Ədəbi yaradıcılıqda müstəsnalıq: Afaq Məsud nümunəsi

Esmira FUAD

 

Belə deyir əsərlərində “əhvalatların deyil, hisslərin süjetini quran”, dövrümüzün olduğu kimi görünən və göründüyü kimi də olan məsud yazarı Afaq Məsud...

Onun üçün ədəbiyyat məhz bu qutsal missiyanın daşıyıcısı, özünün özü ilə qala bilmək şansıdır. Bu şansın verdiyi imkanlarla iç dünyasını yansıtmaq, yazdıqlarını – “əlini, ayağını hiss elədiyi kimi, özündə, canında hiss eləmək vasitəsidir...” Bu vasitə ilə qurdu özünün bənzərsiz sənət dünyasını... Tənhalıqdan, öz-özü ilə baş-başa qalmaqdan qorxmayan və bu halın insanın özünüdərki üçün önəmli məqam,Tanrıya yaxınlaşma məqamı olduğunu dərindən anlayan xanım yazarın səmimi etirafının oxucu üçün də maraqlı olacağına əminəm: “Mən tək deyiləm. Və əgər siz özünüzü ailənizə, uşaqlarınıza, yaxud, dostlarınıza görə tənha saymırsınızsa, səhv edirsiniz. O ailədən və dostlardan məndə də var. Lakin onların arasında da mən təkəm. Fərqimiz bundadır ki, siz həqiqətin astar üzünə baxmaq istəmirsiniz. Təbii ki, bu bir qədər qorxuludur. Özünüzü tənha hiss etdiyiniz adda-budda məqamlarda bu «qəramət» fikirləri özünüzdən qovursunuz. Mənsə əksinə, onların izinə düşüb ardınca gedirəm. Qiymətli qazıntılar axtaran arxeoloqlar kimi. Və getdikcə də anlayıram ki, əslində, siz deyən təklik, yalqızlıq - Günəşlə Ayın növbələnməsi qədər təbii, həm də insanın özünüdərki üçün mühüm əhəmiyyətli bir haldır. İnsan İlahini yalnız o məqamlar duya bilir”.

Bu özəllik onu çağdaş Azərbaycan nəsrinin özünəməxsus simasına, ədəbiyyatda təkcə Azərbaycanın deyil, bütün Şərq qadınlarının səsinə çevirdi...

O, 1957-ci ilin isti yay günlərindən birində, iyun ayının 3-də Bakı şəhərində doğulub. 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Orta məktəb və tələbəlik illərində uzun yay tətili zamanı atası - Məsud Əlioğlunun zəngin kitabxanası onun ən sevimli məşğuliyyət məkanı olub. Hazırda ömrünün kamillik çağını yaşayan və mütaliə etməyə zamanı çatmayan yazar xanım həmin vaxtlarda atasının kitabxanasındakı, üstəgəl Moskvada nəfis tərtibatla çap olunmuş 350 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından olan bütün kitabların, Con Steynbek, Uilyam Folkner, Xulio Kortasar, Moris Meterlinq, Miqel de Unamuno, Bomarşe və b. dünya yazarlarının əsərlərinin, demək olar ki, hamısını oxuyub. Azərbaycanfilm kinostudiyasında redaktor, redkollegiyanın üzvü (1979-1986), kinostudiyanın direktoru (1986-1988) vəzifələrində çalışıb. Sonralar bütün varlığıyla ədəbiyyata bağlanıb, həyatını, mənalı ömrünü söz sənətinə həsr edib.

Afaq Məsud 1990-cı ildən etibarən isə Azərbaycan Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin direktoru, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktorudur. Əsərləri rus, ingilis, fransız, polyak, özbək və fars dillərinə tərcümə edilib. Günümüzədək onun ”Üçüncü mərtəbədə (1976)”, “Şənbə gecəsi (1980)”, “Keçid (1984)”, “Tək (1987)”, “İzdiham (1991)”, “Subbotnıy veçer (Moskva, 1984)”, “Azadlıq” (1997)”, “Yazı” (Azərbaycan və ruz dillərində-2005) kitabları nəşr olunub. “Azadlıq”, “Dəfn”, “II İohann”, “İzdiham”, “Fatma”, “Suiti”, ”Üzü işığa” romanları və  “Qəza”, “Başlanğıc”, “Aysun”, “Can üstə”, “Dovşanın ölümü”, “Gecə”, “O”, “Mədət”, “Qəza”, “Sərçələr”, “Uydurma”, “Qu quşu”, “Öldürdülər”, “Tək”, “Şənbə gecəsi”, “Alman kilsəsi”, “Bekar” və “Qorxulu hekayələr” “Dahi”, “Müvəkkil Vaysman”, “S.V.A.C.O”, “Prezident” və digər hekayələri ən çox oxunan və böyük oxucu marağına səbəb olan ədəbiyyat nümunələrindəndir.

 “Can üstə”, “O məni sevir”, “Yol üstə” pyesləri səhnələşdirilib. Əsərləri əsasında “Sərçələr” və “Qonaqlıq” televiziya tamaşaları hazırlanıb, “Gecə”, “Qəza” kimi filmlər çəkilib, “Can üstə”, “O məni sevir” pyesləri isə “Yuğ” Dövlət teatrında da tamaşaya qoyulub.

Afaq xanım Q.Q.Markesin “Patriarxın payızı” və T.Vulfun “Dünyanın hörümçək toru” romanlarının, qədim sufi əlyazmalarının – özünün “ilk növbədə, İlahi işığın daşıyıcısı olan, “Don Kixot”, “Qarqantua və Pantaqruel”, “Leyli və Məcnun” kimi... odda yanmayan və zaman küləklərinin tozanağında bozarmayan” xüsusi növ mətnlər adlandırdığı M.Nəsifinin “Mövcudluq haqqında həqiqət”, Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzalinin “Səadət iksiri”, “Oğluma məktub”, “İlahi bilik”, İbn Ərəbinin “Məkkə açıqlamaları” və s. əsərlərinin Azərbaycan türkcəsinə professional çevirisini gerçəkləşdirib. Əl-Qəzalinin “Yanlışlıqlardan qurtaran” elmi-mistik traktatının tərcüməsi üzərində işi bu gün də davam etdirir... Əməkdar incəsənət xadimi, “Humay” Milli mükafatının laureatıdır. İyunun ilk günlərində bu sıraya Dövlət başçımız İlham Əliyev tərəfindən yenisi də əlavə olundu və uzun illərin gərgin əməyi, mücadiləsi ölkənin ən ali mükafatlarından olan “Şöhrət” ordeni ilə dəyərləndirildi...

O, keçən əsrin 80-ci illərində ədəbi prosesə qoşulub və maraqlı süjetli hekayələri ilə qələmdaşları arasında seçilib, qısa müddət ərzində ədəbi aləmdə tanınıb. Hətta xanım yazarın özünün etiraf etdiyinə görə, o illərə “Sərçə”, “Dovşanın ölümü”, “İzdiham” və s. kimi əsərlər yazılan dövrlər deyirmişlər. “Həsən əmi” adlı ilk hekayəsi isə tələbəlik illəri zamanı -1977-ci ildə “Ulduz” jurnalında çap olunub. Lakin mayasında doğuluşdan yazıçılıq kodunu daşıyan qızcığaz hələ dördüncü sinifdə oxuyarkən özünü bu yolda sınamağı düşünüb və “Qarğalar nə üçün qarıldayır?” adlı balaca bir nağıl da yazıb. Yazıçılıqla ciddi surətdə məşğul olmağa isə ali məktəbin ikinci kursunda oxuyanda “Həsən əmi” adlı ilk hekayəsi ilə başlayıb. Hekayə onların qonşuluğunda yaşayan qocaman bir şairin, “şairlik peşəsinə” heç cür uyuşmayan bomboz həyatından bəhs edir. “Onun və ailəsinin yaşadığı boz əşyalarla dolu ev, bu evin, az qala saat mexanizmini andıran ölü həyatı həmin vaxt gənc Afaqın qəlbində qəribə, sıxıntılı hisslər yaratmışdı. Həsən əminin “şairliyi” vəzifə kimi yerinə yetirməsi, hər gün işə gələn adam kimi yazı masasının arxasına keçərək günün müəyyən vaxtlarını saat dəqiqliyilə şeirlər yazmasına qəribə baxan qıza onun bu sxematik həyat tərzi çox güclü təsir göstərmiş, uzun müddət o darısqallıqdan, o çıxılmaz bozluqdan xilas ola bilməmişdi...

“Hiss edirdim ki, onun bozluğu, yaşadığı evi hardasa yaxındadı, məni boğur, məhv eləyir... Xilas yolunu yazmaqda gördüm və bir gün masa arxasında oturub canıma yeriyən bu sıxıntını kağıza köçürdüm və xilas oldum. Anladım ki, bu üsulla - yəni kağız və qələmlə istənilən maneədən xilas olmaq mümkündü. Beləliklə də yazıçı oldum. Lakin illər ötdükcə, məni sıxıb əzən, yaşamağa qoymayan maneələr mənimlə bir böyüməyə, ağıllanıb güclənməyə başladılar və mənə, qələmi kənara qoymağa imkan vermədilər”.

 

Afaq xanım “İnsanın özünün özünə etiraf etmək istəmədiyi, yaxud, bunu edə bilmədiyi gizli psixoloji məqamların, o zaman dilə gətirilməsi yasaq olunan nəsnələrin bədii təsviri mühüm yer tutan ilk hekayələri (“Sərçələr”, “Dovşanın ölümü”, “İzdiham”, “Uydurma”, “Qəza”) ilə Azərbaycan ədəbiyyatını o zamana qədər qəbul olunmuş ənənəvi çərçivələrdən çıxarmağı bacarıb. O, ədəbiyyata gözəl söz və cümlələrin yığnağı, qafiyəpərdazlıq, hadisələrin uzun-uzadı bədii təsviri kimi baxmayıb... “Ənənəvi çərçivələri yıxıb-dağıdan”, öz daxili “Mən”inə qarşı çıxa bilməyən A.Məsud insanın özünün özünə etiraf etmək istəmədiyi, yaxud, edə bilmədiyi, hətta bundan qorxduğu gizli psixoloji məqamlara meydan vermək yolunu tutub. Müasiri olduğu insanın daxili iztirablarını dövrün sosial mənzərələri fonunda deyil, elə insanın özünün dünya, gerçəklik, Allah, axirət… haqda qarmaqarışıq düşüncələri fonunda göstərməyə daha çox diqqət yetirib... Beləliklə də xanım yazar tezliklə özünü çağdaş Azərbaycan nəsrinin ən fəal yaradıcılarından biri kimi təsdiqləyə bilib. Bu məqamda istər-istəməz bir sual doğur: Afaq Məsud nəsrində onu orijinal edən, digər üslub və tərzlərdən fərqləndirən hansı cəhətlər mövcuddur?

Öncə qeyd edək ki, o, görkəmli nasir Əli Vəliyevin nəvəsi, istedadlı tənqidçi Məsud Əlioğlunun qızıdır. Deməli, genetik kodun davamı, məhz onun simasında qələbəsi Afaqın bədii-fəlsəfi irsində bir daha öz təsdiqini tapıb.

Əli Vəliyevin nəsr əsərlərindən məlumdur ki, yazar, əsasən əhvalatlar və bu əhvalatların dinamik süjet çərçivəsində çözümü ilə tanınır. Ədibin iri həcmli “Budağın xatirələri” romanı XX əsrin əvvəllərində Azərbaycan gerçəkliyini yaradan əhvalatların əsl yazıçılıq səriştəsilə roman dilinə köçürülməsidir. Daha doğrusu, bu, həm də ənənəvi romançılıq çərçivəsində yazılmış bir əsərdir. Afaq bu kimi ənənələrin konturlarını o dərəcədə genişləndirmiş və hətta sınırlarını o qədər aşmışdır ki, onun adicə hekayələri ilə babasının ədəbi nəslinə məxsus mətnləri xəyalən də olsa, müqayisə etmək mümkün deyil. Bu, ənənəni danma, ona xor baxma yox, sadəcə Azərbaycan nəsrinin qısa bir zaman kəsiyində xeyli dərəcədə inkişaf edib zənginləşməsi, modernləşməsi ilə bağlıdır. Onun üslubu və dünya duyumu son dərəcə orijinaldır. Buna görə də yaratdığı bədii mətnlər həm altmışıncı, həm də öz nəslinin - 1970-1980-ci illərdə ədəbiyyata gələn qələmdaşlarının bədii yaradıcılığından xeyli dərəcədə fərqlənir.

“Duyğular imperiyası” adlı esselər silsiləsindəki bir deyimi daha çox diqqət çəkir: “Ədəbiyyat - əhvalatların deyil, hislərin süjetidir...” Bu fikrin Afaq Məsudun mütaliəsi və ya bədii yaradıcılığının yekun nəticəsi olaraq orijinal bir şeir nümunəsi kimi bədahətən ürəyindən qopub dilinə gəldiyini də düşünmək olar. Çünki ədəbiyyat onun üçün ürək ağrılarının tərcümanı, eyni zamanda duyğularının, özünün iç dünyasının səmimi ifadəsi, etirafıdır: “Mənim üçün ədəbiyyat ağrını candan çıxarmaq imkanıdır, o ağrını ki, hətta özünə belə deyə bilmirsən, ümidin yalnız kağıza və qələmə qalır. Bu, hardasa, etirafdır. Yazmaq həvəsi məndə yalnız bu anlarda yaranır - yəni, o izah olunmaz ağrını kiminləsə bölüşmək istəyəndə. Sakit bir guşəyə çəkilib kağız və qələmlə baş-başa qalanda mən özümü sanki Tanrı dərgahında hiss edirəm...” Əslində etiraf etmək mənliyinə, kimliyinə dəyər verməyi bacaran cəsarətli, daxilən zəngin insanlara xas özəllikdir. Etiraf etməyi bacarmaq bütün dövrlərdə şəxsiyyətin böyüklüyü kimi qəbul olunub...

Yuxarıdakı sualın cavabını 2012-ci ildə “Avrasiya-Press” nəşriyyatında Afaq Məsudun müxtəlif illərdə qələmə aldığı “Gecə”, “Qəza”, “Durna”, “Dovşanın ölümü”, “Sərçələr”, “Kirxa”, “Aysun”, “Qadın”, “Müvəkkil Vaysman”, “Dahi”, “S.V.A.D.J.O”, “Prezident”, “Can üstə” hekayələri, “İzdiham” romanı, “II İohann Pavel” roman-hekayəsi, “Duyğular imperiyası”, “Qatarın altına atılan qadın”, “O məni sevir” və “Can üstə” pyeslərinin də daxil edilərək rus dilində çap olunan “Roman-hekayə” (“Roman-rasskaz”) adlı kitabına nəşrin redaktoru Rusiyanın tanınmış yazarı və ədəbiyyat tənqidçisi Lyudmila Lavrovanın yazdığı ön sözdən də ala bilərik. Rusdilli oxucuları insanı, qadını aynada göründüyü kimi özünə göstərən və azadlıq, özgürlük duyğuları üstündə köklənən Afaq Məsud dünyasına dəvət edən L.Lavrova yazır: “Azərbaycan yazıçısı Afaq Məsudun əsərlərində heyrətamiz bir xüsusiyyət var. Müasir dövrün kəskin problemlərini özündə əks etdirən nəsrində o, hələ reallıqda üzə çıxmayan, baş verəcəyi zəruri olsa da, hələ ki, insanların həyatlarında və talelərində özünü büruzə verməyən bir xeyli mətləbləri də qabaqcadan görə bilir. O, bunlar barədə insana elə məhrəm sirlər açır ki, oxucuda şübhə yaranır: Bütün kainatla gözəgörünməz saplarla əlaqəli olan insan təbiətinin bu qədər dərinliklərinə toxunmaq bacarığı olan bu yazıçı bəlkə elə öncəgörəndir? Bu yerdə Saltıkov-Şedrinin Dostoyevskinin romanları haqqında dəqiqliyinə görə dahiyanə bir qeydi yada düşür: “O, bu yerdə öncəgörmə və öncəduyma ərazilərindən çıxış edir.” Mixail Yevqrafoviç bu zaman heç də sənətkara gələn vəhyləri nəzərdə tutmur, onun üçün Dostoyevski istedadı hardasa öndərlik və yolgöstərənlik istedadı deməkdir. Bu insan hələ təyin olunmayan nəsnələrin xəbərini verir. Oxşar sirri-xuda Afaq Məsudun artıq dünyasını dəyişmiş Roma Papası II İohann Pavelin Bakıya səfərindən bəhs edən roman-hekayəsində də var. Bu yığcam əsər, demək olar ki, sənədlidir, onu hətta oçerk də adlandırmaq olardı, əgər... Əgər bu sadə, hətta hardasa quru mətndə “göy üzü laxlayıb” açılmasaydı, insan məişətinin cəhənnəm odu püskürməsəydi, arzuolunan yeniliklərin “öncədən görünən” göy qurşağı gözə dəyməsəydi...”

 “Özünü Tanrı dərgahında hiss edə bilən” yazarın nasir kimi üslubu hələ ki, yetərincə tədqiq olunmayıb, konturları tam müəyyənləşdirilməyib, pərdəarxası gizlinləri, sirləri bütünlüklə açılmayıb. Doğrudur, bir-birindən ilginc nəsr əsərləri bir neçə elmi tədqiqat işlərinin, araşdırmaların predmeti olub və hətta Vyanalı araşdırmaçı Sena Dohan onun bədii mətnləri əsasında “Avropa şərqşünaslığında qadın yazarlar” (2000) adlı maraqlı bir dissertasiya da yazaraq müdafiə edib. Daha sonralar isə onun yaradıcılığı, xüsusilə nəsri haqqında “Afaq Məsudun nəsri (2003)“, ”Afaq Məsudun povestləri (2005)“, “Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri (2006)” və “İngilis və Azərbaycan ədəbiyyatla-rında insan konsepsiyası - Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında (2010)” kimi elmi-tədqiqat əsərləri yazılıb...

Lakin bütün bunlar onun çoxşaxəli yaradıcılığının tam açmır və altını cızaraq qeyd etməliyik ki, Afaq Məsudun süjet quruculuğu, bədii mətnlərinin özəyini təşkil edən üslubi parametrlər, süjet xəttindəki hissi-emosional və idraki məqamlar hələ də öz tədqiqatçısını gözləyir. Hekayələrində, xüsusən esselərində bir üslubi keyfiyyətin nisbətən daha üzdə olduğu duyulur: hər bir cümləni oxuduqca alt qatında gizlənən mətləbi həm anlayır, həm də sanki anlamır, dərk etmirsən. Təsvir etdiyi nəsnələri, hadisə və taleləri sürətlə oxuyaraq üstündən ötüb keçirsən, qurduğu süjet xəttini diqqətlə izləyirsən, amma mahiyyətinə vara bilmirsən, sadəcə olaraq tuta bildiyin yönü tələsik şəkildə qavrayır və uzun müddət nələrin baş verdiyini anlamırsan... Bu kimi keyfiyyət anları onun nəsrini açılmaz bir sirr-sehr tülünə bürüyür, əsrarəngiz edir. Yəni, müsahibələrinin birində də dediyi kimi, o, bu yönlü əsərlərində “əhvalatların deyil, hisslərin süjeti”ni qurur, İnsanın iç dünyasını özünə göstərir, özü ilə baş-başa qoyur...  

Sena Dohan tədqiqatında Afaq Məsudun qadın qəhrəmanlarının üzüntülərini hüquqları tapdalanmış qadının - Şərq qadınının üzüntüləri kimi qiymətləndirib. Yazarın özü isə bunu “özünü, öz ali MƏN-ini darısqal sosiallıq məngənəsindən qurtarmağa cəhd edən İnsanın” üzüntüləri kimi təqdim edir... Əslində, Afaq Məsud insan həyatında hər şeyin taleyin hökmü ilə baş verdiyinə inanır. Onun yazıçı olmasına da elə daxilən azad olması güclü təkan verib. Düşünür ki, doğulub boya-başa çatdığı ölkədə, elə Avropanın özündə də “qadının özünü yaradıcı fərd kimi realizə etməsi hədsiz dərəcədə çətin məsələdi. Çünki qadının həyatı çoxşaxəlidi!.. O həm anadı, həm həyat yoldaşı, həm övladdı, həm idarə işçisi... Üstəlik, qadın kişilərdən fərqli olaraq, fədakardır. Tək bir ailə həyatı ilə yaradıcılıq arasında böyük uçurum var. Bu uçurumlar insanda hava burulğanına düşən təyyarə ləngərtilərini andıran ürəkbulanmalar yaradır”. “Sərçə”, ”Bekar”, ”O” və digər hekayələrində, eləcə də esselərində özünün prototipini yaradan Afaq Məsud sanki ruhunun ən pünhan, dəruni guşəsindən insanları, həyatı, cəmiyyəti müşahidə edir, sərrast müşahidələrini ruhunun süzgəcindən keçirərək ağ vərəqlərə köçürür. Müsahibələrindən birində ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan qadınının durumunu söz qonusu edən yazar xanım feminist mövqe deyil, obyektiv yanaşma sərgiləyir: “Ümumən cəmiyyətdə çox şeylər dəyişdisə də, qadınlar üçün demək olar ki, çox az nə isə dəyişib. Bu dəyişkənlik əsasən, qadınların sosial həyatında baş verib. Böyük mənada isə heç nə dəyişməyib. Müstəqillikdən sonra cəmiyyətdə nələrsə, bayaq dediyim kimi, yaxşılığa doğru dəyişib, amma ailə həyatı, ailədaxili münasibətlər əksinə, korlanıb. Həyat maddiləşdiyindən qadın-kişi, ər-arvad arasındakı münasibətlər də həmin bu dağıdıcı müstəviyə keçib və müəyyən mənada milli-estetik dəyərini itirib. Yeri gəlmişkən, çoxları düşünür ki, (mən, əsasən avropalıları nəzərdə tuturam və bu barədə dəfələrlə mübahisələrim də olub,) Azərbaycan - qadının istismar edildiyi geridəqalmış bir şərq məmləkətidi. Bir çox əcnəbi dərgilər Azərbaycan qadınını gah belində güllü şal bazarda meyvə satan arverçi obrazında, gah mətbəxdə başı bağlı, düşbərə bükən yerdə təqdim edirlər. Onları dəfələrlə başa salmağa çalışmışam ki, bizim ölkədə qadınlar heç kim tərəfindən istismar edilmir, heç bir qadının hüququ taptanmır. Özü də nəinki indi, hələ lap bəyənmədiyimiz sovetlər dönəmindən bu yana. Bu, bizim qadına olan münasibətimizdi. Məndən daim Azərbaycandakı qadınların problemləri haqqında soruşurlar. Əlbəttə, sözsüz ki, “Azərbaycan qadını” deyəndə, ilk növbədə, onun aid olduğu zümrə nəzərə alınmalıdır. Azərbaycanda da, bütün dünyada olduğu kimi, satıcı, süpürgəçi, camaşır yuyan, eləcə də digər ağır zəhmətlərə qatlaşan qadınlar var. Lakin “Azərbaycan qadını” tək bir bu yazıq insanlar deyil. İmkanlı zümrəni təmsil edən, həyatları dəbdəbə və zinət yarışlarında keçən bir ayrı yazıq-qadın ordumuz da var və bu qadınlar da tipik Azərbaycan qadını deyil. Azərbaycanda digər qadın zümrələri də var. Bu, öz fərdi müstəqilliyini əldə etmiş, öz qüvvəsinə və qabiliyyətinə güvənən, sağlam düşüncəli qadınlardır. Lakin onların da həyatı tam problemsiz deyil və bu da təbiidir. Və beləcə Azərbaycanda bir çox qadın zümrələri var. Evdar qadınlar, biznesmen-qadınlar, yaradıcı qadınlar, styasətçi qadınlar və sair və ilaxır. Müstəqillik bu qadınların həyatında əsaslı surətdə nəyisə dəyişməyib”.

Evində nə isə eləməyə hər an bir iş tapan, beynində nə isə yaza-yaza kartof soyan, plov bişirən, döşəmə silib-süpürən və artıq ömrünün kamillik çağını yaşayan Afaq Məsud bu ikili həyatdan qəribə bir həzz aldığını deyir, ancaq qızlara yazıçı olmağı məsləhət görmür. Düşünür ki, bu, qadın sənəti deyil. o qadın yazıçılıq sənətini seçməlidi ki, o, ayrı cür sadəcə, yaşaya bilmir: ““Yuğ” teatrında tamaşa qoyulan “Can üstə” pyesi ölüm ayağında olan qoca məmur və onun o dünyaya keçid məqamını tədqiq eləmək üçün yatağının başını kəsdirmiş yazıçı-qadın haqqındadı. Bu qadın əsərdə dünyanın ən nüfuzlu mükafatını - Nobeli alıbsa da, qələm və yazı ehtirası yenə ona dinc yaşamağa imkan vermir. Bu qadın - mən özüməm. Onu da deyim ki, o tamaşaya qədər bizim ədəbi mühitdə Nobel mükafatı bir kəsin yatsa belə, yuxusuna girməzdi. Tamaşa qoyulandan sonra ədəbi gündəmə bir Nobel təşvişi qatıldı və mən cəmiyyətə təsir gücümü anladım. Bu da yazıçılıq qələbəmin bir göstəricisidir”.

“Qəza” hekayəsində ömür-gün yoldaşının yol qəzasında həlak olduğunu zənn edib həyatını bir gecənin içində yenidən quran bir qadının obrazını yaradıb. Süjet xətti sanki real hadisə üzərində qurulan hekayədə doğrudan da qəza baş verir. Lakin bu qəza, hekayənin qəhrəmanı olan bu qadının təsəvvüründə baş verən maşın qəzası deyil. Bu, ərini itirdiyini zənn edib dul qalmış qadının yaşadığı həyatla, təsəvvüründə qurduğu həyatla arasında baş verən toqquşma, ayrı sözlə desək, psixoloji qəzadır.

 “Qəza” hekayəsinin ilk sətirləri uzun illər çoxlarını çaşdırıb. Bu, bütün gecəni ərinin yolunu gözləyən qadının, küçədə çığıran pişiklərin səsini eşidərkən, fikrindən keçirdiyi, bəlkə də ağlasığmaz, təsəvvürəgəlməz bir hiss idi. Ərini dəhşətli dərəcədə qısqanan qadın, çığırqan küçə pişiklərinin əri tərəfindən zorlandığını təsəvvürünə gətirir. Afaq xanımın əsərdə təsvir etdiyi hadisələrlə bağlı düşüncələrini bölüşərkən söylədikləri də çox ilgincdir: “Gəlin səmimi olaq. Hansı birimizin qəlbindən, ya beynindən nələr keçmir?.. Və niyə bunların kağıza köçürülməsi, yəni hansı mənadasa sənədləşməsi bizləri bu qədər qorxudur?.. Bu sətirlərdən şoka düşənlərin təəccübü o illər məni üzüb əldən salırdı. “Uşaqların atası, həyat yoldaşı barədə belə fikirləşməkmi olar?..”, yaxud, “Axı belə bir şey mümkünmü?..” və s. və i.a.

Halbuki bu, sadəcə, qısqanclıqdan az qala ağlını itirmiş bir qadının təxəyyülü, özündən asılı olmayaraq qəlbinə dolan dağıdıcı şübhələrin sonucunda yaranan vəhşət idi.

Maraqlıdır ki, “O məni sevir” hekayəsində ilahi eşqə, platonik sevgi məsələlərinə fərdi yanaşmasını sərgiləyən yazarın “Azadlıq” romanına özgür ruh hakimdir. Azad ruhunun, özgür düşüncələrinin tərcümanı, daxili aləminin, pərdə arxasındakı gizlinlərinin bədii inikası, yaşadığı dövrün bədii səlnaməsi olan bu romanın onun yaradıcılığında özəl yeri var. “Azadlıq” romanını çox bəyəndiyini etiraf edən şair Sabir Rüstəmxanlı vurğulayır ki, “Qadın ürəyilə kişi sərtliyinin çiçəklə daşın, istəklə reallığın, xoşbəxtlik görüntüsü ilə faciənin vəhdətinin bir-birinə bağlı olmasını və bir-birindən doğmasını Afaq parlaq və təsirli yazır”.

Bu kontekst və üslub parametrləri onun yaradıcılığının sonrakı dönəmlərində daha da inkişaf edərək püxtələşib və müdriklik çağında qələmə aldığı “İzdiham” və “Yasaq edilmiş yuxular” adlı iri həcmli romanlarında tam fərqli rakurslarda həllini tapıb. İlk iri həcmli əsəri “Qarğış” romanıdır. “İzdiham” romanı isə avtobioqrafik səciyyə daşıyır. Ancaq müəllifin poetika baxımından avtobiqrafik cəhətlərin kollajını məharətlə yaratdığı bu roman son dərəcə orijinal əsər hesab edilir. Burada mətləbə ənənəvi yanaşma tərzindən əsər-əlamət belə yoxdur. İnsan taleyini onun yuxuları, vahimə və qorxuları, qarabasmaları, düşləri-xəyalları… fonunda, güzgünün surəti göstərən hissəsindən vaz keçib onun qatı, zülmət qaranlıq içində boy verən arxa tərəfindən, qeybdən gələn səsləri sözə çevirmək ehtirası əsas axın şəklini alır. Hətta bu əsərdə söz özü də maddi varlığını hiss etdirməyəcək dərəcədə “deformasiyaya” uğramış, bildirdiyi, hədəfə aldığı nəsnələrin ətrafında dövrə vurmaqla bildirilən əlaməti və keyfiyyətləri bir araya gətirmək, necə deyərlər, yerlə göyü, ucada olanla yerin dibindəki sirli və müəmmalı nəsnələri birləşdirmək niyyətində bulunur. “İzdiham” romanı Ramiz Rövşənin də qeyd etdiyi kimi, Azərbaycan nəsrində öz üslubi parametrləri etibarı ilə tək və tənha bir əsərdir. Bu əsərin bədii mətnində elə özəlliklər var ki, onları tam şəkildə təsvir etmək, sadəcə mümkün deyil. Çünki təsvir edilən şeylərin sürəti bizim qavrama vərdişlərimizin sürətindən irəlidədir, hətta demək olar ki, müəllifin özündən də irəlidədir. Biz o nəsnələrin ancaq müəyyən qismini “ələ ala” bilirik və bunların doğurduğu assosiasiyalar oxucunun təxəyyülünü çox uzaqlara, “yaşıl adalara” aparır. Ramiz Rövşənin qeyd etdiyi başqa bir maraqlı məqam isə - Afaq Məsud poetikasında bu kimi cəhətlərin gücünə müəllifin şüuraltı ilə hərəkətə gətirilən “hadisələrə” oxucuların da qoşulmasıdır. Oxucu özü də hiss etmədən, ixtiyarsız olaraq bu əhvalatlarsız süjet burulğanının iştirakçısına çevrilir və orada təsvir edilənləri öz həyatında baş verirmiş kimi dərk edir. O, bəlkə də qadın olduğundan, hadisələri daha içdən, daha dərindən anladığından məsələnin bu qədər həssaslıqla mahiyyətinə varır, dərinliyinə gedir, yazdıqlarına oxucunu inandıra bilir. Əslində yazarın əsl mutluluğu da məhz oxucusunu yazdıqlarına inandırması, onu prosesin mərkəzinə çəkə bilməsindədir...

Afaq Məsud nəsrində, onun üslubunda bizim dünya ədəbiyyatı tarixindən və təcrübəsindən bildiyimiz bir sıra ədəbi cərəyanların qovuşuğu yansıyır. Hər şeydən öncə, onu qeyd edək ki, bu üslubda sürrealizm cərəyanının izləri, konturları açıq-aydın görünür. Reallıq yoxdur, o, hardasa yuxu qaranlıqlarının, yuxu qarabasmalarının içində həll edilmiş və təkrar emal prosesindən keçərək insan – oxucuya yeni bir gerçəklik materialı kimi təqdim edilmişdir.

Ədibin üslubunda ekspressionizm – təsvir ediləcək ilkin detalı incə pərdələrlə haşiyələnmiş nəhəng qatışığın içində gizlətmək ustalığı getdikcə daha aydın şəkildə nəzərə çarpır. Hər halda, daha konkret şəkildə desək, onun yaradıcılıq üslubunda, bədii mətnlərinin nüvəsində üç ədəbi cərəyanın – surrealism, ekspressionizm və ekzistensializmin son dərəcə maraqlı qovuşuğu mövcuddur. İkisini yuxarıda qeyd etdik. Üçüncüsü, ekzistensializm, insan varlığının heç zaman cavabı bilinməyəcək sual qaranlıqları içində təsviri, bütün təsvir boyu verilən çox ağrılı sualların cavabının axtarılmaması, yəni bütün bu ağrılar müqabilində insanın dəyişməyəcəyi - öz içində qapalı bir sistem olması bu poetik sistemi tamamlayan bir halqadır. Ancaq bir cəhəti də vurğulamaq gərəkir ki, Afaq Məsud yaradıcılığında bu kimi “izm”lərin varlığından bəhs etməklə biz həmin “izm”lərin Azərbaycan bədii təfəkküründə özümlü bir hadisə olması fikri üzərində qalmaqda israrlı deyilik. Sadəcə, hər bir millətin çağdaş nəsrində, bədii mətnlərində dünya ədəbiyyatının minilliklər boyu keçdiyi hadisələr, rastlaşdığı təbəddülatlar zaman keçdikcə bir daha qarşıya çıxır, özünü qabarıq bir şəkildə yansıdır. Son illərin ədəbi məhsulu olan, məşhur filosoflar J.Liotarın, Jak Derridanın “dünya-mətndir və mətn-reallığın yeganə mümkün modelidir” fəlsəfi konsepsiyasına uyğun qələmə alınmış “Suiti” romanında olduğu kimi...

Afaq xanım bədii sözün gücü ilə mükəmməl, xarakterik portret yaratmaq ustalığını postmodernizm elementləri ilə zəngin olan “Suiti” romanında bir daha nümayiş etdirdi. Cəsarətlə deyə bilərik ki, portretlər, xarakterlər, parlaq obrazlar qalereyası - “Suiti” romanı eyni zamanda insanın iç dünyasına açılan bir pəncərədir və hər birimizin fərdi olduğu yaşadığımız cəmiyyətdə baş verən olayların aynasıdır: “...Kürsüdən özünü zorla çəkib çıxardı. Döşəmənin taxtaları ağır ayaqları altında cırıldaya-cırıldaya keçib yerinə əyləşdi, bir stəkan suyu da orda başına çəkib fikirləşdi ki, gərək özünə, bədəninə uyğun kürsü düzəltdirsin. Çünki son aylar, ələlxüsus da, doyumlu naharlardan sonra kürsüdən çıxmaq müşkül məsələyə çevrilirdi. Normal insan ölçüsünə hesablanmış bu qədim kürsü hər çıxışda tarım qayış kimi bədəninə dolanıb göbəyini sıxırdı... geriyə çəkilib çıxmaq istəyəndə isə, bədəni kürsünü laxladıb mikrofona gurultu sala-sala zalda çaxnaşma yaradırdı... ...Hamı ona gülürdü... - fikirləşdi. - ...onun bu bədheybət natarazlığına, piylənib il-ildən rezin balış kimi üfürlənən qarnına, gombul qadın üzünü andıran dəyirmi sifətinə, alma yanaqlarına, ətli buxağına... Bir dəfə beləcə dartınıb kürsüdən çıxanda və yoğun ayaqlarını ardınca sürüyə-sürüyə yerinə yollananda, hardansa arxa cərgələrdən, heç cür tanımadığı cavan qadın səsinin: - Kişi suitidi elə bil... dediyini öz qulaqlarıyla eşitmişdi”.

Hansımız yaşamımız boyunca belə prototiplərlə qarşılaşmamışıq ki!.. Bu tiplərin son dərəcə dəqiq bədii boyalarla təqdimi Afaqın əsərlərində o qədər cazibədarlıq yaradır ki!.. Oxucu bu içdənliyin, gerçəkliyin, çılpaq təsvirlərin yaratdığı qəribə dünya, həyatla, gerçəklərlə yazılanların üst-üstə düşməsi qarşısında şaşırıb qalır. O, qadın yazardır, feminist deyil, qələminə hec vaxt xəyanət etməyən, düşüncələrini, fantaziyalarını, iç dünyasını olduğu kimi ağ kağızlara köçürən sənətkardır. Nazirin illər boyu bir evin içində yaşadığı, bir yataqda uyuduğu xanımının ən incə detallarla təsviri dediklərimin ən bariz təsdiqidir, yəni o, əks cinsin nümayəndələrini tənqid edib qadını ideallaşdırmır, əksinə, hər iki cinsdən seçdiyi tiplərin obrazlarını gerçəkliklərə sadiq qalaraq yaradır: “...Arvadı onu bu dünyada olan bütün incəbel qadınlara qısqanırdı. Olsun, ona görə ki, arvadının, o biri qadınlardan fərqli olaraq, beli yox idi. Heç əzəldən olmamışdı. Sağ əliylə sol ovcunu qaşıya-qaşıya fikirləşdi ki, arvadının nəinki beli, “qadın” adlandırılan bütün məxluqlara xas olan yancaqları da yox idi… Arvadının yancaqlarına dolası əti elə bil çaşıb, niyəsə yuxarı - çiyinlərinə və qollarına dolmuşdu, onu qadından çox, ağır çəkili idmançıya bənzədirdi. Odu ki, qısqanclıqdan boğulub ölürdü, gün-gündən saralıb solurdu... Dünən də arvadı onun, evin xanımının şərəfinə söylədiyi “şanlı” nitqini nifrət dolu, iynəli baxışlarla dinlədikcə, stolun altından ayağını bastayıb, nadinc uşağa göz ağardan tək, gözünü ağardmışdı, acıqlı zabit zəhmiylə astadan:

- Çörəyini ye. - demişdi. O da başını aşağı salıb, şəkərini unudub, ürəyi arvadının zəhmindən parçalana-parçalana, qabağına keçəni içəri ötürmüşdü. Odu ki də, indi ölürdü. Arvadı bax, belə çıxırdı axırına...”

“Suiti” romanını çağdaş dövrün, Azərbaycan cəmiyyətinin yeni baxış bucağından yepyeni bədii təsvir və ifadə vasitələrilə təqdimi kimi də dəyərləndirmək olar. Bu cəmiyyətin içində əriməyən, tənhalıqdan, öz-özü ilə qalmaqdan qorxan, evdə ailəsində və kollektivdə belə özünə yer tapa bilməyən və yeganə dərdləşdiyi, içini tökə bildiyi professor tərəfindən də biganəliklə qarşılanıb əslində dışlanan məmur obrazı o qədər təsirli yaradılıb ki! Romanı oxuyub bitirdikdən sonra da bu təsirdən yaxa qurtara bilmirsən. Düşünürsən ki, bütün bunlar və ən nəhayət, professorun köpəyinin hücumu qorxaraq özünü küçəyə atan naziri ölümə, onun üçün yeganə çıxış yoluna tərəf itələyir. “Azadlıq” romanının giriş hissəsində: “Əsərin son fəsilləri məni dünyanın  ən səssiz qatlarına aparıb çıxartdıqca, ətrafın  səs-küyü elə bil qəsdən birə-on artıb çoxalırdı...” yazan A.Məsudun “Suiti” romanının qəhrəmanı da ətrafın birə-on qat artan səs-küyündən qaçaraq dünyanın  ən səssiz  qatına enir... bu zaman tam mənası ilə çevrilmə prosesi başa çatır və o, dibsiz suyun içində suitilərin arasında ölümə qucaq açır. Göründüyü kimi, onun yaradıcılığının mərkəzində həm sevən, həm də xəyanətə uğrayan, həm gününü yeyib-içib özünü bəsləməklə, gündəlik qayğılarla uğraşmaqla keçirən, həm də düşünən, qutsal arzularla yaşayan, həyatın dolaylarında azıb qalan çarəsiz, “öz nəhəng yaradıcı niyyəti və arzularıyla sosiallığın öldürücü qəzalarına uğrayan” istedadlı canlı varlıq - ümumiyyətlə, bütün halı ilə canlandırılan İNSAN durur... Beləliklə, roman postmodernizmin tərifində deyilən “İsveç masası”na bənzəyir və oxucu buradan istədiyini əxz edə bilər...

Afaq Məsud nəsri müasir Azərbaycan nəsrində istər texnika, istərsə də mündəricə baxımından sanki ayrıca, müstəqil bir adadır. Bu nümunələri ənənəvi nəsr terminologiyası və ülgüləri kontekstində izah və şərh etmək qeyri-mümkündür. Bəzən müasir ədəbiyyatşünaslıqda bu nəsrin Kafka və Kamyu təcrübəsindən irəli gəldiyini söyləyənlər də tapılır. Şübhəsiz ki, Afaq Məsud nəsri zənginliyinə, fikir, ideya axarına görə dünya və xüsusən Avropa nəsrinin ən öncül ənənələri ilə səsləşməyə bilməz. Ancaq bu, məsələnin zahiri tərəfidir. Onun son zamanlar müraciət etdiyi, daha doğrusu, tərcümə etdiyi mətnlər – sufi nəsrinin nümunələri məsələnin çözümünün o qədər də sadə və asan olmadığını daha aydın şəkildə nəzərə çarpdırır. İbn Ərəbidən və Əl Qəzalidən etdiyi tərcümələr bir daha göstərir ki, Afaq Məsud adlı Azərbaycan yazıçısının poetik mənbəyi XX əsr Avropa nəsri və bədii fikri ilə bağlı olduğu qədər, klassik şərq mətnləri, ibrətamiz pritçalar, təsəvvüf – sufi mətnləri ilə də bir o qədər sıx bağlıdır. Sufi mətnlərinə verdiyi izahlar bu bağlılığın nə qədər ciddi və dərin olduğunu yansıdır: “İslam - insanın, onun ailəsinin və yaşadığı cəmiyyət modelinin qorunub saxlamasının təminatçısıdır. Bu mənada İslam humanist dindir, o, ilahi sirləri tam açıqlamır. Quranda bir çox mətləblər müstəsna insan dərəcələri üçün gizli işarələr və kodlarla verilir. Burda məqsəd - orta insanın qavrayışının nəzərə alınmasıdır. Quran İlahiyə aparan yolun səmtini göstərirsə də, eyni zamanda insanı öz şəfası və Rəhmi ilə qoynunda qoruyub saxlaya bilir. İnsan şüuru üçün dərkedilməz və bu səbəbdən yasaq olunan ilahi həqiqətləri gizlidə saxlaya-saxlaya insana məhvərindən çıxmağa imkan vermir. Həqiqətən də, yol asan keçilən yol deyil. Quran: “Ey Mühəmməd, səndən ruhla bağlı soruşsalar, de ki, bu Rəbbimin sirlərindəndir”, - deyib, ruh barədə bilgini gizli saxlayır. Çünki Freyd deyən kimi, “Əgər insan öləcəyini bütün reallığı ilə dərk edərsə, o bircə saat da yaşaya bilməz”. İnsanın Ölüm dərki, yəni əbədi mövcudluğun dərketmə nöqtəsi bağlıdır. Bu həmin o nöqtədir ki, Kainat və ruh haqqında bilgini qəbul edə bilmir.

Sufilik isə həmin o gizli nöqtənin sirrindən təkan alır və burda daha İslamın qoruma mexanizmi işləmir. Buna Allaha və onun misilsiz gözəlliklərinə qapanan ilahi eşq mane olur. Məhz bu səbəbdən sufi İlahiyə aparan yolu bütün uçurumları və hüdudsuz ənginlikləri ilə insanın gözü qarşısında açmaqdan çəkinmir və anlayanın sonrakı taleyinin fərqinə varmır. Sufi mətnləri ilə işləyərkən, Ölümü bir addımlığında hiss edirsən. Bu mətnləri sadəcə oxuyub, “sufiliklə tanış oldum” demək də olar. Ölümü yalnız yasda yadına salıb, “İnsan bu dünyadan üç metrlik kətandan savayı nə aparır ki?” - deyən və yasdan bir baş dükan-bazara qaçanlar kimi. Yəni bir var onu nəzəri cəhətdən anlamaq, bir də var canında hiss etmək. axı sufilik romantika deyil?! Ora kələ-kötür, təhlükəli uçurumlardır?”

Məşhur ingilis yazıçısı, modernizm ədəbi cərəyanının yaradıcılarından olan Virciniya Vulf  ilə “ədəbiyyatda öz dövrünü qabaqlayan şəxsiyyət-yazar formulu doğuran” və üslubundakı intermediallıq elementləri ilə diqqət çəkən Afaq Məsud yaradıcılığı arasında oxşar bədii nəğməlilik, fəlsəfi yuxu elementləri mövcuddur.

Qeyd edək ki, “İzdiham” romanında intermediallıq elementləri ilə yanaşı, ekspressionizm və sürrealizm baxımından Niderland rəssamı İeronim Bosx və ispan rəssamı Fransisko Qoyyanın rəsm əsərləri arasında bənzətmələr, paralellər olduğu da vurğulanıb.

İlk baxışdan orijinal və ayrıca bir hadisə təsiri bağışlayan Afaq Məsud nəsri əslində klassik Azərbaycan nəsri ilə, onun əsas və qabaqcıl ənənələri ilə daha sıx surətdə bağlıdır. Mirzə Cəlilin “Dəli yığıncağı” pyesini diqqətlə oxuduqda belə bir qənaətə gəlmək olar ki, bu əsərdə, xüsusən “Ölülər”də əksini tapan bədii mətləblər XX əsr dünya nəsrinin daha sonralar sistem şəklinə saldığı əsas ideyalardır. “Dəli yığıncağı”ndakı Molla Abbas obrazı isə struktur etibarı ilə çox planlı və çox funksiyalıdır. Afaq Məsudun “İzdiham” romanı və “Can üstə” pyesinin obraz və personajları da mahiyyəti etibarı ilə elə Molla Abbasın “törəmələridir”. O mənada ki, Mirzə Cəlilin nişan verdiyi insani keyfiyyətlər - insanın müəyyən məqamlarda xarakterini gizlətməsi, xarakterinin ikiləşməsi, özünü dəliliyə vurması və s. kimi xüsusiyyətlər məhz Afaq Məsud yaradıcılığında daha sonralar inkişaf etdirilərək mükəmməl poetik sistem formasını almışdır.

“Duyğular imperiyası” esselər silsiləsi fikrimizcə, onun yaradıcılığında çox önəmli bir mərhələdir. O mənada ki, burada yazıçının düşüncə axarının istiqamətləri, kod və koordinatları bəllənir… “Vaqif Cəbrayılzadə və Bax” müqayisəsini özündə əks etdirən mətn əlamətdar olduğu qədər də sərrast məntiqə malikdir. Bu silsilədən qələmə aldığı “Emiqrant ədiblər” minimalist yazı-hekayəsi də qapsadığı məna baxımından çox ilgincdir.  Burada rusdilli yazıçılarımıza özünə də məlum olmayan səbəblərə görə həmişə ürək ağrısı duyduğunu yazan nasir onları emiqrant ədiblərə bənzədir: “Vətənlərini sidq-ürəkdən sevən bu insanlar Bakının göbəyində anadan olsalar da, şəhərin ən qədim, mərkəzi tikililərində yaşasalar da, yenə yad ellərdə üzgün qərib ömrü sürməkdən, vətən nisgili bəbəklərinin dərinliyinə hopmuş ürkək emiqrantlara bənzəyirlər”. Onun fəlsəfi yozumunda “Ölüm növləri” də ilgincdir: “Nədənsə cavanlar qocalardan rahat və təmənnasız ölür...” kimi...

Şəhid dilçi alimimiz Aydın Məmmədov haqqında yazdıqları insanın içini tərpədir, ruhunu gizildədir və İnsan-Xarakter-Həyat-Ölüm dördbucağının yansıtdığı böyük Həqiqətə inandırır. Və bu inandırma üsulunda apaydın görünən səmimiyyət oxucunu varlığının iç qatlarınadək, ruhunun lap dərinliklərinədək etkiləyir. O, bu təsirdən, atmosferdən çıxa bilmir, baş verənləri yaşayır: “42 yaşlı Aydın, özündən, sanki özü də qələmindən, müqəd­dəs tutiya kimi, inanıb tapındığı elm yolundan sapıb, bir müddət heç bir qaydaların işləmədiyi, ədəbiyyat, elm havasından uzaq məchulluqlarda onu, hansısa, ayrı növ ölümlərdən xilas  edən ayrı ərazilərdə yoxa çıxmışdısa, bir müddətdən sonra oralardan, dərin dəryaların dibindən təkan almış kimi, sıçrayıb, a­ya­ğa qalxmışdı. Bu dəfə geriyə, çallaşıb ağarmış saçlarla, içi peşmanlıq və iztirab dolu gözlər­lə qayıtmışdı... Nəfəsini dərib qüvvəsini toplayıb, yenidən yaşamağa, elmə, ədəbiyyata susa­mış ac həvəslə yazıb-yaratmağa başlamışdı. Aydın kimi insanlar,  həmka­rım A­qil Ab­­basın Aydın barədə dediyi kimi, “peyğəmbər olmaq istəyən, lakin ola bilmə­yən” insanlar Yer üzünə öz möcüzələri, ərməğanları və əlamətləri ilə gəlirlər. İnsanlığın nələrdənsə  agah etməkdən, onla­ra, yeni İNSAN nümunəsi nümayiş etdirməkdən ötrü gəlirlər. Aydın da, Azər­baycana bundan ötrü gəlmişdi. Möcüzəvi fikirləri, adi insan təfəkkürünə sığış­mayan, hansısa, fərqli həqi­qətlə­ri ilə gəlmişdi. Və digər “qalan  peyğəmbərlər” və peyğəmbər olmaq istəyənlər kimi gəlib, on­lar kimi də getdi. Qədim dövrlərin, həmin kütlə cəhaləti­nin, ruh maarifsizliyi­nin, yoxsa, öhdə­si­nə düşən  gizli, ilahi missiyanın qurbanı oldu... Biz isə, öz qüd­rətsizliyimizi, adi insan  miskin­liyimizi, Ölüm qarşısında acizliyimi­zi anlayıb, susduq. Ölümün, Aydının həyat eşqinə xələl ye­ti­rən qürub çağı qədər əlçat­maz və keçilməz olduğunu, bizlərə  ev,  məişət, yazı-pozu qayğıların­dan ibarət, doğma diyar kimi görünən bu dünyanınsa, sıldırımlı uçurum­lar və təhlükə­lərlə do­lu, qor­xunc sirlər aləmi oldu­ğunu dərk  eləməyə başladıq...”

Xalq yazıçısı Anar, şair Vaqif Bayatlı Odər, yenilikçi rejissor Tofiq Kazımov və digərlərinə həsr etdiyi portret yazılarda da İnsan-Həyat-Ölüm-Mistik aləm ana xətt  kimi özünü göstərir. “Doğum günü məlum olmayan Vaqif  Bayatlının naməlum ad gününə” adlı essesində  qəhrəmanını sanki göyün yeddi qatından keçirərək sehrli xalçanın üstündə gətirib oxucularına dibsiz bir sevgi ilə təqdim edir: “Vaqif təsadüfən içinə ayrı adamlar da düşən hardansa çox-çox uzaqlardan, mənim dəhşətli dərəcədə tanımaq istədiyim, lakin  heç cür yolunu, istiqamətini bilmədiyim qərib məmləkətdən gəlir...”

Yaxud, “Tofiq Kazımov” adlı portret yazısısında Zaman – Məkan qarşılaşdırılması və qəhrəmanın bu anlayışların fövqündə təqdimi son dərəcə düşündürücüdü... Tofiq Kazımovun onu öz darısqal qəliblərinə salmağa can atan Zamana boyun əyməyərək, yaratdığı məhrumiyyət və məcburiyyətlər qəliblərinə düşməyərək sovet rejiminin tikanlı diktələri arasında öz gərəkli işini gördüyünü, qurduğu teatrı bugünkü digər teatrlardan çox-çox irəliyə apardığını səriştəli, peşəkarcasıa təqdim edir ki, insan-oxucu “Zamanla əlbəyaxa döyüşdə qurub-yaradan Tofiq Kazımovun hətta Zamana təsir edə bildiyinə inanır: “Zaman öz yoğun kəndirləriylə, uzun, iti qayçılaryıla Tofiq müəllimin yaradıcı həyatına öz dağıdıcı müdaxilələrini edirdisə də, onu fikir və duyğu azadlığından məhrum edə bilmirdi. Belə ki, bütün müqavimətlərə və təzyiqlərə baxmayaraq, Tofiq Kazımov ölkənin saxta, qondarma ideoloji ehkamlarına xidmət edən və bu səbəbdən sünilik və pafos saçan teatr məkanında əsaslı dönüş yarada bildi. Uzun illərdən bəri ibtidai teatr təsəvvürü üstə qurulmuş milli teatr anlayışını laxladaraq, səhnəmizə tamamilə yeni - insan azadlığı, səmimi dialoqlar və çılpaq həqiqətlər saçan ayrı bir hava gətirə bildi...“

“Duyğular İmperiyası” silsiləsindən yazdığı “Vaqif və Bax” essesində onun iki sənətkar arasında apardığı paralellər və gəldiyi nəticə həqiqətən diqqətçəkicidir: “Dünən Baxın musiqisinə qulaq asdıqca, qəfildən hiss etdim ki, Vaqif Cəbrayılzadənin poeziyasının, Baxın musiqisi ilə hansısa uyarlığı var. Bu uyarlığın nə olduğu barədə bir müddət fikirləşdikdən sonra anladım ki, onların hər ikisi dünyanı hər an dönə-dönə yenidən və yenidən qurmaqla məşğuldurlar...”

Afaq Məsud ədəbi əsərlərlə bağlı fikirlərini sərgilədikdə isə oxucunun gözləri qarşısında mükəmməl, həm xeyirxah, görüb-götürmüş müəllim-pedaqoq, həm də sərrast düşüncəli, dərin məntiqli ədəbiyyatşünas-alim obrazı canlandıra bilir, onu fikirlərinin cazibəsinə salaraq arxasınca aparır. O, istedadlı gənclərin çoxunun məşhur olmaq, tanınmaq azarını məqbul saymır, qınayır və bunun çox vaxt onların yazılarının alt qatında hiss olunduğunu və əsərlərinin dəyərini aşağı saldığını düşünür. Vulqar sözlərdən, pornoqrafiyadan yersiz və hədsiz istifadəni doğru tendensiya saymayan yazar bu halın çox vaxt oxucuda əks reaksiya yaratdığını xüsusi vurğulayır. Onun üçün başqa xoşagəlməz hal isə ədəbiyyata sovetlər dövrü prizmasından yanaşma tərzidir. Bu gün əlinə qələm alıb ilk hekayəsini yazmağa başlayan gənc anlamalıdı ki, onun yazdıqları sovetlər dövründə olduğu kimi, kütləvi tirajlarla buraxılmayacaq, arxasında heç bir ideoloji maşın dayanmayacaq və o, yalnız onu anlaya, hisslərini bölüşə biləcək adamlar üçün yazacaq. Onlarda nəyisə dəyişmək, kimlərisə hansısa çıxılmazlıqlardan xilas etmək üçün yazacaq. Və əslində, böyük ədəbiyyat elə belə yaranır.  Çağdaş dövrümüzdə məhz belə ədəbiyyatın yaradıcılarından biri olan gənc yazar Qan Turalının gizli uşaq ağrıları, insanlara, həyata inam və sevgi ilə süslü “Polis qorxusuyla öpüşmək” və “Mustafa” romanları haqqında səsləndirdiyi fikirlər mötəbər bir xeyir-dua, yaradıcılıq yolunda ona uğur diləmək kimi anlaşılır. “Qan Turalının yazdıqlarında nə Şekspir fəlsəfəsini, nə Markes magiyasını, nə Hofman mistikasını, nə Dostoyevski psixoanalizini axtarmağın yeri yoxdu. Bu yazıları oxuduqca da, əslində, nə o qəliz fəlsəfəçiliyin, nə mistik magiyanın, nə də psixoanalizin elə bir əhəmiyyət daşımadığının həqiqətini anlayır, vaxtın sürətləndiyi, Axirət əlamətlərinin bir-birini əvəzlədiyi bu qaçhaqov zamanında tək bir Özünə - nə vaxtsa içindən sıçrayıb kənara  çıxdığın doğma, ilıq məhrəmliyə, rahatlıq və əmin-amanlıq saçan səmimiliyə ehtiyaclı olduğunu kəşf edirsən...”

Xanım yazarın qənaətincə, bütün yaradıcılıq sahələrində qələmini sınayan və uğurlu nümunələr araya-ərsəyə gətirənlər istedadlı insanlar kimi dəyərləndiriliblər. Dram və nəsr əsərləri, esseləri, publisistik yazıları ilə bərabər tərcümələri bir dəniz fənəri tək özünün də istedadlı insan kimi çoxşaxəli yaradıcılıq yoluna işıq salır. Sərhədsiz düşüncələrinin sözə dönüşərək sətirlərə düzülməsini və oxucu təfəkkürünə, ürəyinə axan duyğularının dərin poetik ifadəsini esselərində, peşəsinə sədaqətindən doğan yazılarında da müşahidə edirik. Mövqeyi aydın görünən modernist yazarın bu yönlü yazılarında da duyğuları bədöv at kimi şahə qalxır və yenə də heyrətləndirir və bu heyrətləndirmə oxucunu qəhrəmanına və onun əməllərinə inandırmaqla sonuclanır. “Anasız dilimiz, yaxud “Qorxunc Əlifba”nın davamı...” adlı tənqidi məqaləsində ibtidai siniflərdə mövcud olan durum, təhsilimizlə bağlı ağrılı fikirləri hər bir oxucunu bir daha dərindən düşünməyə və “Nöqsanları aradan qaldırmaq üçün nə etmək lazımdır?” sualına cavab axtarmağa sövq edir. Afaq xanımın yazdığı, göstərdiyi həqiqət budur: “Orta məktəb dərsliklərimiz barədə son illərdə yazılan, deyilən tənqidi fikirləri, qüsur və iradları bir yerə toplasaq, yəqin ki, iri həcmli, bəlkə də çoxcildli kitab alınar. Az qala, bütün cəmiyyətin - dərslik fəsadlarından əziyyət çəkən valideyn və müəllim zümrəsi ilə yanaşı, sıravi vətəndaşların da qoşulduğu bu ayarlayıcı və aşkarlayıcı prosesin son ucda gözlənilən nəticəni verməməsi, neçə illərdən bəri göz ağrıdıb ürək dağlayan dərslik zülmətinin heç cür işıqlı müstəviyə çıxa bilməməsi, az-çox vətəndaşlıq heysiyyəti olan hər kəsdə təbii narahatlıq və həyəcan hissi doğurmaya bilmir.

Bir vaxtlar, daha dəqiq desəm, 2005-ci ildə bütün keyfiyyətləri və cəhətləri ilə ana dilimizin, mili-mənəvi dəyərlərimizin əleyhinə işləyən, şeir və oxu mətnlərinin absurdluğu, tapşırıq və məşğələlərinin primitivliyi və naqisliyi ilə millilik, maarifçilik və vətəndaşlıq heysiyyətini heçə endirən “Əlifba” dərsliyi haqqında yazdığım “Qorxunc Əlifba” məqaləsi bu bədnam kitabın təhsil dövriyyəsindən çıxarılmasına təkan vermişdisə də, son dövrlər mətbuat səhifələrində, internet portallarında adı çəkilən dərsliklə bağlı yaranmış mübahisələr, TQDK ekspertləri-nin kitabın yararsızlığına dair ortaya qoyduğu 120 qüsur, bu qüsurlarla razılaşmayan tərəflərin mövqeyi və sair, bu mövzuya yenidən qayıtmağın, ümumtəhsil sisteminin beşiyi sayılan bu dərsliyə bir daha nəzər yetirməyin vacibliyini gündəmə gətirdiı. “Altun kitab” nəşriyyatının R.İsmayılov, S. Abdullayeva, G.Orucova, D.Cəfərovanın müəllifliyi ilə 2012-ci ildə dövriyyəyə buraxdığı “Azərbaycan dili“ dərsliyi ümumi bağlayıcı qayənin yoxluğu, uşaq dünyasıyla ünsiyyət qurmaq, onun qəlb dünyasına yol tapmaq cəhdlərinin uğursuzluğu, həmçinin, məzmun və məna miskinliyi, dil və ifadə naqisliyi, tapşırıq və mətnlərin tədris keyfiyyəti baxımından qüsurluluğu əvvəlki qaydasında – “orta ağır vəziyyətdə” qalmağındadır”.

Həyəcan təbilini həmişə öz vaxtında səsləndirən Afaq Məsudu bir vətəndaş, xalqının yaradıcı ziyalısı kimi yurdunun üzləşdiyi problemlər, ictimai-siyası məsələlər daim düşündürüb və o, bunlara seyrçi mövqedən yanaşmayıb... Təbii, çağdaş dövrümüzdə xalqımızın üzləşdiyi bütün bu problemlər - Qarabağı erməni vandallarının istila etməsi nəticəsində xalqımızın yaşadığı fəlakətlər, ölüm-itimlər, ağrı-acılar onun da ürəyini yaralayıb, duyğulu könlünə sıxıntılar gətirib. Hələ 1990-cı illərdən “Azərbaycanı dağıtmaq istəyən qüvvələrin var”lığını görən yazarın “Mənim üçün ən vacib məsələ Azərbaycanda əmin-amanlığın qorunmasıdır!..” deməsi onun məhz vətəndaşlıq mövqeyinin, baş verənlərə ağılın gözü ilə baxa bilməsinin ən açıq göstərgəsidir...

O, özünü mətbuatdan da kənar tutmayıb, xalqın taleyüklü məsələləri, ədəbiyyat və söz sənətində mövcud olan problemlərlə bağlı vaxtaşırı müsahibələr verib. Müsahibələrinin təkcə adlarını sadalamaq kifayətdir ki, xanım yazarın düşüncələrinin dərinliyini hiss edəsən... “Hər bir şeyin ruhu var, hətta şəhərlərin və kəndlərin də”, “Qiyamət günü cəzanın ən ağırını həqiqəti bilməyə can atmayan alim çəkəcək”, “İzdiham məni ölümdən qurtarıb”, “Dördüncü ölçünün rəngi” (“525-ci qəzet”) (“İki sahil” qəzeti), “Səmimi söz də hiss kimidi, o, heç vaxt köhnəlmir”, “Yazarkən, mən can üstə oluram”, “Bütün əzabları mənə öz içimdə veriblər” (“Yeni Azərbaycan” qəzeti), “Bilməzdim ki, ölümümü gözləyənlər də var” (“Yeni yüz il” qəzeti), “Mənim üçün ədəbiyyat Ərazidir”, “Həyat azadlığımı əlimdən alıb” (“Hürriyyət” qəzeti), “Mən iki cür yaşayıram” (“Ədalət” qəzeti), “Yazıçılıq qadın sənəti deyil”, “Ədəbiyyat hadisələrin yox, hisslərin süjetidi…” (“Azadlıq” qəzeti) və s.

Bəzən cəmiyyətdən, azğın insanların natarazlığından bezir, darıxır və bütün bu natarazlıqlara görə də son dərəcə üzülür, belə hallarda bəzən hətta nə edəcəyini də bilmir və əllərini qopub gəldiyi yerə-Allah dərgahına uzadaraq dərdlərinin əlacını uca Yaradandan diləyir. Bu zaman özündən əvvəlki aşiqləri dərindən öyrənərək onların getdikləri yolun yolçusu olmağı arzulayır. Bu kimi düşüncələrin sonucudur Mənsur Həllacın Allaha olan dəli eşqi barədə mistik-psixoloji pyes yazmaq istəyi... “Bu nəhəng sufidir, Allaha olan sevgisinə, Nəsimidən bir neçə əsr əvvəl dediyi “ən-əl həqq!” şüarına görə onu İsa peyğəmbər kimi çarmıxa çəkiblər, bunu tarixi faktlarla açıqlamağa cəhd edəcəyəm. Kərbəla hadisələri barədə pyes yazmışam. Bu, Kərbəla faciəsinin Afaq yozumudur. Əsər peyğəmbər ümmətinin alilik və şəhidlik dərəcəsi, Həzrət Əlinin qızı Xanım Zeynəbin bənzərsiz, pak şəxsiyyəti barədədir...” Görəsən bu bənzərsiz mətnlərin getdikcə daha dərin qatlarına enməyidirmi xanım yazarımızın dilindən bu sözləri çıxaran: Bəlkə nə vaxtsa tənhalığa qapandım...”

Amma o, hələ ki, bu tənhalığa qapanmayıb və bu gün gerçəkdən Məsuddur, təbii, hökm vermirəm, sadəcə belə düşünürəm. O, sənətdə bir yazar kimi qalibdir, həyatda da qadın kimi qalibdir və qalibiyyətinin dadını çıxara bilər, çünki son müsahibələrindən birində də dediyi kimi, “Özünü qoruyub saxlamaq, həyatın hansısa toxunulmaz tərəflərində – yazılarda və digər buna bənzər ərazilərdə yaşamaq bacarığına sahib QADIN YAZAR - İNSAN kimi Afaq Məsud bu məsudluğu haqq edir...


525-ci qəzet