışda ye, sən Allah. Axır vaxtdar əsəblərim tamam stroydan çıxıb. (Keçib yerinə əyləşir, tamaşaçılara) O gün də maaş aldığım yerdə bir də gördüm gözüm qaraldı. Elə bil cin vurdu təpəmə! (Qulam «cin» sözündən diksinir.) Durduğum yerdə öz-özümə necə hirsdəndimsə, dilim-ağzım necə gicişdisə, bir dənə tüpürmək tüpürdüm?!.. (Səsi enir, üzü işılanır) O tüpürməyi rəhmətdiy Ağahüseyn öyrətmişdi mənə. «Cadugər» də fitnəkar qarını oynıyanda. Düz otuz bir il baş rejissorumuz olub rəhmətdiy. (Yuxarılara, ucadan) Allah sənə rəhmət eləsin, Aquli!  (Tamaşaçılara) Qoxma Məxi, rəhmətdiy diyirdi, ürəynən tüpür! Elə tüpür, elə bil canuva yığılan bütün hirsüvi, ağrı-acuvı tüpürürsən! (İçini çəkir) Ağrı-acı da tüpürməynən çıxır ki?.. Çıxsaydı, nə vardı ki?! (Gözləri yol çəkir.) Ağrılar var ki, onları gərəy ancağ qusasan! (Fikrə dalır. Uzaqlardan qatar səsi eşidilir) İndikilər heç bilirlər ki, ya baş rejissor nəmənə olan şeydi?

Qulam (ehmal addımlarla Məxmirəyə yaxınlaşır, ciddi). Görün sizə nə deyirəm. Bax, o gün… Daha doğrusu, günlərin bir günü (sirr açan kimi astadan) elə bax burda, bu vağzalın özündə…

Məxmirə (Qulama məhəl qoymadan, tamaşaçılara). O gün qəbrinin üstə getmişdim. (Qəfildən Qulama) Ağaseyn Aqaverdibekovu tanıyırdun, alə? (Cavabı gözləmədən, mütəfəkkir obrazı alır, qalın basla.) Bilseydin nə qədər üzgündür ömür?! Əgərçi bilseydin, sual verməzdin. Bilmədən, bəlkə də, söylədin ki, sən… (susur, ardını yadına salmağa çalışırsa da, yadına düşmür, özünü o yerə qoymadan) nöşün fərəhlənib gülə bilmirsən? (Öz-özünə) Yoxsa, ölə bilmirsən idi?.. (Qulama) Yaduva düşdi? (Cavab gözləmədən, tamaşaçılara) Ad güniydi… Qərənfilləri şəklinin altına düzə-düzə, «yetim qoydun məni, Aquli»  didim. Sora da o ki var, ağladım. (Səssiz-səssiz ağlayır.)

 

Məxmirə ağladıqca Qulam dırnaqlarını didişdirir. Uzaqdan qatar fitinin səsi eşidilir. Məxmirə fit səsinə diqqət kəsilir, qolunu çirmələyib saatına baxır, sonra yenə iştahla ağlamağa davam edir. Sonrakı dialoqlar, demək olar ki, paralel gedir.

 

Qulam (kədərlə). Göz yaşları qəlbin fəryadıdır. Qəlb yalnız bu dildə danışır...

Məxmirə (sirr açan tək, astadan). Elə bunu dimişdim, bir də gördüm, sopsoyuğ meh əsdi... Yayın cırhacırında ya-a!.. (Çoxmənalı təbəssümlə) O dəyqə bildim odu. Mənə təsəlli verməy istiyir. (Yazıqlaşır) O elə idi axı yazığ. Hamının dərdini çəkirdi. (Doluxsunur, burnunu çəkib fikrə gedir.)

Qulam. Allah rəhmət eləsin. Görürəm, sizin məni dinləmək həvəsiniz yoxdu. Daha doğrusu, siz məni avaranın biri hesab edirsiz. Amma axı mən avara deyiləm?!  Mən də sizin kimi... (qəfildən həyəcanla.) Axı, əslində, siz də, mən də, biz hər ikimiz…

Məxmirə. (Qulama məhəl qoymur. Əllərini oturan yerdə belinə vurub tamaşaçılara.) İndi sən gör ki, ya-a, məndən savayı o qəbiristannığa gələn vardı? İndi tüpürmiyəsən buların üzünə, neyniyəsən, hə? (Skamyanın kürəkliyinə yayxanır, məmnun təbəssümlə.) Elə bilirsüz tüpürmədim? (Əsəbi hırıltıyla) Səhəri gün birbaş tiatra getdim, özümü bufetə salıb (Ayağa qalxır) tfu!!!.. didim, hamuuzun üzünə!.. (Qulam dik atılıb özünü yığışdırır.) Tüpürdüm, didim, «budı, didim, sizün qanacağuuz, qabillyətüüz?.. Didim, sizi kim adam eliyib, ağəz?.. O zərri-zibalı addarı, o məməş... (səhvini düzəldir) …o döşüüzə taxıb özüüzi əsdirə-əsdirə (göstərir) gəzdirdiyüüz salxım-salxım medalları kim taxdırıb yaxouza, hə? (Doluxsunur, burnunu çəkib yazıq-yazıq) Xəstə ayağlarıynan kabinet-kabinet gəzib, birüüzə ev, o biriüzə maşın verdirən kim idi, bu bədbəxtin oğlu döyüldi?.. Bəs indi noldu, nə tez unutduz bu yetimi?

 

Məxmirənin dediyi «İblis» kəlməsiylə perronun alatoran tərəfində Nəzarətçi peyda olur. Qulam Nəzarətçini görcək, ehtiyatla ayağa qalxır, aradan sivişmək istədiyi bilinir.

 

Məxmirə. Cümlə xəyanətlərə bais olan kimdi? İblis! Tfu, artist e-e, Allah keçsin günahımnan. (Nəzarətçi iri addımlarla onlara sarı addımlayırsa da, Məxmirənin dediyi «İblis»  kəlməsindən duruxub ayaq saxlayır, ehmalca kənara çəkilib gizlənir.) Bunu Allah götürər, sən mənim canım?.. (Yenidən qızışır, ayağa sıçrayıb əllərini ölçə-ölçə kiminsə üstünə yeriyir) Didim, sağlığında qalstukunnan asılıb yellənən siz döyüldüz, ağəz? (Yamsılayır.) Aquşa... Aqaşa...  Azzar Aquş, çor Aquş!.. (Əl atıb skamyanın arxasına keçmək istəyən Qulamın yaxasından yapışır, onu skamyanın üstünə sərib, qarşısında diz çökür, Qulama yazıq-yazıq) Şəklinə baxa-baxa, «indi özün gör, gör ki, sənə kim qaldı!» didim. O başlarına fır-fır fırrandığun çəyirtkələrün, bu da mən! Sənün radio Məxün! (Tamaşaçılara rəhmlə.) Tamaşa vaxtı kulis arxasında danışanda əsəbləşib özündən çıxırdı ki, o qızın səsini alun, elə bil radio danışır.

Qulam (dikəlib oturur, gözü Nəzarətçidə, çaşqın halda birnəfəsə). Mən radionu sevirəm. İctimai şüurun formalaşmasında radionun rolu əvəzsizdir. Bu, kütləvi informasiya vasitəsinin elə bir növüdür ki… (qəfildən ayılır, öz-özünə) Bu nə cəfəngiyyatdı?..

Məxmirə (dirsəyi ilə Qulamı itələyib skamyaya sərir, tamaşaçılara). Amma di gəl ki, orden-medalları o həşərata verdirirdün də! Yadunnan çıxıb, bəlkə? Mənə çatanda diyirdün uca dağa nə bələdçi? (Boğazına dolan qəhəri udur) Mən ölmüş də, sən nə diyirdün, eliyirdim. Ən bivec rolları verirdün mənə, diyirdim nolar, rolun nə böyüyi, nə kiçiyi? (Qulam ehmalca ayağa qalxmaq istəyirsə də, yaxasını Məxmirənin qüvvətli əllərindən çıxara bilmir.) Gözəgörünməz əcinnə rolunu verirdün, diyirdim «baş üstə!», küçədən ötən paçtalyon – «gözüm üstə», (danışdıqca coşur,) hasardan boylanan dördünci qonşı, o da baş üstə, səhnənin arxasından urra çığıran komsomolçu qız, belə o da mənim gözdərim üstə! Acığım tutanda da diyirdün «nolsun ki, özün görünmürsən, sənətün ki, görünür?!.. » (Şəhadət barmağını yuxarı qaldırır, sirr açan tək, astadan) Elə bunu dimişdim, bir də gördüm, (sirli pıçıltıyla) meh diyandı. (Perrona sirli sakitlik çökür, cırcırama səsləri eşidilməyə başlayır. Qulam da, Nəzarətçi də xoflu baxışlarla ətrafa boylanırlar. Üzü işıqlanır.) O dəyqə bildim. Xəcalət çekir. O eləydi axı?! (Sevgi dolu gözlərlə Qulamın üzünə zillənir. Qulam duruxub qalır. Qəfildən əsəbi halda tamaşaçılara) Amma didim, bircə dəfə də olsun, adımı o fəxri addar siyahısına saldırmadun! Nolar, didim, mən, didim, heç vaxt ad ölüsi olmamışam! Adama öz adı yaraşığ versün! (Qulama işarəylə) Bude, bu hələ bunun vağzal avarasıdı! İto məni tanıyır! (Qulamı sinəsindən geriyə itələyir, o, skamyanın o biri üzünə yıxılıb bir müddət orda ölmüş kimi, hərəkətsiz qalır.) Həmişə də dimişəm, indi də diyirəm: ad insana yaraşığ verməz, insan ada yaraşığ verər!..  Amma, məsələ bundadı ki... (Qəfildən üzü dəyişir, aramla ayağa qalxır, bir əlini yuxarı qaldırıb bəyanat verən tək,) o gün... O meh əsdirən günü diyirəm a-a... hamıyçun var! Bax, kişi o kəsə diyərəm ki, o günə alnıaçığ, üzüağ çıxa bilsün!

 

İşıq dəyişir. Perrona qaranlıq çökür. Əcaib musiqi. Bir-birinin yanından sürətlə ötən qatarların səsi və həyəcanlı fiti eşidilir. Məkan itələşə-itələşə, bir-birini səsləyə-səsləyə perron boyu vurnuxan sərnişinlərlə dolur.

Məxmirəylə Qulam da onların arasındadır. Yük daşıyan arabalardan biri onların yanından ötərkən Qulamı cənginə alır, aparmaq istəyirsə də, Məxmirə Qulamın yaxasından tutub, arabadan çıxarır. Vağzal uğultusu tədricən səngiyir.

 

Məxmirə (Qulamı qucağına alıb skamyaya oturdur, izdihamın ardınca). A bala, nolub, nə xəbər?.. Öldürmüşdüz ki, kişini?! Nöş qırırsuz bir-birüüzi?! Onsuz da hamuuz gediceysüz də! (Qulamı dümsükləyib hırıltıyla) Öz aramızdı, az qalmışdı ya-a.  Aparırdılar a-a səni...

Qulam (özünə gəlir, yazıq səslə tamaşaçılara). Əslində, biz də… biz hamımız…  siz də, biz də yol üstəyik. (Qəfildən halı dəyişir, əlini sinəsinə qoyur) Elə bil o daha vurmur...

Məxmirə (çamadanlardan birinin qapağını açıb içində nə isə axtara-axtara). Yaxşı görüm a, ağciyər olma. Bu basabasda ürəy diyanar?

 

Perrona uzunətəkli paltarda Tumsatan qadın daxil olur, özünü yellədə-yellədə gəlib Məxmirənin qarşısında dayanır.

 

Tumsatan. Yaxşı tumum var, a bajı. Sübh tezdənnən qovurmuşam. Qastritin dərmanıdı.

Məxmirə (üzünü yana çevirir). Vəssalam da. (Tumsatana ağızucu) Sağ ol, istəmirəm.

Tumsatan. Al, peşman olmazsan, gözəl. Özün də yol üstəsən, başını qatarsan, heç olmıya.

Məxmirə.  Didim: «sağ ol» də, istəmirəm.

 

Məxmirəylə Tumsatan danışdıqca Qulamın gözü Tumsatanın zənbilinin kənarına yığılmış tum bükülülərinə sataşır. Ayağa qalxıb ehmal addımlarla arxadan zənbilə, əlini uzadıb bükülülərdən birini çəkib cıxarır, qatını açıb oxumağa başlayır. Orda oxuduğu nədənsə qolları yanına düşür, yerinə qayıdır, üzünü tutub səssiz-səssiz ağlayır.

 

Tumsatan. Axı niyə istəmirsən? Nə səbəbə?

Məxmirə. Heç dəxli var? Ay bacım, istəmirəm də, lazımım döyül! Başa düşmədün?

Tumsatan. Dişünnən qorxursansa, buna heç diş lazım döyül ki. Maloçnıdı, ağzuva atmağunnan əriməyi bir olur.

Məxmirə. Əstəğfürullah! Zibilə keçmədiy? (Tumsatana.) Ay bacım, ay anam, maloçnıdı? Slivoçnıdı? Balam, istəmirəm də-ə, a?! İşə düşmədiy? (Tamaşaçılara) Diyirəm bu xarabanın heç harasında insana rahatdığ yoxdu da! Hayana tərpənirsən adam çıxır, hara gedirsən, başuvun üstüni qırğı kimi alıllar. Xörəyi də yiyəndə qorxa-qorxa yiyirsən ki, birdən onun da içindən adam çıxar!

Tumsatan (Məxmirəyə). Tay niyə çığırırsan? Denən istəmirəm də! Bununku lap dava-davadı ey! (Tamaşaçılara) Camaatın başı lap xarab olub e! Harda dəli var, yığışır bu xarabaya! Nə qanıllar, nə qandırıllar! (Gözü Qulamı alır, üst-başını düzəldib ona sarı yeriyir, nəzakətlə.) Ay qardaş, yaxşı tumum var e. Sən al, heç olmaya.

Qulam (fikirdən ayılır). Nə olmaya?

Tumsatan (yanıqlı-yanıqlı oxuyur). Bir ayrı-ılı-ıq, bir ölü-ü-üm... heç biri olmıyeydi-i-i… (Zənbilinə işarə ilə) deyirəm, maloçnıdı, al, peşman olmazsan.

Məxmirə. (Tumsatana). Ağəz, onun pulu var, keçmisən xirtdəyinə ki, al? Görmürsən cındırından cin hürkür?..

 

«Cin» sözündən səhnənin işığı dəyişir. Perronun bir tərəfinə nəhəng bulud kölgəsini andıran qaranlıq çökür. Hər üçü göyə zillənir.

 

Məxmirə. Bisimillah. (Dikəlib oturur, göyə zillənir) Bu nədi belə? Elə bil hava qaraldı?

Tumsatan (göyə baxa-baxa, çıxışa sarı gedir). Axşama yağış deyiblər. (Məxmirəyə) Ondan ötrü deyirdim ey! Tum çırtdıyın ki, heç nə veciıza gəlməsin!


Külək uğultusu.

 

Məxmirə (uğultuya diqqət kəsilir). Bu nə səsdi belə?..

Tumsatan (gedə-gedə). Hələ bu nədi ki?.. Burda elə şeylər olur ki... yatsanız, yuxuda görməzsiz! (çıxır.)

Məxmirə (göyə zillənib). Yo-ox, bu nədisə, elə belə döyül. Belə də hava qaralar? Bu tərəf… (sağ tərəfə yeriyib göyün üzünə baxır) açıqdı… (sol tərəfə yeriyib ordan göyə baxır) bu tərəf isə zülmət qaranlıq... (Bayquş buppultusu eşidilir.)

Qulam (səksənib diqqət kəsilir, vahimə içində Məxmirəyə). Eşitdiz?.. Elə bil bayquş uladı.

Məxmirə (Qulama əyri-əyri baxır). Nə gic-gic danışırsan, alə? Vağzalda da bayquş ulıyar? Sən lap bisavadmışsan ki?!.. (Səhnənin qaranlıq tərəfinə yeriyir, göyə baxa-baxa) Bu da səənçün ispan dramaturqunun əsəri döyül e, ağzuva gələni danışasan. Bu… (tamaşaçılara, xüsusi vurğuyla) əlamətdi!.. (Göyə baxır) Nəyəsə işarədi!..

 

Külək uğultusu getdikcə güclənir. Qulam pencəyinin yaxalığını qaldırıb skamyanın küncünə qısılır.

 

Məxmirə (tamaşaçılara, işgüzar tərzdə). Əslinə qalanda, Qurbanolduğum belə əlamətdərdən iki dəyqədən bir göndərir də bizlərə. Biz qanmırıq. O daşqınlar, zəlzələlər, o əcaib-əcaib xəstəliklər, iqlim dəyişkənliyi nədi bəs?.. Diməy istiyir, a bala, ayılun nə qədər gec döyül, bu dünya o özüüzçün qurub düzəltdiyüüz pasterizovınnı həyat döyül! Bu dünya… (söz axtarır)

Qulam (vahimə içində yerə baxır). Elə bir yer titrəyir...

Məxmirə. Ay aton rəhmətdiy. (Tamaşaçılara) Amma nolsun? Kimə diyirsən? Gör ki ya, vecdərinədi? Buları heç zəlzələ ayıltmadı?!.. (Qulama) Zəlzələ yadundadı, alə?.. (Cavab gözləmədən, tamaşaçılara) Suğra xalanı…  qonşumızı diyirəm, yazığın övladı yoxdu, tək-tana yaşıyır, zəlzələ başdıyan kimi, kürəyimə atıb qaçıram... tini burulmuşdum elə, bir də görürəm qəzet budkasının dalında iki nəfər xosunnaşır. O diyir «əlli», bu diyir «yüz», o diyir «əlli», bu diyir «ölsön də, yüz!» Baxıb görürəm, kim ola?.. Bizim bu başıbatmış uçaskovı Mirzoppa! Sən bir insanda qammazdığın dərəcəsinə bax ki, bütün şəhər lərzəyə gəlib, evlər uçulur, trasın ortasında əjdaha boyda yarğannar açılır, özüni balkonnan atan kim, sabunnı-sabunnı küçəyə qaçan kim, bular burda pul davası döyüllər! Bu mament bi dənə talçok getdi yerin altınnan... (Sim qırılmasını andıran səs. Nəzarətçi ilə Qulam dik atılıb ətrafa baxırlar. Duruxur. Qulama) O nə səs idi elə, hə?

Qulam (xoflu baxışlarla ətrafa göz gəzdirir). Elə bil hardasa nə isə qırıldı. Ya açıldı?..

Məxmirə (yerini rahatlaya-rahatlaya). Olsun, prisepi açdılar. Prisepin səsini mən tanımıyıb, kim tanıyıcey? (Perronu seyr edə-edə) Can çürütmüşəm e, buralarda! Drujinnik işdiyən vaxdar! (Qəfildən nə isə anlamış kimi, yerə zillənir.) Yoxsa... bu, odu?

Qulam (vahimə içində). Kim – o???

Məxmirə (Qulamı eşitmir, gözü yerdə). S-s-s… (Yeri dinləyir, Qulama) Eşidirsən?..

Qulam (vahimə içində). Nəyi?..

Məxmirə (sirr açan tək, astadan). O danışır.

Qulam. Kim?..

Məxmirə (pıçıltıyla). Yer...

Qulam (gözlərini döyür). Yer???

Məxmirə (başını, yeri dinləyirmiş kimi aşağı əyib, Qulama) Bilirsən, o nə diyir? Diyir, hələ ki, üstümdə gəzirsüz, üzümə tüpürüb, zibilliyirsüz məni, min oyunnan çıxırsuz... Bizə diyir a! Sabahsa, diyir, sizi mənim qoynumda basdıraceylər. (Əcaib səslər. Ayağa qalxır, teatral pafosla) İndi sizi ehtiraslarınız və nəfsiniz yeyir, sabahsa, qoynumda sizi həşəratlar və əqrəblər yeyəcək!

 

İşıq dəyişir. Əcaib musiqi. Nəzarətçi yoxa çıxır.

 

Qulam (xoflu baxışlarla göyə zillənir). Siz… neylədiz? Burda nə baş verir?

Məxmirə (heç nə olmayıbmış kimi). A priçom tut mən?.. (Tamaşaçılara) Yox, vapşe, sözün düzi, məndə belə şeylər olur. Bax, o ki, nə haqdasa sidqi-ürəkdən fikirrəşirəm a, elə bil Yer hərəkətə gəlir! (Möhtəşəm cırıltı səsi. Duruxur, öz-özünə) Yoxsa, davlenim qalxdı?..

 

Səhnə hərəkətə gəlir. Qatarların hərəkət cədvəli, işıq dirəkləri hərəkətə gəlib yerlərində laxlayırlar. Qulam ayaqlarını qarnına yığıb, başını tutur.

 

Məxmirə (əlini yuxarı qaldırır, musiqi kəsilir. Məkan aydınlaşır). Nə isə, uzun sözün qısası, didiyim odu ki, insan belə məxluqdı. Ölüm, ya xəstəlik  qapısının ağzını kəsdirmiyincə, ağlı başına gəlmir ki?! Bulara diyən gərəy, a bala, bir ətrafuuza baxun. Görün ki ya, kimüüz qalıb?.. Hanı sizi sevən, canını yoluuzda fəda eliyən ata-anouz?.. Hanı bir qoşun xala-bibilərüüz, əmi-dayılaruuz, topdağıtmaz qohum-əqrəbouz?.. Hanı?..  Hara itdilər? Bir dərindən düşünün və ayılun, nə qədər gec döyül! Axı bu dünya manat-məzənnə dünyası, villa-mersedes dünyası döyül?!.. Vallah döyül, billah döyül!.. (Qəfildən ayrı səslə) İnammırsuz döyül? Mən ölüm, inanmırsuz?..

Qulam (astadan). Mən bilirəm.

Məxmirə. Nəyi bilirsən?..

Qulam (qorxulu sirr açan tək, yarıpıçıltıyla). Hamı burdadı.

Məxmirə. Kimi diyirsən?

Qulam (ehtiyatla). Gedənləri deyirəm. Bu dünyadan köçənləri. O biri üzə köçsələr də, bizimlə çiyin-çiyinə, göz-gözə qalanları deyirəm. Hamı budu, (xoflu baxışlarla ətrafına göz gəzdirir) burdadı. (Lap yanında dayanmış görünməz kiməsə ehtiramla) Axşamınız xeyir. Bağışlayın, siz Allah, bayaqdan arxam sizə oturmuşam. (Qəfildən arxaya çevrilib, orda dayanmış digər görünməzə) Salaməleyküm. Görmədim, üzürlü sayın. (Məxmirənin böyrünü dümsükləyir, görünməzlərdən birinə işarə ilə, qulağına) Bu, bilirsən kimdi?..

Məxmirə. Kimi diyirsən?

Qulam (başıyla işarə edir, pıçıltıyla). Bu da, görmürsən? Surlakovdu.

Məxmirə (qaş-qabağını tökür). O kimdi?

Qulam (astadan). Keçmiş partiya silahdaşlarımdandı. (Kimlərəsə eşitdirən tək, ucadan.) O gün təsadüfən yolum Fəxri Xiyabana düşmüşdü, bir də gördüm, əynində qara kostyum, döşündə deputat nişanı, bir nəfər asta addımlarla mənə sarı gəlir…

Məxmirə. Fəxri Xiyabanda nə itün azmışdı?

Qulam. Heç, elə-belə. Gəzişirdim də özümçün.

Məxmirə. Gəzişirdün? Başuva yer qəhətdi?

Qulam. Bilirsiz, orda mən həmişə özümü, necə deyim, keçmiş illərdə hiss eləyirəm. Bu, bir növ nostalji bir haldır. Axı hamı ordadı?!..

Məxmirə. Kim, alə?

Qulam (birnəfəsə). Mironov, Meranaşvili, Amanzadə…

Məxmirə. Bisimillah, bu nə addardı?

Qulam (üzü işıqlanır). Biz bir cəbhənin əsgərləriydik.

Məxmirə. Davada olmusuz?

Qulam. Yox, bir yerdə işləmişik. Üzümüz-gözümüz öyrəşib. (Kədərlə) İndi onlarsız çətindi.

Məxmirə (əlini Qulamın çiyninə qoyur). Sən belə elə: ağluvı başuva yığ. Xiyabanda nə ölümün var? Ahıl adamsan, yıxılıb ölərsən, bir kəs xəbər tutmaz. Ya da, biri böyrünnən çıxıb pıqq eliyər, yeründə qalarsan. (Göy guruldayır. Başını qaldırmadan) Olsun ki, yağış yağıcey. Yol üstə yağışın yağmağının ayrı ləzzəti var. (Başını qaldırıb göyə baxır.) İnşa Allah!.. (Qulama.) Bu sözün mənasını bilirsən, alə? (Qulam döyükmüş halda başını yelləyir.) Uşağlığda məktəbdə inşa-zad yazmamısan?

Qulam. Yazmışam. (Başını aşağı salır) Elə sonralar da o yolla getdim.

Məxmirə. Hansı yolla? İnşaatçı oldun?

Qulam (köks ötürür). Yox, yazıçı oldum.

Məxmirə (üzünü turşudur). Yazıçı?.. (Qulamı indicə görürmüş kimi, başdan-ayağa süzür.) İndi diməy sən yazıçısan da, hə? (Qulam başını təsdiq işarəsi ilə tərpədir.) Onda burda nə itün azıb? Olmıya, sən də mənim kimi...

Qulam (uzaqlara zillənir). Məni bura zaman gətirib.

Məxmirə. O kimdi?

Qulam (acı kədərlə). Bir kimsəyə rəhmi gəlməyən zalım çərxi-fələk. (Gözləri yol çəkir.) Bir vaxtlar mən də sizin kimi məşhur idim. Kitablarım əl-əl gəzirdi…

Məxmirə (əl sumkasının içində nə isə axtarır). Sora noldu bəs? Pişiy asqırdı?

Qulam (başını aşağı salır, qəhərlə). Sonra məlum oldu ki… (qəhərdən boğulur, danışa bilmir) …belə məlum oldu ki…

Məxmirə. Yaxşı tay, ürəyim çekildi. Allah ürəyüvi çeksün!

Qulam. …bütün zəhmətim… gecələrlə yuxumu ərşə çəkib, sübhəcən yazıb yaratdıqlarım… əsərlərim… (qəfildən coşur, tamaşaçılara) Cild-cild əsərlərim! Sən demə… sən demə… (cibindən bayaq zənbildən götürdüyü əzik kağız bükülülərini çıxarıb, əlləri əsə-əsə Məxmirəyə uzadır, burun yaylığını çıxarıb gözlərinə basır.)

Məxmirə (vərəqləri Qulamın əlindən alıb höccələyə-höccələyə oxuyur). Zə-fər yü-rüş-lə-ri… (Qulama, turşumuş sifətlə.) Zəfər yürüşi nədi, alə? Başuva söz qəhətdi?

Qulam (pərt). Bu, mənim erkən yaradıcılığımdı. Sonralar mən mövzu dairəmi genişləndirdim. (Tamaşaçılara, diktor təbiri ilə) O dövrlər ədəbiyyat dövlət ideologiyasının bir qolu idi! Deyərdim, ən vacib qolu! Xalq kütlələrinin maariflənməsi üçün müvafiq məzmunlu və ideya istiqamətli əsərlər ortaya qoyulmalıydı! Xalqlar dostluğu, sosialist yarışları, əmək qabaqcıllarının portretləri… (səsi getdikcə enir, susub qorxaq gözlərlə Məxmirəyə zillənir.)

Məxmirə. Onu bildiy. Diyirəm, yəni (Qulamın üst-başına işarə ilə) indi nöş bu gündəsən?..

Qulam (yazıqlaşır, çiyinlərini çəkir). İndi belə çıxır ki, mən də, əsərlərim kimi, daha heç kimə gərək deyilik. (Tamaşaçılara) Zaman dəyişdi, xalqlar dostluğu, əmək qabaqcılları heç nəyə gərək olmadı. Dedilər: «zamanı ötüb». (Burun yaylığıyla burnunu silir. Bu məqam gözü işıq dirəklərindən birinin arxasında dayanmış Nəzarətçiyə sataşır. Özünü yığışdırıb, nizamlı addımlarla əks tərəfə addımlayır.)

Məxmirə (başı fikusun yarpaqlarının tozunu silməyə qarışıb). Püf-püf, əmək qabaqcılları nədi, alə? Sən vampirrərdən yaz, mistikadan yaz, diyim hə. (Qəfildən gözü aradan çıxmaq istəyən Qulama sataşır) Adə, hara?.. A gədə!.. Diyan, diyirəm sənə! (Özünü Qulamın yanına atıb qabağını kəsir, qolundan yapışıb, geriyə sürüyə-sürüyə) Başuva at təpib? (Qulamı skamyaya oturdub qabağında dayanır, əllərini belinə vurur) İstiyirsən, genə arabaya basıb aparsunnar səni?..

Qulam  (gözü Nəzarətçidə). Yox, mən... (Əlini mədəsinin üstünə qoyur.) Nə isə özümü birdən-birə pis hiss elədim. Ürəyim döyündü. Yağışdan əvvəl həmişə belə olur.

Məxmirə (ana nəvazişi ilə Qulamın yaxalığını düzəldir). Balam, ürəy döyünər də. Neynəsün bu bədbəxt, diyansun? Bu bir, ikincisi, o göstərdiyün ürəy döyül ki?! O, mədədi, mədə! (Qulamın yanında oturur.) Acsan, ona görə də qarnun ağrıyır. (Sumkasını dizinin üstünə qoyub açır, içindən cığara torbaya bükülmüş bir yığın soyutma yumurtaları çıxarır.)

Qulam (yumurtaları görüb həyəcanla.) Yox-yox, mən ac deyiləm! Qəti surətdə ac deyiləm! Sizə and içirəm ki…

Məxmirə (Qulama məhəl qoymadan, yumurtaları bir-bir skamyanın dəmirinə vurub, soymağa başlayır). Bah, ac döyül! Bayağdan qarnuvun qurultusundan qulağlarım tutulur, ac döyül! Bu saat. (Soyur.) İndi səni yedirdim, gör ki ya, ürəyün ağrıyır, ya yox! (Soyulmuş yumurtanı işığa tutur.) Yolunku bax, budı! Klassika!.. (Duzlayıb Qulamın ovcuna basır və o biriləri soymağa girişir. Soya-soya ləzzətlə burnunu çəkir.) Hə, onu diyirdim axı...

 

Nəzarətçi ədəbli addımlarla perrona daxil olur. Bir müddət onları görmürmüş kimi,           skamyaların altını, saat və işıq dirəklərini əl fənəri ilə yoxlayır. Qatarların hərəkət cədvəlinə yaxınlaşır, cibindən çıxardığı iri yaylıqla cədvəlin şüşəsini silməyə başlayır.

 

Qulam (gözü Nəzarətçidə, Məxmirənin böyrünə qısılır, kəkələyə-kəkələyə). O gün mən burda… b-beləcə dayandığım... oturduğum yerdə… bir də gördüm, bir nəfər… B-belə hü-ündürboy adam… əynində də uniforma…

Məxmirə (özü Nəzarətçiyə sataşır, dirsəyi ilə böyründəki Qulamı dümsükləyir). Bu kimdü alə?

Qulam (qorxu içində astadan). Bu, odu!!..

Məxmirə. Kim  – o? (Nəzarətçini əyri-əyri süzür.)

 

Qulam lal işarələrlə Məxmirəyə nə isə başa salmağa çalışırsa da, o məhəl qoymur.

 

Qulam (yandırıcı pıçıltıyla). U-uni-for-ma!.. N-nə-zarət-çi!..

Məxmirə (üzünü turşudur). Nəzarətçi?.. Püf-püf-püf!.. Nəzarətçi kimdi, alə? Buların dirextırı məni görəndə mil diyanır, bu nə karədi ki? (Tamaşaçılara.) Diyirəm, bu camaatın başı lap xarab olub e! Hərə özünnən bir dənə naçalnik düzəldib. Bunnara diyən lazım, bu dünyanın (göylərə işarə ilə) bir dənə naçalniyi var! (Nəzarətçinin hərəkətlərinə göz qoyur.) İndi bunun bazburuduna bax da. (Nəzarətçiyə) A bala. (Nəzarətçi eşitmirmiş kimi, cədvəlin şüşəsini daha səylə silir.) Ay yoldaş!

Nəzarətçi (geriyə qanrılır, Məxmirəni sanki indi görürmüş kimi, ədəbli addımlarla onlara yaxınlaşır, diktor təbiri ilə). Axşamınız xeyir, hörmətli tamaşaçı… tfu, sərnişinlər.

Məxmirə (nəzarətçini şübhəli nəzərlərlə süzə-süzə). Abatun xeyir. Bizi axtarırsan?

Nəzarətçi (özünü itirir). Xeyr, xanım, sizi niyə axtarmalıyam kin? Boynuma düşən vəzifə borcumu yerinə yetirirəm.

Məxmirə (üzünü turşudur). Vəzifə borcuvı? Şüşəsilənsən? (Nəzarətçi duruxur) Diyirəm, yəni buraların təmizdiyinə sən baxırsan?

Nəzarətçi (çaşqın). Yox, niyə kin? Onu mən… (nə fikirləşirsə, saxta səmimiyyətlə) Bu, mənim daxili ehtiyacımdır.

Məxmirə (yumurtadanı dişləyib yeyə-yeyə). Nədi sənün daxili ehtiyacun, şüşə silməy? Başuva iş qəhətdi?

Nəzarətçi (qəfildən kövrəlir). Yox, mən… (tamaşaçılara) Bu, mənim ağır uşaqlıq illərimdən yadigar qalan köhnə vərdişimdi. Elə nə görürəm, silirəm, təmizləyirəm, əlimin altına nə keçir, tozunu alıram, parıldadıram. (Qəfildən coşqun.) Bu, elə bir maniakal-depressiv haldır ki…

Məxmirə (üzünü turşudur). Manyaksan?..

Nəzarətçi  (pərt). Xeyr, xanım, siz məni düzgün başa düşmədiniz. Mən, sadəcə...  (başını aşağı salır, süni kədərlə) Axı mən uzun müddət ağır yetimlik həyatını yaşamışam?! Evin hər işi mənimlə olub. (Süni kədərlə) Şüşə də silmişəm, döşəmə də süpürmüşəm, yeri gələndə lap… (qəfildən təsirlənir, səsi titrəyir) unitazı da…

Məxmirə. Yaxşi tay, ürəyimiz bulandı! (Kənara.) İyrənci köpəyoğlı! (Nəzarətçiyə.) Amma belə nə isə gözüm su içmir də sənnən. Elə bil səni hardasa görmüşəm. (Xatırlamağa çalışır.) Hansısa kinoda. Ya türməydi, haraydı?.. (Fikrə gedir.) Heç cür yadıma sala bilmirəm də indi.

Nəzarətçi (qulaqlarını çəkir). Allah eləməsin, siz nə danışırsız, ay xanım? Türmə nədi, zad nədi? Mən hələ lap uşağlığdan… e-e-e, gör haçannan burda işləyirəm. Demək olar, buralarda böyümüşəm. 14 yaşımdan dispetçer köməkçisi olmuşam, bir bölük yetim bacı-qardaşımı saxlamışam.

Qulam (Məxmirəni dümsükləyir, qulağına). Bu, odu!!!..

Məxmirə (Qulama məhəl qoymadan, Nəzarətçiyə). Ax vot ono şto? Papa Terez!

Nəzarətçi. O nədi elə?..

Məxmirə. Diyirəm, yəni malades də! (Nəzarətçi başını aşağı çalıb utancaq sükutla susur. Məxmirə qollarını qoltuğuna vurub Nəzarətçini süzməyinə davam edir. Bir anlıq ortaya yöndəmsiz sükut düşür.) Hə, nolsun indi?

Nəzarətçi (başını qaldırır). Nə nolsun?

Məxmirə. Diyirəm, yəni niyə diyandun?

Nəzarətçi (çaşqın). Dayanmıyım?..

Məxmirə (tamaşaçılara). Zibilə keçmədiy?.. (Nəzarətçiyə) Diyirəm, yəni işün- gücün yoxdı, balam?.. Yeri get, işüvə-gücüvə də, a?!..

Nəzarətçi (çaşqın halda). Gedim? Nə deyirəm, gedim də. Yaxşı, sağ olun. Çox sağ olun. (Gedə-gedə.) Allah razı olsun.

Məxmirə. (gözü Nəzarətçidə). Yadıma sala bilmədim də, bu kişini hardan tanıyıram.

Qulam (həyəcanla). Siz neylədiz?..

Məxmirə. Neynədim?

Qulam (ağlamsınır). İndi o bizi rahat buraxmayacaq!

Məxmirə (üzünü turşudur). Kim alə, bu?

Qulam. Siz onu tanımırsız. Kim olduğunu da bilmirsiz. O… O, nəzarətçi deyil!

Məxmirə. Nəzarətçi döyül?.. Bəs kimdi?

Qulam (nə isə demək istəyirsə də, ürək eləmir). Yox, mən qorxaq deyiləm. Cinə, şeytana da inanmıram! (Səsi enir) Daha doğrusu, inanmırdım.

Məxmirə (Qulama işarə ilə tamaşaçılara, astadan). Bu da xərəb çıxdı. Mının da axırına çıxıblar uje. E-eh, burdan kim salamat çıxır ki?! Bu dünya dəyirman kimi bir ucdan üyüdür hamını. İnsan dəyirmanı!.. (Kövrəlir.) Bude mən. Gözüüzün qabağında. Bu boyda insan… Sənətkar!! O sənətkar ki, bütün həyatını fəda elədi sizlərə!.. (Səsi enir, yazıqlaşır.) Bəs siz neynədüz?

Qulam (nəzarətçinin ardınca baxır). Buranın nəzarətçilərini mən yaxşı tanıyıram. Onların forması ayrı cür olur.

Məxmirə (Qulama məhəl qoymadan). Bu da buların mənə verdiyləri qiymət! (Qulamı kənara itələyib, əsəbi hərəkətlərlə çamadanlarda eşələnir, hansı birininsə içindən güllü yaylığa bükülmüş iri ölçüdə məxmər üzlü qırmızı diplomu çıxarıb iyləyir.) Püff!! Nöüt iyi verir!.. Bu da buların mənim qırx illik yaradıcılığıma verdiyləri qiymət! (Diplomu o üz-bu üzünə çevirir.) Bu nədi, mən ölüm? İndi bunu mən neyniyim, hə?.. Balaca döyül ki, stolun siyirməsinə soxub göz qabağınnan itirəsən, bufetə qoymağ olmur ki, təpəsi üstə aşıb qab-qacağı sındırar. (Diplomu səliqə ilə büküb əvvəlki yerinə qoyur, çamadanın ağzını bağlamaq istəyirsə də, qapaq bağlanmır. Əvvəl iki əli ilə, sonra üstünə dırmaşıb dizi ilə basırsa da, bağlanmır. Məcbur olub çamadanın üstünə oturur və axır ki, qapağın ağzını kilidləyir.) Andıra qalasan elə ya! (Yerinə əyləşir, nəfəsini dərir.) İnsanı, sənətkarı! bu günə salallar? Gör iş nə yerə çatıb ki, gözüm güzgüdə özümə sataşanda diyirəm: sən kimsən e, vapşe? (Susub fikrə dalır.)

 

Ortaya ağır sakitlik çökür. Hardansa yaxından asta-asta yola düşən qatar təkərlərinin səsi eşidilir. Qulam pencəyinin döş cibindən çıxardığı bükülünü skamyanın bir tərəfinə sərir, içindən çıxardığı medallardan birini gizlincə pencəyin döşünə taxır. Qalanlarını büküb əvvəlki yerinə qoyur.  

Uzaqdan qatar fitinin səsi eşidilir. Məxmirə fitə diqqət kəsilir, qolunu çirmələyib saatına baxır. Sonrakı dialoqlar, demək olar ki, paralel gedir.

 

Qulam.  Sizi anlayıram. Mən də, bir də görürsən, küçələrlə dolaşanda gözüm vitrinə, ya pəncərə şüşəsinə düşən əksimə sataşanda deyirəm: Qulam? (Qəfildən acı qəhərlə.) Qulam Sarabıç, bu, sənsən?..

Məxmirə (Qulama məhəl qoymadan, tamaşaçılara). Nolar, buna da dözəriy! Allaha şükür, öyrəncəliyik. Acdığ da görmüşiy, qıttığ da, belə soyqırım da! Amma tay hər şeyin bir əndazəsi var axı, ay başuuza dönüm?!.. (Əlini qulağının dibinə qoyub, gözlərini yumur, segah üstündə oxumağa başlayır.)

Didi könlüm mənə ki, hər şeyin əndazəsi va-ar, (Tarın səsi eşidilir)

Etmə sən qəlbə xəya-anə-ət

Çün onun da gizli bir sevdası va-ar

Yar əman-əman-əman…

Ey dad-ey dad ey, da-a-au-ud…

Qulam (duruxur). Davud? Davud kimdi?..

Məxmirə (lağla). Qaradavoy! Əşi, sən nə dilbilməzsən?!..

Qulam (öz-özünə).  Burda mən nə isə xoşagəlməz bir hadisə duyuram. (Əlini sinəsinə qoyur, vahimə içində) Ürək döyüntülərim zəifləyir. (Məxmirəyə) Axı mən serdeçnikəm?!..

Məxmirə. Hə nolsun? Mən də peçonoçnikəm. Ciyərim budu bax, (Qulamın əlini dartıb qabırğasının altına basır) pakrışka kimi şişib diyanıb. Gör ki ya, qoxuram? O işığa kor baxım ki... (qəfildən gözlərini tutur, teatral pafosla) Heyhat!!! Gözlərim!!! (Qulam diksinib əlini çəkir. Məxmirə ayağa qalxıb kor hərəkətləri ilə boşluğu yoxlaya-yoxlaya) Eyvah!! İşıqlı dünya!!! (Qəfildən uzaq boşluqlara) Əlvida, ey Günəş, ey odlu səma!..

Bir daha açılmaz nurlu sabahlar!

Bir daha görünməz gül üzlü bahar!…

Qulam (özünü Məxmirəyə yetirib, onu qucaqlayır, təşvişlə). Siz… sizə noldu?

Məxmirə (Qulamı kənara itələyib, heç nə olmayıbmış kimi). Nə var alə, nolub?..

Qulam (həyəcandan tövşüyə-tövşüyə). Sizin gözləriniz...

Məxmirə (astadan). Heç bayırrığun yoxmuş ki sənün?!.. (Qalib addımlarla keçib yerinə əyləşir, soyulmuş yumurtalardan birini duzlayıb dişləyir, yeyə-yeyə) Gəl otur, tikön yarımçığ qalıb. (Qulam heysiz addımlarla keçib yerinə əyləşir, yarımçıq yumurtanı həvəssiz-həvəssiz çeynəyir.) Bilmədün hansı əsərdəndi? «Korun əfsanəsi»nnəndü də!

Qulam (udqunur). Korun?? (Xatırlamağa çalışır.) Klassikadandı? Yadıma gəlmir. Olsun maarifçilərdəndi.

 

Məxmirə yumurtanın birini də duzlayıb Qulamın ovcuna basır, yeyə-yeyə ayaqlarını yerdən ayırıb çəkmələrinə zillənir. Göy gurultusu eşidilir. Hər ikisi yumurta yeyə-yeyə göyə baxırlar.

 

Məxmirə (gözaltı Qulamın yumurta yeməyinə baxa-baxa, ağzının içində). Bədbəxt oğlu. Səni də analar doğub. Yuxusuz gecələrlə beşik başında keşiyüvi çekib. (Yumurtanın qalanını ağzına basır, dolu ovurdlarla teatral pafosla ucadan) Ay mənim ipək balam! (Qulamın tikəsi boğazında qalır.) Bununmuçun böyütdü anan səni? Ağuşunda gecələrlə səhərləri bəklədi? (Boğazına dirənən tikəni zorla udub, səsini bir ton da yüksəldir.) Nə bileydim, nə bileydim mən – fəqir ruzigarın yazdığı bu zor hökmü? (Qəfildən susur, öz-özünə astadan.) «Zor» idi, ya «zır» idi? (Yadına sala bilmir, davam edir) Bilsəydim çi, əgər mən...

Qulam (qəfildən ilhamlanır, dolu ovurdlarla Məxmirənin monoloqunu davam etdirir).

Taleyin bu yazdığı

Min cür ağrılı, paslı,

Vətən nişanəsini… (ardı yadından çıxırsa da, özünü o yerə qoymur və özündən qoşur) Bilmək gərək əslini! (Susub çeynəməyinə davam edir.)

Məxmirə. Noldu?

Qulam (xoflu). Nə?

Məxmirə. Neyin əslini?

Qulam (çeynəyə-çeynəyə çiyinlərini çəkir). Vətənin də.

Məxmirə. Vətənin? (Qulamı əyri-əyri süzür.) Vətənin də əsli olar, alə? (Tamaşaçılara) Bu da mının didiyi söz. (İkisi də yumurta yeyə-yeyə dinməz-söyləməz tamaşa zalına baxırlar. Qəfildən Qulama sarı əyilib, qulağına astadan) Yaxşı tay, görürəm mənim adamımsan. Bircə sənə diyirəm: (pıçıltıyla) mən oyam.

Qulam (duruxur, dəhşətdən böyümüş gözlərlə Məxmirəyə baxır). O?.. (yediyi tikə boğazında qalır, çeçəyib öskürək tutmasında boğula-boğula) O???..

Məxmirə. İrağ olsun. (Qulamın kürəyini döyəcləyir) Adə, öldün ki?..

Qulam (ayağa sıçrayır). Deməli… deməli, siz...

Reproduktordan səs. Diqqət-diqqət! Vətəndaş sərnişinlərin nəzərinə! 264 № li Həştərxan qatarına minik başa çatmaq üzrədir. Təkrar edirəm.

Qulam (reproduktorun səsinə ayılır). Mən nə danışıram? (Məxmirəyə) Siz mənimlə zarafat edirsiz? Amma axı mənim zarafata halım yoxdu?!..

Məxmirə (Qulama işarə ilə tamaşaçılara astadan). Nə diyirəm? Kitabı bağlanıb. Mən diyəndi. Axırına çıxıblar. (Dərdli-dərdli içini çəkib o biri yumurtanı soyur.)

Qulam (pərt). Siz mənə fikir verməyin. Mən… Ümumiyyətlə, mən beləyəm. Lap uşaqlıqdan. Hər şeydən ehtiyat edirəm. Amma bu, əsla qorxaqlıq deyil, inanın mənə. (Səsi enir.) Bu... (başını aşağı dikir) dövlət işində işlədiyim dövrlərin fəsadlarındandı. (Çiyinlərini çəkir) Ya da olsun ki, Allahın verdiyi xasiyyətdi. Amma bax, bir dəfə burda, (sirr açan tək) deyəsən, elə bu skamya idi, oturub eyni ilə belə bir yumurtanı yediyim yerdə bir də gördüm bax, buramdan (əlini sol qabırğasının altına qoyur) elə bil səs gəldi.

Reproduktordan səs. Diqqət-diqqət! (ağzındakı tikə Xasayın boğazında qalır, boğula-boğula öskürməyə başlayır.) Tiflis–Bakı qatarının qəbulu iki saat gecikir. Əlavə məlumat üçün üçüncü perronun birinci mərtəbəsində fəaliyyət göstərən məlumat bürosuna yaxınlaşa bilərsiniz. Diqqət-diqqət…

 

Qulam reproduktorun səsinə dik atılıb, boğazında tikə qalmış tək, öskürməyə başlayır.

 

Məxmirə (Qulamın kürəyini var gücü ilə döyəcləyir). Bunun da bu gic-gic məlumatdarınnan cana yığıldığ da! Səsi özünə xoş gəlib e yazığın! Neynəsün, oturub quş damı boyda otağında dünyadan xəbərsiz. (Qəfildən qıvrılıb ayağa sıçrayır, Qulamın yaxasından yapışıb opera səsi ilə oxumağa başlayır)

Da-ya-nı-ı-ın, dayanı-ı-ın!!! (Qulamın gözləri bərələ qalır)

A-yaq saxlayı-ı-ı-n.

Əgər qüssədirsə alın yazımı-ız,

Onda ləngimədən biz uduzarı-ı-ı-ız... (Qəfildən ayrı poza alır, uzaq boşluqlara şeirlə) Haydı igidlərim, haydı meydana! (Susur, öz-özünə) Yox, qarışdırdım, bu, «Cavanşir» dəndi. (Yadına düşür.) Hə! (Havaya atılır, ehmal addımlarla aradan çıxmaq istəyən Qulamın yolunu kəsir, qulağına sarı əyilərək, astadan) Lorensi, Lorensi, Layerti çağır! De ki, təhlükədir bu gecə yarı, dəniz səyyahını yuxuda görmək! (Qulam Məxmirənin əlindən sivişib çıxmaq istəyirsə, o imkan vermir, şeirin ardını birnəfəsə deyir) De ki, yubanmasın, onadır ümid. Yox, əgər yetməzsə, məhv olar igid!.. (Roldan çıxır, nəfəsi təngiyə-təngiyə) Hə, necədi?..

Qulam (zorlu udqunur, üzrxahlıqla). Zənnimcə, səhv eləmirəmsə, dediyiniz bu monoloq Şekspirdəndi. Amma tam Şekspir deyil. Lakin həm də elə bil (çaşqınlıq içində) Şekspirdi…

Məxmirə (Qulamın qolundan tutub skamyaya oturdur. Girdiyi obrazın ehtizazından yerində dayana bilmir, fərəh dolu baxışlarla ətrafını süzə-süzə). E-eh, hələ bu nədi ki? Vaxt vardı, Cülyettanın manaloqunı diyəndə bütün zal ağlaşırdı! (Səhnənin ortasına yeriyir. Başını aşağı salıb bir anlıq susur, başını qaldırıb, cingiltili qız səsi ilə) Əzizim Romeo, bil ki, səni mən yuxularımda da belə görürəm. Əsil nəcabətli, qılınclı-qıvraq, atların üstündə dik duran qoçaq! Dayəmə demişəm, o qoçaq sənsən. Bunu kim bilməsə, sən ki bilirsən?!.. (Tamaşa zalının alqış səsələri eşidilir. Baş əyir, məmnun halda) Sağ olun… çox sağ olun…

Qulam. Axı bu, o deyil?!.. Orda belədir. Romeonun yuxuları məni səsləyir. Mənsə ona sarı yüyürən çocuq… (çaşıb dayanır, xatırlamağa çalışır) …yox, deyəsən, qarışdırdım…

 

Əcaib musiqi. İşıq enir. Qulam ehtiyatla ətrafına

boylanır. Nəzarətçi səhnənin arxasından çamadanlara zillənib.

 

Reproduktordan səs. Diqqət! Diqqət!.. (Qulam diksinir, az qalır skamyadan yerə yıxılsın) Vətəndaş sərnişinlər! Perronlarda gigiyenik qaydalara riayət edin!.. Su və limonad şüşələrini, dondurma və konfet kağızlarını perronlarda qoyulmuş xüsusi zibil qutularına atmanız xahiş olunur. (Elanın ardınca reproduktordan əcaib musiqi səslənir)

Məxmirə (yelpiyi əlinə alıb, üzünü yelləyir, tamaşaçılara). Verdiyləri mahnıya bax də! (Reproduktora, bərkdən) Niyabəddiyivüz öz başuuzda çatdasun elə! (Tamaşaçılara) Camaat yol üstədi, buların verdiyi mahnıya bax də! Bu, lap «Səfillər» in leytmotivini xatırlatdı ye…

Qulam. Leytmotiv? Siz nə danışırsız, o ki, nəsr əsəridi?

Məxmirə (Qulamı eşitmir, belini büküb ayağa qalxır, qoca qarı pozasını alıb, xırıltılı səslə). Siz ey, küçələrə qonan səfillər! Elə bilməyin ki, «dünya» deyilən, bir bu göz oxşıyan mənzərələrdi!.. Dünyalar sultanı, şahlar sarayı, sizin qəlbinizin beşiyindədi! (Öz-özünə) Ya deşiyindədi? Vopşim, nə isə. (Dikəlib burnunu çəkir, harasa, uzaqlara zillənir, acı kədərlə) E-eh, bu məmləkətdə sənət heç kimə lazım döyül. Uzundraz, yöndəmsiz güldan kimi əl-ayağa dolaşır. (Səsi enir) O güldan ki, ayda-ildə bir dəfə gərək olur. O da, kimsə hansı münasibətləsə sənə gül dəstəsi hədiyyə eliyəndə!

Reproduktordan naməlum kişi səsi. Mən sənsiz uçarammı? Qol açıb qaçarammı? Qanadsız bir quşam mən. Vağzala qonmuşam mən…

Məxmirə (duruxur, Qulama). O kimidi, alə, səndün? (Qulam vahimə içində başını  yelləyir. Öz-özünə) Olsun xəttə radio düşüb.

 

Perrona əlində iri bloknot Nəzarətçi daxil olur, iri addımlarla cədvələ sarı yeriyir. Qulam Nəzarətçini görən kimi yerindən sıçrayıb skamyanın arxasında gizlənir.

Nəzarətçi cədvəlin qarşısında dayanıb bloknotuna nələrsə qeyd edir, sonra əyilib hansısa uzaqlara, axırda Məxmirənin çamadanlarına zillənir.

 

Nəzarətçi. Ayə, bunnar haçağ adam olajax?!.. (Guya Məxmirəni indi görür) A bajı, vaxtuuza çox qalıbsa, veş-vüşüüzü saxlama kamerasına təhvil verün! Sizə məsləhətim budu. Bu yerrərdə o qədər... (Qulamı süzür) …avara-uvara dolaşır kin...

Məxmirə (qoçusayağı). Qoxma, bizimkilərə heç nə olmaz! Yiyəsi ölmiyib! Bir də vaxta hələ var. (Uzaqlara işarəylə) Bizim qatar ode-ey diyanıb orda, işığı yanmır. (Tamaşaçılara, astadan.) Belə vələdüznaları gözdərinin içindən tanıyıram da. İndi bu nə istiyir, gəl başa düş də! Pul istiyicey də, ayrı nə istiyicey? Bununkı odu ki, yerə yıxıb (göstərir) ağzına-ağzına çırpasan!

Nəzarətçi (harasa kənara baxa-baxa gizli narahatçılıqla). Hə-ə, onda, demək, olsun kin, sizinki ikinci xəttdən yola düşür. (Çönüb cədvələ baxır) Özüdü ki, var: Mesrobabad! (Təəccüblə) Amma vaxtuuza bir o qədər də qalmıyıb. Bə niyə minmirsiz? Nəyi gözləyirsiz?..

Məxmirə (skamyanın kürəkliyinə yayxanır). Kefimizə belə düşüb! Bir də ki, (ayağa qalxıb qarnını qabağa verə-verə Nəzarətçinin üstünə yeriyir, onun rezin boğazlıqlı xidməti qalstukunun ucundan tutub aşağı dartır və buraxır. Qalstuk Nəzarətçinin üzünə çırpılır.) …tünnüyi sevmirəm, qədeş də. Qoy, hamı minsün, rahatdansun... (uzaqlara işarəylə) Ode-ey, ona bax, gör nə vurhavurdı? (Tanış vağzal uğultusu. Harasa uzaqlara) Ay bala, nolub, nə xəbər? Onsuz da hamuuz gediceysüz də!.. Burda qalan olmıyıcey! (Səsi enir) Zalım uşağı, gör nə vay-həşirdədilər e! Elə gedillər, elə bil dayi geri qayıtmiyiceylər. (Tamaşaçılara.) Bu saat yerbəyer olub bağlamalarını açıblar e, uje. (Üzünü turşudur) Katletdərin iyi də aləmi başına götürüb! Püf-püf-püf!.. Mənim də ki, əzəldən… (Nəzarətçiyə) lap belə bağça vaxtlarımnan a, zindeyi zəhləm gedir də katletdən! (Qəfildən duruxur, Nəzarətçiyə) Diyan e, sluçaynı, sən vtaroy paralelnidəki bağçaya getməmisən?..

Nəzarətçi (tələsik addımlarla uzaqlaşa-uzaqlaşa) Baxın da xanım, özuuz bilən məsləhətdi. Amma çox da ləngimiyin. Buralarda vaxt yaman tez ötür. (Çıxhaçıxda qəfildən ayaq saxlayır, geriyə çönüb Məxmirəyə) Bağça da kin… mən çox bağçalarda olmuşam. (qəfildən xof dolu oynaq səslə oxuyur) Hara baxsan, gül-çiçəkdir, bağça-bağdı-ı-ı-ır bəh-bəh!.. (Səhnədən çıxırsa da, pərdənin arxasından boylanıb mahnının ardını oxuyur) Qəşəngdir, bəh-bəh, gözəldir bəh-bəh!.. (Gözdən itir.)

Məxmirə (Nəzarətçinin ardınca baxa-baxa). Bunun da başı xərəbmiş ki?.. (Fikirli halda öz-özünə.) Bu kişini mən hardan tanıyıram? Heç cür yadıma sala bilmirəm də.

Qulam (Nəzarətçinin ardınca baxa-baxa, xoflu). Bu vağzal nəzarətçiləri adamı görən kimi, elə nə isə istəyirlər. (Ah çəkir, qəfildən vahimə ilə) Dəhşətdi, dəhşət…

Məxmirə (qəfildən botsmansayağı hırıtıyla Qulamın kürəyindən vurur. Qulam üzü üstə yıxılmamaqdan özünü güclə saxlayır). Mənim adamımsan! Diyirəm axı, niyə o dəyqə quşum qondu sənə?..

Qulam (xoflu). Quş?.. Siz «quş» dediniz?..

Məxmirə (yumurta soya-soya). Alə, məcazdı də, məcaz! (Soyduğu yumurtanı Qulamın ovcuna basıb o birisini soyur, tamaşaçılara) Vağzaldı, qatardı, bularınkı yumurtadı! Nə isitməy lazımdı, nə də katlet kimi iy verir. (Yumurtanı duzlayıb yeyir.)

Qulam (əlində yumurta, mat-məəttəl Məxmirəyə baxır). Vallah, daha yeyə bilmirəm...

Məxmirə (Qulamı eşitmir. Qəfildən nə isə xatırlayır, üzü işıqlanır, dolu ovurdlarla xəyala dalır). Bax, günnərin bir güni eynilə beləcə rəhmətdiy Mustafa bəynən yumurta yimişəm. O da yumurtanı bax, toçnı belə soyurdu. Mənə: «ye, qızım, utamma» – diyirdi. Mən onda… (tikəsi boğazında qalır, çeçəyib öskürə-öskürə) Bax, onda da eynilə beləcə eyni ilə bu cür… (öskürür, qəfildən harasa, yuxarı) Allah sənə rəhmət eləsin, məllim! (Bağlamadan ayrı yumurta çıxarıb sındırır, skamyanın dəmirinə vura-vura) Bığlarını da (göstərir) ba, belə eşirdi. Barmaqları da. Ay allah! Elə bil qız barmaqlarıydı! İncə, zərif... Didi mənə ki, (müəllim təbiri ilə) qızım, nə oxuya bilərsən? (Yazıq-yazıq) Nəcib insan idi, rəhmətliy. Hər sözi brilyant idi, brilyant!.. Didim «bildiyimi oxuyum, məllim?..» Didi «oxu.» Mən də... (qəfildən əlindəki yumurtanı bağlamaya atıb ayağa qalxır, əllərini 50-ci illərin müğənniləri kimi, ovuc-ovuca daraqlayıb opera səsiylə oxumağa başlayır.)

Atamızdır, anamızdır Rizayev! Rizayev!

Şanlı, böyük, doğma, əziz Rizayev! Rizayev!

Qulam (dolu ovurdlarla ağzı açıq qalır, Məxmirəyə). Rizayev kimdi?..

Məxmirə (burnunu çəkir, keçib yerinə oturur, bağlamasını dizlərinin üstə qoyub, yumurta yeməyə davam edir). Rəhmətliy Əşrəf məllim. Treti paralelnidəki detdomun müdiri. Allah rəhmət eləsin, yaxşı kişiydi. Bisavad olanda nolar? Bax, o rəhmətdiy də insan adam idi. Bizi, nolur-olsun a, ac qoymazdı. Heç nə də olmıyanda mannını tavaya atıb qovurtdururdı. Axır ki, qarnımızı doydururdı da! Diyirdi «təki uşaqlar ac qalmasun». (Yerini rahatlayır) E-eh, ötən günə gün çatmaz. (Qulama) İndi tay qabaqkı kimi oxuya bilmirəm. (Yumurtadan dişləyib yeyə-yeyə, xəyala dalır.) Amma onda… Onda istəsəydim, lap opera müğənnisi olardım. Əslinə qalanda, mən elə opera müğənnisi olmağ istiyirdim də! (Qəfildən ayağa sıçrayır, ha tərəfindənsə sivirib çıxardığı yelpiyi ilə üzünü bağlayıb səhnə boyu Karmensayağı ədalarla gəzişə-gəzişə oxumağa başlayır. Möhtəşəm simfonik orkestrin çalğısı eşidilir.) 

Minyobassorino-o-o telbassa-a-a!…

Santa Mariya sorronto-o-o!..

Suekostra-a-a!.. Suekostra-a-a!

Dure massa!!!

 

Qulam ayaqlarını qarnına yığır. Məxmirə oxuduqca coşur, çamadanların hansındansa çıxardığı uzunətəkli Karmen yubkasını əyninə taxıb səhnə boyu hərlənə-hərlənə ispan rəqsi ifa edir. Qulam və cədvəlin arxa tərəfində gizlənmiş Nəzarətçi onu heyrət içində müşahidə edirlər. Cədvəlin arxasında gizlənmiş Nəzarətçi onu heyrət içində müşahidə edirlər.

Məxmirə uzaqlardan eşidilən qatar fitinə ayılıb ayağa qalxır. Qulam da ayağa qalxıb qatarın ardınca baxır.

        

Məxmirə (qalib addımlarla yerinə qayıdır, tövşüyə-tövşüyə). Səənkidi? (Qulam dinmir.) Heç dimədün, ha tərəfə gedirsən, inşallah?

Qulam (qatarın ardınca baxa-baxa, kədərlə). Onu bir Allah bilir.

Məxmirə (əlini Qulamın çiyninə qoyur). Diyəsən axı, sən də mənim kimi, birdəfəliy gedirsən?

 

Vağzal saatı zəngini çalır. Hər ikisi dik atılıb saata baxırlar.

 

Məxmirə (ciddiləşir). Vaxtın tamamına az qalıb. (Qəfildən çevrilib uzaq boşluqlara, kədərlə) Əlvida ey vətən, ey gözləl diyar! (Tamaşaçılara, işgüzar) Eybi yo-ox, qoy gedim çatım. Onda görəllər kimdi Qəndablı Məxmirə! Heç eybi yox! Onda bilərlər kimi verdilər əldən! (Qəfildən ayrı səslə) A, siz elə bilirsüz, mənə tiatr lazımdı? Elə bilirsüz, mən nədi, məşşur olmaqdan ötrü sino gedirəm? Əslində… Axı, əslində, mən bərbər olmağ istiyirdim?! Olmağ istiyirdim diyəndə ki, heç mənim kimi saçkəsən vardı?.. (Əlindəki görünməz qayçıyla havanı doğraya-doğraya.) Buna «rod-boks», o birinə «vengerka», bu birisinə «briz», «şarlotta», «balqarka»… E-eh, nələr eləmirdim? Balacalarınkı nulyovkaydı. Beşcə dəyqənin içində qırxıb qoyurdum yerə. (Əlini Qulamın başına atır, danışdıqlarını onun başında göstərir. Qulam duruxursa da, tərpənməyə ürək eləmir.) Burdan çubçik, yerdə qalanını ülgücnən! (Kiminsə dalından təpik vuran tək) Xoş getdün! Superi özümünki idi – «Məxmiri!» Özüm fikirrəşib tapmışdım!.. (Qulamın başında göstərir) Burdan çolka, daldan naços! Alayi şey idi! Vıxadnoylar qapımda bi dənə oçered yığılırdı, bir vay-həşir qopurdu ki, gəl, görəsən! (Səsi enir, kədərlə) Camaat-qaragün nə gündəydi ki, hələ bir dəlləyə də gedəydilər? Müharibə bir yandan, acdığ o tərəfdən. Odu ki, yerindən duran cumurdu üstümüzə! Ay Məxi, can Məxi… Məndə də ki, atkaz diyilən şey yoxdu də! Qayçını alırdım əlimə, kəs ki, kəsəsən! Evimiz tüknən doluydı. Bir orası vardı ki, yorğan-döşəkdən də bol idiy. Nənəm diyirdi, a bala, bunun nəyi yunnan əskiydi? Torba-torba yığıb yorğan sırıyırdı, döşəy salırdı. Mən kəsirdim, o sırıyırdı, mən kəsirdim, o sırıyırdı. Fabrikə dönmüşdiy e! Çoxunu soradan tiatra verdim, zərxaradan üz çekib, saray səhnələrində mütəkkə əvəzi işdətdilər. (Səsi enir) Qədrimi də yaman bildilər.

Qulam (gizli heyrətlə). Siz… demək istəyirsiniz ki, bərbər də işləmisiniz?..

Məxmirə (Qulama məhəl qoymadan). E-eh, yaxşı günnər idi. Pul yox, ürəy tox. Elə onu bilirdün, əlüvə keçəni qazana atıb soğanbozbaşıdan, əriştədən bişirirdün, qonum-qonşuvı başuva yığıb qarmonun qayışını çiyninə atıb, bir dənə «Keçiməməsi!» (Oyun havasını oxuya-oxuya «qarmon» çalmağa başlayır.)

     

Çala-çala ayağa qalxıb, əlində «qarmon» oynamağa başlayır.

Oynaq qarmon musiqisi eşidilir. Qulam da, Nəzarətçi də bərəlmiş gözlərlə onu müşahidə edirlər.

Hardansa, yaxın yollardan sürətlə ötüşən qatarın səsi musiqini kəsir.

    

Məxmirə (qolları yanına düşür, qanıqara halda yerinə qayıdır). Qoydular ki? Vergi müfəttişdərini diyirəm. (Çönüb uzaq boşluqlara) Ay sizi müfəttişsiz qalasuz elə!.. Necə ki, qalduz! (Tamaşaçılara) Üstünnən heç bir həftə keçməmişdi, kəsdirdilər də qapımızın ağzını! İndi anam döyüb öldürür özünü ki, «vallah-billah, bu bərbər döyül, bu adamlar da müştəri döyüllər. Hamısı qonum-qonşu, əqrəbadı!» Kimə diyirsən? «Bu tifil - yazığ arvad diyib ağlıyırdı – samouçkadı. Elə-belə baş qatır özüyçün». Eşidən kimdi? Qansız imansızlar!

Qulam (ehtiyatla). Amma axı sizin təhsiliniz… Gərək ki, siz, səhv eləmirəmsə, İncəsənət institutunu bitirmsiz axı? Tərcümeyi-halınızda da yazılıb. Milli ensiklopediyada özüm oxumuşam. 

Məxmirə (ayılır). Təhsil?.. (Qanıqara) Nə təhsil, alə? Təhsili adama (yuxarılara işarə ilə) O Özü versün! O da ki, Özü bilir də, onu kimə verir, kimə yox. O məktəbdi, institutdı, hamısı boş-boş şeylərdi. Olar yazıb-oxumağdan ötrüdi. (Skamyanın kürəkliyinə yayxanır) Bir də var talant!

Qulam. Onu düz deyirsiz. Mən bunu həmişə demişəm. (Tamaşaçılara) Yazıçılığın, şairliyin institutu yoxdur axı?!.. O gərək insanın içindən gələ. Bu…

Məxmirə (Qulamın sözünü kəsir). Talant alayı şeydi! (işgüzar ədayla tamaşaçılara) Bax, biri o gün gəlmişdi. Tərsdiydən mal vıran günü. Mənim günüm budu da! Dükan boş olar, bir köpəy uşağı qapını açmaz. Elə bil «Məximarket» adında dükan yoxdu bu dünyada. Elə ki, mal vuruldı, kəsdirəllər qapının ağzını ki, «salam əleyküm, gəlmişiy!» İy bilir zalım uşağı da! (İçini çəkib ciddiləşir.) Nə isə, gəldilər, nə gəldilər! Mən də, birinci dəfə döyül ki, Allaha şükür?! Ədəb-ərkannan… (ayağa qalxıb kimisə qarşılayan tək, kişisayağı yerişlə yeriyir) necə lazımdı, qarşıladım. Xoş-beş… (kimlərləsə kişisayağı əl verib görüşür,  tamaşaçılara) Tay bu işdə, Allaha şükür, rusdar dimişkən. «Na etom dele sabaku syeli» Özü də, əclaf altı ay əvvəl gəlmişdi ya-a yoxlamaya!.. Ağzında şirə qaldı də. Günah özümdə oldı, lazımdan artığ elədim. Nə isə, sözüm onda yox, maskovski kişkavoyun şıdırğı gedən vaxdarıdı… Mən də, eləmə tənbəlliy, iki refrejeratır vırdırmışam. Ucuz düşdi, aldım. Didim qabağda qış gəlir, basaram xoloda. Çaxırım da vardı, nə yaxşı, onu aformit eləməmişdim. Uzun sözün qısası, bəydadaş gəldi, nə gəldi! Üç nəfər də belində! (Qulam nə isə demək istəyirsə də, imkan vermir) Tut je uşağları göndərdim «Dəvədabanı»na!

Qulam (gözləri bərələ halda). Dəvəda…

Məxmirə (Qulamın sözünü ağzında qoyur). Yerün məlum, bi dənə dəvə kababı verillər orda, onu yiyəndə adamın belə (qarnını titrədir) qarnı titriyir!

Qulam (dikəlib oturur). Bəyəm bizdə dəvə olur?..

Məxmirə (Tamaşaçılara). Bu lap Aydan düşüb e! (Hırıltıyla Qulama) Adə, sən dinən bizdə nə olmur! (Tamaşaçılara) Srağagün uşağlar bi dənə delfin qutabı bişirtdirmişdilər?! Xalis çim yağ!..

Qulam (vahimə içində). Delfin???..

Məxmirə (Qulama məhəl qoymadan, tamaşaçılara). Hacıleyley yumurtasınnan bi dənə kükü düzəldillər orda?!.. Pah-pah!.. Əfsanədi, əfsanə!.. (Qəfildən susur, gözləri yol çəkir, kədərlə tamaşaçılara) O nankor adam olsaydı, mənim səhnədə nə azarım vardı, marketdə nə ölümüm vardı? (Yazıqlaşır) Oturardım hamı kimi, xanım-xatın evimdə, dolmamı pükərdim, uşağlarımı çimizdirərdim. O cürə kukla kimi qız idim.

 

Nəzarətçi görünür.

 

Reproduktordan səs. Diqqət-diqqət! Sərnişinlərin nəzərinə! Baqajlarını skamyaların üstünə səliqəsiz halda atıb başları söhbətə qarışan bəzi-bəzi sərnişinlərdən xahiş olunur, təcili surətdə perronları tərk etsinlər! Profilaktik sanitar tədbirləri keçirilir!

Məxmirə (reproduktora). Külü qoyum başuva elə! (Tamaşaçılara) Mının da gözü elə məni tutub! Məşşur olmağın belə zibilləri var da!..

Reroduktordan səs (qəmzə ilə). Mənnən demək. (Ardınca asta zümzümə edir) Sənə qurban hacı, o dedi «yox», «yox», «yox», «yox»…

 

Nəzarətçi irəli yeriyir, bir əli ilə çamadanın dəstəyindən, o biri əli ilə Qulamın kürəkliyindən yapışıb aparmaq istəyəndə Məxmirə qabağını kəsir.

 

Nəzarətçi (xidməti nəzakətlə). Yol verin, vətəndaş sərnişin!

Məxmirə. Stop alə! Nə xəbər?

Nəzarətsi. Dezinfeksiya!.. (Reproduktora işarəylə) Eşitmədü-üz?..

Məxmirə (əllərini belinə vurub Nəzarətçinin üstünə yeriyir). Yerinə qoy ikisini də. Diyirəm, yerinə qoy!..

Nəzarətçi (bir əlində çamadan, o biri əlində Xasay geriyə səndələyir). Xanım, indicə öz qulağlarınızla eşitmədüz nə dedilər? Balam, tifə yoluxmağ istiyirsüz?..

Məxmirə (Nəzarətçinin yaxasından yapışır). Bura bax, diyəsən üzüvə yaxşı baxdım, özüvi itirdün a-a! Görürəm, yaman canfəşannığ eliyirsən buralarda! Diyəsən, qara qızın dərdi var axı?! Yoxsa, quyruğun qapı arasında qalıb, hə?

Nəzarətçi (Diksinib özünü yığışdırır, çaşqın). Quyruq? (çiyninin üstündən qanrılıb arxasına baxır) Hansı quyruq?

Məxmirə. Özüvü gicdiyiə qoyma, alə! (Qəfildən sərt) Əlündəkiləri yerə qoy diyirəm, haramzada! Yoxsa…

Nəzarətçi (nə Xasayı, nə də çemoadanları əlindən buraxmır, qəfildən üzü də, səsi də dəyişir, məkrlə.) Yoxsa nə?..

Məxmirə. Yoxsa başuva bir oyun açaram, bir oyun açaram, böyük tikön qulağun boyda olar!..

Nəzarətçi. (Burnunu eynilə Məxmirə kimi çəkir) Xox qorxdum!

Məxmirə. Qorxmursan, hə? Kişisən, əlündəkiləri yerə qoyma!

 

Nəzarətçi çamadanla Qulamı bir az da yuxarı qaldırır. Məxmirə Nəzarətçinin yaxasından yapışıb var gücü ilə silkələyir. Nəzarətçi çamadanı və Qulamı yerə salır. Qulam üzü üstə yerə düşüb hərəkətsiz qalır.

 

Nəzarətçi. (Geriyə səndələyə-səndələyə Qulama işarə ilə) Ay xanım siz neynədüz? Görün bir neynədüz? Öldürdüz ki, yetimi?

Məxmirə. (Qulama baxır) Ay aman! (Dizi üstə düşüb Qulamın başını qucağına alır, Nəzarətçiyə) Gör bir, neynədün, ay qurumsaq?! (Qulama qəhərlə) Qulam, ay Qulam… Sənə noldu, Qulam? (Doluxsunmuş halda tamaşaçılara) Köməy eliyin! (Qəfildən uzaqlara) Ay ca-maat!!!.. Kömək eliyin!!.. Bu nə işdi gətirdilər başımıza, ay Allah?!..

Nəzarətçi. (Astadan Məxmirəyə) Bağırma, ləçər! (Ehtiyatla o yan-bu yanına baxa-baxa) İti-qurdu başımıza yığma! Haqq-hesabımızı öz aramızda çürüdərik!.. (Aradan çıxı.r)

Məxmirə. (Qulamın başını sinəsinə sıxır, ağlamsınır) Belə də müsibət olar? (Tamaşaçılara) Durduğumuz, diyandığımız yerdə. Axı biz kimə neyniyirdiy, kimə mane olurduğ?..

Reproduktordan qalın kişi səsi. Vətəndaş sərnişinlər! Hay-küy salmaqla iş aşmaz! Əşyalarınızı yığışdırıb… (qəfildən qorxunc bağırtıyla) …basın burdan bayıra!!!

Məxmirə. (Ayılır, reproduktora qəzəblə) Belə oldu, hə? Yaxşı, görün indi başuuza nə oyun açıram!.. (Qulağını Qulamın sinəsinə dayayır) Vurur hələ. (Qulamın başını ehtiyatla yerə qoyub ayağa qalxır, Nəzarətçinin ardınca) Ay uşağ, tut onu!!! Qoymuyun, ay camaat!!.. (Qulamın bir qolunu çamadanların birindən çıxardığı butofor qandallarla skamyanın dəmirinə bağlayır, ayağa qalxıb Nəzarətçinin ardınca qaça-qaça Qulama) Döz bir az, qadası, indi gəlirəm. Sən mənim canım, ölmə. (Paltarının uzun ətəkləri ayaqlarına dolaşa-dolaşa Nəzarətçinin ardınca götürülür) Adə, tut onı!!.. Kriminal köpəyoğlı!!! (Qaça-qaça geriyə qanrılıb Qulama) Ölmə, gəlirəm!.. Eşidir-

sə-ən?.. (Çıxır, səsi perronun o biri tərəfindən eşidilir) Ölmə-ə-ə!!!..

 

Perrona qaranlıq çökür.

 

Reproduktordan kişi səsi. …ya söndürülüb, ya da əhatə dairəsindən kənardadır…

 

 

 

BİRİNCİ HİSSƏNİN SONU

 

 

İKİNCİ HİSSƏ

 

Həmin məkan. Qatar çarxlarının ləng uğultusu ara-sıra hardansa uzaqlardan eşidilən təcili yardım maşınının sirenalarına qarışıb.

 

Reproduktordan kişi səsi (yorğun, ləng avazla). Diqqət-diqqət. Ay camaat, səbrüüz olsun. Səbr – Allahın adıdu.

                 

Sərnişinlərin səsi eşidilr.

 

Kişi səsi (yorğun). A bala, bura haradı?

Yaşlı qadın səsi (yorğun-yorğun). Ay oğul, bura ayradromdu?

Cavan oğlan səsi (ləng). Ay xala, ayradrom nədi?.. Bura vağzaldı-vağzal. Qatarların yola düşdüyü yer.

Ayrı qadın səsi (heysiz halda). Bu, poyezdi-poyezd. Nə qədər yükün var, bas içinə pulsuz aparsın.

Cavan qız səsi. Kifayət, ay Kifayət, balonnar girmir axı, bura?!

Uşaq səsi (ürkək). Ata, qatar fit verəcək? İndi verəcək? Mama, ay mama, qatarın fiti var?..

 

Şillə səsi, çağa ağlamağına qarışır. Nələrsə aşıb ləng gurumbultuyla yerə tökülür.

 

Qarı səsi. Ay səni zəlil olasan elə! Ayağı dəmirdəndi elə bil zalımın.

Cavan oğlan səsi. Ay xala, əzdün ki, hamısını?! Görürsən ki, bir-bir yığmışam. Özün görürsən də-ə!

Reproduktordan yorğun səs (yorğun ləngliklə). Diqqət-diqqət. Ay camaat, tələsmiyün. Nolub, nə xəbər? Onsuz da hamuuz gediceysüz. Çətini yola düşməydi. (Xırıltılı öskürəklə öskürür, səsi enir) Diqqətüüzə görə sağ olun. (Mikrafon xırıldayıb susur)

 

Səhnə aydınlaşır. Qulam skamyanın dəmirinə pərçimlənmiş qandalı qolundan açmağa çalışır. Məxmirə döyüşdən qayıdan qalib əsgər yerişi ilə səhnəyə daxil olur, özü ilə gətirib gəldiyi su şüşələrindən birini başına çəkib ovurdlarını doldurur, suyu Qulamın üzünə tüpürür. Qulam dik atılıb büzüşür.

 

Məxmirə (arxaya baxa-baxa). Görüm ciyərün yansun elə! (Dizi üstə düşüb suyun qalanını zorla Qulama içirdir.) Yavaş iç, çeçiyərsən. Ölmüşdi Məxi!..

 

Qulam iştaha gəlib su şüşəsini Məxmirədən alır və acgözlüklə başına çəkir.

 

Məxmirə (tamaşaçılara astadan). Ciyəri yanırmış fağırın. (Dərdli-dərdli) Bu boyda məmləkətdə bir dənə sənət xiridarı tapdım, o da bu gündə.

Qulam (qandala işarəylə). Mümkünsə, bunları aça bilərsiniz?..

Məxmirə (Qulamı eşitmir, içini çəkir). E-eh gidi dünya. (Kədərlə) Sənnən tay kimlər keçmədi? Nə günlərə qoydun bizləri sən? Ora-bura səpilən sərçələr kimi, birimizə isti yuva, dən, o birimizə amansız küləkli qupquru çöllüklər verdin. Səni təzə-təzə tanıyanda adama dəyirmi qoğal kimi isti, yumşaq gəlirdün. (səsi enir) İllər ötdükcə göstərdün əsil üzüvi! Çıxılmaz, darısqal dalannaruva salıb azdırdun bizləri. Özün də qollaruvı qoltuğuva vurub, kənardan seyr elədün. (Qulama, ayrı səslə) Hə, necədi? (Cavab gözləmədən, burnunu çəkir, qürurla tamaşaçılara) Axırıncı pyesimnəndi. Bu dünyanın əzib, sındırıb eybəcər günə qoyduğu dispeççer-qadının manaloqunnandı. (Qulam qandalı dişi ilə açmağa çalışır.) Mənim arada bir əsər yazmağım da var axı?! (Tamaşaçılara) Yaradıcı fərd alayı şeydi! Bax, bir də gördün, ilhamım gəldi, oturub mahnı bəstələdim. Axırıncı uvertüramı dövlət xor kapellası oxuyur. (Boğazını arıtlayıb ucadan qalın basla oxumağa başlayır.) Və-tə-ən!!.. A-na vətə-ən!!.. (Qulam vurnuxmasını saxlayıb heyrətlə ona tamaşa edir)

Səninlə fəxr edir hər bir övladı-ı-ın!

Səninlə öyünür qardaşın, bacı-ı-ın!

Ya da bir də gördün, başıma düşdi, oturub pyes yazdım. Ötən ay axşamüstiydi, oturduğum yerdə bir dənə faciə yazdım. Dənizçilər klubunda oxuyanda hamının ürəyi xarab oldı.

Qulam (skamyanın ətrafında birqollu vurnuxa-vurnuxa qandallardan azad olmağa çalışır). Sizdən atıq dərəcədə xahiş edirəm, məni azad edin.

Məxmirə. Bir səbrün olsun, balam də. Altıaylığ döyülsən ki?!.. Tələsmə, qoy hələ bir görəy nolur, nə baş verir. Özün görürsən ki, bura elə belə yer döyül. Dəyqədə bir hoqqa çıxır. (Ehtiyatla o yan-bu yanına baxır) Onu istiyirsən, ərəbəyə qoyub aparsunnar səni? (Cib telefonu zəng çalır) Diyan görüm, bu kimdi. (Telefonu qayışının ha tərəfindənsə çəkib çıxarmağa çalışır) Şoğərib a! (Düyməsini basır, rəsmi) Məxmirə Qəndabova. (Üzü dəyişir, nazla) O-o-o, Mixal Mixalıç?! Rada, rada vas slışat. Da-da-da, kaneşna-kaneşna. (Əli ilə telefonun mikrofonunu qapayır, Qulama tələsik) Qosdumadandı. (Telefona, bayaqkı nazla) Da-da!.. Da nu şto vı? (Dəstəyi əli ilə bağlayıb, tələsik Qulama) Diyir: «şərəfləndirdün bizi!» (Tamaşaçılara) Vot pajalusta! Sora da diyillər «nöş diyirsüz böyük rus xalqı?» Böyükdü balam də-ə! (Telefona bayaqkı tonda) Da-da, ya vsya vo vnimanii! (Məmnunluqdan əriyir, nazla) Spasiba, sbasiba Mixal Mixalıç. Nu kaneşno. Nu-u, abijayete. Kak je bez neqo to?.. Ved eto je simvol naşey nerazruşimoy drujbı?! Nu da!.. (Telefonun ağzını tutub kənara) Qarnuva şiş batsun elə! Adam nə qədər ikra tıxar? (Telefona nazla) Da vı qatovte publiku! Edet sama Maxmira! (Qalibiyyət qəhqəhəsi ilə gülür) Nu ladno, ladno. Vseqo-xoroşeqo, vseqo-vseqo. (Telefonun düyməsini basıb qələbə dolu səslə.) Vot! Bu da rusların, hələ bu ruslardı ya, Məxmirəyə verdiyi qiymət! (Telefonu əvvəlki yerinə basır)

Qulam (qolundakı qandala işarəylə). Yaman sıxır. Deyirəm, bəlkə, bir az boşaldasınız?

Məxmirə. Qolundakını diyirsən?.. A-a, bu… (uğunur) nastayaşşi döyül ki? «Casus» tamaşasınnandı ye! Na vsyakiy sluçıy özümnən götürdüm, didim, yola çıxıram, çort çem ni şutit. (Qulamın böyrünü dümsükləyir, sevinclə) Eşitdün alə, Moskvaynan danışırdım e, eşitdün?..

Qulam (Məxmirəni eşitmir, kədərlə boşluqlara).

Mən bir kor qartal idim

Yuvamdan uçurdular,

Vətənimə qayıtdım,

Qanadımı qırdılar… (o biri əli ilə üzünü tutub səssizcə ağlayır, qəfildən özündən gedir.)

Məxmirə. A-a? (Qulamın yaxasından tutub silkələyir) Adə noldu sənə, Qulam? (yazıqlaşır) Noldu sənə, qadası? Ay mənim başım batsun! (Qandalı Qulamın qolundan açmağa çalışırsa da aça bilmir, ayağa qalxıb) Həkim! Ay həkim!!! (Qaça-qaça səhnədən çıxır.)

 

Məxmirənin çıxmağıyla Nəzarətçinin peyda olmağı bir olur. O, qəribə bir uçuşla Qulamın üstünə şığıyıb onun qolundan yapışır. Qulam dərhal özünə gəlir.

 

Nəzarətçi (astadan). Axır keçdin əlimə, vələdüzna?! Daha bu dəfə heç hara qaça bilməyəcəksən! Yazığım da gəlməyəcək daha sənə! Yığmısan hamını burda boğaza! (Başıyla harasa yuxarılara işarə edir) İndi orda ağluvı gətirəllər başuva!..

Qulam (yazıq-yazıq). Məndən nə istəyirsiz? Mənim ki, bir kəsə zərərim dəymir?! Bu bircə qarış yeri də çox görürsüz mənə?..

Məxmirə (əlində dərman, təlaş içində perrona daxil olur, Nəzarətçini görür). Adə, sən genə gəldün? (Hücum çəkib onu kənara itələyir, güləşçi ədasıyla üstünə yeriyir.) A bala, sən kimsən, nə karəsən, başa düşə bilmirəm, bu yazığa nə vermirsən, ala bilmirsən? (Qəfildən rəhmlə) Görürsən ki, ölür öz gününə. Elə ayağ üstə diyandığı yerdə ölür ki, bədbəxt?!.. Özün görürsən də.

Nəzarətçi (geriyə səndələyirsə də, özünü ələ alır, süni rəsmiyyətlə). Ay xanım, niyə bu qədər hay-küy salırsuz?.. (Qəfildən əsəbi) Bilmədiyivüz işlərə qarışırsuz! Vağzal asayişinin qorunmasına maneəçilik törədirsüz!

Məxmirə. Özüvi gicdiyə vurma, gədə! Vağzal asayişi! Asayişgözdiyən olub mənimçün!.. (Qarnını qabağa verib Nəzarətçinin üstünə yeriyir) Di görüm, bu yetimnən nə istəyirsən!

Nəzarətçi (dəyişir, ehtiyatla). Ay xanım, siz kimsiz axı, mən başa düşə bilmirəm?..

Məxmirə. Mən kiməm?.. (Tamaşaçılara.) İnsanda həyasızdığın dərəcəsinə bax da! Mən buna diməydən kin, «a balam, sən kimsən kin, oturduğumuz yerdə keçmisən xirtdəyimizə ki, «asayiş belə gəldi, dizinfeksiya belə getdi», imkan vermirsən ağzımızdakı sözü axıra çatdırağ, bu mənə diyir!.. (Nəzarətçinin qarnını yumruqlaya-yumruqlaya) Diyəsən, məni tanımadun a, qədeş?! (Qəfildən əl atıb Nəzarətçinin yaxasından yapışır) Məni tanımırsan, alə?..

Nəzarətçi  (başını yelləyir). Yo-ox…

Məxmirə (Nəzarətçinin yaxasından tutub özünə sarı çəkir). Denən, sən öl tanımıram?

Nəzarətçi (duruxur). Özüm ölüm, tanımıram. Amma belə… (Məxmirəni başdan-ayağa süzür) kiməsə oxşadıram... Yadıma sala bilmirəm ki, bu…

Məxmirə (Nəzarətçinin yaxasını buraxıb astadan qulağına). Bax, kişi sözü verirəm. Düzüni disön a, işim olmıyıcey səniynən. (Öz yanağına vurur) Bu ölsün, düz sözümdi!

Nəzarətçi (kəkələyir). N-n-nəyin d-düzünü?..

Məxmirə (astadan). Bu kişidən nə istədiyüvin düzüni. (İşıq dirəyinə işarə ilə) Bax, o işığa and olsun ki, işim olmıyıcey.

Nəzarətçi (işıq dirəyinə baxır). Ay xanım, dedim axı sizə. Mənə onun sənədləri lazımdır. Sərnişinlərin sənədlərini yoxlamaq mənim xidməti borcumdu, xanım.

Məxmirə (üzünü turşudur). Xidməti borc?..

Nəzarətçi (yanağına şapalaq vurur). Bu ölsün, düz sözümdü. İndi iraq-iraq, rəisdən-zaddan gəlib çıxsa ya, buralara, səən caançun, məni haman dəyqə iti qovan kimi qovacağ işdən!

Məxmirə. Pa atonnan! Yaxşı ki, rəisdən-zaddan olmamısan?! Yoxsa buralarda uçurmadığun dam qalmazdı! İndi bu fıştırığ boyda vağzalı tapşırıblar sənə, camaatın gününü qara eləyiceysən? Bu yer atonnan qalıb?.. (Nəzarətçi nə isə demək istəyirsə də, imkan vermir) Yox e, dinən, biz də biləy balam də!..

Nəzarətçi (Məxmirəni kənara çəkir, astadan). Siz bilmirsiz, xanım. (Qulama işarə ilə.) Bizsə onu tanıyırıq. (Hər ikisi Qulama baxırlar. Qulam qolundakı qandalı didişdirir.) O, bu vağzalın daimi sakinidi. Gecəsi-gündüzü buralarda keçir. Halbuki… hərçənd ki…

Məxmirə. Hə, nolsun? Bəlkə, işi var, adam gözdiyir. Kürəyündə oturub? 

Nəzarətçi (astadan). O sizə elə gəlir, xanım. O, heç kəsi gözləyib eləmir. Onun heç kimi yoxdu! (Pıçıltı ilə) Bu adam bomjdu, bomj!

Məxmirə. Bomj? (Çönüb Qulama baxır.) Nə danışırsan?

Nəzarətçi. (Qulama baxa-baxa içini çəkir) Dünyanın işləri belədi. Amma bir vaxtlar böyük vəzifələrdə işliyib bədbəxt. Bir yeşik orden-medalı var. İndi də… (mənalı-mənalı gülümsəyə-gülümsəyə susur)

Məxmirə (gözü Qulamda). İndi də nə?

Nəzarətçi (qımışır). Dəyib də uje...

Məxmirə (qaş-qabağını tökür). Başa düşmədim.

Nəzarətçi. Yəni ki… (başıyla harasa, arxaya işarə edə-edə) …vaxtı çatıb da uje. (Məxmirə çaşqın halda Nəzarətçiyə baxır) Anlamaduz? (Tamaşaçılara məmnunluqla) Belə məqamlar tay orden-medallar da adamın karına gəlmir.

Məxmirə. Medallar?.. (Qulama baxır) Bunun medalları da var?

Nəzarətçi. Bir yeşiy!.. (Tamaşaçılara) Pa atenən!.. Deyirəm, bu da xalqa xidmətin axırı! O qədər külüng çal, axırda da, Tolstoy kimi gəl, çıx vağzala kin, bəs o söz…

Məxmirə. Külüng? Nefçi olub bəyəm?

Nəzarətçi. Neftçi olseydi, nə vardı ki? Göndərərdiy indi onu Neft daşlarına, borudan-zaddan tapıb qurdalanardı orda öziyçün. Yazıçı olub bədbəxt. Oxxartana da kitab yazıb ki, indi ha simişka büküb satıllar, qurtarmaq bilmir. Onun o trilogiyası var e. Adı nəydi? (Yadına salmağa çalışırsa da, yadına düşmür.) Hər nəydisə… Tək bir dənə ona əlli ton simişka bükməy olar!

Məxmirə (Qulama baxır. Qulam pərt hərəkətlərlə üst-başını sahmana salır). Belə de-e. Yazıçıymış diməy, bu. (Qəfildən ayrı tonda) Mən də diyirəm, əlbət uydurur. Bu vid-fasonda da yazıçı olar?.. (Tamaşaçılara) Diyirəm öz-özümə, uydurur uydursun da, o da pulnan döyül ki? Belə de-e… (Qəfildən Qulamı tanıyır.) Diyan-diyan, bu ki…

Nəzarətçi (saxta kədərlə). Bəli, bəli, özüdü ki, var.

Məxmirə. Ləqəbi də birtəhər idi ye... Qulam Kəfkir idi, cibgir idi?..

Nəzarətçi (hüznlə). Qulam Dilgir.

Məxmirə. Ay sağ ol, Dilgir, Dilgir. Biz də zarafata salıb, «dılğır» diyirdiy.

Nəzarətçi. İlmidam da nöüt buruğlarınnan yazırdı ye, yaduuza gəlir? (Qəfildən pafosla) Vətənimin qara gözəli! (Tamaşaçılara) Qara gözəl e! Qara rəngdə də gözəl olar, sən mənim canım? (Yenidən pafosla) Xalqıma qara qızıl bəxş edən sevgili buruğum!

Məxmirə (üzünü turşudur). Mını da bı yazıb? (Çönüb tərs-tərs Qulama baxır, o biri Məxmirənin baxışlarından ayaqlarını qarnına yığır) Nöüt buruğunnan da sevgili olar, alə?..

Nəzarətçi  (qəfildən yağlı opera səsi ilə oxuyur).

Canım Bakı, gözüm Bakı, a-na Vətə-ən...

Yaranmısan kammunizmin qüdrətində-ən…

Qara qanın qaranlığa işaq saçı-ır,

Ağ günlərə, gələcəyə yollar açı-ır…

Məxmirə (Nəzarətçiyə). Bunı da bu yazıb?

Nəzarətçi. Yox, əşşi. Bunu başqa bir kliyentim yazmışdı, indi yazmasun.

Qulam (özünü dikəldir, səmimi maraqla). Bu… o bayaq oxuduğunuz parçanı deyirəm, kimin əsərindəndi?.. (Cavab gözləmədən kövrəlir, tamaşaçılara) Necə də təsirlidi?!.. (Məxmirə ilə Nəzarətçi bir-birinə baxırlar.) (Qəfildən coşur, tamaşaçılara) Əslində, belə əsərlər bu gün də lazımdır! Bax, məsələn, niyə indiki yazarlar Qarabağ savaşından yazmırlar? Axı bu, birbaşa zamanın sifarişidir?! Qoy lap bədii cəhətdən zəif olsun! Formaca zəif, məzmunca vətənpərvər! Niyə bugünkü  yazarlarımız özlərini müsəlləh əsgər saymırlar? (Qəfildən ürəyini tutur, tövşüyə-tövşüyə) Niyə, hə, niyə?..

Məxmirə (gözü Qulamda). Şükür məsləhətüvə.

Nəzarətçi. Mən nə deyirəm?.. (Tamaşaçılara, süni kədərlə.) Burda deyiblər: kimin əvvəli, kimin axırı. (Qulamın başının üstünü alır) Əyə, saa mən nə deyim, əyə?!.. O boyda istedadın yiyəsi özünü bu günə salarmı, əyə?

Qulam (aşağıdan yuxarı yazıq-yazıq Nəzarətçiyə baxır). Mənə dəyməyin də, nolar?..

 

Nəzarətçi başını tutub çıxışa sarı gedir, orda bir küncə çəkilib, cibindən çıxardığı pulları gizlicə saymağa başlayır.

 

Məxmirə (Qulama, rəhmlə). Kim dəyir alə, sənə? (Hüznlə) Sənə dəyən dəyib tay.

Qulam (qolunu ovuşdurur). Mən… (Astadan Məxmirəyə) qorxaq deyiləm. Heç vaxt da olmamışam. Amma (Nəzarətçiyə işarə ilə) siz bilmirsiz, onun əlindən mənə xilas yoxdu! Bayaqdan imkan da vermirsiniz, sözümü deyim, izah edim sizə ki, o… (Nəzarətçinin ardınca baxa-baxa astadan) nəzarətçi deyil!

Məxmirə (Qulama mərhəmətlə baxır). Can bala, anon öleydi, bu günüvi görmiyəydi.

Qulam. Siz mənə inanmırsız, amma o… O!!! Şeytanın özüdü!

 

Hər ikisi çönüb Nəzarətçiyə baxırlar. Nəzarətçi furajkasını çıxarıb başının tərini silir və saçlarının arasından bilinər-bilinməz buynuzları görünür.

 

Məxmirə. A, a, a… mının buynuzdarı var ki?!..

Qulam (astadan birnəfəsə). Bəs səhərdən mən nə deyirəm?!.. Mən onu yaxşı tanıyıram. O, hərdən bir cildə girir. Gah təcili yardım həkimi olur, gah münəccim. Hərdən də… (hülqumunu göstərir, qəhərlə) bax burama keçir.

Məxmirə (hırıltıyla). Keçib tay xirtdəyüvə də!..

Qulam. Mənə inanmırsız?

Məxmirə. Nöş inanmıram, alə? Cin-zad görməmişəm? Biri elə srağagün qaldı ki, ayağımın altında?!..

Qulam.  Kkki-im?..

Məxmirə. Nə bilim, cindi, şeytandı?.. Qarışqanı əzən kimi, belə (göstərir) yaxdım e, asfaltın üstünə! (Qulam bərəlmiş gözlərlə Məxmirəyə baxır)

Qulam (Məxmirənin təsvirindən həyəcanlanıb boğulurmuş kimi, yerində vurnuxmağa başlayır). Buraxın məni burdan! Havam çatmır! (Çırpınıb, çırpınıb zəif səslə) Havam çatmı-ı-ır!..

Məxmirə (yelpiyini çıxarıb Qulamın üzünü yelləyir, tamaşaçılara). Diyirəm, niyə bu məmləkətdə sənət əhli bu kökə düşür, hə? Buranın havasınnandı, suyunnandı? Sora da cinnən qorxullar.

Nəzarətçi (ayağını yaxındakı skamyanın üstünə qoyub Qulama). Düz deyir də!.. Balam, qələt eləmədilər ki, yazmağı öyrətdilər sənə?! Tay sən nə oyunnardan çıxmadun? (Qəfildən tamaşaçılara sarı çönür, avazla) Bu insan ki, var a-a, qarpız kimi şeydi. Ta ki, belə ortadan (əli ilə göstərir) kəsib içinə baxmadun, bilmirsən ki, orda nə var, nə yox.

Məxmirə. A-a-a, buna bax e, mən skleroz Mixaylıççun bir yeşiy qarpız yığdırmışam, praxadnoyda qoyub, özüm də oturmşam burda. (Ayağa sıçrayıb tələsik addımlarla çıxır) 

Nəzarətçi (alıcı quş kimi Qulamın başının üstünü kəsdirir, qulağına astadan). Hə, Dılğır, nu kak dela? Gediriy?..

Qulam (büzüşür). Mən… öz qatarımı gözləyirəm.

Nəzarətçi. Qatarı neynirsən, ay əbləh?.. Səni təyyarəynən aparıram! (Uzaqları göstərir) Ode-ey, görürsən? Qartal kimi dayanıb orda!

Qulam (heç hara baxmadan, yazıq-yazıq). Yo-ox, görmürəm…

Nəzarətçi. Özuu gijdiyə vurma, gədə! Məni görürsən, o boyda təyyarəni görmürsən?

Qulam (gözlərini yumub ayaqlarını qarnına yığır). Görmürəm-görmürəm.

Nəzarətçi (yan-yörəsinə boylanıb, Qulamın qulağına astadan). Orda bilirsən nə mükafatlar verirlər? Qırmızı Qələmlər Ordeni! Yanar Fikir medalı! Əbədi Çəngəl laureatı! Hamısı da qızıldan! Üstundə də at boyda brilyyantlar! Oxucu da ki, itüvə tök! Bir dənə Fəxri Xiyabanı var oranın, bay dədə! Görən-görən deyir, basdırun e, məni burda!

Qulam (qorxudan titrəyə-titrəyə). Yox-yox, istəmirəm. (Az qala, ağlaya-ağlaya) Mən öz qatarımı gözləyirəm.

Nəzarətçi (üzünü turşudur). Noldu, o gün istiyirdün, indi istəmirsən?..

Qulam (duruxur). O gün? Haçan?..

Nəzarətçi. Tonnarnan kitab yazdığun dövrrəri diyirəm.

Qulam. Tonlarla?.. (Yazıq-yazıq) Siz nə danışırsız? Mənim ki, cəmi-cümlətanı, üst-üstə yığsan, altmış iki kitabım çıxıb?!.. 

Nəzarətçi (Qulamın böyrünü dümsükləyir). Bəs o çoxciliddiylər? Qruzavoynan yolluyurdun e-e, camaatın evinə, yadunnan çıxıb bəlkə? Camaatın evini arxivə döndərmişdün. 

Qulam (səmimi təəccüblə). Qruzavoy?.. Siz… hansı qruzavoyu deyirsiniz?

Nəzarətçi. Artisdiy, eləmə gədə!.. (Dizinə dirsəklənir) Deyirəm, hanı ye o günnərün, Dılğır, hə?.. Bir əlünnən şeir yazırdun, o biriynən məqalə, ayağunnan pyes. Hamısı da şanlı, əziz partiyadan, kolxozdan, qurultaydan… (Pafosla) «Dədəm» diyəndə, yadıma Lenin düşür, «bobam» diyəndə, gözümə Marks görünür... (Tamaşaçılara) Elə bil Marks əkib-doğub bunu!

Qulam (yazıq-yazıq). Söz verirəm. Bir daha əlimə qələm almayacağam! And içirəm!

Nəzarətçi (Qulamın böyrünü dümsükləyir). Hanı indi sənün o şanlı, əziz babalarun? Gəlib mərifətnən, qanacağnan yola salsunnar da səni! (Yumruğunu yelləyir. Qulamın başını tutub titrədir.)

Qulam (ürkək səslə). O dövrlər… (qəfildən ürəklənir) Axı niyə anlamaq istəmirsiz? Bu, zamanın tələbiydi!

Nəzarətçi. Axı ay… (özünü saxlayıb, müəllim təbiri ilə) Axı o boyda istedad verilmişdi sənə, (xüsusi vurğuyla) qələm verilmişdi! Sən neynədün? Nələrə xərclədün o qabiliyyətüvi? Gör bir nə boyda imkanlar verildi sənə! Sovetin o zəqqutun vaxtında Tac-Mahaldan vurub Kolizeydən çıxdun!

Qulam (üzü işıqlanır). Eyfel qülləsi… Azadlıq heykəli…

Nəzarətçi. Tay sənə nələr verilmədi? Dalunnan təpiyi vurub Çin səddineycən göndərdilər səni! Müqəddəs Məkkəyəcən… (qəfildən ağzının içində duayabənzər nə isə oxuyur) adam olmadun ki, olmadun! Ayağuvı bir başmağa soxub «Zamanın bayrağdarı!» diyib diyandun! Bu da axırun. (Saata baxır) Yaxşı tay, vaxt gedir, işim çoxdu, dur ayağa. (O yan-bu yanına boylanır) O qədər buralarda sənin kimi avara-uvara dolaşır kin. Ode-ey, biri də dayanıb o tərəfdə. Violonçeliynən gəlib. (Tamaşaçılara) İndi gəl bunu o boyda fısqırığnan yola sal, görüm, necə salırsan də!

 

Məxmirə hıqqana-hıqqana qarpızla dolu yeşiyi səhnəyə sürüyür. 

Nəzarətçi Məxmirəni görüb aradan sivişir.

 

Məxmirə (yeşiyi çamadanların yanına gətirib, nəfəsini dərir). Halal mal belə şeydi! Gedib görürəm, harda qoymuşam, orda da quzu kimi diyanıb. (Qulam ürəyini tutub. Qulama.) Nədi, genə tutdı? (Çantasından çıxardığı damcı dərmanı stəkana damızdırıb ona uzadır) Ala, iç. (Ağzının içində) Sən də bəla oldun başıma. (Qulam dərmanı içir. Stəkanı Qulamdan alıb özü üçün də damızdırır) Qoy mən də içim. (dərmanı başına çəkir, tamaşaçılara) E-eh, vaxtıynan o qədər içmişəm bu pustırnikdən ki. Hamıya da onu yazırdım. Odı ki də, o addı-sannı, bazburuddı həkimlər dura-dura, camaat mənim üstümə axışırdı da! Onda hələ heç dükanı açmamışdım. Medsestralığa gedirdim. Sedmoy paralelnidə. İynəni elə vururdum, vurduran diyirdi «bir də vur!» Şprisi bax, belə tuturdum, (Qulamı skamyaya yıxıb əlindəki «şprisi» onun yanına sancır) şa-rap! (Qulam yanına iynə batmış tək çığırır) Nə va alə? Bir şey hiss elədün bəyəm?

Qulam. Yo-ox…

Məxmirə (tamaşaçılara). Mən nə diyirəm? Odu ki də, hamı ölürdü mənim iynəmdən ötrü də!

Qulam (heyrətlə). Siz… iynə də vurmusuz?..

Məxmirə. İynə də vurmışam, imalə də qoymuşam, bilməy istəsön,  belə qəssablığ da eləmişəm! Təki pul çıxsun! (Baş barmağını göstərir) Budey, qəssablığdan qalan nişanə! (Ağzının içində) Allah bilə, hansı klientimin payına düşüb.

Qulam. Siz… Mənim ağlıma belə, gəlməzdi ki, sizin kimi… Belə bir aktrisa… qəssab işləmisiniz. (Tamaşaçılara) Amma bu dünyada nələr olmur ki?

 

Hardansa yaxın məsafələrdən vıyıltıyla ötən qatarın səsi eşidilir.  

Vağzal saatı zəngini çalır.

 

Məxmirə (skamyanın kürəkliyinə yayxanır). Amma sözün düzünə qalanda, (çönüb Qulama) təmiz söhbət də, qərdeş… Mənim ən böyük arzum bilirsən nolub?.. (Tamaşaçılara) Otellonu oynamaq! (Qulam dik atılır.)

Məxmirə ayağa qalxıb çamadanın qapağını açır, ordan çıxardığı qara rəngli pariki başına keçirir, uzunətəkli ağ kimanonu əyninə geyinir, başını çamadanın qapağı arxasında gizləyib orda üzünə nə isə yaxır.

Musiqi. Məxmirə çamadanın qapağını bağlayır və Otellonun qiyafəsində – qara qrimdə səhnənin ortasında dayanır. Şeypur səsləri eşidilir. Qulam xoflu nəzərlərlə ətrafına boylanır, gözü Məxmirənin qara qrimlə rənglənmiş zənci üzünə sataşanda ağzı açıla qalır.

Məxmirə xırda addımlarla pərdənin arxasına qaçır, çox keçmir ki, ordan iri, ağır addımlarla çıxır. Qulam vahimə içində onun hərəkətlərini izləyir.

 

Məxmirə (ətrafını seyr edə-edə qalın basla). Heyhat!..

Bu sərinlik…

Bu könül oxşayan gözəl laləzar,

Bu donuq baxışlı, süd üzlü bahar

De, kimə lazımdır sənsiz, ey nigar?..

Reproduktordan səs. Diqqət! Diqqət! Sərnişinlərin nəzərinə! İkinci, üçüncü, altıncı xətlərdən yola düşən qatarlara minik başa çatmaq üzrədi! Sərnişinlərdən xahiş olunur, yerlərini tutsunlar. Təkrar edirəm. İkinci, üçüncü…

Məxmirə (dik atılır, Qulama). Bizimkini diyir! Zirəy tərpən! (Özünü çamadanlara atıb, cəld hərəkətlərlə yır-yığış edir)

 

Perronun dərinliyində Nəzarətçi görünür. Yolun o biri üzündə dayanan kimlərəsə göstərişlər verə-verə, o baş-bu başa yeriyir.


Nəzarətçi. Ay uşağ, qırağa çəkil! Görürsuz da, işarə qoyulub! Sənnənəm, ay xala! Bir başuu qaldır, yol nişannarına bax! Ayə, ayə, hara soxursuz özuuzu? Qatar görməmisıız, nədi?.. 

Məxmirə (Qulama, astadan). Sən diyan hələ bir. (Skamyaya oturur, Qulamı da yanında oturdur. Qulama.) Fikir ver, indi guya bu vəzifə başındadı. Kişinin oğluna hələ bir balaca səlahiyyət verilib a-a! Gör nə hoqqadan çıxır! Gör ki, indi buna Allah eləməmiş-Allah eləməmiş, ağıllı-başdı bir vəzifə verilə ya!..

Nəzarətçi (Məxmirəgilə yaxınlaşır, rəsmi tonda). Vətəndaş sərnişinlər… (gözü Məxmirənin qara üzünə sataşır) Bıy? Bu… (Qulama) Bu kimdi belə? Əcnəbidü? (Qulam döyükmüş halda çiyinlərini çəkir. Məxmirəyə) Ay yoldaş, siz…

Məxmirə. Əlnən danışma, alə!

Nəzarətçi (duruxur). A, bu… sizsüz? Üzüuz niyə bu rəngdədi?..

Məxmirə. Günnən qaralıb, sora?..

Nəzarətçi (başını qaldırıb göyə, sonra yenə Məxmirəyə baxır). Nə deyirəm, özüuz bilən yaxşıdı. Bəs niyə minmirsüz? Vaxtuvuza az qalıb axı?!

Məxmirə (qollarını qoltuğuna vurur). Kefimizə belə düşüb!

Nəzarətçi (Qulama, rəsmi). Vətəndaş, siz biletüüzi göstərün.

Məxmirə (Nəzarətçinin əlini itələyir). Əlüvi yığışdır, alə!

Nəzarətçi. Ay qardaş… tfu, ay xanım, niyə bizi işləməyə qoymursuz? Hər şeyin də bir əndazəsi var axı?! 

Məxmirə (ağzının içində). «Axı» lar öldürsün səni elə! (Sumkasından çıxardığı bileti Nəzarətçiyə uzadır) Gələ, sox gözüvə! Esveyədi! İkinəfərriy!

Nəzarətçi (bileti əlinə alır, gözü Məxmirədə). Bəs axı siz… (astadan) niyə bu rəydəsüz?..

Məxmirə (üzünü yana çevirir). Əstəğfürullah, işə keçmədiy?!

 

Nəzarətçi bileti cibindən çıxardığı əl fənəri ilə yoxlayır, arada bir fənəri Məxmirənin üzünə də tutur.

 

Məxmirə. Fənərüvi yığışdır, alə! Salaram onı təpiyimin altına, xıncım-xıncım eliyərəm. Biletüvi yoxla.

Nəzarətçi (biletə baxır). Ay bacım, ay anam, bu, bilet döyül axı?!

Məxmirə. Genə axı. (İztehzayla) Bilet döyül, hə? Bəs nədi?

Nəzarətçi (bileti əlinin içində o yan-bu yana çevirə-çevirə). Pamoymu bu, harasa buraxılış vərəqəsidi. İnanmırsuz, özüuz baxun. Budey, küncündə «Dinamo» yazılıb.

Məxmirə (bileti əlinə alıb baxmadan, tamaşaçılara). Bisavaddığın dərəcəsinə bax da! Millət gör nə gündədi! (Biletlə üzünü yelləyə-yelləyə Nəzarətçini altdan yuxarı kinayə ilə süzür) Azərbaycanca da oxuya bilmirsən, ay bədbəxt? Burda ki, aydın yazılıb?! (Biletdə yazılanları oxumaq  istəyəndə duruxub qalır) A-a?! Mənə bax e! Dinamoya buraxılış vərəqini verirəm e, sənə! Diyan-diyan, bu saat. (Əl sumkasının içində eşələnir)

Nəzarətçi (Qulama işarəylə). Bu vətəndaş sizinlədir?

Məxmirə (başı bilet axtarmağa qarışıb). Həri-həri, məniynəndi.

Nəzarətçi (Qulama yaxınlaşır). Sənədlərinizi xahiş edirəm.

Qulam (kəkələyir). S-sənəd? Hansı sənəd?

Məxmirə (ayağa qalxıb sumka əlində, Nəzarətçinin üstünə yeriyir, onu qarnıyla itələyə-itələyə skamyadan uzaqlaşdırır). Bura bax a, həddüvi aşırsan a-a! Səhərdəndən dimmirəm, ağını çıxartdun a, lap!

Nəzarətçi (geriyə səndələyirsə də, özünü toplayır). Xanım, mən nə dedim ki?! Biletləri yoxlamaq mənim vəzifə borcumdu!

Məxmirə (nəzarətçinin ağzını əyir). Vəzifə bocumdı! Nədi alə, sənün vəzifə borcun, camaatı dığlatmağ? Səhərdənnən göz verib işığ vermirsən, (başıyla reproduktora işarə edir) o birini də dəyqədə bir öyrədib salırsan ortaya, elə bilirsən başa düşmürəm? (Nəzarətçi nə isə demək istəyirsə, imkan vermir) İstəyün nədi, balam di, biz də biləy atam də-ə! Nə vermisən bu yetimə, ala bilmirsən, hə? (Nəzarətçinin yaxasından yapışır) Bu bədbəxtin qol-qanadını qırmağ istiyirsən?

Nəzarətçi (Məxmirənin əlində vurnuxur). Ay xanım, belə olmaz, vallah! Hər şeyin öz qaydası var. Qanad öz yerində, sənəd öz yerində.

Məxmirə (Nəzarətçini necə itələyirsə, o səndələyib yerə oturur). Dijurnı olub məəmçün! Mən buralarda drujinnikliy eliyəndə, Alla bilə haralardaydun…

Nəzarətçi (ayağa qalxıb üst-başını çırpır). Özuuz bilərsüz. (Gedir) Amma sənədləriniz qaydasında deyilsə, yolda probleminiz çıxacaq. Ona arxayın ola bilərsüz.

 

Nəzarətçi gedə-gedə qatarların hərəkət cədvəlini də sürüyüb özüylə aparır, səhnənin arxasında dayanan kimlərəsə işırə edir və bir neçə əcaib qiyafəli adam səhnəyə çıxaraq, işıq dirəklərini və skamyaları da sürüyüb aparırlar. Perronu andıran məkan tamamilə boş qalır.

Qulam vahimə dolu gözlərlə baş verənləri izləyir.

 

Məxmirə (perronda baş verənləri sezmir, tamaşaçılara). Bu da bunun nəzarətçisi! Hamı bu gündədi ya! O bunun sənət aləmi, bu, bunun vağzalı… Bu milləti oyatsa-oyatsa, mənim o üçpərdəli, dördşəkilli faciəm oyada bilərdi, onu da xudsovetdən buraxmadılar. Ələlxüsus da, o axırıncı səhnə! Qiyamət günü səhnəsi! (Əlini-əlinə vurur, gözlərində qığılcımlar oynayır) Şedevrdi, şedevr! (Ovsunda) Diməy, lap axırda, onda ki, insannar axır başa düşüllər ki, hər şey, sən demə, boş xülya imiş… (şəhadət barmağını, nəyəsə işarə verirmiş kimi yuxarı qaldırır) Yer titrəməyə başlayır! U-u-u!.. (Yerin altından həqiqi zəlzələ uğultusu eşidilməyə başlayır.) Bu məqam ha tərəfdənsə şahə qalxan güclü külək torpağı göyə sovurur! (Küləyin səsini ağzıyla imitasiya edir və möhtəşəm külək uğultusu eşidilməyə başlayır. İşıq dəyişir. Qorxulu musiqi. Səsi uğultuların içiylə əks-səda verir.) Göy üzü şimşəklərdən dağılır!..

 

Möhtəşəm ildırım çaxıntıları. Zələzələ uğultsu, külək vıyıltısı göy gurultularına qarışır. Külək Qulamı yerindən laxladıb səhnənin dərinliyinə aparır.

     

Məxmirə (saçları küləkdən bir-birinə qarışa-qarışa, səsi uğultunun içiylə əks-səda verir). İnsanlar başlarını itiriblər… hərə bir yana qaçır... Nə ana oğlunun hayındadı, nə qardaş bacının, nə ər arvadının...

 

Şimşək və kulək uğultusu getdikcə güclənir. Külək hardansa sovurub gətirdiyi bir yığın müxtəlif rəngli əlcəkləri, papaqları, şərfləri və çətirləri «perrona» dağıdır. Qulam küləyin müqavimətindən laxlaya-laxlaya, səhrada azmış tək, Məxmirəni axtarır. «Məxmirə!!!» deyə qışqırırsa da, səsi uğultunun içində itib-batır. Uzaqlardan ötən sürət qatarının vahiməli fiti eşidilir. Qulam ayaq saxlayıb səs gələn tərəfə baxır.

 

Məxmirə (Qulamı sezmir, küləyin müqavimətindən yerində laxlaya-laxlaya). …Bu məqam uca yüksəkliklərdən-qeybdən səda eşidilir!.. (Qarpız yeşiyinin üstünə dırmaşıb, bas səslə) Ey Adəmin övladları! (Səsi əks-səda verir. Küləyin uğultusu, şimşək çaxıntıları.) Siz yuxudasız!.. Qulaqlarınız da, gözləriniz də möhürlüdü…

 

Külək vıyıltısı getdikcə güclənir. Qulam dayaqlanmaq üçün yer axtarırsa da, əli, ayağı havadan asıla qalır, Məxmirəni çağırırsa da, səsi küləyin uğultusunda itir.

 

Məxmirə (həmin səslə). …İndi deyin!.. Dadınıza kim çatacaq?.. Nə kömək olacaq bu gününüzdə sizlərə?.. (Şimşək çaxıntıları. Səsi enir.) Bir-birinizin gözünə yaxşı görünməyə çalışdınız... (kədərlə) Düşündünüzmü, bir gün də Mənim gözümdə yaxşı görünəsiz?.. (Qarpız yeşiyinin üstündən düşüb əks səmtdə dizi çökür, əllərini sinəsində cütləyib yalvarışla qarpız yeşiyinin üstündəki boşluğa) Keç günahımızdan, pərvərdigara! Əhv et, ey Rəhmli! Kömək ol, bizlərə! (Başını aşağı salır, qəhərli səslə) Biz, həqiqətən, sənin günahkar bəndələrinik… (tamaşaçılara, astadan) Bunı adamlar diyir.

 

Ecazkar işıq bərqləri. Məxmirə işıq bərqlərinə ayılıb geriyə çevrilir. Qatar çarxlarının və fitinin səsi getdikcə güclənir. İşıq dəyişir.

Musiqi. Qulam qollarını geniş açaraq, işıq selinə daxil olur. Hardansa peyda olan əcaib qiyafəli Nəzarətçi onun qabağını kəsirsə, küləyin müqavimətindən geriyə səndələyib havadan asılı qalır. Qulam işıq selində yoxa çıxır.

 

Məxmirə. Qulam! Hara-a-a?.. Qula-a-am!!!

 

Sürətlə uzaqlaşan qatarın səsi və fiti Məxmirənin səsini eşidilməz edir. İşıq dəyişir. Məxmirə Qulamın ardınca qaçır və o da işıq selinə düşür.

Qatar fitinin və çarxların səsi getdikcə uzaqlaşır və itir. Məkana qaranlıq çökür. Qaranlığın məchul dərinliyindən «Per Günt» operasından asta melodiya eşidilməyə başlayır. Məkan aramla işıqlanır.

Məxmirə səhnənin tən ortasında qara qrimdə, Otellonun uzunətəkli ağ libasında dayanıb. Bayaqdan perron təəssüratı bağışlayan məkanda üst-üstə qalanan bir neçə çamadandan və fikusdan savayı heç nə gözə dəymir.  Məxmirə əlini başına aparıb pariki çıxarır. İşıq və musiqi dəyişir. Məkan əlişamlı insan siluetləri ilə dolur. Hamı dua oxuyur.

 

Məxmirə (dizi üstə düşür, əllərini sinəsi qarşısında cütləyib kədərlə). Ey Adəmin övladları! Göylər Mənim Buyruğumla sütunsuz dayanır, sizlərin qəlbi isə sahmanlanmır ki, sahmanlanmır...

Arxadan eşidilən ürkək insan səsləri. Biz səni eşidirik və sənə iman gətiririk!..

Məxmirə (əlini şəhadət verirmiş kimi, yuxarı qaldırır). Ey iman gətirənlər!.. Məni  tez-tez anın, şükür edin ki, bağışlanmışlardan olasınız!

 

Qəfildən tamaşa zalının işıqları yandırılır. Siluetlər və yanar şamlar gur işığın içində əriyib yoxa çıxır. Məxmirə tamaşaçı zalını görcək, ayağa sıçrayır.

 

Məxmirə. Oy!.. (Çaşqın halda yerində vurnuxur.) Mən… Bura haradı?.. 

 

Səhnəyə xidməti geyimdə fəhlələr daxil olurlar, özləri ilə sürüyüb gətirdikləri işıq dirəklərini, vağzal saatını, skamyaları və qatarların hərəkət cədvəlini yerbəyer eləyirlər.

 

Məxmirə (həyəcandan pörtə-pörtə, son dərəcə nəzakətlə tamaşaçılara). Bağışlayın, siz Allah. Mənim heç ağlıma da gəlməzdi ki... (çaşqın nəzərlərlə gah fəhlələrə, gah tamaşa zalına baxır, tələsik hərəkətlərlə üst-başını, saçlarını səliqəyə salır, pərt təbəssümlə) Axı mən… Mən, doğrudan, düz sözümdü vallah... bilet almışdım! Esveyə. İnammırsuz?.. (Çamadanlarına işarə ilə) Bu da mənim çamadannarım…

 

Səhnəyə ətrafında köməkçisi və assistenti Rejissor daxil olur.

 

Rejissor (Məxmirəni görüb ayaq saxlayır, əsəbi halda harasa, səhnənin arxasına). Bunu yenə kim buraxıb bura?.. (Məxmirə rejissoru görüb özünü lap itirir, harasa dayaqlanmaq, ya gizlənmək üçün yer axtarırsa da, tapa bilmir və yerində vurnuxa-vurnuxa qalır) Axı belə müsibət olmaz, ay başuuza dönüm?! Belə işləmək olmaz, vallah, billah olmaz! (qəfildən əsəbi çığırtıyla) Bu xarabanın bir gözətçisi var, ya yox?.. (yanındakılara) Sizinləyəm!!!.. (əllərindəki kağız-kuğuzu yerə çırpır və əsəbi addımlarla çıxır.)

 

Rejissor assistenti fəhlələrə nə işarə verirsə, onlar əllərindəki işi atıb Məxmirəni dövrəyə alırlar. Biri çamadanları və fikusu, o birilər Məxmirənin qoluna girib onu çıxışa sarı sürüyürlər.

 

Məxmirə. Buraxın məni! Burax, diyirəm! (Ayaqlarını yerə dirəyib müqavimət göstərirsə də, fəhlələrə gücü çatmır. Qəfildən rejissora işarə ilə.) Məniynəndi o?.. A balam, nə ox olub batmışam bunun gözünə? (Fəhlələrin əlində vurnuxursa da, onu sürüyürlər) Neyniyirəm axı, mən-yazıx? Kimə mane oluram?.. Kimin yerini dar eləmişəm?.. Rol vermir, verməsün də, vurub öldüricey məni?..

Birinci fəhlə (müəllim təbiri ilə). İcazə vermir də, xanım, incimiyin. (Rejissora işarə ilə astadan) Görürsüz də, əsəbiləşir, sora da hirsini bizim üstümüzə tökür.

Məxmirə (sivişib fəhlələrin əlindən çıxır, ayaqlarını yerə dirəyib, əllərini belinə vurur). A, siz elə bilirsüz mən nədi, tiatrdan ötrü ölürəm? Belə tüpürüm… (qəfildən susur, yazıqlaşır) Məni bu günə o qoymadı bəlkə?..

İkinci fəhlə. Nahaq bizə qeyzlənirsiz. Biz kimik ki?.. (Məxmirənin qoluna girib çıxışa sarı sürüyür) Bu gün o, ümumiyyətlə, əsəbidi. Premyera günü həmişə belə olur. Özünüz bilirsiz də.

Məxmirə (ildırım vurmuş kimi, dayanır). Premyera? Nə premyera? (Qəfildən müəllim təbiri ilə) A bala, göydən daş yağır, dünya od tutub yanır, şəhərrəri su aparır, meşələr özünü yandırır, siz də tutmusuz elə premyera! (Fəhlələr onu çıxışa sürüyürlər)

Birinci fəhlə (Məxmirəni çıxışa sarı sürüyə-sürüyə). Bir azdan tamaşa başlanacaq, camaatı zala buraxacaqlar.

İkinci fəhlə. Belə də olmaz axı, ay Məxmirə xanım. Axı sizi o cürə təmtərağnan yola saldılar, şəklinizi foyenin yuxarı başından asıblar, özünüz görmüsüz. Adamı tay nə cür yola salallar? Vallah da! Gedün evə, dincəlün. (Məxmirəni çıxışa sarı sürüyür)

Məxmirə. Evə?..

İkinci fəhlə. Evə-evə.

Məxmirə (vurnuxub fəhlələrin əlindən çıxır, doluxsunmuş halda tamaşaçılara). Heç özüm də bilmirəm niyə gəlib çıxdım axı bura?!.. Mən ki, vağzala yollanmışdım?!.. (Fəhlələr qollarından yapışıb onu çıxışa sürüyürlər. Fəhlələrə yazıq-yazıq) İnanmırsuz vağzala yollanmışdı-ım? Doğurdan, inanmırsu-uz? Biletimi göstərim? (Vurnuxub sumkasını götürmək istəyirsə, fəhlələr imkan vermirlər.) A bala, burax göstərim də-ə! (Qəfildən qoçusayağı sağ tərəfindəki fəhləyə) Əlüvi çek alə!.. Diyirəm çek əlüvi! İnanmırsuz, biletim var?..  Bu ölsün var, özüm ölüm, var! (Fəhlələr Məxmirəni səhnədən çıxarırlar. Bir müddət onun səsi səhnənin arxasından eşidilir) Dinən, sən öl, inammıram?.. Dinən, bu ölsün inammıram?..

 

PƏRDƏ

 

                                                                                                   

 

2006