YATAQXANA

Məstan dedi:

– Belim ağrıyır.

Bütün bina bir ağızdan dedi:

– Can!..

Məstan səbir gətirdi, bütün bina dedi:

– Sağlam ol, Məstan.

Məstan öskürdü, bütün bina ona dava-dərman daşıdı.

Məstanın arvadı xörək bişirdi, bütün bina onun xörəyini təriflədi, – bəyəndi, bəyənmədi. Biri dedi: “əcəb ləzzətlidi”, o biri dedi: “duzu çoxdu”.

Məstanın arvadı özünə çəkmə aldı, bütün bina “Mübarək olsun!.” dedi.

Məstanın uşağı həyətdə yıxıldı, bütün bina içini çəkdi…

Məstanın yaşadığı bina belə bina idi.

Məstana həmişə elə gəlirdi ki, evdə yox, küçədə, həyətin ortasında yaşayır. Evdə sərbəst hərəkət eləməyə qorxur, demək istədiyini otuz dəfə ölçüb-biçir, götür-qoy eləyib sonra danışırdı.

Məstangilin evi elə bil qulaqlı idi. İki dəfə dalbadal asqırsaydın, bütün qonşular bir-birinə dəyirdi, o günü gecəyə kimi zəngləşir, bir-birindən hal-əhval tuturdular. Odu ki, Məstan da, arvadı da, uşağı da özlərini ehtiyatlı aparırdılar, bir-birilə evin içində də “bəli”, “xeyr”, “buyurun”la danışırdılar ki, ictimai qınağa tuş gəlməsinlər.

Evdə Məstan qalstukla gəzib-dolanır, oturub-duranda dönə-dönə üst-başını yoxlayır, hər addımda arvadından üzr istəyirdi. Hətta gecələr belə, bütün bina yuxuya gedəndən sonra da, yorğan-döşəkdə də Məstan özünü sərbəst hiss eləyə bilmir, əlinin, ayağının hər tərpənişindən ayılır, bədəninin, üstündəki yorğanın vəziyyətini yoxlayırdı.

Məstanın arvadı da çarpayıda oyan-buyana çönəndə, dəqiqədəbir başını yastıqdan qaldırıb üzbəüzdəki güzgüdən özünə, saçlarının düzümünə baxır, yayın cırhacırında belə heç biri üstünü açmağa, üstüaçıq yatmağa ürək eləmirdi.

Elə bil Məstangilin evlərində böyük bir kamera var idi ki, gecə-gündüz onları izləyir, hərəkətlərini, səslərini gizli-gizli lentə köçürüb oradan birbaş həyətə ötürürdü…

Təkcə Məstangil yox, bütün binanın sakinləri – yüz əlli altı ailənin yüz əlli altısı da bu minvalla yaşamaqdaydılar və bəlkə, elə buna görə də bu vaxta qədər bu yüz əlli altı mənzilin bircəciyində belə xoşagəlməz bir hadisə baş verməmişdi.

Məstanın boşaldığı, bir qədər asudələşib rahatlıq tapdığı yeganə yer onun idarədəki kabineti idi. Odu ki, hər səhər işə həvəslə hazırlaşır, özünü idarəyə yetirib otağına salır, kabinetinin qapısını o üzdən möhkəmcə açarlayıb dərindən nəfəs dərir, özünü bədəninin bütün ağırlığıyla çarxlı kreslosuna buraxıb səadət saçan gözləriylə ətrafına nəzər salır, kabinetin bu mübhəm tənhalığından müstəsna bir zövq alırdı.

Yığcam kitab şkafının, yazı masasının, bir neçə stulun və iki kreslonun güclə yerləşdiyi bu balaca iş otağı Məstanın, demək olar ki, ürəyinin qəşş eləyib açıldığı, istədiyi fikirləri və arzuları beynindən, qəlbindən, bir kimsənin müdaxiləsi olmadan, o baş-bu başa ötürə bildiyi yeganə sığınacağı idi. Bu balaca otağın şirinliyi o qədər cazibədar idi ki, qınayan olmasaydı, Məstan yorğan-döşəyini də gətirib burada gecələyərdi. Odu ki, bəzən, xüsusən də günəşin enmə vaxtı yaxınlaşanda və evə getmək üçün yığışıb otağı tərk eləməyin məqamı yetişəndə Məstan ürəyi titrəyə-titrəyə otağına göz gəzdirir, bu rahat asudəliyin, dinc tənhalığın nə vaxtsa, bir gün əldən gedəcəyindən gizli-gizli xoflansa da, bu axmaq fikirləri həmin dəqiqə beynindən qovurdu.

Məstangilin üçotaqlı mənzilinin hər otağı bu balaca kabinetdən iki dəfə geniş və işıqlı olsa da, otaqların hər biri gözəl mebel dəstləriylə, rahat, yumşaq divanlar və xalılarla döşənsə də, Məstan həyatın gözəlliyini və rahatlığını yalnız burda – bu balaca dəftərxanada tapırdı, burda hər bir şey Məstanda qəribə, anlaşılmaz hisslər oyadırdı.

Çünki burda bu balaca, kasıb otaqda o istədiyi kimi otura bilirdi. İstəsəydi, lap ayaqlarını stolun üstünə qoyub yayxanardı… İstədiyi qədər barmaqlarını şaqqıldadardı, lap paltarını soyunub şeir də yazardı. Axı burda onu heç kim görmürdü?!.. Heç kim onun oturuşu-duruşu ilə bağlı öz rəyini bildirmirdi, növbəti saatlarını nə ilə dolduracağı ilə maraqlanmırdı?!.. Bu isə elə bir şey idi ki, lap dünyanın özünə dəyərdi.

Məstanın hər səhər qapısını açıb sevinə-sevinə daxil olduğu, dərindən nəfəs dərib fərəhləndiyi bu yığcam kabinet – Maliyyə texnikomu yataqxanasının müdir otağı idi. Məstan da bu otağın “yiyəsi”, yəni yataqxananın müdiri idi. İşinin öhdəsindən yaxşı gəldiyinə görə, ona dəyib-dolaşan, yataqxana sakinlərinin vəziyyəti ilə maraqlanan yox idi. Hər kvartalın axırında səliqəylə yazıb doldurduğu hesabatını isə istər müdiriyyət, istərsə də mühasibat oxumadan, üzünə baxıb rəhmdil bir təbəssümlə gülümsəyə-gülümsəyə imzalayırdılar. Odu ki, bu sabit rahatlıqdan və işbirliyindən fərəhlənən Məstan hərdənbir, otağın qapısını o üzdən açarlayıb şeir də yazırdı.

Evdə isə Məstan heç vaxt şeir yazmağa ürək eləmirdi. Çünki bircə dəfə istirahət günü divanda oturub elə-belə şəkil çəkdiyinə görə, başı əməlli-başlı ağrımışdı. Düz iki saatdan sonra bütün bina onun şəkil çəkməyindən xəbər tutmuş, dəhlizin divarından asılmış telefonun zəngləri bir-birinə aman verməmişdi. Kimi Məstanı təbrik edir, kimi rəsmi görmək arzusuyla yanıb-yaxıldığını bildirir, kimi bu yeni məşğuliyyətinə görə onu dolayır, kimi də elə bu axşam onlara gələcəyini bəyan edirdi...

Həmin o şəkil əhvalatından sonra gözü qorxmuşdu deyə, indi Məstan şəkil çəkməyi, şeir yazmağı gələndə, özünü cəld tualetə salır, amma orda da çox otura bilmirdi. Çünki tualetdə olduğu vaxt həddini aşan kimi, bütün bina bir-birinə dəyir, Məstanın tualetdə hansı səbəbdən bu qədər oturduğu barədə narahat fikirlər binanı başına alırdı:

– Məstana nə isə olub?..

– Bəlkə, zəhərlənib?..

– Bəlkə, soyuqlayıb?..

– Bəlkə, ürəyi gedib?.. 

* * * 

Məstan bu binaya evlənən gündən köçmüşdü. On altı il ailəsi ilə bu binada bir damın altında yaşamasına, oğlunun artıq on beş yaşı tamam olmasına baxmayaraq, arvadıyla hələ də ilk dəfə görüşdüyü dövrlərdəki kimi, pərdəli dolanır, ürəklərindən keçənləri bir-birinə deməyə ürək eləmir, incikliklərini də gizləməli olurdular. Zarafat deyildi, dörd yüz adamın arasında ağzına gələni danışmaq, kefin istəyəni eləməkmi olardı?.. Bu on altı ildə Məstan hələ bircə dəfə də olsun, arvadıyla ürəyi istəyən zarafatı da eləməmişdi. Hərdənbir kefinin kök vaxtlarında, sevincinin aşıb-daşdığı, göyə tullanıb divarlara kəllə vurmağın məqamı yetişəndə belə, Məstan gözdən iraq gizli bir yer tapıb orda barmaqlarını gəmirir, hirslənəndə, göyərib qarala-qarala yatağına girib yorğanın altında ağlamalı olurdu. Dörd yüz adamın içində o yekəlikdə kişinin top kimi atılıb-düşməsi, yaxud ədəbsiz şəkildə arvad-uşağının üstünə çığırması necə qarşılanar­dı?.. Bütün bina gülməkdən, ya təəccübdən lərzəyə gəlib Allah bilir, sökülərdi…

Məstangilin binasının sıx mehribançılığının əsasını, ilk növbədə, bütün mənzillərin eyvanlarının arakəsməsiz olması və bina sakinlərinin bu eyvanlardan ümumi dəhliz kimi istifadə etmələri qoymuşdu. Günün günorta çağı, yaxud gecənin bir aləmi hansısa qonşu uşağın mətbəxlərində qurthaqurtla su içməyi, əl-üzünü yuyub qurulanmağı, yaxud səhərin erkən çağı eyvanlarında paltar sərməyi, ya hamamda ağları suya çəkməyi, binanın o biri sakinləri kimi, Məstanı da qətiyyən təəccübləndirmirdi.

Amma bu on altı ilin qışı-yayı gizli-gizli içinə yığdığı sevinclərinin, ağrı-acılarının hardasa içəridə – ürəyinin başına yığılıb qənbər daşına bənzər xoşagəlməz bir ağırlıq yaratması Məstanı narahat edir, cibində gəzdirdiyi ürək dərmanlarından ara-sıra dilinin altına qoyub sümürə-sümürə, içinə hakim kəsilmiş bu ağır yükdən xilas olmağın yolları barədə düşünüb-daşınırdısa da, çıxış yolu tapa bilmirdi.

Ən dəhşətlisi isə bu idi ki, hədsiz pərdəli dolandıqlarından, son vaxtlar artıq nə arvadıyla, nə də oğluyla nə haqdasa danışmağa nə o, nə də o birilər elə bir ehtiyac duymurdular. Arvadı bütün dərd-sərini qonşu qadınlarla bölüşür, öyrənəcəyini onlardan öyrənir, deyəcəyini onlara deyir; oğlu binanın uşaqları ilə oturub-durur, sirlərini onlara qıyır, gecə-gündüz evdə tapılmır – olsun ki, o da hansı qonşununsa mənzilində gecələyirdi.

Qonşular qollu-budaqlı çay kimi Məstangilin otaqlarıyla oyan-buyana axır, onlara bir-biriylə danışmağa, bir-birinin üzünə baxmağa belə macal vermirdilər.

İllər beləcə ötür, Məstan bu binaya da, bu hədsiz “gurşad” həyatına da öyrəşməyə davam edir, hətta gecələr işıqlar sönəndə belə, öz yorğan-döşəyində də özünü bütün qonşularının yanında hiss edir, hətta yuxularında da özünə nəzarəti əldən vermirdi.

Bir gün Məstan fikirləşdi ki, əslinə qalanda, işlədiyi idarəylə evi arasında elə bir fərq yoxdur. Ora da yataqxana idi, bura da. Bircə fərq bundaydı ki, orda yataqxananın sakinləri ilbəil dəyişir, təzələnirdi, bu “yataqxanadakılar” isə əbədi idilər.

Lakin bəzən, xüsusən zülmət qaranlıq gecələrdə Məstan necəsə, ayrı cür fikirləşir, öz həyatından, bu hədsiz mehriban binanın gurşadlığından xoflanırdı... O səbəbdən ki, bütün götür-qoylarından sonra Məstana qəfildən elə gəlirdi ki, bütün həyatı, – uzun-uzadı illər ötsə belə, o qocalıb əldən düşsə belə, elə burda – həmin bu azadlığa, asudəliyə tamarzı qaldığı binada keçəcək, öləndə də qonşuları ilə bir yerdə basdırılacaq. Çünki ötən həftə, alt mərtəbədə yaşayan qonşunun arvadı camaatı başına yığıb yerli icra hakimiyyətinə, binaya “Qardaşlıq məzarı” adı altında xüsusi torpaq sahəsinin ayrılması barədə məktub ünvanlamışdı. Bu xəbər Məstanı hədsiz qorxutsa da, qəribədi ki, bu binadan uzaq bir qəriblikdə, qonşu səslərinin eşidilmədiyi yad bir ərazidə basdırılacağını, qonşularınsa, heç nə olmayıbmış kimi, hərənin öz evində yaşayacağını təsəvvüründə canlandırmağa çalışmışdısa da, gözünün qabağına qəbiraltı darısqallığın qapqara zülmətindən savayı, heç nə gəlməmişdi...

Məstangilin binası zahirən də onun işlədiyi yataqxananı xatırladırdı. Bütün mənzillərin çölü də, içi də bir-birinin davamı, ya tam eynisi idi. Hər mənzilin tavanından asılmış altı buynuzlu büllur çilçıraqlarla, eyni qəhvəyi parıltılı mebel dəstləriylə, eyni xalılar və pərdələrlə bəzədilmiş bina ümumi yaşayış tikilisindən çox, nəhəng, çoxotaqlı mənzilə bənzəyirdi. Bu möhtəşəm eyniliyin səbəbi– hər bir mənzilin içinin və çölünün qurulmasına dörd yüz adamın qiymət və göstəriş verməsi idi. Bütün mənzillərin qonaq otağının baş tərəfində mötəbər qonaq kimi oturdulmuş servantların içini mütləq bahalı qab-qacaq, heç olmasa, dörd-beş büllur qab, mütləq çini çay servizi və sair doldurmalıydı. Bu cür servant bu binanın etiketi idi. Burda qonaq otağının ayrı cür bəzədilməsi ədəbsizlik, yaxud qanmazlıq kimi qəbul edilir, qonşular o mənzilin sakinlərinin ardınca ağızlarını büzə-büzə boylanır, onlarla bütün əlaqələrini kəsirdilər. Qonaq otağının ayrı mənzərəsi, məsələn, servantsız olması, bu binada, təxminən, ailənin başçısız olması qədər faciəvi və mümkünsüz bir məsələ idi. Qəribəsi də bu idi ki, illər ötsə də, yalnız yaraşığa xidmət edən bu servantlar öz məişət yararsızlığını sübuta yetirsə belə, burda öz lazımlılığını, necəsə, qoruyub saxlaya bilirdi.

Binanın növbəti mütləq atributu rəngli televizor idi. O səbəbdən ki, dörd yüz adam heç cür bir-iki mənzilə yerləşə bilməzdi. Məstangilin binası isə biri rəngli, o biri rəngsiz televizora baxa bilməzdi. Əvvəla, heç kimin buna ürəyi gəlməzdi ki, özü rəngli televizora baxsın, qonşusu rəngsizə. Bir də, bu binada gərək heç kim o birindən nə əskik, nə də üstün olaydı. Binanın qanununa görə, burda hamının payı bərabər olmalıydı. Hamı eyni qədər sevinib, eyni miqdarda həzz almalıydı, eyni qədər kədərlənib eyni qədər ağlamalıydı.

* * *

Lakin son günlər nə baş vermişdisə, bu qarşılıqlı həssaslıqdan, məhəbbət və qayğı fəvvarəsindən Məstanın ürəyi lap bulanmağa başlamışdı. Axı bu bitib-tükənməz, məcburi mehribançılıq, bu xəstəhal qayğıkeşlik kimin nəyinə lazım idi?!..

Bu və digər məsələlər barədə Məstan yalnız işdə, öz balaca kabinetində sərbəst anda fikirləşməyə imkan tapır, bəzən öz-özünə verdiyi suallara hardansa elə cavablar gəlirdi ki, oturduğu yerdə az qalırdı havalana. Çox vaxt bu cavablar onu özündən büsbütün çıxarır, əlinin altına keçən qovluqları stolun üstünə çırpıb otaqdan çıxır, özünü yataqxananın yarıqaranlıq dəhlizləri boyu o baş-bu başa var-gəl edə-edə siqaret çəkməklə sakitləşdirirdisə də, qəfildən binalarının “qayğıkeş projektorlarının” burda da onun beynindən keçənləri fiksə edib yanacan qonşularına ötürdüyündən xoflanıb duruxur, özünü cəld ələ alıb tələsik addımlarla otağına qayıdırdı.

Məstangilin binasının xəstəhal qayğıkeşliyi, inadkar mehribançılığı illər ötdükcə, səngimək, soyumaq əvəzinə, gün-gündən elə bil bir az da şiddətlənirdi. Bəzən, xüsusən istirahət günləri Məstana elə gəlirdi ki, qonşuların mehribançılığından bina asta-asta yırğalanmağa başlayır, mənzillər və eyvanlar, həyətin qarajları da tədricən, yırğalana-yırğala bir-birinə yaxınlaşır, divarlarını əridə-əridə, vahid, möhtəşəm bir əraziyə çevrilir...

İş o yerə çatmışdı ki, həyətin it-pişiklərinə də binanın bu nümunəvi mehribançılığı yoluxmuşdu. Dünyanın hər yerində bir-birini didişdirən bu cığal heyvanlar da hamının təəccübünə rəğmən bir-birini duz kimi yalayır, qol-boyun olub yatırdılar.

Məstanın vəziyyəti ən çox yay aylarında – havalar isinəndə və binanın mehribançılığı mənzillərdən çıxıb həyəti də başa alanda çətinləşirdi. Yay fəslində yataqxana da bomboş boşalır, tətilə çıxan tələbələr doğma yerlərinə – rayon və kəndlərə üz tutur, idarədə özünə iş tapmayan Məstan isə, vaxtının əksər hissəsini evində – həmin bu “mehriban qonşuluq şəraitində” keçirməli olurdu.

Odu ki, “yay faciəsinin” astanasında Məstan uzun götür-qoydan sonra binadan müvəqqəti də olsa, qurtulmağın yolunu, axır ki, tapdı və bacısıgilin Abşeronun səfalı guşələrindən birində yerləşən bağına köçməyi qərara aldı.

Bağ məsələsindən həmin dəqiqə xəbər tutan qonşular düz bir ay onları “yola salmaqla” məşğul oldular, müvəqqəti ayrılıq münasibəti ilə, az qala, hər axşam qurulan vida məclislərində hamı ağlaşdı və günlərin biri Məstangil, nəhayət ki, bağa köçdülər. 

* * * 

Bağ yolu çala-çuxurlar, eniş-yoxuşlarla dolu olsa da, Məstan maşını, az qala, havayla uçurub ora yarımca saata çatdı, ayağını içəri qoymağıyla, əlindəki içidolu sumkalarının qapının ağzındaca əlindən düşməyi, qapının yanındakı qoca tutun ən uca budağına dırmanıb nəfəsi gəldikcə:

– E-he-he-e-e!!! – qışqırmağı bir oldu, sonra aşağı enib quşların həzin cikkiltiləri altında günəşin ilıq şüaları boynunu, qollarını sığallaya-sığallaya budaqlarda şirələnən tutlardan yığıb yedi.

Tut mərasimi başa çatdıqdan sonra şalvarının balaqlarını dizəcən qatlayıb corablarını çıxardı, yalın ayaqları narın qumun istisindən qıdıqlana-qıdıqlana axşamacan həyəti dolandı. Gör bir nə vaxtdan bəriydi Məstanın qış-yay çəkmə-corabın içində tərləyib qabar ataraq yetişmiş soğan başlarını xatırladan əyri barmaqları hava, gün üzü görmürdü.

Evin arxa tərəfindəki hovuza çatanda Məstan ağlını lap itirdi, əynindəkiləri yoldaca soyunub özünü soyuq suya atdı. Orda ürək genişliyi ilə o baş-bu başa üzə-üzə xoşbəxtliyin nə olduğu barədə uzun-uzadı fikirləşdi. Sonra fışdırıq çalmağa başladı və çala-çala fikirləşdi ki, bax, indi burda – bu gözdən-könüldən uzaq günəşli bir məkanda ondan heç kəs: “Xeyir ola, ay Məstan, fışdırıq çalırsan? Deyəsən, kefin sazdı ha!..” – deyə soruşa bilməz. Yaxud ayaqyalın gəzdiyinə görə, bir köpəyoğlu gözlərini bərəldib öz əttökən məsləhətlərindən qabırğasına döşəyə bilməz.

Bu fikirlərdən Məstan içində elə bir yüngüllük hiss elədi ki, sinəsini havayla doldurub mahnı oxumağa başladı…

Arvadı bir də onu gördü ki, Məstan quş kimi atılıb yenidən ağacın ən uca budağına qondu, səsi aləmi götürdü. Ha qışqırdı, ha ağacın altına gəlib gövdəsini silkələdi, Məstan eşitmədi… Oxumaqdan Məstanın gözləri böyüdü. Böyüyüb hərəsi gavalı boyda oldu. Üzü şişib, təzə çörək kimi qızardı. Məstan hey oxudu, oxudu… Oxuya-oxuya bütün damarlarından, az qala, iliyindən süzülən sıxıntılarının, ağrı-acısının torpağın nəminə, ağacların yarpaqlarına hopduğunu öz gözləriylə gördü… qollarının, dizlərinin boşaldığını, içinin qəribə bir yüngüllüklə rahatlandığını hiss elədi… Bundan bir az da fərəhlənib lap ucadan oxudu, oxudu...

…Məstanın bu halından oldu, ya nə baş verdisə, bu vaxtacan həlim xasiyyətli, üzüyola arvadının halı dəyişdi, gözləri hikkədən hədəqəsindən çıxa-çıxa bu on altı ildə dişinin dibində, ürəyinin başında saxladıqlarını alov kimi püskürdü... Bütün bu illəri, içində bəslədiyi zəhərini boşaldıb kükrədi…

Məstan əvvəl çaşıb duruxdu, nə baş verdiyini anlamağa çalışa-çalışa əvvəl qarnını, sonra başını qaşıdı. Sonra əsəbilikdən, ya nədənsə, əlləri qaşındı və əllərini bir-birinə sürtə-sürtə, əsəbi-əsəbi qaşıdı.

Zarafat deyildi, arvadının bu sifətə düşməyini, gözlərinin qan çəkib bərəlməyini Məstan, bu on altı ildə birinci dəfə görürdü… Arvadının ağzının əməlli-başlı yekə olduğunu, alt dişlərinin bir çoxunun qaraldığını da Məstan elə həmin günün axşamı – arvadı ağzını iri-iri açıb əsnəyəndə gördü. Elə həmin axşam da Məstan arvadının burun pərələrinin həddindən iri olduğunu, dəhşət filmlərindən yadında qalan əjdahaların burnunu xatırlatdığını anladı.

Səhəri gün isə Məstanın, dərslərindən əla qiymətlər alan, adı bu səbəbdən məktəbin şərəf lövhəsindən düşməyən oğlu bağın arxa tərəfində əlinə keçən iki pişiyin quyruğunu bir-birinə bağlayıb odladı. Pişiklərin bağları başına götürən ətürpədən çığırtısı Məstanı bağın ağaclıq hissəsində – ağacların arasında asılan tor yelləncəkdə mürgülədiyi yerdə öldürücü cərəyan kimi vurdu...

Məstanın nəzəri tənbehlərindən heç bir nəticə çıxarmayan uşaq səhəri günü qonşu bağda kiminsə toyuğunu hovuzun içinə salıb boğdu, axşam isə qonşunun aynabəndini daşlayıb pəncərələrinin şüşələrini qırdı...

Məstan ilk günlər oğlunun və arvadının bu qəfil dəyişkənliyini havanın gün-gündən yüksələn temperaturu ilə bağlasa da, qəlbinin dərinliklərindən tutduğu gizli siqnallar tamam ayrı şeylər deyir, Məstanı səbəbini özü də anlamadığı xofa salırdılar.

Günlər ötdükcə Məstanın arvadının da, oğlunun da başı elə bil xarab oldu. Gah oğlu, gah arvadı Məstan yüz il yatsa belə, yuxusuna girməyən əcaib hoqqalar çıxarmağa başladılar. Vəziyyət gün-gündən çətinləşirdi. Arvad ifritəyə, uşaq – şüursuz keçiyə dönüb aləmi bir-birinə qatıb-qarışdırırdılar.

Məstanı ən çox təəccübləndirən – arvadının günlərlə əlinə daraq almaması, üstünə xörəyin yağı sıçradığından, xörək iyi qoxuyan paltarını günlərlə dəyişməməsi, axşamlar həmin pinti vəziyyətdə kəndin küçələri ilə tum çırtlaya-çırtlaya gəzməsi idi...

İkinci həftənin ortalarında Məstan bir də baxıb gördü ki, arvadının yerişi də dəyişib, duruşu da. İndi arvadı güləndə, niyəsə Məstanın canına üşütmə düşürdü. Arvadı yeridikcə, yerin tozunu göyə qaldırırdı. Oğlu da düz divara dırmaşırdı, qurda dönüb bağı gəmirirdi. Bir söz də deyəndə, həm ona, həm anasına ədəbsiz cavablar qaytarırdı. Oğlunun əlindən yaxın ərazilərdə salamat it-pişik, toyuq-cücə qalmamışdı, uşağın bu tərbiyəsizliyindən cana yığılmış qonşular Məstanın salamını almırdılar, onu əyri-əyri süzüb həyətlərinə girir, qapılarının cəftəsini nümayişkaranə halda bərk-bərk bağlayırdılar...

Məstan başını itirmişdi… Nə baş verirdi, anlaya bilmirdi. Gecələr sübhəcən yuxusu ərşə çəkilə-çəkilə, ailəsində nə baş verdiyi barədə düşünüb daşınırdısa da, aydın bir nəticəyə gələ bilmirdi. Yuxu görürdü, nədi?!.. Sərbəst, rahat həyat dediyi bu idimi?.. 

* * * 

Şəhərə qayıtmaqlarına bircə gün qalmış yenə bağın arxa həyətində çığıran pişiklərin səsi Məstanı tamam hövsələdən çıxardı… Məstan bir də onu gördü ki, arxa həyətdədi, iki qulağından yapışıb uşağı var gücü ilə silkələyir… gözləri qarala-qarala, səsi gəldikcə bağırır...

Nə elədiyini anlamırdı… Nə özünü, nə əsəbilikdən, ya nədənsə güclənmiş qollarını dayandıra, saxlaya bilmirdi… Oğlunun qollarını dişləyib, qulaqlarını burduqca, yanaqlarını çimdikləyib qarnını təpiklədikcə, elədiklərindən özü də vahimə­yə gəlirdisə də, heç cür dayana bilmirdi… Ha özünü toplayıb istəyirdi dayansın, nəfəsini dərsin, əlləri, ayaqları dinc durmurdu… Arvadı da nə qədər eləyirdisə də, Məstanın əl-qolundan yapışıb qışqıra-qışqıra ağlayırdısa da, onu saxlaya bilmirdi…

Oğlunun səsi bağları başına götürmüşdü:

– Ay papa, öldüm!!! Vurma, ay papa!!!

Məstansa vurmaya, dişləməyə bilmirdi... Vurub dişləməkdən, çimdikləyib çalxa­la­maq­dan yorulmaq, doymaq bilmirdi… Sonra nə baş verdisə, Məstan bir də baxıb gördü, atılıb oğlunun belinə minib… dişlərini uşağın qulağının ətinə keçirib, həzzdən, acı nəşədən coşa-coşa səsi gəldikcə bağırır…

Arvadı əlacsız qalıb qonşuları köməyə çağırdı:

– Ay camaat!.. Öldürdü!.. Qoymuyun!.. Kişinin ağlı çaşıb, qoymuyun!.. – deyib səsi gəldikcə bağırdı…

Məstan oğlunun kürəyində bütün bağı dövrə vururdu. Uşaq hara qaçdığını özü də bilmirdi. Kürəyində bar-bar bağırıb bədənini göyərdən atasından, qollarını, qulaqla­rı­nı göynədən ağrıdan qaçıb qurtarmaq istəyirdisə də, ayaqları, quyruqlarını bir-birinə düyünlədiyi pişiklərə dolaşıb onu dəqiqədəbir qaçdığı yerdə büdrədirdi.

Məstan özü öz vəziyyətindən elə bil havalanmışdı. Elə bil nə vaxtdan bərisə içində yaşayan, bu on altı ili xırda-xırda boy atıb böyüyən əjdaha oyanmışdı.

…Köməyə gələn qonşular bağa doluşanda Məstan hələ də oğlunun belində bağırmağında idi.. Uşaq üzü üstə yerə yıxılıb heysiz-heysiz zarıyırdı… Məstanınsa ürəyi soyumaq bilmirdi ki, bilmirdi...

Arvadı kənarda dayanmışdı, üzünü tutun gövdəsinə söykəyib səssizcə ağlayırdı…

O gecə nə Məstanın, nə arvadının, nə də oğlunun gözünə yuxu getmədi.

Ağır zərbələrdən qançır olmuş qulaqlarına, şişib göyərmiş burnuna qoyulan buz əridikcə uşaq zarıyır, Məstanın oğlunun bu zarıltılarına dözümü çatmır, arvadı gözünün yaşını balışa tökürdü.

Hamıdan betər isə Məstanın vəziyyəti idi. Bir yandan bayaqkı hərəkətinə görə xəcalət çəkirdi, o biri tərəfdən, oğluna ürəyi ağrıyırdı. Bir yandan da bu vaxta kimi oturub-durub arzuladığı, heç olmasa on-on beş günlük ailəsi ilə baş-başa keçirmək arzusunda olduğu sərbəst asudəliyin bu qədər qorxunc, təhlükəli olduğundan dəhşətə gəlirdi…

Məstan bütün gecəni yerinin içində qovrula-qovrula fikirləşib, axır bu qərara gəldi ki, nə qədər gec deyil, səhərin gözü açılan kimi, şəhərə qayıtsınlar.

Səhəri gün Məstangil yığışıb şəhərə – evlərinə qayıtdılar.

Evlərinə çatan kimi bütün bina onlara axışdı. Hamı Məstanın oğlunun qulaqları­nın, burnunun göyü ilə maraqlandı. Dedilər, guya uşaqlarla dalaşıb. Onda bütün bina bir ağızdan “Can!” dedi, bir həftə hamı onlara dava-dərman, mer-meyvə daşıdı.

Oğlunun “keçiliyi” həmin gün keçib-getdi. Uşaq dönüb əvvəlki tərbiyəli, utancaq oğlan oldu, kimi gördü, utanıb tər tökdü.

Arvadının qırışığı da evə gəlib çatan kimi açıldı, ağzı kiçildi, burun pərələri yerinə oturdu, onunla əvvəlki qaydada: “bəli”, “xeyr”lə danışmağa başladı.

Hamı rahatlanıb özünə gələndən sonra Məstan eyvana çıxıb dərindən nəfəs aldı, çoxmərtəbəli binalara baxa-baxa, neçə illərdən bəri gördüyü şəhərini elə bil birinci dəfə gördü… bu zahirən bir-birinə oxşayan bozumtul binaların, əslində, onların binası kimi, mehribançılıq və birlik ənənələrini özündə yaşadan yataqxanalar olduğunu anladı və bu fikirdən ürəyinə qəribə bir rahatlıq hopdu.

 

1981