ŞƏFFAF TEATR, yaxud böyük sirrin o üzündə

(Vaqif İbrahimoğlunun quruluşunda Hüseyn Cavidin

«Divanə»si barədə düşüncələr)

 

Akademik Milli Dram Teatrının nəhəng, dəbdəbəli binası arxasında, yoxuşa aparan çəlimsiz, dar bir küçədə, meyvə-tərəvəz yeşikləri, müxtəlif cür ev xırdavatı dükanları sırasında - kartof çürüntüsü və palçıq iyli hay-küylü bazar köşələri arasında səliqəli, ağ kostyumda, əlində çanta, gözündə eynək, acı taleyi ilə barışmış bakirə alimtək dayanıb duran bir teatrımız var - «Yuğ»...

Nə tamaşaçılarını geniş qonaqpərvərliklə qarşılamaq üçün təmtəraqlı artırması, nə afişalarını səxavətlə asmaq üçün gözədəyən afişa köşələri olmayan bu teatrın, bütün dəbdəbələrdən və təmtəraqlardan daha ucada duran öz dəbdəbəsi var: intellektual maarifçiliyin, ruhi saflığın təntənəsi.

Yuğ - ölkənin sırf ziyalı təbəqəsinin - filosof və riyaziyyatçıların, parapsixoloq və rəssamların, fiziklərin, şair və yazıçıların, ən çox da proqressiv gəncliyin teatrıdır. Bu ilin oktyabrında teatr öz fəaliyyətinin 15 ilini tamamlayırsa da, ənənələri, artıq dayaqlaşmış daxili qanunları, təsir dairəsi baxımından, bu mədəniyyət ocağının qədimdən tarixə, ulu mövcudluğa malik olduğu duyulur.

İlk baxışda miniatür, kiçik təsiri bağışlayan bu teatr, cəmiyyətin mənən saflaşması, hansısa yeni, bərpaedici səmtə yönəlməsi, intelektual qavrayışın cilalanması istiqamətində böyük işlər görür. İllərlə, usanmadan, maddi və mənəvi maneələr qarşısında əyilmədən, büdrəmədən öz özəl siyasətini aparır. Özünə, tutduğu yola, seçdiyi əqidəsinə var gücü ilə inanır və arxalanır.

«Yuğ» - binasının və tamaşa zalının sahəsinə, truppasının sayına görə bu gün Azərbaycanda fəaliyyət göstərən teatrların bəlkə də ən kiçiyidir. Lakin öz içində və ətrafında yaratdığı mühitə, insanlara və dünyaya təsir dalğasına görə ən böyüyü, ən nüfuzlusudur.

Bu teatrı həm də dünya teatr mədəniyyəti aləmində özəl məktəb kimi də qəbul etmək olar. Aktyorlara, teatrın digər yaradıcı və hətta texniki personalına, incəsənət təhsilli tələbələrə, habelə tamaşaçılara sirayət edən yüksək duyğu maarifçiliyi, özünəməxsus pedaqoji ənənələr məktəbi.

Bu gün «Yuğ»un həm Azərbaycanda, həm də digər ölkələrdə fəaliyyət göstərən teatrlardan fərqli cəhətləri çoxdur. Bunun ən birincisi və ən əsası - teatrın, ümumən mədəniyyətə və daha çox şüuraltı proseslərə təsir etmək qabiliyyətidir. «Yuğ» təkcə yüksək sənət nümayiş etdirmir. O, həm də öyrədir, izah edir, başa salır, insanın ən qapalı, ən keçilməz gizli nöqtələrinə, daxili sirlərinə yol açır...

«Yuğ» həm də, digər teatrlara xas spesifik səhnə həyatından fərqli, şəffaf bir atmosferə - teatrlıqdan, sənət mühitindən olmayan qəribə, izaholunmaz bir bakirəliyə malikdir.

Bu şəffaflıq, bakirəlik, teatra qədəm qoyduğun ilk andan - teatrın foyesindən duyulmağa başlayır...

Məşhur «Teatr - asılqandan başlayır» ifadəsi burda bütövlüklə öz əksini tapır. Kiçik mənzil sahəsi həcmli, ağ sütunlu, səliqəli foye insanı, özünü hardasa məsul bir yerdə, hamının, onu hər yerdən yaxşı gördüyü gur işıqlı tənha bir meydanda hiss etməyə, bütün eyiblərinin və naqisliklərinin şəffaflaşdığı hansısa duru astanada duymağa kökləyir... Daha sonra tamaşa zalı gəlir... və burda tək bir özün olduğun, heç kimin, heç bir köməkçi əlin, ya sözün, ya maneə ola biləcək hansısa baxışın sənə yetmədiyi bir yerə, çölün ab-havasından, zaman və məkan baxımından tam fərqli, izaholunmaz bir Əraziyə düşürsən... Qəribə olanı odur ki, həmin bu fərqli atmosfer bu zalda, ümumən teatrın binasında, tamaşa bitdikdən sonra da yaşamağına davam edir və birbaşa ruha, duyğulara hopan, hansısa səsə, ecazkar nota, anlaşılmaz sədaya bənzər bu havanı hər kəs tamaşadan sonra özü ilə evinə aparır...

Bu, ilk növbədə teatrın banisi, bədii rəhbəri, bənzərsiz istedad sahibi Vaqif İbrahimoğlunun qələbəsidir. Sənətin sirayət gücü, yaddaşlara hopma davamlılığı, təsir dairəsi və ən ümdəsi - teatrallığın ən əzəli, əbədi ənənələrinə sadiq qalmaqla saflığın, şəffaflığın, yüksək mənəvi əxlaqi dəyərlərin qorunub saxlanılması...

Teatrın digər fərqi: illərdən bəri Azərbaycan səhnələrində görüb öyrəşdiyimiz, pis mənada teatrallığa varmağın, rola, obraza yox, hansısa ayrı şəklə düşmək saxtalığının, «gözyaşardan», süni intonasiyaların üstündən çalın-çarpaz xətt çəkib bədii fikri, duyğunu tamamilə yeni, daha yüksək sənətin köməyi ilə - gəzilməmiş, ayaq basılmamış xam torpaqlarda yerimək prinsipi ilə çatdırması, səmimilik, məhrəmlik aşılayan yaxınlığı ilə səhnə və tamaşaçı arasında sərhədləri əritməsi, azad, sərhədsiz mühit yaratmasıdır...

Altmış adamlıq tamaşaçı zalı, kiçik səhnəsi, qırx bir nəfərdən ibarət truppası olan bu teatrın səhnəsində uzun illər boyu dünya ədəbiyyatının və dramaturgiyasının ən möhtəşəm müəlliflərinin - M.Füzulinin, U.Şekspirin, Firdovsinin, C.Məmmədquluzadənin, Xətainin, M.Ə.Sabirin, A.Çexovun, S.Ekzüperinin, F.Kafkanın, S.Bekketin, R.Desnosun və digərlərinin əsərləri oynanılır. Və məhz burda biz illər uzunu, əsərlərindən, haqqında ədəbi müntəxəbatlarda, dərsliklərdə oxuduqlarımızdan tanıdığımız həmin bu müəllifləri yenidən və yenidən, tamamilə ayrı baxış bucaqlarından, tam yeni, müxtəlif temperaturlarda və ovqatlarda kəşf edirik, tamaşaların, mövzu və məzmun, rejissor və aktyor yanaşması baxımından fərdiliyi ilə, hadisələrə, insan problemlərinə sirli, incə münasibəti ilə, sərhədsizliyi ilə seçildiyinin şahidi oluruq.

Bu teatrda, onun yaranışından bəri qəbul olunmuş özəl qanunlardan - yüksək insani, azad sənət qanunlarından savayı hansısa digər qanunlar işləmir. Burda pyes üzərində iş də fərqli gedir. Tamaşaya qoyulacaq əsər aktyorlar və eləcə də tamaşa ilə əlaqəli olan yaradıcı personal tərəfindən az qala hərfi səviyyədə araşdırılır, zərgər dəqiqliyi ilə süzgəcdən keçirilir, aktyorlar arasında, obrazların qarşılıqlı münasibətləri təhlil edilir, nəzəri cəhətdən çözülüb sxemləşdirilir, əsərin canı, qayəsi, müəllif mövqeyi, dialoqların və hadisələrin alt qatları elmi-fəlsəfi aspektdə izlənilir... Bu mürəkkəb, elmi-nəzəri proses, burda - bu teatrda Bədii Sözə, Yaradıcı Duyğuya, Fikrə, bütövlükdə Sənətə çox ciddi, məsul, eyni zamanda hədsiz həssas yanaşma ənənəsinin  yaşadığını bildirir ki, burda da teatrın təməlçisi, böyük rejissor-pedaqoq Vaqif İbrahimoğlu qələbə çalır.

Rejissorun, son illər ərzində Türkiyə, Estoniya teatrlarına, tamaşalara quruluş vermək məqsədi ilə dəvət alması və bu qabaqcıl dövlət teatrlarında böyük uğurla yüksək sənət nümayiş etdirməsi, onun sənətinə beynəlxalq valehlik, bu adın, illər ötdükcə nəinki Azərbaycanda, ölkəmizdən kənarlarda da örnəyə, məktəbə çevrildiyindən xəbər verirsə də, bizdə bu sənətə ağlasığmaz biganəlik, «Yuğ»un, sıravi Azərbaycan teatrları sırasında qəbul olunması, görülən, istər keyfiyyət, istərsə də kəmiyyət baxımından sanballı yaradıcı işin bugünəcən dövlət diqqətindən kənarda qalması təəccüb doğurmaya bilmir.

Azərbaycan mədəniyyətinə tamamilə yeni hava, bənzərsiz estetik dəyərlər gətirən Vaqif İbrahimoğlu 30 illik fəaliyyəti müqabilində heç bir fəxri ada, titula layiq görülməsə də, tamaşalarını, maddi ehtiyaclar ucbatından geyim və dekorasiya ilə, aktyorlarını, müxtəlif mürəkkəb plastik fəndləri həyata keçirməkdən ötrü lazımi qida ilə təmin edə bilməsə də, öz işini, daim necəsə, hardansa qidaladığı böyük ruh yüksəkliyi ilə davam etdirməyindədir.

Yaxın günlərdə Estoniyanın «Uqala» Dövlət Teatrının paytaxt səhnəsində nümayiş etdirdiyi «Dekameron» tamaşası, rejissorun daha bir sehrini açdı... Eston dilində oynanılan «Dekameron» Azərbaycanda İbrahimoğlu həllində aydınca anlandı... Bokkaçoya məxsus ən ifrat pornoqrafik səhnələr öz virtuoz ifadəsini İbrahimoğlunun, kəpənək tozu incəliyində iti estetikası, sərrast nişanı ilə, ən qaragüruh tamaşaçı nəzərində belə öz bəraətini qazandı. Bu, tamaşanın, dünyanın bir çox ölkələrində böyük uğurla qarşılanmasının bəlkə də əsas məqamlarından biri, bəlkə də ən üzdə olanıdır.

Nəinki Azərbaycanda, yaxın qonşu ölkələrdə, habelə hər sahədə özümüzə meyar saydığımız incə intellekt məbədi hesab olunan qabaqcıl, zövqlü Avropada belə pərəstiş və heyrət doğuracaq bu teatrın varlığı, ölkəmiz üçün elə-belə, sıravi hadisə deyil. Bunu anlamaq üçün ölkə və ölkədənkənar teatrların tamaşalarına getmək kifayətdir. Və bu gün biz, tədricən, maddi baxımdan toxlaşan, lakin mənən getdikcə iflasa uğrayan, bulanan, sönən cəmiyyətimizi sağalda, dirildə biləcək nəyinsə məhz, «nə qədər qəribə də olsa», yenə Sənət, Ədəbiyyat, Teatr olduğu ilə də hesablaşmaya bilmərik.

Əgər son qısa illər ərzində bir çox sosial reformasiyalar fonunda ciddi mənəvi deformasiyalara uğramış cəmiyyətimizi xəstəhal, ölü bədənə bənzətsək, «Yuğ»un - bu ölünü dirildə biləcək şəfalı, zəruri iksir - şüurları, duyğuları təmizləyəcək, saflaşdıracaq nadir mənbələrdən biri, bəlkə də ən ümdəsi olduğunu anlayarıq.

Bu gün, uğrunda çox çarpışdığımız, soyuq müharibələrlə döyüşdüyümüz itirilmiş torpaqlarımızla yanaşı, bəlkə ondan da vacib, daha ağrılı itkilərimizin - itirilmiş heysiyyətimizin, duyğularımızın, qədim yaddaşımızın bərpası barədə düşünməliyik... O səbəbdən ki, bizlərə, tarix boyu olduğu kimi bu gün də, ərazi genişliyindən və bütövlüyündən daha vacib genişliklər və bütövlüklər gərəkdir.

Mənən kasıb, ruhən ölü millətin ərazi genişliyindən, nə yazıq ki, qəlblər genişlənməz...

***

 

...«Yuğ»a aparan yarıqaranlıq pillələri qalxdıqca, hər mərtəbənin dəhlizinə açılan sirli qaranlıqlardan  qəribə hənirtilər, yanıqlı pıçıltılar eşidilirdi...

Ümumiyyətlə, neçə illərdən bəri gəldiyim bu teatrın havasındakı anlaşılmaz, mistik fraqmentarlıq, hər hissəsinin, az qala hər hücrəsinin, bir-birinə aid olmayan müxtəlif zaman ərazilərinə işləməsi, dəhlizin özündə baş verən energetik toqquşmalar, qorxunc, anlaşılmaz təzyiqlər məni daim baxacağım tamaşadan əvvəl izaholunmaz, qəribə ovqatlara salır... O gün də belə idi...

...İkinci mərtəbəyə açılan dəhlizin hansısa naməlum yaxınlığından, qapısı çoxdandan bəri bağlı qalan hansısa sirli otaqda gedən pıçıltılar aydın eşidilir, hərdənbir elə bil pilləkənlər boyu əks-səda da verirdi...

...Onda özünü ölmüş bil... tanış, yağlı kişi səsi dönə-dönə astadan deyir, kimisə boğurmuş kimi təngiyir, hardasa yaxınlıqda köhnə çarpayının taxtaları cırıldayır... kimsə boğulurdu...

Bu səslər, hansısa qədim tamaşalardan bu qaranlıqlarda ilişib qalmış qocaman, mərhum aktyorların unudulmuş dialoqlarını da xatırlayırdı...

Sonradan aydınlaşdırdığıma görə isə həmin bu qapısı bağlı, yanıqlı otaq demə, rəsmi dövlət xidməti otağı imiş... Yəni fasilələrdə istirahət üçün tamaşalara təşrif buyuran dövlət rəhbərinə ayrılmış xidmət otağı.

...Mərtəbələrin qaranlıq, sümürücü sükutu pilləkənə yığılıb ardımca qorxunc kabus kimi sürünür, ayaqlarıma dolaşıb yuxarı qalxmağıma mane olurdu...

...Üçüncü mərtəbənin dəhlizindənsə sadəcə  kağız səsləri gəlirdi... Sanki kimsə - yazmaqdan, yazdıqlarının həcmindən, ya mənasından havalanıb xəstəhal bir aktivliklə bir yığın kağızı bir-birinə qatıb-qarışdırır, dəli kimi göyə sovururdu...

...«Yuğ»un yerləşdiyi axırıncı mərtəbəyə çatanda özümü, qorxulu nağılların, əcinnələr dolaşan qaranlıq, sıldırımlı yollarından qurtulub doğma yerlərinə çatdıran qəhrəmanı hiss edirdim...

...İbrahimoğlu otağında yox idi. Onun əvəzinə otaqda, trolleybusda gedirmişlər kimi, dinməz-söyləməz iki kişi ilə iki qadın üzbəüz əyləşmişdi...

İbrahimoğlu özü isə, deyilənə görə, dəhlizin sonundakı  kostyum otağında idi...

...Çox keçmədi ki, o, dəhlizin yuxarı başında göründü... Hərbi kiteldə, bir gözündə qara sarğı, bir qolu şalban kimi ölü şəkildə böyründən asılmış vəziyyətdə idi, məni gördükdə, cinayət üstə yaxalanmış kimi pərt-pərt gülümsündü.

Bir neçə dəqiqədən sonra isə həmin bu görkəmdə o, tamam ayrı bir ovqatda idi, yığcam tamaşa zalının balaca, yarıqaranlıq səhnəsində qurulmuş əntiq lampalı dindirmə otağında Cavidin qadın obrazlarını dindirməklə məşğul olur, bu zalım aktdan elə bil özü də iblisanə bir zövq alırdı...

...Sualtı çəkisizliyi xatırladan qəribə bir plastikayla başını sığallaya-sığallaya, qadınlarla əlbəyaxa «döyüşlər»dən yerini dəyişən qara göz sarğısını dəqiqədəbir çəkib yerinə sala-sala, «protez» qolunu tumarlayıb qayışını sahmanlaya-sahmanlaya sözsüz dindirmələr aparır, qadınları didişdirir, işgəncə verir, öldürüb dirildir, bəzən də bu qəddarlıqdan usanıb heydən düşür, bayaqdan bəri döyüb əldən saldığı bu binəva məxluqları susqun bir şəhvətlə sevir, əzizləyib öpür... və bütün bunlardan sonra yenə də gözümüzün qarşısında qovrula-qovrula, öz əbədi, rahatsız nakam vəziyyətində qalırdı...

Bu qovrulma, bu rahatsız məmnuniyyətsizlik Cavidin əsərlərində, qəhrəmanlarının canında duyulub həmişə... Hələ orta məktəbdə oxuduğum ədəbiyyat müntəxəbatında, sonradan ali məktəbdə və nəhayət, atamın sevə-sevə yazdığı məqalələrindən daha yaxından tanıdığım Cavid bugünəcən mənim üçün iddialı və təkəbbürlü, rahatsız və acıqlıdır. Və ən qəribəsi odur ki, çox vaxt bu mübhəm iddialarda şair, sənətkar iddiasından çox, acıqlı hökmdar, uduzmuş sərkərdə iddiası duyulur...

Cavidi sanki xoşbəxt görmək istədiyi qəhrəmanları yox, bu qəhrəmanların yaşadığı cəmiyyət, yaxud heç cür uyğunlaşa bilmədiyi, bəyənmədiyi hansısa ictimai proseslər, konsepsiyalar narahat edir. İnsanlar burda yalnız vasitədir, onların fərdi ağrıları da, dərinə gedəndə hansısa ictimai-sosial amillərə söykənib və bəlkə də, bu baxımdan əsərlərində də, İbrahimoğlunun quruluş verdiyi «Divanə»də də yaşanılan əzablar, sarsıntılar insani, fərdi yox, daha çox ictimaidir və məhz bu səbəbdən fərddə ağrı doğurmur. Təntənə və əzəmət, möhtəşəmlik və qürur saçan söz külliyyatı ilə ifadə olunan bu sarsıntıların, müəllifini ağrıtması da şübhəlidir. Sözsüz ki, Cavidin öz ağrıları var, lakin bu ağrılar heç də əsərlərində, dialoq və monoloqlarda kulminasiya məqamlarında görünən ağrı tamaşası deyil.

Tamaşada şairin əsərlərini, təhlükəsizlik xidmətinin arxivlərindəki qovluqlardan heç nə ilə fərqlənməyən adi qovluqlara yığan Vaqif İbrahimoğlu səhv eləməyib. İnsan ruhunu əzən, onu ölüm kabusu kimi daim hər yerdə, hətta tənha qaldığı çarpayısında belə izləyən həmin o qorxunc illərin havası, hələ də bu əsərlərdə bu günəcən yaşamaqdadır. Cavid həmin darısqal illərin havasını olduğu kimi əsərlərində yaşadan nadir sənətkarlarımızdan biridir. Əsərlərindəki ağır çıxılmazlıq havası, qəribə, anlaqsız xof, qəhrəmanların az qala iliyinə işləmiş tərəddüd dolu şübhələr və sair də, görünür, həmin o illərin bugünümüzə gətirib çıxardığı yadigarlarıdır. Təbiəti, əsərləri və hətta xarici görünüşü ilə o illəri çox xatırladan, yaratdığı obrazlarının üzərində apardığı qansız böcək əməliyyatlarının sirri hələ bugünəcən açılmayan bu qaradinməz insanın istəyi nə idi?.. Bu zavallı qadınlarda, heç cür baş aça bilmədiyi bu dünyada nəyi araşdırıb tapmağa, nədə rahatlanmağa can atırdı?!..

Cavidin müqaviməti, kini, qəribədir ki, uydurduğu faciələrdən və bəhanə gətirdiyi səbəblərdən xeyli ağır və gizlidir. Onun həyat, dünya, bəşər qarşısındakı çaşqınlığı, acizliyi, sonsuz tərəddüdləri, şübhələri təbii şəkildə burda da özünü büruzə verir...

Özü-özü üçün, öz içində qurduğu əzablardan, ehtiras, yanğı dolu sarsıdıcı məqamlardan o, burda da heç nə ilə, heç nə həll etmədən, rahatlanmadan, heç bir qənaətə gələ bilmədən, əliboş çıxır... Səbəb aydındır: ələ gəlməyən, dağınıq ictimai-sosial problemləri ədəbiyyat yox, zaman və cəmiyyətin özü həll edir.

Onun bu çıxılmazlığı istər-istəməz insanı, əvvəli-sonu olmayan, arzular, iddialar dolu havasız, dar bir məkana - qəliz, təkəbbürlü pafos bataqlığına salır...

Ədəbiyyatçı olmadan, Cavid yaradıcılığının «ənginliklərində» üzmədən bu nakam, faciəli ruhu olduğu kimi görməsi və onun tarixi faciəsini bu dərəcədə aydın, dəqiq ifadə edə bilməsi, Vaqifin Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısında göstərdiyi əvəzsiz xidmətlərdən biri, bəlkə də ən başlıcasıdır...

Uzun illər Cavid fəlsəfəsinin «dərinliklərində» zərgər incəliyi ilə, yorucu araşdırmalar aparan alimlərin (o cümlədən mərhum M.Əlioğlunun) bəlkə də həddən ziyadə yaxınında olduqlarından dəqiq görə bilmədikləri Cavidi uzaq, ali nöqtədən görən İbrahimoğlu, şairin gizli dünyasını bir neçə xırdaca, ilk baxışda sezilməz, sanki təsadüfi detallarla, əslində isə virtuozluqla açır... Daha dəqiq desək, Cavidi, yaratdığı öz qadın obrazları - tamaşaçılarla üzbəüz dayanıb  zalı dəbdəbəli sətirlərlə, nəfəs dərmədən güllələyən afətlər, marallar, səlmalar, ismətlər, göyərçinlər ittiham  edir...

Zavallı qadınları, cavabını, həll yollarını özü də dəqiq bilməyən hansısa qaranlıqlara sürükləyən müəllifin son istəyi, bilinmir. Mürəkkəbləşdirilmiş Azərbaycan dili ilə türk dilinin qarışığında yazılmış qəliz təşbehlər, yorucu, üzücü həqiqətlər yığnağı, narazılıqlar, üzgünlüklər dolu bu qurğuşun misraların gülləbaranı altında əzilən, darıxan, sıxılıb tarıma çəkilən tamaşaçının, tamaşanın bu yerində ayağa qalxıb haranısa - hava, işıq gələn bir yeri açmaq istəyi də baş tutmur... Pəncərə elə burdadır... Cavidin qəhrəmanlarının yaşadığı bu yarıqaranlıq, havasız məkanda... Lakin bu pəncərə divara təbaşirlə çəkilib və tayları açıq olsa da, Cavid zülmətindən, qəlizliyindən boğulan zavallı qadınlar bu pəncərəyə dirənib nəfəs çəksələr də, hava ala bilmirlər... Burada hər şey ölüdür... çiçəklər də kağızdandır, gəlin örtükləri nimdaş və sarıdır... qadınların ehtiraslı çılğınlıqla dediyi misralar kimi...

...Vaqifin böyük kəşflərindən biri şairin obrazıdır. Bu bədbəxt, lazımsız qadınları yaradan da, əzizləyib tumarlayan da, işgəncə verib darısqallıqlarda zolaqlı dustaqxana geyimində yatmaqdan iblisanə təsəlli tapan da o özüdür... Və burada bu balaca miniatür səhnədə biz bir sehrli həqiqətin də şahidi oluruq... Burda Cavid - həmin o qorxunc zamanın özüdür...

...Dindirmələr zamanı əzazil məmurun istifadə etdiyi şəxsi iş qovluqları, həm də Cavidin əsərləri saxlanılan qovluqlardır...

Hər şey necə də dəqiqdir... Axı ədəbi əsərlər də, DTK arxivlərində yatan şəxsi işlər kimi qovluqlara yığılır, onlar da «Delo»lar kimi insan talelərindən bəhs edir...

İbrahimoğlunun, «Yuğ»un balaca tamaşa zalında, kasad dekorasiya ilə, ucuz kostyumlarla, heç bir işıq, səs effektindən istifadə etmədən, bircə saat ərzində təqdim etdiyi bu ibrətamiz mənzərə - hansısa qaranlıq iddialarına görə dünyadan hey intiqam almaq istəyən bu keşməkeşli intiqam yollarında dolaşıb qaranlıq fəlsəfə torlarına ilişən istedadlı, lakin acıqlı bir sənətkarın - çox qorxulu sirlərini cild-cild əsərlərində inadla açmayan, heç nə deməməkdən ötrü çox demək prinsipi ilə sözünü ustalıqla patetik sözlər okeanında gizləyən Hüseyn Cavidin faciəvi obrazını - o ağır vahiməli illərin obrazını yaradır...

...Mənə fikir və duyğu partlayışı təsiri bağışlayan bu tamaşadan, bu Böyük Teatrın balaca məkanından, «Yuğ» barədə, istedadı daim məni kövrəldən İbrahimoğlu barədə fikirlərlə uzaqlaşdıqca, Böyük Sənətin Zaman ərazisini düşünür, Cavidi sözün böyük mənasında oxuyan İbrahimoğlunun, həm də bu insanın acı taleyini könüllü surətdə onunla bölüşməyindən, günaşırı axşamlar bir saatın ərzində bu qaradinməz, acıqlı ruha çönüb onun ağrılar və nəşə dolu iztirablı tonqalında qovrulmaqdan həzz və rahatlıq tapdığından heyrət duyurdum...