QU QUŞU
Məmməd tapançanın tətiyini çəkdi, atılmaq üçün hərlənib yerini tutan güllənin çırıqqıltısından ürəyi qırıldı... Güllənin yerinə oturmağıyla, sol damağının axırıncı dişi elə göynədi, elə bil tapançanın içində hərlənən güllə öz yerinə yox, dişinin kötüyünə sancıldı.
Tapançanı arvadına uzadıb:
– Al, vur, – dedi.
Yerini dəyişib atılmağa hazır vəziyyəti almış güllənin səsi, tapançanın ölüm rəngi arvadının üzünün dəmir ifadəsini zərrə qədər dəyişmədi. Bu qəfil təklifdən arvadının rəngi də, gözünün içi də dəyişmədi, Məmmədin üzünə zillənib bayaqkı sakit səslə:
– Mən niyə?.. – dedi. – Özün doldurmusan, özün də at.
Arvadının səsinin soyuqluğundan, yoxsa xəstə dişindən çənəsinin sol nahiyəsinə işləyib ordan, az qala, ürəyinə yayılan göynərtili ağrıdan lüləsini gicgahına dirədiyi tapançanı aşağı endirib:
– Ata bilmirəm, – dedi və o biri əliylə ağrısı getdikcə beyninə işləyən yanağını tutdu.
Bunu elə dedi, elə bil bayaq özündən çıxıb kəkələyə-kəkələyə çığıran, arvadının üstünə atılıb onu boğmaq istəyən adam deyildi.
Arvadının üzünün ifadəsi bayaq da – o nərə çəkib arvadının üstünə cumanda da dəyişməmişdi. Onunsa, öz nərəsindən xəstə dişinin siniri oyanıb göynəməyə başlamışdı.
Arvadı indi də həmin ifadəsiz üzü ilə ona baxırdı, həmin soyuq səslə:
– Başa düşmürəm, ölmək istəyən sənsən, mən?.. – dedi
Arvadının səsi idi, yoxsa əlinin içində saxlayıb isitdiyi tapançanın qara dəmirinin qoxusuydu, ya srağagün bədəni əsə-əsə ölü dişinin içinə doldurulan plombun dadıydı, hansısa, kimyəvi məhlulun tamını andıran bir tamla damağına yayıldı.
Dünən üzü ucuiti dişi andıran ağ xalatlı, ağbaş diş həkimi sol damağındakı dişini qurdalayıb plomblaya-plomblaya:
– Ölü dişdi, – demişdi.
O sözdən sonra Məmməd ağzının içində ölü daşıdığını bütün vücuduyla hiss etsə də, özünü o yerə qoymamışdı. Bu, təxminən, bətnində ölü uşaq gəzdirməyə bənzər ətürpədən bir hal idi. Məmməd indi də bu “ölü körpəni” bətnində necəsə hiss elədi və bundan ürəyi pis-pis sıxıldı. Böyür çarpayıda orta əsrlərin tablolarında təsvir olunan madonnalar kimi çəhrayı gecə köynəyində uzanan arvadının boynuna, nazik, qara qaşlarına, lap dərinliyində qapqara, qorxulu qığılcımlar közərən gözlərinə baxdıqca ürəyinin sıxıntısı bulanmaya keçirdi. Bədənində zəhərlənmə gedirdi.
Arvadı yenə üzündəki sakit ifadəylə, gözünü qırpmadan, ona baxırdı. Elə baxırdı elə bil Məmmədin əlindəki tapança yox, Məmmədin əlinin tapança şəklində davamıdı.
Məmməd yataq otağının şüşəli qapısına baxıb fikirləşdi ki, bəlkə, kəllə atıb başıyla bu şüşəni qırsın, qırıb baş-gözünü yarsın?.. Ya da otaqlara benzin töküb kibriti çəksin ki, arvadının üzündəki bu ifadəni axır ki, necəsə əritsin?!..
Nəfəsi təngidi, tapançanı bu dəfə yanında uzanmış arvadının alnına tuşlayıb:
– Onda səni öldürəcəyəm, – dedi.
Bu sözündən, elə bil arvadının bəbəkləri azca irildi, bir də elə bil dodağının bir tərəfi yüngülcə səyridi. Sonra nə oldusa, arvadı dəyişib yenə ölüyə çevrildi və ölü səslə:
– Öldür, – dedi.
Onda Məmməd beyninin hansı oyaq nöqtəsiyləsə bircə bunu başa düşdü ki, arvadının ölüsünü gülləylə öldürə bilməyəcək.
Arvadı bir müddət beləcə ölü üzüylə ona baxdı, sonra yorğun-yorğun içini çəkib:
– Nə qədər olar axı?!. – dedi, yumşaq-yumşaq yerinin içində qurcalanıb üzünü divara çevirdi, içi nifrət dolu sakit bir səslə:
– Yatanda işığı söndür, – deyə əlavə elədi.
…Bütün gecəni Məmmədin gözünə yuxu getmədi. Plomblu dişi göynəyə-göynəyə, yadına anasını, nənəsini, bacılarını, gözünü dünyaya açandan bəri yaxından-uzaqdan tanıdığı qız-gəlinləri saldısa da, onlarla arvadı arasında oxşar olan nə isə axtardısa da, heç nə tapa bilmədi və bundan yuxusu lap qaçdı. Sonra dişinin ağrısı sol gözünə vura-vura fikirləşdi ki, on beş il gecə-gündüz bir damın altında yaşayıb bir yastığa baş qoyduğu, ondan uşaqlar doğub tikəsini bölüşdüyü bu qadınabənzər məxluqda zərrə qədər olsun, ona tanış, doğma bir şey yoxdu. Nəinki doğmalıq, əslinə qalsa, heç yadlıq da yox idi. Məsələ burasındaydı ki… – həmişə Məmməd arvadıyla bağlı fikirləşdikcə, gəlib bu yerə çatanda nəfəsinin təngidiyini, əllərinin soyuduğunu hiss edirdi, – …arvadının kim olduğunu o, hələ də anlaya bilmirdi və burdan, Məmməd belə bir nəticəyə gəlirdi ki, arvadı, ümumiyyətlə, deyəsən, heç adam deyildi...
Arvadının adam olmadığını Məmməd ilk dəfə, hələ iki il bundan əvvəl, adi günlərin birində – mətbəxdə üzbəüz oturub çörək yedikləri məqam hiss eləmişdi.
Onda arvadı, hansısa mənasız bir mübahisədən əsəbiləşib, qəfildən irilən qara bəbəklərini onun gözünün içinə necə zilləmişdisə, Məmmədin qorxudan, ya nədənsə, ağzının içinə qara su gəlmişdi... O hadisədən sonra Məmməd özünü bir də onda tutmuşdu ki, arvadının gözünün içinə baxa bilmir. Bir dəfə arvadını, həmin o baxışlarının qorxusundan basıb döymüşdü də. Bir də o yadına gəlir ki, arvadını çarpayıya yıxıb başını soğanı əzən kimi əzdikcə, əlinin altında arvadının başını yox, bədəninə üşütmə salıb, ağzını sulandıran qara, qorxunc bəbəklərini hiss eləmişdi və yumruğunu bərkidib öz aləmində bu bəbəkləri əzib dağıtmışdısa da, bir neçə gündən sonra onları əvvəlki vəziyyətdə – həmin inadkar nifrətlə ona zillənən yerdə tutmuşdu. O hadisədən sonra arvadı bir neçə həftə beyin tərpənməsindən yatağa düşmüşdüsə də, bəbəkləri beyin silkələnməsindən tarazlığını itirmişdilərsə də, dərinliklərində gizlədikləri qatı nifrəti necə var, eləcə qoruyub saxlamışdılar. Və o gündən Məmməd bir də onu başa düşmüşdü ki, arvadı döyülməklə də adam olmayacaq.
…Yerinin içində oyan-buyana vurnuxmaqdan başı ağrıdı, sağ böyrü üstə çönüb yuxusuzluqdan acışan gözləriylə arvadının yuxulu başına baxa-baxa gözünü yumdu, yuxuya getmək üçün ürəyində yüzdən birəcən saymağa başladı… və axır ki, necəsə, yuxuya gedə bildi.
…Yuxuda Məmməd hönkürə-hönkürə arvadını basdırırdı…
Arvadı üçün hələ ölməmişdən əvvəl qəpik-qəpik yığıb öz zövqüylə düzəltdirdiyi qara mərmərdən büst onun üzünün bütün gözəlliyini əks etdirirdi… Büst həddindən artıq yekəydi deyə, onu qəbrin üstünə kranla qoydular… Camaat nəhəng büstün ətrafına dolanıb ona aşağıdan yuxarı heyrətlə baxdıqca Məmmədin az qalırdı hönkürməkdən nəfəsi kəsilə… Adamlar başına yığılıb onu sakitləşdirirdilər, ölümlə bağlı nələrsə deyib, qayğılı-qayğılı təsəlli verirdilər və heç kim, heç kim Məmmədin bu acı hönkürtülərinin əsl səbəbini bilmirdi… və bilməyəcəkdi də… O dərdi Məmməd özü ilə qəbrə aparacaqdı…
Səhər Məmməd yuxudan oyananda tapança hələ də çarpayının yanındakı dolabçanın üstündəydi… Arvadı işə getməmişdən otağı hərgünkü kimi yığışdırıb səliqəyə salmış, üstündə tapança olan dolabçanın tozunu almış, tapançaya isə dəyməmişdi.
Tapançanı əlinə alıb o üz-bu üzünə çevirdi.
Tapança – gecədən hazır vəziyyətdəydi.
Gülləsini ovcuna saldı. Bir istədi tapançanı aparıb öz yerinə – dəhlizdəki divar şkafının yuxarı rəfinə ata, sonra bu fikirdən daşındı, gülləni dolabçanın siyirtməsinə, boş tapançanı dolabçanın üstünə qoyub ayağa qalxdı.
Köynəyini düymələyən məqam bütün gecəni ağrımaqdan şişib damağına yerləşməyən dişinin dibində şimşəyəbənzər nə isə çaxdı… və Məmməd yenə “ucuiti” həkimin yanına getməli olduğunu xatırladı.
***
Bir neçə saatdan sonra ağ diş həkimi əlində “çəngəl-bıçağı”, az qala, bütün bədəniylə ağzının içinə girəndə, Məmməd yenə arvadını öldürmək haqqında fikirləşirdi… Dişi göynəyib zoqquldadıqca Məmmədin özünə də, arvadına da yazığı gəlirdi.
Həkim xəstə dişini qurdaladıqca Məmməd balışı arvadının ağzına basıb gücü gəldikcə sıxırdı… arvadı bir müddət balışın altında ağ qu quşu kimi çırpınıb sonra əbədi sakitliyə qərq olurdu... Məmməd məsələnin nə yerdə olduğunu anlayıb yastığı arvadının üzündən qaldırırdı… və bu ağ boyunlu, gözəl qadına baxa-baxa huşunu itirənəcən hönkürüb ağlayırdı…
Arvadının ölüsü də gözəl idi…
Bütün bu mənzərədən Məmmədin ürəyi necə əzildisə, gözləri doldu, bir cüt göz yaşı yanağı boyu süzülüb həkimin dərman iyi verən əlinin üstünə düşdü.
Həkim başını qaldırıb təəccüblə Məmmədin üzünə baxdı, burnunun ucuna enən eynəyini biləyi ilə geriyə itələyib pərt halda:
– Gərək ağrımasın axı?!.. – dedi.
Diş həkiminin otağından çıxanda Məmmədin bütün bədəni ağrıyırdı. Yeridikcə ayaqlarının altı, baxdıqca gözlərinin içi, döyündükcə ürəyi sol damağındakı xəstə dişi kimi sızım-sızım sızıldayırdı... Olsun ki, dişinin xəstə kökü çənəsinin altından düz dabanınacan, bütün bədəninə zoğ atmışdı.
…Külək qalxmışdı. Üzünü pencəyinin yaxalığında gizlədib küləyin müqavimətinə sinə gərə-gərə addımladı. Külək küçənin tozunu, onsuz da ağrılı vücuduna çırpdıqca Məmməd bu səhər dolabçanın üstündə qoyub evdən çıxdığı tapançanı xatırlayır, ürəyi pis-pis döyünürdü… Gör bir neçə illər bundan əvvəl, arvadıyla birgə tamamilə təsadüfən girdiyi qara bazardan aldığı, sonralar illərlə köhnə mələfəyə bükülmüş vəziyyətdə dəhlizdəki divar şkafının yuxarı rəflərindən birində yatıb qalan bu qara silah hardan, necə gəlib düşmüşdü yadına?..
Sonra xatırladı... Arvadını öldürmək fikri ilə bir düşmüşdü yadına. Amma axı bu qaradinməz məxluqu niyə öldürmək istəyirdi, bu axmaq fikir hardan girmişdi beyninə?.. Əgər bu qadınabənzər varlıq onu sevmirdisə, yəni əvvəllər olduğu kimi sevə bilmirdisə, niyə onu öldürməliydi?.. Özünü ölüyə sevdirəcəkdi, nədi?..
…Külək qorxunc-qorxunc uğuldadıqca Məmməd dünən gecə güllə dolu tapançayla çıxardığı o əttökən “edam” tamaşasını xatırlayır, xəcalətindən saçlarının dibi gizildəyirdi...
Yoldan ötən yük maşını, az qala, burnunun ucundan ötüb çalxalandı, pəncərəsindən boylanan yaşlı sürücünün əsəbi səsi küçəni başına götürdü:
– A bala, ölmək istiyirsən get, at özüvi dənizə də!.. Bizi niyə zibilə salırsan?..
Sürücünün üzünə key-key baxıb fikirləşdi ki, belə çıxır ki, arvadını hələ də sevir…
Tini burulub evlərinə sarı addımladıqca ötən həftə uşaqlarını qorxudub ağlada-ağlada düzəltdiyi növbəti “edam” tamaşasından sonra arvadının dünyadan bezmiş kimi:
– Heç olmasa tapançaya hörmət qoy – deməyi yadına düşdü.
O gündən tapança Məmmədin gözündən düşmüşdü.
…Həyətlərinə çathaçatda Məmmədin bədənindən vahiməli bir üşütmə keçdi…
Həyətdə isə küləyin bir ayrı cür vıyıldadığını hiss edib titrətdi… Yuxarıda – çarpayısının böyründəki dolabın üstündə nəyisə gözləyəntək, səbirlə yatan tapança… arvadının ölü şəkli… sakit, soyuq yataq otağı...
Qapını öz açarlarıyla açdı.
Arvadının çəkmələri qapının ağzındaydı. Mətbəxdən televizorun asta səsi eşidilirdi.
Dəhlizdə soyunub ehmal addımlarla yataq otağına keçdi. İşığı yandıranda ürəyi qırıldı...
…Tapança səhərki vəziyyətində yenə dolabçanın üstündəydi… Arvadı işdən gəlib bu otaqda soyunmuşdu. Paltarını çarpayının üstünə, saatını, sırğa-üzüyünü güzgünün qabağına atmışdı.
Ehmal addımlarla dolaba yaxınlaşıb tapançanı əlinə aldı, otağa göz gəzdirib silahı gizləmək üçün yer axtardı.
– Nədi, lazım olmadı?..
Arvadı idi… bir əli belində yataq otağının qapısı ağzında dayanmışdı, yorğunluqdan, ya nifrətdən əyilmiş gözləri ilə ona baxırdı...
Tapançanı ehmal-ehmal sığallayıb:
– Niyə ki?!.. – dedi.
Arvadı bir müddət yataq otağının qapısı ağzında, üzündəki dağıdıcı istehzayla dayanıb durdu, sonra çönüb səssiz addımlarla, deyəsən, mətbəxə getdi.
Arvadının üzünün ifadəsindən, Məmmədin sol damağındakı xəstə dişi yenə göynədi... həkimin sözləri qulağında səsləndi:
– Xəstə diş əsəbiliyi sevmir.
***
Şam yeməyində arvadının üzü yorğun və qayğılı idi. Çənəsinin həvəssiz tərpənişindən bilinirdi ki, yediyinin dadını bilmir. Arada bir gözü televizorda kiçik qızına:
– Yaxşı çeynə, – deyirdi.
Qızı ağzındakı tikəni səssiz-səssiz çeynəyə-çeynəyə giləsi getdikcə böyüyən gözləriylə gah Məmmədin, gah da anasının üzünə baxırdı.
Bu məqam arvadı gözünü televizordan çəkib uşağa zillədi və həmin dəmir səslə:
– Nə var?.. – dedi.
Qız rəngi ağara-ağara çiyinlərini çəkib:
– Heç nə, – dedi, sonra oturduğu yerdə qəfil sillə almıştək, gözləri doldu.
Məmməd isə fikirləşdi ki, olsun ki, bu dəqiqə uşaqların da ağzına su gəldi… Sonra ağzındakı tikəni çeynədikcə, tikənin getdikcə böyüdüyünü, nimçəsindəkilərin, bir ucdan çəngəlləyib yedikcə, azalmaq əvəzinə artdığını gördü…
Çəngəli astaca süfrəyə qoyub ayağa qalxdı, yataq otağına keçib işığı yandırmadan qaranlıqda soyundu, nəyisə yerindən tərpədəcəyindən ehtiyat edə-edə ehmal hərəkətlərlə yatağına girib yorğanı başına çəkdi.
Bir azdan arvadı yenə Məmmədin qüvvətli əllərində çapalayırdı… bir əli arvadının ağ çinini andıran şümal boğazında, o biri əli ülgücü aramla onun ağappaq dərisiylə sürüşdürürdü… Arvadının qaynar qanı qolları boyu axdıqca Məmmədin gözündən, həmin qaynarlıqda göz yaşı süzülürdü… Qan bitib tükəndikcə, arvadı Məmmədin qolları arasında qu quşu kimi çırpınırdı…
…Arvadı yataq otağının sakit qaranlığına daxil olanda gecədən xeyli keçmişdi. İşığı yandıranda Məmməd qucağında əbədilik susmuş arvadını ehmal hərəkətlərlə torpağın üstünə qoyurdu…
Arvadı dolabçanın üstündəki tapançaya baxıb rəngi avazımış dodaqlarını azca tərpədə-tərpədə:
– Noldu, daha özünü öldürmürsən?.. – dedi.
Arvadı bunu deyəndə dodağının bir tərəfi yüngülcə səyridi. Yoxsa, Məmmədə elə gəldi?..
Yuxulu başını balışın altına soxub fikirləşdi ki, olsun ki, özünü öldürə biləcəyi, arvadının ölü vücudunu, nəhayət, hərəkətə gətirə bildi… və bu fikirdən içində qəribə bir yüngüllük hiss etdi. Sonra da başı hələ də balışın altında, ürəyi sıxıla-sıxıla düşündü: bu, bəlkə də, arvadının son ayların gecə “tamaşalarına” reaksiyası idi və əgər ikincisidisə, onda arvadı haqlıdı. Bir ayın içində nə qədər intihar etmək olar axı?!..
– Niyə yatmırsan? – Məmməd başını balışın altından çıxarıb qollarını şəstlə peysərində çarpazladı.
Arvadı həvəssiz hərəkətlərlə paltarını soyunub gecə köynəyini geyindi, yüngül addımlarla güzgünün qabağına keçib orda arxası Məmmədə dayandı, darağı əlinə alıb saçlarını ehmal-ehmal daraya-daraya:
– Bəs sən niyə yatmırsan?.. – dedi və Məmməd ömründə ilk dəfə hiss elədi ki, arvadının səsi əsir.
– Elə bilirsən, mən nədi, ölməkdən qorxuram?.. – Məmməd dedi və hiss elədi ki, arvadının “ölmək” sözündən bəbəkləri yenə irildi.
Məmməd qalxıb yerinin içində oturdu, dolabçanın üstündəki tapançanı əlinə alıb, arvadının güzgüdəki əksinə baxa-baxa, əlinin içində atıb-tutdu, lüləyini gah gicgahına, gah arvadının güzgüdəki əksinə tuşladı və hiss etdi ki, tapançanı hər gicgahına dirəməyi ilə arvadının güzgüdəki əksi diksinib titrəyir. Odu ki, tapançanın lüləyi gicgahında, bir müddət beləcə oturub qaldı.
Arvadının güzgüdəki əksi ona mərhəmət dolu gözlərlə baxırdı və arvadı baxdıqca Məmməd sağalırdı… içində tumurcuqlamağa, yarpaqlamağa başlayan nəyinsə təravətindən boğazını qəhər tuturdu, gözləri dolurdu…
Tapançanın lüləsi gicgahında arvadının əksinə baxa-baxa bir anlıq fikirləşdi ki, bu səhər tapançanın içini boşaltmasaydı, arvadının bu mərhəmət dolu üzünə baxa-baxa ölmək də olardı və barmağını tətiyə keçirib:
– Hə, nə deyirsən, atım? – dedi.
Arvadı elə bil Məmmədi eşitmədi, bəbəyi böyüyüb gözlərini qaralda-qaralda ona güzgüdən baxdı, ölü şəklinə düşüb dəmir səsiylə:
– At, – dedi, sonra qılınc kimi geriyə sivrilib saçları harasa, arxaya dalğalana-dalğalana Məmmədin heç vaxt eşitmədiyi zabitəli kişi səsiylə:
– At, dedim sənə!.. – dedi.
…Arvadının səsi, ya üzünün ifadəsindən oldu, yoxsa, sol damağında çaxan ildırım əlini əsdirdi, barmağı tətiyi çəkdi… güllənin uğultusu Məmmədin beynini sol damağının ağrısıyla bir vurub çıxartdı… güllənin zərbindən geriyə atılan kürəyi, bədəninin ağırlığını balışın üstünə saldı… gözləri tavana zillənib qaldı…
Bəbəyinin ifadəsi donan gözlərində ağappaq şimşək kimi çaxan – çəhrayı gecə köynəyində səssiz addımlarla otağı tərk edən ağ qu quşu oldu…
1991