MÜVƏKKİL VAYSMAN

...Elmlər Akademiyasının həyətinə daxil olanda Qulam Hüseynli buralarda heç vaxt görmədiyi qəribə bir mənzərə ilə üzləşdi...

Şəhərin canına daraşıb idarələrin, dükanların, yeməkxanaların üstünə öz sərlövhələrini yapışdıran, mərkəzi küçələrdə çəhrayı, etinasız üzlərlə gəzişib milli meyvələrdən acgözlüklə təpişdirən əcnəbilər, deyəsən, buralara da yol tapmışdılar. Nəhəng sərv ağaclarının və sarımtıl çiçək xiyabanının arasında qol-budaq atan bu elm məbədinin geniş həyətində qoltuğunda qalın qovluq, arxayın yerişlə asta-asta gəzişən alimlərin əvəzinə, bu dəfə binanın girişinə aparan ensiz yolda bir-birinin ardınca düzülmüş, burunlarında balaca, əcnəbi bayraqlar yellənən xarici maşın dəstəsi gözə dəyirdi.

Maşınların qorxunc parıltısından, ya binanın nəhəng qapıları ağzında iri gül dəstələrinin arxasından boylanan işçilərin çaşqın üzlərindən Qulam Hüseynli bədənindən soyuq cərəyanvarı nəyinsə ötüb-keçdiyini hiss etdi. Vücudunu bürüyən bu axmaq gərginlikdən tezcə qurtulmaqdan ötrü girişdə sıxlaşanların böyründən sivişib ayaq saxlamadan özünü foyeyə saldısa da, orda da bu təntənənin ətürpədən əlamətlərindən yaxa qurtara bilmədi.

Foye həyətin təntənəli əhvalını səliqəli bir ardıcıllıqla davam etdirirdi.

İkinci mərtəbəyə aparan mərmər pillələrin üstündə əcnəbi dildə nəhəng, ağ plakatlar, mavi bayraqlar asılmışdı.

Qulam Hüseynli burda özü də bilmədən, bir dəstə həyəcanlı professorun – bir neçə yorğun gözlü ədəbiyyat, tarix, dilçilik elmləri doktorlarının cənginə keçdi.

Professorlar həmişəki yorucu ahəngləri ilə bu gün keçiriləcək tədbirlə bağlı hey nəsə danışır, uzun-uzadı nələrəsə şərh verir, kimisə nəfəs dərmədən tərifləyir, biri-birinə qarma-qarışıq suallar yağdırır, cavab gözləmədən, gizli gərginliklə girişi güdür­dü­lər.

Onların hansındansa hamam kisəsinin nəmişliyini andıran kifsəmiş iy gəlirdi. Elə bil yorğun üzlü professorlardan hansısa günün bu günorta çağı elə burdaca, elə beləcə dayandığı, danışdığı yerdə çürüyüb kif atmağındaydı.

Professorlar danışdıqca Qulam Hüseynli keçmiş günləri – həmin bu akademiya­da aspirant olduğu unudulmaz, qaynar illəri, bir vaxtlar ona çox möhtəşəm və əzəmətli görünən bu elm ocağının dəhlizləri boyu cavan, gümrah üzlərlə oyan-buyana gəzişən, bir-birini, institut direktorlarını, qocaldıqca sual işarəsinə dönən qoca akademikləri yamsılayıb gülüşən məzəli həmkarlarını xatırlayır, kövrəlib təsirləndiyini gizləməkdən ötrü üzünü oyan-buyana çevirə-çevirə, dağınıq baxışlarla foyenin bozarmış sütunlarını, tavanını seyr edirdi.

Əslində, o vaxtdan bu yana elə bil bir o qədər də vaxt keçməmişdi. – Qulam Hüseynli fikirləşdi, – o nəsildən salamat qalmış professorlar isə elə günə düşmüşdülər, elə bil buralardan – akademiyanın bu səskeçirməz divarları arasından nəhəng traktorabənzər adamşumlayan qurğu keçib getmişdi. Professorları əzib ütüləyə-ütüləyə, ağız-burunlarını əzib tanınmaz hala sala-sala…

...Akademiyanın özü də dəyişmişdi. Dəhlizləri və foyesi yığılıb daralmışdı. Dəhlizlər əvvəlki kimi işıqlı da deyildi, nə iləsə təsadüfi adamlarla dolub-boşalan ürəksıxan qatar perronlarını xatırladırdı.

Bir sözlə, hər şey çox kədərli və üzücü idi, – Qulam Hüseynli fikirləşdi və doluxsunmamaqdan ötrü professorlardan aralandısa da, onların canüzən danışıqların­dan qurtula bilmədi.

...Professorlar bir də ikinci mərtəbədə – nəhəng, lakin təmirsiz olduğundan xeyli solğun görünən iclas zalına daxil olanda susdular, Qulam Hüseynli ilə yanaşı əyləşib gül səbətləri ilə bəzədilmiş təmtəraqlı səhnəni, getdikcə adamla dolan zalı güdməyə başladılar.

Qulam Hüseynli də səhnəyə baxırdı, baxdıqca ürəyinin əzildiyini, neçə illərdən bəri köhnə, sınıq trolleybus kimi bir böyrü üstə əyilə-əyilə işləyən, bütün zaman və məkan dəyişkənliklərindən öz yığcam marşrutu ilə ötüşüb çıxan kasıb, doğma idarəsini – ədəbi mühitdə xüsusi nüfuzu olan “Qələm” ədəbiyyat mərkəzini xatırlamaq istədiyini duyurdu… Gül-çiçək dolu təmtəraqlı səhnə Qulam Hüseynlinin yadına qədim qələm dostlarını – Mərkəzin canına, havasına hopmuş Şairi, onun ötən həftə Mərkəzdə qeyd etdikləri ad gününü, məclisin sonuna yaxın Şairin birdən-birə coşub, yedikləri çörəyi zəhərə çevirə-çevirə, Sözün qüdrətindən, ən ağrılı dərdindən danışmaqdan ehtiyat edə-edə, rəngi ağara-ağara danışmasını, onun bu sağalmaz yarasının ağrısından balaca Fərəcin halının birdən-birə xarablaşmasını, məclisin axırına yaxın real ədəbiyyatı mistik ədəbiyyata heç cür dəyişmək istəməyən nasir Ağəlinin publisist Sadayın üzünə qəfildən sillə vurmasını və sairəni yadına saldıqca saçlarının dibində qarışqa sürüsünün yerişini andıran yandırıcı bir gizilti duyur, başını qaşımağa utanırdı.

Dünyanın bu vurhavurunda – hər şeyin pula alınıb-satıldığı, hər kəsin puldan savayı, hər bir şeydən qəribə ürək genişliyi ilə keçdiyi belə bir qorxunc zamanda, Elmlər Akademiyası kimi maddi dünyadan tam uzaq, müqəddəs elm ocağının belə özünü yaşatmaq uğrunda əcnəbilərlə – qıçları boyda ədəbaz uşaqlarla nə isə düzüb-qoşduğu, iş birliyi yaratdığı bir vaxtda onların “Qələm” mərkəzi heç kimə lazım olmayan, bir kəsə bir qəpiklik xeyir gətirməyən Böyük Ədəbiyyatın qaranlıq dəhlizlərində vurnuxmaqda, hansısa əbədi-ədəbi qanunları araşdırmaqla məşğul idi…

Bu da heç kimdən yox, elə onun özündən – sarsaq ədəbi fanatizmindən irəli gəlirdi. Məsələnin də ən faciəvi tərəfi elə bu idi. Bütün idarə də – dostları və həmkarları da, təbii ki, ona uyğunlaşmaqla məşğul idi. Necə deyərlər, “balıq başından iylənər.”

Qəribədi ki, dəfələrlə bu haqda fikirləşə-fikirləşə gəlib bu yerə çatmışdısa da, vəziyyətin dramatikliyini sidqi-ürəkdən anlayıb nəyisə dəyişmək, dağıdıb yenidən qurmaq qərarına gəlmişdisə də, Mərkəzə qədəm qoymağıyla, neçə vaxtdan bəri fikirləşib hazırladığı qərarların hamısının əriməyi bir olmuş, sevimli dostlarını – Şakiri, Fərəci, Ağləpəni və digərlərini görərkən, şirin yuxudan oyanmaq istəyən adamın çırpıntısı ilə öz-özündə çapalaya-çapalaya, dibsiz, sərhədsiz ədəbiyyat sularında boğula-boğula, elə bil əvvəlkindən də dərinə getməyə üz qoymuşdu.

...Kimə lazım idi axı bu əbədi qanunlar?.. – Qulam Hüseynli yerində əsəbi-əsəbi qurcalana-qurcalana fikirləşdi. – Bu nə xəstəhal manyakal – mistik ovqat idi, özlərini salmışdılar?.. O da, o birilər də, balaca Fərəc də, Şair də, Dəniz də, elə o qalanları da elə bil hansısa dini sektanın üzvləri idi. Bir qədər kənardan, ayıq gözlə baxanda hamısı xəstəyə oxşayırdı…

O biri yazıçıların gecə-gündüz tədbir töküb, gün-güzəranlarını düzəltməklə, xarici ölkələrdə kitab nəşr etdirib pul qazanmaqla məşğul olduqları bir vaxtda, onlar tüstülü otaqlarda Sözün dəyərini, sətirlərin alt qatında gizlənən mənalarını təhlil edir, saatlarla boğazları cırıla-cırıla bir-birinə saysız-hesabsız ədəbi variasiyalar təqdim edir, bundan cuşa gəlib bir-birinin üzünə baxa-baxa, elə bil öz dediklərindən məst olurdular.

...Hər dəfə bu yerə gəlib çatanda Qulam Hüseynlinin yadına qələm dostlarının onu dəfələrlə mənəvi, lap elə cismani ölümdən xilas edən ecazkar sətirləri düşür, bayaqkı ani üsyanını illər boyu beyninin hansısa ayıq küncündə gizlədiyi nadürüst baqqal iddiası hesab edir və elə həmin dəqiqə bu qorxunc iddianı, səhvlər dolu lazımsız qaralama kimi əzib yaddaşından kənara atırdı.

Amma bu dəfə… nə baş verdisə, birdən-birə Qulam Hüseynliyə Mərkəzin təcili təmirə ehtiyacı olan aşsüzən tavanı, pulsuzluqdan və Böyük Ədəbiyyat sevgisindən bir qismi arıqlayıb qaralan, digər qismi şişib saralan sadiq əməkdaşlarının vəziyyəti lap dözülməz təsir bağışladı. Məhz bu gün burda – Akademiyanın bu işgüzarlıqla dolu havasında o, mütləq nə isə eləməyin vaxtı yetişdiyini, nəyinsə kökündən dəyişməli olduğunu, Mərkəzi öz ilahi duman örtüyünə bürüyüb bətnində boğan və indi burdan – Akademiyanın təntənə və intizam saçan bu işıqlı iclas salonundan gözünə nəhəng Ölüm dumanı cildində görünən qorxunc Ədəbiyyat qalasının hansı divarınısa uçurub sökməli olduğunu anladı.

...Salon adamla dolurdu...

Elm əhli Qulam Hüseynlinin buralarda olmadığı son on ildə tamam dəyişmişdi.

Zalın əksər hissəsi gənclər idi, qalanı Qulam Hüseynlinin tanımadığı, ortayaşlı, cavan alimlər idi. Onlar da özlərini kimlərəsə oxşada-oxşada, ədalı yerişlərlə cərgələrin arasıyla gəzinir, bir-biri ilə qəribə eyhamlarla salamlaşır, qabaq cərgələrdə əyləşənlərə proqramabənzər isə paylayırdılar.

Salonun azlıq təşkil edən hissəsi Qulam Hüseynlinin bu qədim elm ocağında qədim zamanlardan tanıdığı qocaman alimlərbelibükük, göyümtül akademiklər idi. Onlar zala aşağı qapıdan daxil olur, bir-birinin ardınca səliqəli qarışqa sürüsü ilə yeriyib həmin səliqə ilə qabaq sıralarda əyləşirdilər.

Qulam Hüseynli xatırladı ki, otuz il bundan əvvəl bu akademiklər eynilə bu sayaq çəkisiz göyümtül idilər. Bu heç qısa olmayan zaman ərzində elə bil balaca bellərini büküb bir az da göyərə-göyərə, hardasa kənarda, zaman axarının hansı tərəfindəsə daldalanıb qalmışdılar.

...Çox keçmədi ki, tədbir başladı səhnəyə akademiyanın vitse-prezidentiüz-gözündən dəli sevinc yağan, ortayaşlı, dolubədənli bir adam çıxdı, iri addımlarla səhnənin mərkəzinə yeriyib yağlı diktor səsi ilə nitqə başladı.

Vitse-prezidentin bu nəm qoxulu qədim salonun səhnəsində özünü yöndəmsiz hiss etdiyi duyulurdu. O, lazım olduğundan xeyli ucadan danışır, ara-sıra, quraşdırdığı  mürəkkəb cümlələrin uğursuzluğunda burxulub kəkələyir, bir xeyli lazımsız əl hərəkətləri eləyirdi. Natiqi bu hala salanın, qabaq cərgədə yanaşı oturub düymə gözlərini səhnəyə zilləyən akademiklərin, heç ifadə eləməyən donuq üzləri olduğunu Qulam Hüseynli həmin dəqiqə anladı. Bu sayaq baxışları o, idarəçilik təcrübəsində az görməmişdi. Mərkəzin dözülməz ağır maddi durumundan, sökük damından, içində küləklər oynayan dəhlizlərindən, üst-üstə qalanıb saralan qiymətli əlyazmalarından danışarkən, ona həmin bu heç ifadə eləməyən donuq üzlərlə qulaq asan nazirlərin, yüksək rütbəli məmurların qəbullarında eynilə bu kökə düşdüyü, bir cümləni bir neçə dəfə, şüursuz surətdə təkrar etdiyi, danışdığı yerdə özü öz sözündən hikkələnib coşduğu, səsini ucaldıb sözünə anlaşılmaz mətnlə yekun vuraraq, otağı uduzmuş vəziyyətdə tərk etdiyi az olmamışdı.

Olsun ki, bu sayaq etinasızlıq dolu lal baxışların ölüm qoxulu əbədiyyət kimi, canlı diri olan varsa, hamısını öz ağır, laqeyd sükutu altında əzib məhv eləmək qabiliyyəti varQulam Hüseynli fikirləşdi.

...Vitse-prezident, nataraz yöndəmsizlikdən tezcə qurtulmaqdan ötrü səhnəyə əcnəbi şirkətin nümayəndələrini dəvət elədi.

Tədbirin hədsiz təmtərağından çaşmış əcnəbi nümayəndələrsəhnəyə bananvarı rəngbərəng şalvarlarda çıxan iki cavan oğlan öz dillərində isə danışmağa başlayanda nümayəndələrdən birinin cılız bədəni, narıncı çilli üzü, Qulam Hüseynlinin yadına bir neçə ay bundan əvvəl Mərkəzə nəşr sifarişi almaq məqsədi ilə getdiyi Alman səfirliyini, səfirliyin məsul işçisinarıncı çilli üzü nifrətdən savayı, heç ifadə eləməyən müvəkkil Vaysmanı saldı...

Şəhərin mərkəzi küçələrindən birində, bir vaxtlar görkəmli el şairinin yaşadığı şəbəkə aynabəndli qədim binanın birinci mərtəbəsində yerləşən səfirliyin qəribə, qorxunc bir şümallıqla yonulmuş boz divarları, daim örtülü vəziyyətdə qalan səskeçirməz, şəffaf qapıları, qapıların o üzündə, ölüm düşərgəsi məhbuslarının qorxusuyla ehtiyatla yeriyən əməkdaşların xof dolu üzləri bu dəfə Qulam Hüseynlinin yadına uzaq uşaqlıq illərini, o illərdə, xüsusən tətil günlərində faşist Almaniyasının törətdiyi vəhşiliklər barədə xüsusi maraq intiqam hissiylə baxdığı -qara müharibə filmlərini saldı...

Səfirliyin qəbul şöbəsində hələ bircə sətir belə tərcümə etmədikləriAlman ədəbiyyatı antologiyasının nəşri ilə əlaqədar səfirliyə ünvanladıqları rəsmi məktubla bağlı  onunla dəyirmi şüşənin o üzündən candərdi danışan, danışdıqca sanki hardansa altdan, ucuiti çəkməsinin ondan da iti dabanıyla ayağını əzib tapdayan cavan qadının qısa, əsəbi cavabları, onu içəri ötürüb darısqal, səskeçirməz dəhlizlər boyu yuxarı mərtəbəyə aparan balaca, cüssəsiz oğlanın dəqiqədə bir çönüb şübhəli nəzərlərlə üzünə zillənməsi Qulam Hüseynlini hələ müvəkkillə görüşdən əvvəl xoşagəlməz ovqata salmışdı.

...Vaysmanın ürək dərmanı iyi qoxuyan balaca, səliqəli otağına daxil olduqda isəadamdan çox, qorxunc elektron qurğuya bənzəyən bu almanla üzbəüz oturandan ikicə dəqiqə sonra Qulam Hüseynli tutduğu bu işə ürəkdən peşman olmuşdusa da, ölüm düşərgəsini xatırladan bu qaradinməz quruma göndərdiyi məktubunu ürəyində yüz dəfə iki bölüb xırda-xırda doğramışdısa da, canını Vaysmanın şüşə gözlərindən qurtara bilməmişdi

Həmin o görüşdən sonra Qulam Hüseynlinin o başıbəlalı məktubu ilə əlaqədar Vaysman onu səfirliyə bir neçə dəfə çağırtdırmış, onu ordahamının hər şeyin çəkisizliyə düşəntək, az qala, havadan asıldığı kayutavarı, havasız otağında müttəhim qismində dindirərək, işdi əgər antologiyanın nəşrinə ayrılacaq vəsait ödənilərsə, bu alman pullarının hara, necə xərclənəcəyi barədə dönə-dönə müxtəlif səpkili gərgin istintaqlar aparmışdı. Antologiyanın nəşrinə ayrılacaq puldan isə heç bir soraq yox idiVaysman da, ötən həftənin sonlarından başlayaraq, inadkar ardıcıllıqla Qulam Hüseynlinin yuxularına girməyə başlamışdı.

Yuxuların bəzilərində o, uzunətəkli şərq libasına bənzər əcaib qiyafədə peyda olur, narıncı çilli qollarını Qulam Hüseynlinin boynuna dolayıb çilli yanağını yanağına yapışdırır, Azərbaycan dilində məlahətli sözlər deyir, gah faşist formasında, əlində fənər Qulam Hüseynlinin üzünə işıq sala-sala, bir-birinin ardınca şeir mətninə bənzər alman cümlələri söyləyir, gah da qəmli alman gözləri ilə ona hardansa uzaqlardan baxırdı

Son yuxularından birində isə Qulam Hüseynli, bədənini soyuq tər basa-basa, Vaysmanın, onun üstünə qısqırtdığı nəhəng qoyun itindən qaçıb canını qurtarmaqla məşğul idi...

Bütün yuxunu o, yalın ayaqları iti daşlara ilişib qanaya-qanaya, nəfəsi kəsilə-kəsilə hansısa kəsə yollarla qaçmışdısa da, səhərə yaxın ayılar-ayılmaz, heyi tükənmiş halda yerə sərilmiş Vaysmanın nəhəng itinə yem olmuşdu...

Yuxudan ayılandan sonra isə bədənini bürüyən soyuq tərdən üşüyə-üşüyə, tərindən nəmlənən yorğanına bürünə-bürünə bir daha o tərəflərə getməyəcəyini, Vaysmanı bir ünsür kimi yaddaşından birdəfəlik silib atacağını qərara almışdısa da, elə həmin gün ikicə saatdan sonra Mərkəzə daxil olarkən, pillələrin böyründə baxımsız bitkilərtək, saralıb uzanan işçilərini gördükdə ürəyi əzilmiş, yenə səfirliyin qala qapılarını andıran ağır, dəmir kilidli qapılarını, səskeçirməz şüşələrini Vaysmanın narıncı üzünü xatırlamışdı...

...Professorlardan hansı birisə qurcalanıb yanıq pıçıltıyla yanındakının qulağına isə deyirdi...

Qulam Hüseynli gözünün yanıyla professorlara baxdı.

Professorlar səhnədə, əllərini rəngbərəng şalvarlarının ciblərinə basıb oynaq ədalarla yerdən ünvanlanan suallara cavab verən əcnəbilərə, onları böyük təhlükədən qurtarmış cəsur sərkərdələrə baxantək baxır, sonra bir-birilərinə heyrət dolu məmnunluqla göz yetirir, başlarını, nədənsə təsirlənib kövrəlmiştək, aşağı dikir, utancaq gəlin kimi susurdular.

– Axı niyə?.. – Qulam Hüseynli ürəyinin qəfildən əsəbi-əsəbi döyündüyünü hiss elədi.

Niyə obu qədər əsərin, ssenarilərin, irihəcmli tərcümələrin müəllifi beş-on manat puldan ötrü Almaniyanın, Allah bilir, hansısa ucqar vilayətində, xırda elektron qurğular dəstinə bənzər bir ailəsində böyüyüb, ala-babat təhsil almış bu dar düşüncəli əcnəbinin qarşısında müttəhim kimi oturmalıdı, onun təhqiramiz suallarına ölüb yerə girə-girə cavab verməlidi, bütün bu məşəqqətdən üzülsə belə, o ölüm havalı idarəni yaddaşından silib ata bilməməlidi, hər görüşdən xəstələnib üzülsə belə, yenə ora qayıtmalıdı?..

Niyə özləri ağırlığında elmi əsərlərin müəllifi olan bu çalsaç professorlar, adlarını belə bilmədikləri bu ütük əcnəbi uşaqlara bu qədər pərəstişlə baxmalıdılar?.. 

*** 

...Vaysman bu dəfə tək deyildi. Yanında üzü Ştrausun üzünü xatırladan hündürboy, gözəl bir alman oturmuşdu. Hər ikisi ona baxa-baxa, alman dilində astadan haqdasa danışırdılar.

Dili bilmədiyindən, ya son günlər Vaysman haqqında çox düşündüyündən Qulam Hüseynliyə birdən-birə elə gəldi ki, almanlar onu müzakirə edirlər. Düşdüyü yöndəmsiz vəziyyətini, gülünc görkəmini, dili bilmədiyindən qoyun kimi oturub onların vaxt yorulub susacağını gözləməyini

O biri almanın ala gözlərinin dərinliyində, xüsusən qız dodaqlarını xatırladan yaraşıqlı dodaqlarında kinayəli gülüşə bənzər nəyinsə başlanğıcı görünürdü.

Vaysmanın it gözünü andıran girdə, boz gözləri, eynəyin arxasından aramla Qulam Hüseynlinin bığlarında, səhər evdən çıxarkən tələm-tələsik geydiyindən, qaydasından xeyli uzun alınan yaşıl qalstukunda, ağlığı artıq çoxdannan solmuş nimdaş köynəyinin bir o qədər təmiz olmayan yaxalığında gəzişir, tez-tez sabunlanmaqdan qabıq atan nazik əlləri stolun üstündə səliqə ilə yığılmış sənədləri hamarlayırdı.

Qulam Hüseynli almanların baxışları altında tədricən qızardığını, yöndəmsiz qızartının qaynar axınla üzüyuxarı yeriyib saçlarının dibinə dolduğunu hiss etdi nədənsə, bu gün görüş münasibətilə xüsusi səliqə ilə təmizləyib parıldatdığı ayaqqabılarını xatırladı gözünün bilinməz hərəkətiylə stolun altında cütlədiyi ayaqqabılarına baxdı.

Ayaqqabıları silinmişdisə , burunlarının əziyi olduğu kimi qalmışdı. Bu ayaqqabıları Qulam Hüseynli bir neçə ay bundan əvvəl, şəhərin mərkəzi küçələrindən birində yerləşən məşhur alman dükanından almışdı. Odu ki, arvadı həmişə ona ucuz ayaqqabı almağı məsləhət görürdü ki, bircə aya burnunu, dabanını əzib pis hala saldığı bu çəkmələri kasıb-kusuba paylayanda heç olmasa heyifsilənməsinlər.

...Vaysmanla gözəl almanın, məxfi xidməti danışığı sona yetmək bilmirdi. Onlar artıq ona baxmırdılar. Vaysmanın bayaqdan bəri qorxulu mücrü kimi tumarladığı qovluğu açıb ordan çıxardıqları sənədləri bir-bir diqqətlə gözdən keçirir, aradabir sənədlərin arxasından şübhəli gözlərlə ona elə baxırdılar, elə bil onun üzünü sənədlərdəkilərlə tutuşdururdular.

BurdanQulam Hüseynlinin oturduğu yerdən Vaysmanın ayaqqabıları da görünürdü. Ayaqqabılar içində ayaq yoxmuş kimi təptəzə görkəmdə elə sakitcə dayanıb durmuşdular, elə bil ona mağaza vitrinindən baxırdılar.

Qulam Hüseynli almanların ensiz biləklərinə, çəlimsiz, sarımtıl boyunlarına baxa-baxa bu biləklərin, boyunların davamı ola biləcək nazik, quru ayaqlarını təsəvvürünə gətirə-gətirə fikirləşdi ki, bu köynəklər ayaqqabılar, bu cansız, soyuq bədənlərdə həyat üzü görürdülər ki, köhnələlər?..

Bu nədi?.. – Vaysman uzun, ağır xəstəlikdən əti ərimiş xəstə dirsəyinə bənzər sarımtıl dirsəyini stola dirəyib yenə həmin sənədi yuxarı qaldırmışdı...

Bu, antologiyanın nəşrinə sərf ediləcək istehsal xərclərinin kalkulyasiyası idi. Vaysman niyəsə bu sənədə nifrət edirdi. Hər dəfə söhbət məhz bu sənədin havaya qalxmasıyla başlayır, Qulam Hüseynlinin yeknəsəq izahatı ilə başa çatdırılırdı.

Qulam Hüseynli bu dəfə , həmişəki mətnini işə saldı, nəşr etmək niyyətində olduqları antologiyanın, alman ədəbiyyatının Azərbaycan oxucusuna tanıtmaq məqsədi  daşıdığını, bu işin alman-azərbaycan mədəni əlaqələrinin inkişafı sahəsində dəyərli addım olacağını sair ilaxırı dedi...

Bütün bunları avropasayağı təbəssümlə, sözlərdə, cümlələrdə xüsusi pauzalar verə-verə, əsəbi müvəkkilləri bacardıqca qıcıqlandırmayacaq asta, mülayim səslə dedisə , Vaysman havada saxladığı sənədi aşağı endirmədi, girdə gözlərini bircə dəfə belə olsun qırpmadı.

O biri alman da, həmçinin nazik qız dodaqlarında ehtiyatda gizlədiyi kinayəsini yerindəcə saxladı.

Qulam Hüseynli ənənəvi mətnini sona yetirib Vaysmanın bayaqdan bəri cinayət dəlili kimi havada saxladığı sənədə baxa-baxa fikirləşdi ki, hər iki alman, bu izahatdan sonra onunla isə baş verəcəyini gözləyir. Onunla baş verməliydi ki?..

Vaysman sənədi bir müddət beləcə havada saxlayıb sınayıcı baxışlarını Qulam Hüseynlinin üzündən çəkmədi.

Qulam Hüseynli, az qala, iliyinə işləyən bu kəsici baxışlardan tərləməyə başladığını, tərinin, qəribə ehtiyatla köynəyinə hopduğunu, köynəyinin islanacağından qorxub, həyəcanlanıb, bundan daha sürətlə tərlədiyini hiss elədi. Bir neçə ay bundan əvvəl Mərkəzin mühasibi ilə birgə hesablayıb hazırladıqları bu kalkulyasiyada müəyyən səhvlərə yol verə bildikləri barədə fikirləşdi yadına düşdü ki, bu rəqəmlər barədə, demək olar, heç xatırlamır.

Sonra, hansısa məqam birdən-birə ona elə gəldi ki, almanlar onu tərlətməkdən həzz alırlar.

...Vaysman bir anlıq elə bil Qulam Hüseynlinin söylədiyi mətndən qane oldu, sənədi aşağı endirib səliqə ilə əvvəlki yerinə, qovluğun içindəki kağızların arasına saldı, ordan ayrı birisini çıxarıb böyründə oturan gənc almanın qarşısına qoydu.

Bu, antologiyaya daxil ediləcək yazıçıların siyahısı idi. Alman dilində yazılmış bu kiçik siyahını Qulam Hüseynli uzaqdan tanıdı.

BurdaKristiansözü düz yazılmayıb. Alman dilində K hərfi XH yazılır. Sizdə isə bu eləKgedir.

Ştrausa bənzəyən gənc alman Azərbaycan dilində öz dilində danışdığı kimi, samitləri boğazında, dişlərinin arasında sıxıb güllə kimi ata-ata, incə saitləri qalınlara qata-qata danışır, yumşaq Azərbaycan sözlərini ucubiz, köntöy dəmir qırıqları kimi elə bil sapanddan tullayırdı.

Ştraussözünü bitirib, nəhayət ki, gülümsündüsə , bu təbəssümdən üzünün qəddarlığı elə bil bir az da artdı.

– ...bir , burda 100 kitabın müəyyən təşkilatlara paylanacağı göstərilir. Bu...

...Yox, bu daha lap oldu, – Qulam Hüseynli əsəbiliyindən, az qala, nəfəsi itə-itə fikirləşdi, – ...bunlar məni quldur hesab edirlər, nədi?..

Burda gənc alman qəfildən sözünü kəsib Vaysmansayağı baxışla onun gözünün içinə necə baxdısa, Qulam Hüseynli dizlərinin boşaldığını, uzun müddətdən bəri qurudub yoxa çıxardığı tanış qəhərinin boğazına dolduğunu hiss etdi

Qulam Hüseynli dizlərinin hansı hallarda bu sayaq boşalıb xəstə dizləri kimi əsdiyini dəqiq bilirdi. Odu ki, hiddətdən içi əsdi. Bu sütül məmurlar gör bir onu hala saldılar?!.

Birdən-birə içində nəyinsə, çoxdan, lap çoxdannan bəri zəifləyib, öləziyib sönən nəyinsə ləngər vurub onu harasa irəli itələməyindən dik atıldı, ayağa qalxıb:

Bura baxın, siz demək istəyirsiniz?.. – dedi öz səsindən elə bil bir az da qəhərləndi. Azərbaycana aidiyyəti olmayan bu yad otaqda, bir cüt cansız almanın hüzurunda səslənən doğma səsindən kövrəldi, – bəlkə, o təşkilatlardan da sizə arayış gətirim ki... – burada dayandı, deyəcəyini unutdu. – Siz... siz məni hesab edirsiniz, ?..

Almanlar Qulam Hüseynlinin həyəcanlı səsindən, qəhərdən boğula-boğula dediklərindən zərrəcən dəyişmədilər, kor gözünə oxşar şüşə gözlərlə üzünə baxmaqlarına davam etdilər.

...Əsəbilikdən, yoxsa öz səsinin təsirindən Qulam Hüseynlinin gözü qaraldı...

Neçə vaxtdı mənimlə müttəhim kimi rəftar edirsiz. Elə bilirsiz anlamıram?.. Sənədləri qaytarın, – deyib əlini müvəkkillərə uzatdısa da, müvəkkillərin üzü dəyişmədi. Onda bir az da sərt, – sənədləri  bura verin, deyirəm!.. – deyə qışqırdı

...QoltuğundaAlman antologiyasının sənədləri dolu qovluq, səfirliyin addım səslərini udan dəhlizlərindən keçdikcə, hardasa buralardabu havasız, ölü binada ilişib qalmaq, addım səsləriylə bir bu yumşaq, səssiz dəhlizlərin canına çəkilib yoxa çıxmaq qorxusuyla özünü küçəyə atdı.

...Küçələr adamla dolu idi. Adamlar yüngül geyimlərdə açıq kafelərdən süzülən musiqi sədaları altında rahatca gəzişirdilər.

...Havası çatmırdı... Tini burulub Fəvvarələr meydanına üz tutdu. Bir neçə dəqiqə əvvəl qəhərlənib ayağa qalxanda necəsə, gözünün hayanıylasa, almanlardan hansı birininsə dodağının səyridiyini, üzündə məmnunluğa bənzər nəyinsə dolaşdığını duyduğunu xatırladı.

Bu ədəbaz müvəkkillər neçə vaxtdan bəri intizarla gözlədikləri əlamətdar təslim aktını, deyəsən, həyata keçirə bilmədilər, – fikirləşdi. Siqaretini alışdırıb bu qərara gəldi ki, yaxşısı budu, bir daha bu miskin görüşləri yadına salmasın.

Bir müddət heç düşünmədən, sağ-solundan ötənlərin üzlərinə, ayaqqabılarına baxa-baxa yeridi. Sonra oldusa, Qulam Hüseynliyə birdən-birə elə gəldi ki, gördüyü bütün bu ayaqqabılar həmin o alman dükanından alınmadır.

Ayaqqabıların hamısı Vaysmanın ayaqqabısı kimi təptəzə parıltılı idi, qatı açılmamış təzə dərilərinin cırıltısından qulaq tutulurdu.

Hamı alman ayaqqabısında idi. O da alman ayaqqabısındaydı.

Ayaq saxlayıb ayaqqabılarına baxdı onların, ayağını sıxdığını yalnız indi başa düşdü. Dəhşətdən başının tükü qabara-qabara, neçə vaxtdan bəri ayaq barmaqlarını sıxıb keyidən bu darısqallığa hansı möcüzə ilə məhəl qoymadığı barədə düşünüb, onları alarkən arvadına ayaqqabıların ayağını sıxdığını desə , arvadının:

Təzədir, açılacaq, – deməsini xatırladı

Bundanmı ürəyi sıxıldı? Bu sıxıntıdan tezcə xilas olmaqdan ötrü əlindəki siqareti yerə atıb addımlarını yeyinlətdi.

Ən qəribəsi o idi ki, bütün bu miskinliyin, bu qaba ədalətsizliyin canında, həm elə bil onun buzərərçəkmişvəziyyətinin əleyhinə işləyən nəsə vardı. Qulam Hüseynli gedə-gedə fikirləşdi. Bütün qəddarlığı əclaflığı ilə birlikdə Vaysman elə bil həm nədə isə haqlı idi... 

* * * 

Bir həftədən sonra Qulam Hüseynli alman müvəkkili tərəfindən başına gətirilən bu müsibətlə əlaqədar Alman səfirinə ətraflı məktub yazdı.

O biri həftənin axırı səfirlikdən cavab məktubu gəldi. Qulam Hüseynlini ətraflı izahat üçün bu dəfə səfirliyə, mədəniyyət işləri üzrə müvəkkil Frau Zibek dəvət edirdi.

Onlar kiminlə, necə rəftar etdiklərinin ədalətsizliyini anlamışdılar. – Qulam Hüseynli təskinliklə düşündü. Yüksək bədii fikirlərlə, kəskin, dolğun arqumentlərlə əsaslandırılmış məktub öz təsirini göstərməyə bilməzdi.

Təyin olunan gün o, VaysmanlaŞtrausunsimasında qarşılaşdığı alman soyuqluğu, bağışlanmaz alman amansızlığı ilə bağlı hazırladığı qısa, lakin tutumlu mətn sinəsində səfirliyə gəldi.

...Girəcəkdə dəyirmi şüşənin arxasında oturmuş almanvarı qadın həmişəki kimi asta səslə telefonla danışırdı, onu görüb söhbətini kəsərək:

Eşidirəm, – dedi.

Mənim saat 13-ə dəvətim var. – Bu yerlərə, adətən, hüquqsuz, ikincidərəcəli vətəndaş qismində təşrif buyuran Qulam Hüseynli, bu dəfə səfirlikdən görüş barədə aldığı kiçik bildiriş vərəqəsini gizli qürurla qadına uzatdı.

Qadın vərəqəni alıb etinasız üzlə nəzərdən keçirdi:

Kim dəvət edib?..

Frau Zibek, – Qulam Hüseynli dedi qabırğasının altında çırtlamaq istəyən qıdığabənzər isə hiss etdi.

Qadın o biri telefonun dəstəyini qaldırıb düyməsini basdı, almanca qısaca isə deyib susdu, sonra dəstəyi yerinə qoyub həmin səslə:

Görüşə dörd dəqiqə gecikmisiz, – dedi, – Frau Zibek məşğuldu. Əlavə görüş üçün müraciət edə bilərsiniz.

Qulam Hüseynli girəcəyin sol divarına vurulmuş dəyirmi saata baxdı.

Həqiqətən, ikiyə dörd dəqiqə işləyirdi...

 

                                                                                                                                         1996