Nəzmiyyə AXUNDOVA - Ədəbi portret

 

Afaq Məsud «yetmişincilər» ədəbi nəslinin istedadlı nümayəndələrindən biridir. Onun hələ tələbə ikən «Ulduz» jurnalında çap etdirdiyi hekayələr maraqlı yazı tərzi, təqdim etdiyi həyat səhnələrinin təbiiliyi və reallığı, obrazların inandırıcılığı ilə diqqəti cəlb etmişdi. Xalq yazıçısı Süleyman Rəhimov vaxtilə Afaqın «Üçüncü mərtəbədə» hekayələr kitabına «Yaradıcılıq baharı» adlı ön söz yazmışdı. Həmin ön sözdə qocaman yazıçı gənc nasirə yaradıcılıq uğurları arzulayır və yazırdı: «Mən Afaqın əsərlərini oxuyan gündən onun yaradıcı qələminə böyük ümidlə baxmışam. Budur, Afaqın hekayələr toplusu gözümün qabağındadır. «Günayın yuxusu» hekayəsini əlimdə qələm oxumağa başlayıram. …Mən Afaq Məsudun fərdi yaradıcılığını nəzərdən keçirəndə, cavan yazıçımız öz sözləri ilə, fikirləri ilə məni tərpətdi. Bizim ədəbi gəncliyimiz içində belə bir yazıçının yetişdiyini görəndə sevinməyə, onunla öz övladım, öz nəvəm kimi öyünməyə bilmirəm….Əlbəttə, Afaq Məsud yaradıcılığı hələ başlanğıcındadır. Gənc ədibin yaradıcılıq üfüqü indi-indi sökülməkdədir. Mən inanıram ki, Afaq Məsudun yaradıcı günəşi öz üfüqündən boylana-boylana qalxacaqdır, gənclik dəst-xətti daha da püxtələşməkdə davam edəcəkdir».

Xalq yazıçısının bu etimadını Afaq Məsud sonralar layiqincə doğrulda bildi.

Bəli, Afaqın elə ilk hekayələri sübut elədi ki, ədəbiyyata istedadlı bir cavan gəlib və bu cavan nasir yaxşı müşahidə qabiliyyətinə malikdir, nə yazdığını anlayır və təsvir etdiyi həyat səhnələrinin, təqdim etdiyi obrazların daxili dünyasına enə bilir. Onun ilk hekayə və povestlərində hadisələr dar bir məkanda - ailə və məişət sferasında cərəyan edirdi. Bunu müəllifə irad tutanlar da olurdu, amma unutmaq lazım deyildi ki, ailə də cəmiyyətin tərkib hissəsidir və burada baş verən olaylar cəmiyyətdəki hadisələrin, mənəvi-əxlaqi proseslərin əks-sədasıdır.

«Qonaqlıq» hekayəsində cavan bir ailədən - Nüşabə və Çingizdən, onların həyata münasibətindən, gündəlik qayğılarından söz açılır. Onlar bir-birini sevərək ailə həyatı qurmuşlar, lakin nədənsə Nüşabə dəyişmiş, kasıb olmalarına baxmayaraq, zövqlə geyinmək, maşında gəzmək, gündə bir komplekt taxmaq arzusu ilə yaşayır. «Mən də cavanam, mən də yaşamaq istəyirəm! Dedim, ərə gedərəm, gün görərəm! Odur ey, Leyla, Səidə…Hamısı gündə bir komplekt taxırlar, ilin on iki ayı xaricdə, altlarında da ki, «Volqa»ları. Mən külbaş da taksiyə ayda bir dəfə minirəm. Nə var, nə var ərim aspirantdı! Onnansa belə zibil daşıyaydın, pul qazanaydın!». Beləliklə, bir ailənin dağılacağı gözlənilir. Amma belə olmur.Anasıgilə gedəndən sonra Nüşabə gününü atelyelərdə, konsertlərdə, qonaqlıqlarda keçirsə də, darıxmağa başlayır, dərk edir ki, Çingizlə nə qədər dözülməz rəftar edib, hər sözünü, hərəkətini xatırlayıb xəcalət çəkir... və günlərin birində əlini telefon dəstəyinə uzadır.

«- Alo? - Bir neçə saniyə hər ikisi susdu.

--Alo…- deyə Çingizin bu dəfə sakit, mülayim bir səsi eşidildi.

-Nüşabə, sənsən?..

Nüşabə özünü saxlaya bilməyib hönkürdü və ona elə gəldi ki, bu hönkürtünü nəinki Çingiz, bütün Bakı eşitdi…»

Afaq Məsudun «Üçüncü mərtəbədə», «Həsən əmi», «Bekar», «Telefonda işıq», «Şənbə gecəsi», «Çovğun», «Yataqxana», «Oğru», «Ədalət»,«Tutuquşu», «Gün», «Sərçələr», «Mədət», «Tək», «Üydurma», «Su», «Dovşanın ölümü» hekayələrini 70-80-ci illərdə yazmışdır.Bu hekayələr Afaqın xarakter yaratmaq, bu xarakterlər vasitəsilə ailə, məişət problemlərini qabartmaq bacarığını nümayiş etdirir. Hər hansı bir hekayədə Afaq təsvir etdiyi obrazın psixologiyasını, daxili aləminin gizlinlərini aça bilir. Məsələn, «Üçüncü mərtəbədə» hekayəsində həyatını, ailə səadətini puç edən Oqtayın taleyi oxucunu düşündürür. Bu adamın həyatında artıq bütün işıq telləri kəsilib, pulu olanda içir. Acanda yas yerlərinə gedir. Ən dəhşətlisi isə təkliyi və unudulmağıdır. «Bu boyda şəhərdə, bu qədər adamın içində o, deyəsən, lap tək idi. Hər gün beləcə, tək-tənha eyni küçələri başdan-başa gəzib dolaşırdı, divara vurulmuş qəzetlərdəki başsağlığı verənlərin siyahısını oxuyurdu. Bu, onun çoxdankı adəti idi. Onun qazanc yeri idi. Bir də ona elə gəlirdi ki, bir gün beləcə, ölənlərin sırasında öz adını da oxuyacaq. Bir yandan da fikirləşirdi ki, əgər işdi, o, ölsə, onun üçün - dilənçi, avara, əyyaş bir adam üçün kim başsağlığı verəcək, özü də kimə verəcək?»

Müəllif bu adamın fiziki ölümünü təsvir edə bilərdi. Lakin onun mənəvi ölümü göz qabağındadır və fiziki ölümü bunun müqabilində heç bir əhəmiyyət daşımır. Mənəvi ölümünün son nöqtəsi isə Oqtayın bilməyərəkdən keçmiş həyat yoldaşı Ceyranın yas yerinə gəlməyidir. Burada o, mərhumənin ərə getdiyi Əzizi görür. O Əzizi ki, Oqtay bir vaxt onu «Əclaf nömrə bir» adlandırırdı, indi isə onun qapısına dilənçi kimi gəlib. Üstəlik, Əziz ona Sonanı (Oqtayın qızını) göstərir. Və Oqtay başa düşür ki, üçüncü mərtəbəyə qalxıb Sona ilə görüşməyə nə fiziki, nə də mənəvi gücü qalıb, çünki nəinki arvadını, qızını, dostlarını, qohumlarını, hətta beyninin qüvvəsini, istedadını və insanlığını da itirib.

Afaqın bu hekayəsində onun bir çox hekayələri üçün səciyyəvi olan bir cəhəti nəzərə çarpdırmaq istəyirik. O da bundan ibarətdir ki, Afaqın bir çox hekayələri novellavari sonluqla bitir. Məsələn, «Telefonda işıq» və «Həsən əmi» hekayələrində olduğu kimi, «Telefonda işıq» hekayəsində müəllif bir oğlanın telefonda təsadüfən tanış olduğu qızla gözlənilməz macərasını qələmə almışdır. Qızın səsi həddindən artıq gözəldir: «Səs öz-özlüyündə elə bil, bütöv bir mahnı idi». Oğlan bu qızın səsinə vurulur, günlər, aylar keçəndən sonra onlar belə qərara gəlirlər ki, görüşsünlər. Amma bu gözəl səsin yiyəsi olan qız… «Ona tərəf balaca bir liliput irəliləyirdi. Elə bil balaca meymun idi. ...Bu, o idi! Aylarla, həftələrlə haqqında fikirləşdiyi, zəngini ürəyi əsə-əsə gözlədiyi, yuxuda öpüb əzizlədiyi, şəkilləri bütün evini bürüdüyü qız. ..onun üzü olduqca kifir idi. İndi onlar üzbəüz dayanmışdılar. Biri göyə baxırdı, o biri yerə». Doğrudan da, gözlənilməz sonluqdur və həyatda belə hadisələr ola bilər.

«Həsən əmi» hekayəsində isə A.Məsud boz bir adamın bədii portretini yaratmışdır. Bu adam - Həsən əmi yaşadığı evdə cansıxıcı, insanı hövsələdən çıxaran, onun sərbəstliyini, daxili azadlığını əlindən alan bir rejim yaratmışdır. «Həsən əmi ailəsi ilə elə bil cəmiyyətdən ayrı yaşayırdı. Heç kəslə əlaqə saxlamağı sevməzdi. Nə vardısa, burda-bu dörd divarın arasındaydı. Evlərində hamı bir-birini tərifləyə-tərifləyə səhərdən axşama kimi işləyib özünü öldürürdülər, amma ortaya bir şey çıxmırdı. Sonra da hərə öz otağına çəkilib baş sındırırdı…Hələ onda Azər fikir verib gördü ki, Həsən əmi doğrudan da başdan-ayağa boz rəngin içindədi. Boz kostyum, boz şlyapa, boz köynək, boz corab, boz çəkmə…Sonra gördü ki, ona ancaq boz rəng yaraşa bilər. Üzü də boz, geyimi də boz, özü də boz». Həsən əminin kürəkəni Azər bu bozluğa dözə bilmir, günlərin birində Həsən əminin üzünə deyir ki, o, başdan-ayağa qrafikdir, mexanizmdir, cədvəlsiz yaşaya bilmir. Həsən əmi onu evdən qovur. Hekayə buradaca bitə bilərdi. Günlər, aylar keçir, Azər qızı və həyat yoldaşı üçün darıxır və qərara alır ki, yenə o boz adamın evinə qayıtmalıdır. Amma qapı döyülür və gözlərinə inanmır. Qızı Lalə və həyat yoldaşı Gülnar qapının ağzında dayanmışlar. Boz dünyadan ayrılmış və evə qayıtmışlar.

Xalq yazıçısı Anar Afaqın «Şənbə gecəsi» kitabına yazdığı «Dörd divar arasında» müqəddiməsində yazır: «Şəhər nəsri», «kənd nəsri» təbirləri, şübhəsiz, şərti anlayışlardır. Amma əgər bu «ərazi prinsiplərinə» riayət etməli olsaq, Afaq, əlbəttə, şəhər yazıçısıdır. Bu ərazini bir az da daraltsaq, görərik ki, Afaq şəhərin küçəsiylə, meydanıyla, məktəbiylə geniş təsvirinə deyil, dörd divar arasındakı bir mühitin təsvirinə meyl edir, şəhər mənzilində cərəyan edən həyat tərzini, insan münasibətlərini göstərmək istəyir. Bu, gənc müəllifin nöqsanı da deyil, məziyyəti də. Ən geniş lövhələri üzdən, səthi, bəsit vermək də olar, ən dar, məhdud bir mövzunun dərinliklərinə varmaq da. Vaxtilə bir fransız müəllifi «Öz otağımda səyahət» adlı qalın bir kitab yazmış və bu «otaq içindəki səyahətində» dünyanın, həyatın bir çox qlobal problemlərini qaldırmışdır. Afaqın «Tutuquşu», «Yataqxana», «Şənbə gecəsi» hekayələrində, «Qarğış» povestində təsvir etdiyi həyat dörd divar arasında məhdudlaşsa da, müəllif insan xarakterinin, psixologiyasının, taleyinin daxilinə, dərinliklərinə nüfuz edir».

Bu sitatda «insan xarakterinin, psixologiyasının, taleyinin daxilinə, dərinliklərinə nüfuz edir» fikri ilə razılaşmamaqq mümkün deyil. Afaq hekayə və povestlərinin bir çoxunda cümlələri «fikirləşdi ki...» xəbəri ilə başlayır. Bu, əbəs deyil, çünki Afaqın təsvir etdiyi qəhrəmanlar doğrudan da fikirləşir, götür-qoy edir, düşünürlər. Müəllifi də obrazların hərəkətlərindən daha çox fikir aləmi, daxili dünyası maraqlandırır. «Gün» hekayəsinin qəhrəmanı bütün günü öz hərəkətləri barədə fikirləşir, başa düşür ki, o, sözünün yerini bilmir, kiminlə rastlaşsa da, işi düz gətirmir. Çünki ömrü boyu axmaq hərəkətləri, külünc işləri ilə ad çıxarıb: kiminsə toyuğunu hovuzda boğub, nənəsinin kürəyini çəngəllə deşib, anasının üzüyünü qonşu həyətin uşaqlarına satıb, atasının cibindən tapdığı sevgi məktubunu anasına ötürüb, sevmədiyi qızı aldadıb yoldan çıxarıb və s. Bütün bunları xatırlayır və əzab çəkir. Günlərin birində belə qərara gəlir ki, özünü boğsun, amma boğa bilmir. «...Sonra tən ortasında uzandığı otağın düm ağ tavanına baxa-baxa uzun müddət fikirləşdi ki, niyə özünü boğmuşdu görən, həyat ki gözəl idi...»

Yaxud, «Sərçələr» hekayəsini götürək. Burada da hadisələr «dörd divar arasında» baş verir. Hekayədə üç personaj var: Yazıçı Ana, Ata və Uşaq. Onların bir-birilə münasibətləri daha çox psixoloji aspektdə cərəyan edir. Ana çox əsəbi, hirsli qadındır, hətta qəddardır, uşağı tez-tez döyür. Hiss olunur ki, Ata ilə Ananın ulduzu barışmayıb və bunun əzabını da Uşaq çəkir. Günlərin birində Ana makinasını da götürüb harasa gedir. Pəncərənin qabağı sərçələrlə dolu idi, ananın gedişindən sonra sərçələr də yox olur. Bu, psixoloji bir hekayədir və biz biganəliyin hökm sürdüyü balaca mühitdə, bir ailədə yaranan faciəni sonadək izləyirik.

Afaq Məsudun psixoloji təsvirlərə meyl etməsi, hadisələrin məna və mahiyyətini obrazların daxilində izləmək məharəti onun «Qarğış» povestində daha bariz nəzərə çarpır. Tənqidçi Akif Hüseynov bu povest barədə yazırdı: «Əsərdə hadisələr sadəcə olaraq bir ailədə cərəyan etmir, bizi bütünlükdə bir ailə, onun bütün üzvlərinin güzəranı, qayğıları, taleyi ilə tanış etmək - müəllif qayəsi kimi aşkarlanır. Yazıçı, ailənin daxili simasını, ondakı kolliziyaları qabarıqlığı ilə üzə çıxardır və süjeti axıracan dramatik-psixoloji səpgidə davam etdirir, hadisələrin artan gərginliyini qəhrəmanlarının sarsıntılarının, düşdükləri vəziyyətlərin ardıcıl təhlili ilə bacarıqla əlaqələndirir. Nəticədə, ailənin portreti mənəvi-psixoloji səciyyəsi ilə rəsm edilir, biz bu ailəni güzəranının, əxlaqi təsəvvürlərinin mahiyyəti ilə gözlərimiz önünə gətirə bilirik və bunu cavan nasirin müvəffəqiyyəti kimi təqdir etmək lazımdır».

Povestdə bir ailənin dağılması prosesi təsvir edilir və bu faciənin iştirakçıları olan hər bir ailə üzvünün nədə suçlu olması bir-bir açıqlanır. Məlum olur ki, Ata içkiyə qurşanıb, ana ailənin bütün ağırlığını öz çiyninə götürüb, lakin bu yükü təkbaşına çəkə bilmir; böyük oğul varlı bir ailənin qızı ilə evlənmişdir və onların dediyi ilə oturub - durur, ortancıl oğul içkiyə qurşanıb və atasının yolunu davam etdirir, onun da ailəsi dağılmaqdadır, kiçik oğul isə, heç kimin nəzarətində deyil, öz-özünə böyüyür. Ailədə hamı bir-birini tənbeh edir, valideyn məsuliyyəti hiss olunmur. Ona görə də, bu evi ananın qarğışları bürüyür və nəticədə, gələcək üçün heç bir perspektiv görünmür.

«Qarğış» əsəri ilə mövzuca həmahəng olan «Üzü işığa» povestində də yenə ailə müsibətləri süjetin əsasını təşkil edir. Povestdə artıq son günlərini yaşayan bir ananın iztirabları, keçirdiyi ağır, əzablı günlərin xatirələri retrospeksiya yolu ilə əks olunur. Bu ana da «Qarğış»dakı ana kimi xoşbəxtlik üzünə həsrət qalmışdır. Ərini sevməyən, onun əfəl və bacarıqsız olduğunu görən, üstəlik, içkiyə qurşandığının şahidi olan, sonra da o biri dünyaya yola salan Ana övladlarının da xoşbəxt olmadığını bilir. «Nədən həzz almışdı?.. Uşaqlarını böyütməkdən, ərinin köynəklərini yuyub - ütüləməkdən, cavanlığından, gözəlliyindən? Uşaqlarını min əziyyətlə doğub böyüdürdü nə üçünsə…Özüyçün yox, qətiyyən yox». Amma bu qadının -- Zərifənin qəlbində də işıqlı bir duyğu varmış, indi ölüm ayağında olsa da, o, bir vaxtlar sevdiyi Kərimi xatırlayır. Onun gəlişini arzulayır: «Sonra Kərim ayağa qalxıb qəfəsli pəncərədən ikiəlli yapışdı, qəfəsi silkələyib yerindən qopartdı, elə ordan aşağı atdı. İçəri təmiz, soyuq hava, bir də göz qamaşdıran işıq doldu. Sonra gəlib onun qolundan tutdu, qaldırıb ayaq üstə qoydu.

- Qalx,- dedi,- gedək...

- Hara?.. - Səsi otağa dolub əks-səda verdi.

- Üzü işığa... gedək.

Buludların üstüylə gedirdilər». Biçarə qadın heç olmasa ölüm ayağında, xəyallarında «xoşbəxt» ola bilir.

Afaq Məsudun «Cəza» povesti isə yazıçının həyatın daha mühüm məsələlərinə müraciəti kimi diqqəti cəlb etdi. Burada ailə-məişət sferası öz dairəsini genişləndirir, süjet təkcə ana-oğul münasibətlərini deyil, insanın doğulduğu kəndə, torpağa, elə-obaya münasibəti kimi ictimai məzmun daşıyır. Oğul şəhərə gəlmiş, təhsil almış, vəzifə sahibi olmuşdur. Anası onu şəhərə yola salanda demişdi ki, adam olmaq istəyirsənsə, şəhərə get, oğul, oxu, bir vəzifə sahibi ol. Amma o, vəzifə sahibi olsa da, adam ola bilmədi. Hər ay anasına pul göndərsə də, görüşünə getmədi, kəndi və anasını unutdu. İndisə teleqram alıb ki, anası ölüb və o da könülsüz-könülsüz anasını son mənzilə yola salmağa gedir. Kənddə anasının yasında isə özünü yad adam kimi hiss edir, adamlar da ona elə yad kimi baxırlar. Bu hisslərin təsiriylə, o, su quyusunu axtarır, əyilib quyunun içinə baxanda kəlləsi üstə aşağı, dibi görünməyən qaranlıq quyuya düşür... Dibi daşla, taxtayla dolu quyuda əzilir və…ölür. «Bir azdan həyət adamla doldu. Adamların bir dəstəsi çəhrayı örtüklü tabutu çiyinlərində kəndin yuxarı başındakı qəbristanlığa apardılar. O biri dəstəsi isə quyuya adam düşürtdülər, ip salladılar ki, boz kostyumlu adamın meyitini çıxartsınlar».

Beləliklə, anasını, kəndini, doğulduğu ocağı unudan Oğul öz cəzasına çatır və onun ölümü təsadüfi səhvin yox, günahlarının məntiqi nəticəsi kimi mənalanır.

Afaq Məsud 90-cı illərdə, ikimininci illərin əvvəllərində də nəsr sahəsində yeni uğurlara imza atdı: «Azadlıq», «İzdiham», «Yasaq yuxular» romanlarını qələmə aldı, yeni hekayələr yazdı, «Duyğular imperiyası» esselər silsiləsi ilə diqqəti cəlb etdi. Bu əsərlər onun yaradıcılığında yazıçının potensial imkanlarını aşkara çıxardı. Bunu biz «Azadlıq» romanında daha artıq hiss edirik. Tənqidçi Vaqif Yusifli yazır: «Afaqın «Azadlıq» romanı həm janr xüsusiyyətinə, həm də üslubi yönünə görə ilk baxışda qəribə təsir bağışlayır. Yəni, roman publisistik bir ahənglə, templə başlayır, sonra sırf psixoloji səpgidə davam edir, sonda yenə publisistik ton qabarıq görünür. Çox maraqlıdır ki, Afaqın digər nəsr əsərlərinə xas olan və ümumilikdə onun fərdi üslubunu səciyyələndirən bir çox cizgilər romanda sanki qeyb olur, əvvəlki sakit, hətta çoxlarına darıxdırıcı təsir bağışlayan təhkiyə tərzi itilik, sürəklilik kəsb edir. ...”Azadlıq” A.Məsudun insandan cəmiyyətə, fərdin daxili dünyasından ictimai-siyasi hadisələrə sıçrayışını tam şəkildə açıqlayır. Əslində, onun «dörd divar arasında» təsvir etdiyi gerçəkliyin özü də cəmiyyətin mikromodeli təsiri bağışlayırdı, ancaq «Azadlıq»da cəmiyyət, konkret ifadə etsək, Azərbaycan gerçəkliyi bütün reallığı ilə əks olunur» .

 

Romanda doxsanıncı illərin ictimai-siyasi hadisələrinin təsviri diqqəti cəlb edir, lakin bu təsvirdə müəllif sırf sənədliliyə enməmişdir, o, Millət Atasını da, ondan əvvəlki Prezidenti də, bu iki şəxsin ətrafındakı məmurları da, geniş mənada Xalqın özünü də bədii təxəyyül süzgəcindən keçirmişdir, yəni, arayıb-axtarsaq, A.Məsud tarixi şəxsiyyətlərin obrazlarını yaradarkən mümkün qədər məlum stereotiplərdən qaçmışdır.